Məhkəmə qərarları › İş №2(006)-1457/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1457/2025

04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1457/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «nikahın qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «nikahın qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, X2 ərizəçinin doğma atası, X3 isə doğma anasıdır. Atası 1934-cü il təvəllüdlü, anası isə 1946-ci il təvəllüdlüdür. Atası xx.xx.2017-ci ildə ürəyin ateroskerotik xəstəliyindən, anası isə xx.xx.2024-cü ildə beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələniməsindən vəfat etmişlər. Hər iki valideyni Bakı şəhərində vəfat etmişlər. Valideynləri vəfat edənə kimi onlar bir yerdə yaşamışlar. Rəhmətlik valideynlərindən eşitdiyinə görə onlar 1962-ci ilin 10 mart tarixində rəsmi nikaha daxil olmuşlar. Valideynlərinin rəsmi nikahlarından xx.xx.1963-cü ildə böyük qardaşı X7, xx.xx.1967-ci ildə ərizəçi, xx.xx.1972-ci ildə isə balaca qardaşı X9 doğulmuşlar. Böyük qardaşı X7 artıq rəhmət getmişdir. Onların hər üçünün doğum haqqında şəhadətnamələri var və şəhadətnamələrində ata adı qrafasında ataları-X2, anaları isə-X4 qeyd edilmişdir. Bu yaxınlarda bəzi sənədləşdirmə işlərinin aparılması üçün notariat ofisinə müraciət etdi. Orada ərizəçidən valideynlərinin nikah haqqında şəhadətnaməsini tələb etdilər, lakin valideynlərinin nikah haqqında şəhadətnaməsi itdiyindən həmin sənədi təqdim edə bilmədi. Valideynlərinə məxsus nikah haqqında şəhadətnaməni əldə etmək üçün Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etdi və ərizəsinə cavab olaraq bildirdilər ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Təqdim edilmiş sənədlərdə ziddiyyət olduğundan və ya valideynlərindən hər hansısa biri vəfat etdiyində onların nikah haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməyini mənə tövsiyə etmişlər. Ərizəçi də bu əsasla məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ərizəçinin atası X2 ilə anası X4 arasında xx.xx.1962-ci il tarixdə bağlanmış nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək və ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 4.İş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar yoxdur. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmədə ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olunmuşdur ki, ərizəçinin atası X2, anası X4 olmuşdur. Atası xx.xx.2017-ci ildə, anası isə xx.xx.2024-cü ildə vəfat etmişlər. Hazırda ərizəçi ata və anasının nikah haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyinə görə və hazırda isə ona vərəsəlik işi ilə əlaqədar olaraq həmin şəhadətnamənin lazım olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan АЭ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1937-ci il tarixdə anadan olmuş, ata adı qrafasında X2, ana adı qrafasında X3 qeyd edilmişdir. 8.Mülki işin materiallarında Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 15 noyabr 2024-cü il tarixdə verilən AZ-İİ seriyalı, 462950 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. 9.Mülki işin materiallarında 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 oktyabr 2017-ci il tarixdə verilən AZ-İ seriyalı, 908346 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə ölmüşdür. 10.Mülki işin materiallarında 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 15 dekabr 2024-cü il tarixdə verilən Arayışdan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 76 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi verilən xx.xx.2024-cü il tarixli, 127 nömrəli cavabda bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Təqdim etdiyi sənədlərdə ziddiyyət olduğundan və ya valideynlərindən hər hansısa biri vəfat etdiyində onların nikah haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə edir. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 5263 nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhərində xx.xx.1967-ci ildə anadan olmuşdur. 1. Atası: X2 (xx.xx.1934) (vəfat etmişdir-xx.xx.2017). 2. Anası: X4 (xx.xx.1946) (vəfat etmişdir-xx.xx.2024). 3. Əri (arvadı): X6 (xx.xx.1968). 4. Qardaşı: X7 (xx.xx.1963) (vəfat etmişdir-xx.xx.1993). 5. Qardaşı: X9 (xx.xx.1972). 6. Oğlu: X8 (xx.xx.1996). 7. Oğlu: X5 (xx.xx.1999) c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 14.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 15.«Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndində müəyyən edilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 16.Həmin Qərarın 4.5-ci bəndində qeyd edilir ki, nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. 17.Göründüyü kimi Qanunvericilikdə məhkəmə tərəfindən yalnız ər və arvadın sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktı müəyyən edilə bilər. Hazırki iş üzrə isə nikahlarının qeydə alınması faktının müəyyən edilməsi tələb edilən ər və arvad, yəni X2 və X3 vəfat etmişlər. Odur ki, yuxarıda qeyd edilən Plenum Qərarının mövqeyinə uyğun olaraq hazırda valideynləri vəfat etdiyindən ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməsi əsassız olmuşdur. Məhkəmə həmçinin hüquq müəyyənlik prinsipini rəhbər tutaraq bildirir ki, yuxarıda qeyd edilən «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarındakı mövqe gələcəkdə digər vərəsələr arasında əmlak bölgüsündə mirasa bu və ya digər yolla müdaxilələrin qarşısının alınması məqsədini güdmüşdür. 18.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «nikahın qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 20.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 21.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 22.Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «nikahın qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar