Məhkəmə qərarları › İş №2(006)-1460/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1460/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1460/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X12, iddiaçının nümayəndəsi X8, cavabdeh X9, onun numayəndəsi və vəkili X17 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «evdən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1970-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava, ev 516-da doğulmuşdur. 1970-ci ildən ailə quranadək, yəni 1992-ci ilədək həmin evdə yaşamışdır. 1996-cı ildə həyat yoldaşı ilə Qara Qarayevdə yerləşən yaşadıqları 2 otaqlı evi sataraq başqa bir ev almaq üçün pulunu atası Kürdov Fəxrəddinə vermişdir. Bəzi problemlər çıxdığı üçün Fəxrəddin Kürdov həmin pulu öz məsələləri üçün xərcləmiş və beləliklə vəd etdiyi evi ala bilməmişdir. 1999-cu ildə İddiaçı yenidən həmin evə qayıtmış və qeydiyyata düşmüşdür. Həmin vaxtlarda mübahisəli ev 1 otaq və bir koridordan ibarət idi. İddiaçı 1999-cu ildən 2019-cu iliin iyun ayına kimi həmin evdə yaşamışdır. Bu müddət ərzində öz şəxsi vəsaiti ilə qonşuluqda yerləşən torpaq sahəsi və onun üzərində yerləşən otağı almış, təmir etmiş və həmin evə otaqlar tikərək əlavələr etmiş, otaqları təmir etmiş, abadlıq işlər görmüş, yəni istilik sistemi quraşdırmışdır. Bütün bu təmir-tikinti və abadlıq işlərinin İddiaçı tərəfindən edildiyinə həmin ərazidə yaşayan qonşuların əksəriyyəti şahidlik edə bilər. İddiaçı 2019-cu ilin avqust ayının sonlarında doğum günü münasibəti ilə Şamaxıya istirahətə getmiş, iyun ayının 4-ü qayıdan zaman bacısı Cavabdeh1 həyat yoldaşından ayrılaraq övladları ilə birlikdə həmin evə getdiyini görmüşdür. Bu zaman İddiaçı ilə Cavabdeh1 arasında mübahisə yaranmış və bu zaman İddiaçı polis çağırmışdır. Polislərin gəlməyinə baxmayaraq mübahisə davam etmiş cavabdehlər iddiaçını zorla evdən çıxararaq evə daxil olmasına mane olmuşdurlar. İddiaçı hal-hazırda həmin evdə qeydiyyatdadır və şəxsi əmlaklarının hamısı da həmin evdə qalmaqdadır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki olaraq iddiaçının həmin evdə yaşamasına mane olurlar. Göstərilənlərə əsasən İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən, lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən çıxarıldığı fərdi yaşayış evindən istifadə hüquqlarının bərpa edilməsi və həmin ünvanda yerləşən 200 kv.m.torpaq sahəsi üzərində olan cəmi 5 otaqdan ibarət olub (2+3) hər bir şəraiti birbirindən ayrı olan iddiaçı tərəfindən alınmış və təmir edilmiş 3 otaqlı evə köçürülməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava, 516 ünvanda yerləşən fərdi yaşayış evindən istifadəsinə Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneənin aradan qaldırılması və həmin ünvanda yerləşən 200 kv.m. torpaq sahəsi üzərində olan cəmi 5 otaqdan ibarət olub (2+3) hər bir şəraiti bir-birindən ayrı olan, iddiaçı tərəfindən alınmış və təmir edilmiş 3 otaqlı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı qeydiyaytda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X18 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili X22 iddia tələbinə etiraz edərək bildirmişdir ki, analoji işlə bağlı yuxarı instansiya məhkəməsinin qərarı olmuşdur. Odur ki, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 33 saylı MKİS tərəfindən verilmiş 25.11.2020-ci il tarixli arayışlarına əsasən İddiaçı Bakı şəhəri, 3-cü Alatava küçəsi, ö/t 516 saylı evə 1970-ci ildə qeydiyyata düşüb, 1992-ci ildə qeydiyyatdan çıxıb, 1999-cu ildə yenidən qeydiyyata düşüb və həmin tarixdən hal-hazıradək 10 nəfər ailə ilə birlikdə qediyyatdadır. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-6860/2019 saylı, 18.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçılar X14 və Cavabdeh2 ilkin iddia üzrə cavabdehlər İddiaçı, X13 və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı fərdi evə qeydiyyatın və şəxsi hesab vərəqəsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdehlər X14 və Cavabdeh2 tərəfindən X8 ünvan 1 ünvanda yerləşən 2 otaqlı evdən istifadəsinə yaradılan istənilən maneələrin aradan qaldırılması qət edilmişdir. İş mariallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4670/2020 saylı 26.10.2020-ci il tarixli qərardadından görünür ki, ilkin iddia üzrə iddiaçılar X14 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6860/2019 saylı işi üzrə 18.12.2019-cu il tarixli qətnaməsinin qismən təmin edilməsi və ilkin iddia üzrə iddiaçılar X4 və Cavabdeh2 ilk iddia üzrə cavabdehlər İddiaçı, X13 və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı fərdi evə qeydiyyatın və şəxsi hesab vərəqəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 20.11.2019-cu il tarixli, 2(103)-13309/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X14 Cavabdeh2 Fəxrəddin qızına, İddiaçı və X13 qarşı «evdən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən və qeydiyyatda olduğu, lakin cavabdehlər tərəfindən zəbt edilərək çıxarıldığı fərdi yaşayış evindən istifadə hüquqlarının bərpa edilməsi, həmin ünvanda yerləşən 200 kv.m. torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş 138 kv.m. tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraitli bir birindən ayrı olan 2 otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər İddiaçı və X1 Fəxrəddin Ələsgər oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə, daha sonra isə X5 və Cavabdeh1 cavabdehlər sırasına daxil edilməklə, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanda yerləşən 3 otaqlı evə köçürülməsi, X2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 3 otaqlı evdən çıxarılması, X4 ünvan 1 ünvanda yerləşən 3 otaqlı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-3585/2019 saylı işi üzrə 09.08.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X4 cavabdehlər Cavabdeh2, İddiaçı və X13 qarşı «evdən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və evə köçürülmə» tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanda yerləşən 3 otaqlı evə köçürülməsi, cavabdehlər X2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 3 otaqlı evdən çıxarılması, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.11.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X4 apellyasiya şikayətinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-3585/2019 saylı iş üzrə 09.08.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin iddia tələbinin qismən təmin edilməsi, X4 ünvan 1 ünvanda yerləşən 200 kv.m. torpaq üzərində inşa edilmiş 138 kv.m. tikinti sahəsinin, 5 otaqlı (2+3) hər bir şəraiti bir-birindən ayrı olan 2 otaqlı mənzilə köçürülməsi və cavabdehlər Cavabdeh2, İddiaçı və X4 həmin evdən istifadə ilə bağlı yaradılmış maneələr aradan qaldırılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı və X8 X10, X6 və Cavabdeh1 qarşı istifadə hüququnun itirilməsi, evdən çıxarılma və evə köçürülmə tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.06.2020-ci il tarixli, 2(102)-2171/2020 saylı qərarın surətindən görünür ki, cavabdeh İddiaçı nümayəndəsi və vəkili X3 və cavabdehlər İddiaçı və X8 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi MülkiKollegiyasının 2(103)- 13309/2019 nömrəli iş üzrə 20.11.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında Nəsimi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(006)- 1460/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 münasibətdə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikilidir. AR Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi o şəxsə deyilir ki, o əmlak üzərində istifadə və sahiblik hüquqi ilə yanaşı həmin əmlak barəsində sərəncam vermək hüququna da malikdir. AR Mülki Məcəllənin 146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən ö/t 516 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı, həmçinin iddiaçı mübahisəli evdə 20 ildən çox müddətdə ümumiyyətlə yaşamadığı üçün, İddiaçı cavabdehlərə qarşı hazırki iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüquqa malik deyildir. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi hazırki iş üzrə iddiaçı X15 cavabdeh X11 X19 münasibətdə qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsini tələb etməyə subyektiv hüquqa malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X7 cavabdeh X11 vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı tələbi cavabdeh X11 mülkiyyət hüquqlarının əsassız şəkildə pozulması ilə nəticələndiyindən təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının eyni tələblə bağlı Cavabdeh1 münasibətdə yuxarı instansiya məhkəməsinin predusial əhəmiyyətə malik qərarı mövcud olmuşdur. Həmin qərarda mənzilin öz başına tikili olması və iddiaçının subyektiv hüquqa malik olmaması barədə fakt sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Həmçinin, göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cavabdeh2 qarşı «evə köçürülmə» dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cavabdeh2 qarşı «evə köçürülmə» dair iddiası əsassız olduğuna görə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar