Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1458/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil Astan oğlunun, cavabdehin nümayəndələri X5, X3 və X7 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ilin iyun ayından xx.xx.2022-ci il tarixə kimi bank sistemində işləmiş, o cümlədən xx.xx.2000-ci il tarixdən «Beynəlxalq Bank»da qüsursuz işləmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdən heç bir əsaslı səbəb olmadan Beynəlxalq Bankın idarə heyətinin sədri Abbas İbrahimovun imzası ilə iddiaçının bankla olan əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Beynəlxalq Bankın əmək müqaviləsinə xitam verilməsi haqqında qərarında göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində özünü X2 təqdim edən şəxs bankın məlumat mərkəzinə zəng edərək Nizamı filialının müdir müavini İddiaçı şikayətçi olduğunu bildirmişdir. Belə ki, müraciət edən şəxs tanışı (qohumluq əlaqəsi oiduğunu bildirir) X4 xx.xx.2022-ci il tarixdə bankın Nizamı filialına kredit götürmək üçün yaxınlaşdığını və filialın müdir müavini İddiaçı müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək həmin müştərini şəxsi məqsədləri üçün narahat etdiyini ona işdənkənar müxtəlif formalarda təkliflər etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, müştəri X8 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarix aralığında dörd halda banka zəng və onlayn formada yazılı müraciət edərək qeyd olunan hal ilə bağlı şikayətçi olduğunu bildirmiş və bank tərəfindən əməkdaş İddiaçı qarşı tədbir görülməsini xahiş etmişdir. Məsələ ilə bağlı daxili nəzarət departamenti araşdırma aparmış, yoxlama nəticəsində video müşahidə zamanı xx.xx.2022-ci il tarixdə saat 12.13-də müştəri Tamaşa Qəhramanovanın kartından vəsaiti nağdlaşdırmaq məqsədi ilə filialda ATM-lərin yerləşdiyi otağa daxil olarkən onunla birgə əməkdaş İddiaçı da həmin otağa gəldiyi, müştərinin nağdlaşdırma əməliyyatında iştirak etdiyi və müştəriyə məxsus olan, məxfi hesab edilən PİN kodun İddiaçı tərəfindən ATM-yə daxil edildiyi müşahidə edilmişdir, əlavə olaraq müştəri nağdlaşdırma əməliyyatını bitirdikdən sonra ATM-lərin yerləşdiyi otaqdan çıxarkən əməkdaş İddiaçı da onun ardınca çıxaraq filialın giriş hissəsinə kimi söhbət edərək birgə getdikləri müşahidə edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq idarə heyətinin sədri Abbas İbrahimovun əmri ilə Nizami filialının müdir müavini İddiaçı xx.xx.2022-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində, habelə 72-ci maddəsində göstərilən bəndlərin heç biri iddiaçının işdən kənarlaşmasına əsas verən halları özündə ehtiva etmir. İşə götürən iddiaçı barəsində qərəzli mövqe tutmuşdur. Bu hər şeydən əvvəl onunla izah olunur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə göstərilmişdir ki, guya iddiaçı müştərinin kredit sənədlərinin içərisindən onun mobil nömrəsini götürmüşdür. Bu tam yalandır, çünki mobil nömrəsini müştəri özü iddiaçıya verib. İkinci, iddiaçı müştəri ilə iş vaxtı, iş prosesində heç bir əlaqə yaratmamışdır, müştəri ilə onun söhbətləri iş prosesinə heç bir xələl gətirməyib, eləcədə bankın imicinə xələl gətirməyib. Qəhrəmanova Tamaşa işdən kənar vaxtda özü iddiaçı ilə əlaqə yaradıb, söhbətə cəlb edib, onunla münasibətləri yalnız telefon söhbətindən ibarət olub. Həmin ərəfədə başa düşmüşdür ki, Tamaşa Qəhramanova məqsədli surətdə onunla danışır, məqsədi ondan ibarət olmuşdur ki, özünün köhnə tanışı X11 ilə birləşib şantaj yolu ilə iddiaçıdan pul alsınlar. Bunu başa düşən kimi iddiaçı dərhal polis orqanlarına şikayət etmişdir, onların hər ikisi barəsində polis orqanında araşdırılma aparılıb. İddiaçının işdən kənarlaşmasının bu məsələ ilə bağlı hansı səbəbli əlaqəsi vardır? İş fəaliyyəti zamanı mən heç bir kobud səhvə və ya hüquq pozuntusuna yol verməmişdir. İddiaçının müştəriyə yaxınlaşıb ona ATM-dan pul çıxarmasına köməklik göstərməsi, birincisi, bu onun xahişi ilə olmuşdur, ikincisi bu ümumiyyətlə səhv hərəkətdirmi? Sadəcə olaraq müştərinin bankdan pul çıxarmasına kömək göstərmək hər bir bank işçisinin birbaşa borcludur. Ən qısası bu bır insanlıqdır. Bu hərəkətdə səhv yoxdursa kobud səhv hardan ola bilər? Bundan əlavə iddiaçının Tamaşa Qəhrəmanova ilə olan telefon danışıqları hamısı iş fəaliyyəti zamanı yox iddiaçının məzuniyyətdə olduğu dövrdə olmuşdur. Bu hərəkətin özündə də hər hansı bir kobud səhvdən söhbət gedə bilməz. Əksinə, iddiaçı Tamaşa Qəhrəmanovanın telefon danışıqları zamanı iddiaçıya olan danışığından şübhələnib ondan polis orqanlarına şikayət etmişdir. Həmin fakt polis orqanlarında araşdırılmış və iddiaçının hərəkətlərində hər hansı qanunu zidd əməl olmaması müəyyən edilmişdir. Qeyd etdiyi halların hər hansı birində işəgötürən qanuni mənafeyinə ciddi xələl gəlməsi halları vardırmı? Qanunu və cəmiyyəti az da olsa anlayan hər bir şəxs dərhal dərk edir ki, bu hərəkətlərin heç birində bankın mənafeyinə xələl gələn hər hansı bu hal mövcud deyildir. O ki qaldı, ciddi xələl gəlməsinə, bu tamamilə cəfəngiyyatdır. Çünki, qanuni mənafeyinə ciddi xələl gəlmə dedikdə, bankın cəmiyyət və vətəndaşlar qarşısmda nüfuzdan düşməsi çoxsaylı vətəndaşların banka yazılı müraciətləri, yaxud bu va ya digər hərəkətlər nəticəsində müştərilərin qaçıb dağılmas, habelə banka külli miqdarda ziyan dəyməsi halların olması başa düşülməlidir. İşəgöturənin iddiaçıya qarşı olan münasibəti, o cümlədən xx.xx.2022-ci il tarixli 4139k nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri qərəzlidir, sadəcə olaraq 26 il müddətində bank sistemində qüsursuz xidmət göstərən işçiyə qarşı məhz bucur hərəkət edilməsi normal hal hesab edilə bilməz. Qeyd olunan əmr qərəzli olmaqla həm də səthi və məsuliyyətsiz verilmişdir. Hətta əmrin özündə yazılmışdır ki, «İddiaçı… AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin». Bildirir ki, əmrin özu də kobud səhv kimi tərtib edilmişdir. İddiaçı bank sistemində 26 il qüsursuz işləmişdir, heç vaxt heç bir intizam tənbehinə məruz qalmamışdır. Bundan əlavə iddiaçının ailəsində əlilliyi müəyyən edilmiş 18 yaşına çatmayan bir övladı və artıq əlillik qrupu verilmiş ikinci övladı vardır. İşə götürənin qərəzli olması bir daha onunla sübut olunur ki, iddiaçını qanunsuz işdən kənarlaşdırarkən hətta ailənin bu ağır vəziyyətini də nəzərə almamışdır. Göstərilənlərə əsasən işə götürənin iddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin qanunsuz olmasını nəzərə alıb onu öz əvvəlki işinə bərpa edilməsi barədə və ötən müddət ərzində ona dəymiş zərərin ödənilməsi, eyni zamanda əmək haqqı və bonusların, ƏM-nin 77-ci maddəsinə uyğun olaraq iddiaçıya orta aylıq əmək haqqının azı iki misli miqdarında təminat verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil Astan oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, keçən məhkəmə iclasında cavabdeh tərəf iddiaçının sistemə qanunsuz daxil olmasını qeyd etmişdir. Bununla bağlı bildirmək istəyir ki, iddiaçının sistemə istənilən vaxt girmək hüququ var. Bu onun vəzifə səlahiyyətlərinə daxildir. İddiaçının digər şəxsə aid sistemdən deyil, öz hüququ olan sistemdən daxil olaraq müştəri məlumatlarına baxmasında qəbahət yoxdur və bu onun işdən çıxarılmasına əsas ola bilməz. İddiaçı tərəfindən yol verilmiş xəta ona tətbiq olunmuş hazırkı mübahisə olunan tənbeh novü ilə qeyri-mütənasibdir. Belə ki, AR Əmək Məcəlləsində digər tənbeh növləri olduğu halda 26 il işləmiş işçini himayəsində 2 sağlamlıq imkanları məhdud uşağının olmasına baxmayaraq işdən azad etmək qanunsuzdur. Cavabdeh tərəf bu məlumatdan xəbərdar olmadığına əsaslansa da, həmin məlumat bank tərəfindən əldə edilməli idi. Bank bu məlumatın onda olmamasına istinad etməkdə haqlı deyildir. Bankın əvvəlcədən məlumatı olmasa belə, iddiaçının izahatı alınarkən o, himayəsində sağlamlıq imkanları məhdud uşaqlarının olmasını bildirmişdir. Həmçinin bank hazırkı məhkəmə mübahisəsi zamanı bu fakt barədə məlumat əldə etsə də, işçini işə bərpa etməmişdir. Bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında izahatı alınmış iddiaçının İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, Tamaşa Qəhrəmanova ilə aralarında olan söhbət əsnasında T.Qəhrəmanova özü ona əlaqə nömrəsini vermişdir. Bundan sonra elektron sistemdə onun barəsində olan məlumatlara baxmışdır. Daha sonra aralarında telefon vasitəsi ilə danışıqlar olub. T.Qəhrəmanova həmçinin ondan banka kreditləri ilə bağlı məlumatlar soruşub. O, da ona məlumat vermişdir. Onunla münasibətləri belə başlamışdır. Ancaq həmin xanım tərəfindən aralarında olan danışıqlar təhrif olunmuş və banka yalnız onun ona yazdığı mesajlar təqdim olunmuşdur. T.Qəhrəmanovanın ona yazdığı mesajlar isə silinmişdir. Hazırda həmin yazışmalar onda olmadığından bunu sübut edə bilmir. Bundan əlavə cavabdeh bankın himayəsində sağlamlıq imkanları məhdud uşaqlarının olması ilə bağlı məlumatının olmamasına gəlincə isə bildirmək istəyir ki, 2010-cu il və 2011-ci il tarixlərində ABB onun hər iki övladının əməliyyatı üçün ayrı-ayrılıqda iki dəfə 10.000 manat olmaqla, 20.000 manat maddi yardım vermişdir. Bu da bankın himayəsində sağlamlıq imkanları məhdud övladlarının olması barədə məlumatlı olmasını təsdiq edir. Bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, ilk öncə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilən izahata cavab olaraq bildirmək istəyir ki, onların keçən məhkəmə iclasında qeyd etdikləri iddiaçının vəkili tərəfindən təhrif olunur. İddiaçının sistemə daxil olmaq səlahiyyəti var. Lakin şəxsi məqsədlər üçün səlahiyyətindən sui-istifadə edilərək, nəzərdə tutulmayan məlumatlara baxılması, onların götürülməsi, istifadəsi qadağandır. Qərəzliliklə bağlı qeyd etmək istəyir ki, ABB iddiaçı qarşısında qərəzli olaraq onu işdən çıxarmaq istəsəydi niyə bu neçə illər ərzində deyil, indi çıxarmaq istəsin. Halbuki, iddiaçı həmişə hörmətli, yaxşı reputasiyası olan bir işçi olub. Əgər bankın ona qarşı qərəzli münasibəti var idisə, bu neçə ildə ortaya çıxardı. Belə uzun ssenari qurmaq bankın marağında deyil. Sağlamlıq imkanları məhdud uşaqlarının olması ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı ikinci uşağı barədə banka məlumat verməmiş və nəticədə bankın bundan məlumatı olmamışdır. İddiaçının qeyd etdiyi kimi bununla bağlı bank tərəfindən ona maddi yardım göstərilibsə, bunu sübut etmək yükü onun öhdəsinə düşür. Bununla bağlı bankın sonradan məlumatı olmasına gəlincə isə bildirmək istəyir ki, işçinin işdən çıxarıldıqdan sonra bu səbəbdən işə yenidən bərpa olunması ilə bağlı qanunvericilikdə heç bir norma nəzərdə tutulmamışdır. Tamaşa Oəhrəmanovanın nömrəsinin iddiaçı tərəfindən necə əldə olunması barədə bildirir ki, iddiaçı tərəfindən bununla bağlı üç fərqli izahat verilmişdir. Belə ki, iddiaçı adı çəkilən xanımla yazışmalarında özu şəxsən bildirir ki, nömrəni öz müdir müavini vəzifələrindən istifadə etməklə əldə etmişdir. Polisə verdiyi izahatda nömrəsini xanımın verdiyini və ilk dəfə xanımın ona zəng etdiyini, məhkəmə iclasında isə nömrəni ona xanımın verdiyini və nömrəsinin ona düşməsi üçün ilk özünün xanıma yazdığını bildirir. İddiaçının yol verdiyi hərəkətlərin onun AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə onu işdən çıxarmaq üçün əsas olub-olmamasına gəlincə isə, həmin maddənin məzmununda işçi tərəfindən öz əmək funksiyalarını kobud surətdə pozulması və müəssisənin işgüzar nüfuzuna xələl gətirməsi göstərilir. İddiaçı ilə bank arasında bağlanmış əmək müqaviləsinin 3.3-cü bəndinə əsasən əmək intizamına, o cümlədən ABB-nın Korporativ Etika Məcəlləsinin tələbləri işçi tərəfindən yerinə yetirilməlidir. Müştəri məlumatları yalnız müştərinin razılığı alımaqla bankın risklərini ön görmək məqsədilə istifadə edilə bilər. İddiaçı bununla tanış olaraq müqaviləni imzalamışdır. Yalnız iddiaçı bunu riayət etməmiş və həmin maddənin tələblərini pozmuşdur. Həmçinin bundan ziyadə, hazırki mülki iş üzrə iddiaçı sadəcə sıravi bir işçi yox, filial müdiri vəzifəsində çalışmışdır. Həmçinin o, uzun müddətdir ki, bankda fəaliyyət göstərir. Bu özu də onu göstərir ki, o, digər işçilərə örnək olmalı olduğu və bütün bankdaxili qaydalar barədə məlumatlı olduğu halda, qeyd edilən pozuntulara yol vermişdir. Həmçinin iddiaçı tərəfindən müştəri barəsində edilən hərəkətlərlə bağlı «TİKTOK» sosial şəbəkəsində paylaşım edilməsi xalq arasında nüfuz sahibi olan bir bank olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işgüzar nüfuzunu zədələmiş və ona vətəndaşların inamını sarsıtmışdır. Bütün bu qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək onun rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək onun rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, CD diskə baxış keçirərək, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-də Filiallarla iş və Satışa dəstək departamentinin rəhbər vəzifəsində çalışır. Onlara məlumat verilmişdir ki, filialların birində filial müdirinin müavininin müştəri xanıma qarşı bəzi hərəkətləri, yazışmaları olub. Belə ki, Məlumat Mərkəzinə müştəri şikayəti daxil olub və özünü müştərinin qohumu kimi təqdim etmiş şəxs bildirib ki, xanım banka kredit üçün müraciət etdikdə onların məsul şəxs xanımın telefonuna zəng edərək, yazışmalar apararaq qeyri-etik hərəkətlər etmiş, bu da xanımın ailə həyatında problemlərə səbəb olmuş və bankdan bununla bağlı tədbir görülməsini tələb edilmişdir. Proseslərin araşdırılması üçün tərəflərdən xidmət tapşırığı əsasında iddiaçı ilə görüş keçirildi. İddiaçı hadisəni inkar etmədi və bildirdi ki, xanımdan xoşu gəlmiş və sistemdən nömrəsini götürərək onunla əlaqə saxlamışdır. Ona qarşı tərəfin əlində kifayət qədər materiallar olduğunu, tədbir görülməsini tələb etdiyini, materialın ictimailəşdirməsi bankın işgüzar nüfuzuna xələl gətirdiyini bildirmişlər. O, isə bunun bankın işgüzar nüfuzuna xələl gətirəcək qədər ciddi bir məsələ olmadığını bildirdi.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, onun 2022-ci ilin oktyabr ayının sonlarına doğru olan dövrdə hadisə barədə məlumatı olub. Daxili Nəzarət departamentınin direktoru, o, və "xxxx" ASC-də Filiallarla iş və Satışa dəstək departamentınin rəhbəri iddiaçı ilə görüş keçirmişlər, görüşdə ondan nömrəni hardan aldığını soruşduqda onlara bildirmişdir ki, filial müdir müavini olduğu üçün bütün sənədlərin ondan keçir. Onların tərəfindən araşdırılma aparılamış, onların vəzifələri sadəcə məsələni müəyyənləşdirmək olmuşdur. Bundan sonra məsələ barədə rəhbərliyə məlumat vermişlər. İddiaçının uşaqlarının xəstə olduğu barədə məlumatı yoxdur.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-də Daxili Nəzarətin departamentinin direktoru vəzifəsində çalışır. İddiaçı ilə hadisə barədə məsələni aydınlaşdırmaq üçün görüş keçirmişdir ki, həmin görüşdə o, da iştirak etmişdir. Söhbət əsnasında onlara Tamaşa Qəhrəmanovanın nömrəsini sistemdən əldə etdiyini bildirmişdir. İlk araşdırmaya xx.xx.2022-ci il tarixdən etibarən başlanıb. İddiaçının himayəsində sağlamlıq imkanları məhdud uşaqlarının olması barədə məlumatı yoxdur.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozaraq bank daxilində qeyri-etik hərəkətlərinə yol vermiş və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş, həmçinin məcburi işburaxmaya görə ona əmək haqqının və bonusların ödənilməsini tələb edir.
b) Mülki işin materialları:
13. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə ABB-nin «Hava Limanı» şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək bağlanmışdır.
14. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə ABB-nin Pərakəndə biznesin inkişafı departamenti Kiçik bizneslə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx.xx.2010-cu il tarixdən müddətsiz bağlanmışdır.
15. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə ABB-nin Pərakəndə biznes departamentinin Kiçik və orta biznesin kreditləşməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx.xx.2011-ci il tarixdən müddətsiz bağlanmışdır.
16. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasından bağlanmış xx.xx.2013cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə ABBnin Səbail filialının müdirinin müavini vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx.xx.2013cü il tarixdən müddətsiz bağlanmışdır. Müqavilənin 3.3-cü maddəsinin «b» bəndinə əsasən, Əmək Məcəlləsinin 10-cu maddəsinə uyğun olaraq əmək intizamına və Bankdaxili intizam qaydalarına, o cümlədən ABB-nin Korporativ Etika Məcəlləsinin və s.tələblərini yerinə yetirməsi işçinin vəzifəsidir.
17. İş materiallarında olan "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin 5.14.2-ci bəndinə əsasən bank əməkdaşları formalaşmış korporativ mədəniyyətə və etik dəyərlərə, daxili nizam-intizam qaydalarına daim ciddi riayət etməklə «ABB-nin əməkdaşı» adının müsbət imicinin qorunmasına səy göstərməlidirlər.
18. Həmin Məcəllənin 5.17-ci bəndinə əsasən bank əməkdaşları öz vəzifələrindən sui-istifadə etməməli, vəzifə öhdəliklərindən irəli gələn bütün hərəkətlərdə Bankın mənafelərini öz şəxsi mənafelərindən üstün tutmalıdırlar.
19. Eyni Məcəllənin 5.26-cı bəndinə əsasən ünsiyyət korporativ etikanın əhəmiyyətli komponenti olmaqla biznesin aparılmasında müstəsna rola malikdir. Bank istər əməkdaşlar arasında, istərsə də müştərilərlə ünsiyyət prosesində işgüzar etikanın prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirir. Bu konteksdə, Bank müxtəlif ünsiyyət formaları üzrə daxili tələbləri müəyyənləşdirir.
20. Göstərilən Məcəllənin 5.38 və 5.38.1-ci bəndlərinə əsasən bankın rəhbər vəzifələrdə çalışan şəxsləri (şöbə müdiri, departament direktorunun müavini, departament direktoru, MXS rəhbəri və s) bu Məcəllənin tələblərindən irəli gələrək öz fəaliyyətləri ilə etik davranış nöqteyi-nəzərindən nümunə olmaq məsuldurlar.
21. Həmin Məcəllənin 5.4-ci bəndinə əsasən Bank əməkdaşları Bankın informasiya texnologiyalarından funksional vəzifə öhdəliklərinin icrası məqsədilə istifadə etməlidirlər.
22. Eyni Məcəllənin 6.6-cı bəndinə əsasən müştəriləri yaxından tanımaq onların gələcəkdə apara biləcəkləri şübhəli əməliyyatları vaxtında aşkar etməyə və preventiv tədbirlər həyata keçirməyə yönələn tədbirlərin etik qaydalar çərçivəsində görülməsini fəaliyyətində rəhbər tutur.
23. Göstərilən Məcəllənin 6.8-ci bəndinə əsasən Bank müştərilərə xas məlumatların qorunmasının əsas təminatçısıdır. Qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məlumatların paylaşılması halları istisna olmaqla, Bank biznes əməliyyatlarında müştərilərə aid məlumatların yalnız onların yazılı razılığı əsasında istifadəsinə və ötürülməsinə diqqət yetirir.
24. Həmin Məcəllənin 6.9-cu bəndinə əsasən Bank əməkdaşları yalnız öz xidməti vəzifələrinin icrası prosesində onlara məlum olan müştəri məlumatlarının qanunla müəyyən edilən qaydada istifadəsinə çalışmalıdırlar. Bankın digər müştəri xidmətləri strukturlarının ayrı-ayrı müştəriləri barəsində məlumatlar əldə etməyə çalışmaq, habelə həmin məlumatlardan istifadə etməyə cəhd etmək yolverilməzdir.
25. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəsulzadə Nəzrin xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Rəsulova Leyladır.
26. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışın surətindən görünür ki, sağlamlıq imkanları məhdud xx.xx.2009-cu il təvəlldlü X9 «Eşitmənin konduktiv və neyrosensor itirilməsi. Eşitmənin iki tərəfli itirilməsi» diaqnozu qoyulmuşdur.
27. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4139k saylı əmrin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə özünü X2 əqdim edən şəxs Bankın məlumat mərkəzinə zəng edərək, Nizami filialının müdir müavini İddiaçı şikayətçi olduğunu bildirmişdir. Belə ki, müraciət edən şəxs tanışı (qohumluq əlaqəsi olduğunu bildirir) X4 xx.xx.2022-ci il tarixdə Bankın Nizami filialına kredit götürmək üçün yaxınlaşdığını və filialın müdir müavini İddiaçı müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək, həmin müştərini şəxsi məqsədlər üçün narahat etdiyini və ona işdən-kənar müxtəlif formalarda təkliflər etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, müştəri X8 xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında 4 halda Banka zəng və onlayn formada yazılı müraciət edərək, qeyd olunan hal ilə bağlı şikayətçi olduğunu bildirmiş və Bank tərəfindən əməkdaş İddiaçı qarşı tədbir görülməsini xahiş etmişdir. Məsələ ilə bağlı Daxili nəzarət departamenti araşdırmaya başlamışdır. Yoxlama nəticəsində videomüşahidə zamanı xx.xx.2022-ci il tarixdə saat 12.13-də müştəri T. Qəhrəmanovanın kartından vəsaiti nağdlaşdırmaq məqsədilə filialda ATM-lərin yerləşdiyi otağa daxil olarkən onunla birgə əməkdaş İddiaçı da həmin otağa gəldiyi, müştərinin nağdlaşdırma əməliyyatında iştirak etdiyi və müştəriyə məxsus olan, məxfi hesab edilən PİN kodun İddiaçı tərəfindən ATM-ə daxil edildiyi müşahidə edilmişdir. Əlavə olaraq, müştəri nağdlaşdırma əməliyyatını bitirdikdən sonra ATM-lərin yerləşdiyi otaqdan çıxarkən əməkdaş İddiaçı da onun ardınca çıxaraq filialın giriş hissəsinə kimi söhbət edərək birgə getdikləri müşahidə edilmişdir. İddiaçı tərəfindən «Korporativ Etika Məcəlləsi»nin tələblərinin 5.14.2-ci bəndi kobud şəkildə pozulmuşdur. Nəticədə Bankın rəhbər vəzifəli əməkdaşının müxtəlif saytlarda səs yazısı yayılmışdır. Bu da Bank üçün imic riski yaradan hal kimi qiymətləndirilmişdir. Əməkdaş müştəriyə aid fərdi məlumatları öz şəxsi məqsədləri üçün istifadə edərək mövcud qanunvericiliyi və əmək müqaviləsinin 3.3-cü bəndinin şərtlərini pozmuşdur. Yuxarıda yazılanları nəzərə alaraq işçinin əmək müqaviləsinə xitam vermək məqsədilə Nizami filialının müdir müavini İddiaçı xx.xx.2022-ci il tarixdən AR ƏMnin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, işçiyə işlədiyi günədək əmək haqqı və AR ƏM-nin 144-cü maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2021-xx.xx.2022-ci il üzrə 13 gün və xx.xx.2022-xx.xx.2023-cü il üzrə 9 gün, cəmi 22 gün istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. Əsas: Daxili nəzarət departamenti tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli arayışı, «Etik və İntizam məsələləri üzrə» komissiyasının İddiaçı elektron poçtla göndərdiyi xx.xx.2022-ci il tarixli izahatı.
28. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən verilmiş İddiaçı ərizəsi əsasında toplanmış materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ 16-cı PB-nə yazmış olduğu ərizəsi araşdırılmışdır. İzahatı alınan X14 etdiyi əməldən peşman olduğunu bildirmişdir. Bununla da X6 əməlində hər hansı cinayət və ya inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir.
29. Həmin materialında olan Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Ramil Qəmbərli tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Nərimanov RPİ-nin 16-cı PB-nə müraciət edərək bildirmişdir ki, bank sistemində işləyən zaman onlardan kredit götürən X8 ilə aralarında səmimi münasibət yaranmış və daha sonra X14 onunla əlaqə saxlayaraq onu təhqir etmiş və onu söhbət üçün Quba şəhərinə çağırmışdır. Araşdırma zamanı X4 və X6 izahatları alınmışdır. İzahatı alınan X14 etdiyi əməldən peşman olduğunu bildirmişdir. Bununla da X6 əməlində hər hansı cinayət və ya inzibati tərkibinin olmaması müəyyən edilmişdir.
30. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş əməkdaş tərəfindən etik davranış məcəlləsinin tələblərinin pozulması halının araşdırılmasına dair İTAŞ116/2022, İNM-322 nömrəli yoxlama arayışın surətindən görünür ki, bankın Nizami filialının müdir müavini İddiaçı tərəfindən etik davranış məcəlləsinin pozulması halının yoxlaması xx.xx.2022-ci il tarixdə başlanıb, yoxlamanın bitmə tarixi xx.xx.2022-ci il tarixli göstərilmişdir. xx.xx.2022-ci il tarixdə müştəri X1 Nizami filialına yaxınlaşaraq kredit üçün müraciət etmişdir. Qeyd olunan tarixdə filialın pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi İ.İrzaquliyev tərəfindən müştəriyə əmək haqqı əsasında (müştəri "xxxx" MMCdə çalışır) 1900 manat «tam kart» kredit kartı rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə X2 təqdim edən şəxs bankın məlumat mərkəzinə zəng edərək, Nizami filialı müdirinin müavini İddiaçı şikayətçi olduğunu bildirmişdir. Belə ki, müraciət edən şəxs tanışı (qohumluq əlaqəsi olduğunu bildirir) X4 xx.xx.2022-ci il tarixdə Bankın Nizami filialına kredit götürmək üçün yaxınlaşdığını və filialın müdir müavini İddiaçı müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək, həmin müştərini şəxsi məqsədləri üçün narahat etdiyini və işdən-kənar müxtəlif formalarda təkliflər etdiyini bildirmişdir. Müraciət edən şəxs bu barədə özü əməkdaş İddiaçı zəng edərək irad bildirdiyini və İddiaçı ondan etdiyi hərəkətin düz olmadığını anlayaraq üzr istədiyini və bu barədə heç kimə şikayət etməməsini xahiş etdiyini bildirmişdir. Əlavə olaraq müraciət edən şəxs sözügedən insidentlə bağlı əməkdaş İddiaçı tərəfindən X15ya göndərilən mesaj və səs yazılarının özündə olduğunu bildirmişdir. X15 xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında 4 halda Banka zəng və onlayn formada yazılı müraciət edərək qeyd olunan hal ilə bağlı şikayətçi olduğunu bildirmiş və bank tərəfindən əməkdaş İddiaçı qarşı tədbir görülməsini xahiş etmişdir. T.Qəhrəmanova İddiaçı ona mobil nömrəsinin kredit sənədlərinə qol çəkdiyi zaman götürdüyünü bildirdiyini və bankdan çıxdıqdan sonra ona whatsapp vasitəsilə yazaraq görüş təklif etdiyini və şam yeməyinə dəvət etdiyini bildirmişdir. Əlavə olaraq müştəri bu barədə sosial şəbəkələrdə paylaşım etdiyini və həmin filiala gedən qadınlara mobil nömrə qoymamağı tövsiyyə etdiyini bildirmişdir. Təqdim olunan məlumatlara əsasən qeyd olunan məsələ müxtəlif sosial platformalarda müzakirə olunmuşdur.
31. Yoxlama çərçivəsində videomüşahidə zamanı xx.xx.2022-ci il tarixdə saat 12.13-də müştəri T.Qəhrəmanovanın kartından vəsaiti nağdlaşdırmaq məqsədilə filialda ATM-lərin yerləşdiyi otağa daxil olarkən onunla birgə əməkdaş İddiaçı da həmin otağa gəldiyi və müştərinin nağdlaşdırma əməliyyatında iştirak etdiyi və müştəriyə məxsus olan məxfi hesab edilən PİN kodun İddiaçı tərəfindən ATM-ə daxil edildiyi müşahidə edilmişdir. Əlavə olaraq müştəri nağdlaşdırma əməliyyatını bitirdikdən sonra ATM-lərin yerləşdiyi otaqdan çıxarkən əməkdaş İddiaçı da onun ardınca çıxaraq filialın giriş hissəsinə kimi söhbət edərək birgə getdikləri müşahidə edilmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq əməkdaş İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli Korporativ Etika Məcəlləsinin tələblərinin pozulması halına yol verilmişdir. Qeyd olunanlardan irəli gələrək Bankın rəhbər şəxsi tərəfindən bu formada Bankın müştəri məlumatlarını əldə edərək, istifadə edilməsi Bank üçün imic riski yaradan hallara çıxara bilər.
32. Əməkdaş İddiaçı təqdim etdiyi məlumatda Tamaşa Qəhrəmanovaya məxsus moil nömrəni kredit sənədlərindən götürmədiyini, T.Qəhrəmanovanın özü tərəfindən ona verildiyini bildirmişdir. Əməkdaş İddiaçı müştəri T.Qəhrəmanovanın bank əməliyyatı apararkən kartdan istifadə edə bilmədiyi üçün ondan kömək etməsini xahiş etdiyini və PİN kodun müştərinin özü tərəfindən ona bildirdiyini qeyd etmişdir. Bundan sonra İddiaçı müştəri T.Qəhrəmanovanın onunla dostluq əlaqələri yaratmağa meyl edən insan kimi davranmağa başladığını və qarşılığında onunla mehriban danışıqlar apardığını bildirmişdir. Əməkdaş İddiaçı müştəri T.Qəhrəmanovanın ondan gizli məqsdlər üçün istifadə etdiyi çalışdığını, belə ki, sonradan Rəşad Talıbov adlı şəxs ona zəng vurarkən danışıq formasından onu T.Qəhrəmanova ilə birlikdə şantaj etməyə çalışdıqlarını başa düşdüyünü və bundan sonra onunla «siz düzgün insanlar deyilsiniz, bir də mənə zəng etməyin» dediyini bildirmişdir. Lakin daha sonra onu şantaj etmək məqsədilə müxtəlif saytlara səs yazısı qoyduqlarını, bundan sonra isə vəkil xidmətindən istifadə edərək polis orqanlarına bu barədə müraciət etdiyini bildirmişdir. Əlavə olaraq polis orqanlarında aparılan araşdırma zamanı T.Qəhrəmanovanın izahatında İddiaçı ilə arasında baş vermiş hadisənin anlaşılmazlıq olduğunu və İddiaçı qarşı şikayət və tələbinin olmadığını, sosial şəbəkələrdə olan səs yazısını götürdüyünü qeyd etdiyini bildirmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
33. Məhkəmə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün əsasların olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.
34. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cü bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.
36. Həmin Məcəllənin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
37. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər.
38. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
39. Göstərilən Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
40. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.
41. Həmin Məcəllənin 77-ci maddəsinin birinci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: [127] bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: [128] bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
42. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir.
43. Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
44. Həmin Məcəllənin 187.3-ci maddəsinə əsasən isə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
45. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.3-cü maddəsində işçinin vəzifələri qeyd edilmiş, onlardan biri də işçinin əmək intizamına və Bankdaxili intizam qaydalarına, o cümlədən "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin tələblərinə riayət etməkdən («b» bəndi) ibarətdir.
46. "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin 5.14.2-ci bəndinə əsasən bank əməkdaşları formalaşmış korporativ mədəniyyətə və etik dəyərlərə, daxili nizam-intizam qaydalarına daim ciddi riayət etməklə «ABB-nin əməkdaşı» adının müsbət imicinin qorunmasına səy göstərməlidirlər. Bank əməkdaşları öz vəzifələrindən sui-istifadə etməməli, vəzifə öhdəliklərindən irəli gələn bütün hərəkətlərdə Bankın mənafelərini öz şəxsi mənafelərindən üstün tutmalıdırlar (bənd 5.17). Bankın rəhbər vəzifələrdə çalışan şəxsləri (şöbə müdiri, departament direktorunun müavini, departament direktoru, MXS rəhbəri və s) bu Məcəllənin tələblərindən irəli gələrək öz fəaliyyətləri ilə etik davranış nöqteyi-nəzərindən nümunə olmaq məsuldurlar (bənd 5.38 və 5.38.1-ci). Bank müştərilərə xas məlumatların qorunmasının əsas təminatçısıdır. Qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məlumatların paylaşılması halları istisna olmaqla, Bank biznes əməliyyatlarında müştərilərə aid məlumatların yalnız onların yazılı razılığı əsasında istifadəsinə və ötürülməsinə diqqət yetirir (bənd 6.8). Bank əməkdaşları yalnız öz xidməti vəzifələrinin icrası prosesində onlara məlum olan müştəri məlumatlarının qanunla müəyyən edilən qaydada istifadəsinə çalışmalıdırlar. Bankın digər müştəri xidmətləri strukturlarının ayrıayrı müştəriləri barəsində məlumatlar əldə etməyə çalışmaq, habelə həmin məlumatlardaq istifadə etməyə cəhd etmək yolverilməzdir (bənd 6.9).
47. Məhkəmə qeyd edir ki, iş mühiti çərçivəsində etik qaydalara və əxlaq normalara riayət etmək "xxxx" ASC-nin hər bir əməkdaşın vəzifəsidir və əks halda həmin şəxs müvafiq məsuliyyət daşıyır.
48. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçıya verilmiş intizam tənbeh vermə haqqında əmr (xx.xx.2022-ci il tarixli Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən) intizam xətasının törədilməsi hissəsində qanuni olmuşdur. Belə ki, iddiaçı özünün izahatlarında və ondan alınmış izahatlarda (məhkəmə iclası zamanı alınmış şahid işadələrinə əsasən) müştərinin məlumatlarını onun icazəsi olmadan (əmək funskiyalarından kənar) əldə etmişdir. Halbuki iddiaçı cavabdehlə əmək münasibətlərinə girərkən (əmək müqaviləsi bağlanarkən) Korporativ Etik Məcəlləsi ilə tanış olaraq bu barədə intizamlandırılmışdır.
49. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlə əmək münasibətlərini uzun müddət ( 20 ildən artıq) davam etdirmiş, həmin müddət ərzində buna oxşar pozuntu halı baş verməmiş (əksini sübut edən sənəd təqdim edilməmişdir), nümunəvi işçi olmuşdur. Bu halda işçinin xüsusilədə rəhbər şəxs olaraq işləməsi ona ən sonuncu intizam tənbehin verilməsi ədalətli hesab edilməməklə, işəgötürən tərəfindən bu xüsusatlar bir daha araşdırılmalı idi (başqa işə keçirmə, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və s tətbiq edilə bilərdi) .
50. Məhkəmə verilmiş əmrin müddəti keçirməklə qanunsuz olaraq verilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Burada ilk öncə pozuntunun aşkar edilməsi məqamına (anına) xüsusilə diqqət yetirilməlidir. İlk öncə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin yaradılmasında duran ümdə məsələ ilk öncə işçinin hüquqlarının qorunması ilə bağlıdır. Burada qeyd olunan bir aylıq müddət işə götürən tərəfindən suni yolla uzadılmamalı və işçi öz hüquqlarına bu və ya digər əsaslada olsa tez çatmalıdır. Həmçinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin böyük bir hüquqi təşkilat olmaqla özünə aid hüquq departamentinin və çoxsaylı işçilərinin olması da ona dəlalət edir ki, qanunvericilikdə verilmiş müddət (bir aylıq) çərçivəsində işçi ilə bağlı müvafiq araşdırma aparılmaqla yekun qərarını qəbul etsin. Bundan əlavə cavabdeh tərəfə bu hal (şikayət) onların rəsmi əlaqə nömrəsinə (Call Center) 25 oktyabr 2022-ci il tarixində daxil olmuş və bu nömrə isə hamıya bəlli olan və danışıqların qeydiyyatı aparılan əlaqə nömrəsi olmuşdur. Həmçinin məhkəmədə şahid kimi ifadə vermiş hər üç şəxs də (hər üç şəxs rəhbərlliyin göstərişi əsasında izahat alınması məqsədilə təyin olunan iddiaçıdan daha yüksək vəzifəli şəxslər olmuşlar) vətəndaşın xx.xx.2022-ci il tarixində vermiş olduğu şikayətdən sonrakı gün iddiaçıdan şifahi formada izahatlar almışlar və həmin izahatlarda iddiaçının özü əməli etiraf etmişdir. Yəni əgər barəsində intizam tənbehi verilməsi nəzərdə tutulan iddiaçı şikayət verilən məsələ ilə bağlı öz etirafını edirsə, bununla bağlı bir aydan çox araşdırma aparılmasına da zərurət qalmamışdır (əks təqdirdə işçinin əmək hüquqlarının pozulması ilə nəticələnəkdir). Lakin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etmiş olduğu 322 saylı arayışdan görünür ki, iddiaçının şifahi izahatı alındıqdan sonra bir ay keçməklə rəsmi araşdırma aparılmış və onun üzərindən də daha 1 aya yaxın müddət keçdikdən sonra iddiaçı barədə cavabdeh tərəfindən müvafiq əmr verilmişdir (25 oktyabr 2022-ci il tarix- xx.xx.2022-ci il tarix aralığıiki aya yaxın müddət). Bu hal isə onu deməyə əsas verir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kifayət qədər araşdırma aparılması üçün vaxtı (iddiaçının verilmiş şikayəti etiraf etməsi, şikayətdən dərhal sonra onun izahatının alınması) və imkanları (hüquqşünaslarının sayının kifayət qədər olması) mövcud olmuşdur.
51. Məhkəmə həmçinin iddiaçı tərəfinin himayəsində əlil uşağının olmasını bildirsədə, bu barədə işə götürənə rəsmi məlumatın verilməsi barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, bu xüsusatı bildirmək bir başa iddiaçının üzərinə düşmüşdür.
52. Məhkəmə yuaxrıda qeyd edilən hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr qanunsuz hesab edilməklə ləğv edilməlidir.
53. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə qəbul edilmiş əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.
54. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir( iddiaçı dəymiş ziyanın ödənilməsini iddiada tələb edərkən bu hissəni nəzərdə tutmuşdur) .
55. Məhkəmə iddia tələbinin bonusların ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir.
56. Məhkəmə qeyd edir ki, iddiaçı bonusların ödənilməsini iddia etsə də, bu halları təsdiq edən sübutları (əvvəlki əmrlər, hesabdan çıxarış və s.) məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, bonusların ödənilməsi hissəsində tələb təmin edilməməlidir.
57. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
60. Məhkəmə iddia tələbinin orta aylıq əmək haqqının azı iki misli miqdarında təminatın verilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.
61. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsindən görünür ki, işdən azad edilərkən orta aylıq əmək haqqının iki mislinin verilməsi əmək münasibətlərinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilən şəxslərə şamil edilməmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçı zatən işə bərpa edilmişdir ki, bu tələbədə artıq zərurət qalmamışdır.
62. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 4139k saylı əmri ləğv olunmalı, İddiaçı məcburi işburaxmaya görə işdən azad edildiyi gündən qətnamə icra olunana günədək ştat cədvəlinə uyğun olaraq əvvəlki vəzifəsinə uyğun əmək haqqı ödənilməklə (əlavələr ilə birlikdə), o, əvvəlki iş yerinə bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
63. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
64. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində (iddianın bir hissəsi qiymətləndirilməyən iddia olduğundan) pul tutulmalıdır.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
67. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 4139k saylı əmri ləğv olunsun. İddiaçı məcburi işburaxmaya görə işdən azad edildiyi gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun olaraq əvvəlki vəzifəsinə uyğun əmək haqqı ödənilməklə (əlavələr ilə birlikdə), o, əvvəlki iş yerinə bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumunun əvəzi kimi dövlət nəfinə 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov