Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1470/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2100 (iki min bir yüz) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı 5 ay müddətinə 2100 manat məbləğində borc istəmişdir. Cavabdeh həmin borcu vaxtında geri qaytara biləcəyinə iddiaçını inandırmışdır. Bu səbəbdən iddiaçı borcu Notariat Ofisində müqavilə əsasında verə biləcəyini demişdir. Həmin vaxt iddiaçının özündə pul olmadığı üçün başqa bir şəxsdən 2100 manat məbləğində borc alaraq xx.xx.2022-ci il tarixində 43 saylı notariat ofisində cavabdehə 2100 manat məbləğində borc vermiş və orada aralarında Kredit Müqaviləsi bağlamışlar. Kredit Müqaviləsinə əsasən Cavabdeh borcunu xx.xx.2023-cü il tarixinədək ödəməli idi. Lakin cavabdeh həmin borcdan 1 manat da olsa qaytarmamışdır. İddiaçı cavabdehdən verdiyi pulları geri tələb edəndə cavabdeh geri qaytaracağını, lakin pulu olmadığını demişdir. Artıq uzun müddətdir ki, cavabdeh iddiaçıya olan 2100 manat borcunu ödəməməsi ucbatından iddiaçıya mənəvi ziyan dəymişdir. Çünki iddiaçı həmin pulu başqa adamdan borc alıb ona vermişdir. Hazırda cavabdehin iddiaçıya olan borcunu qaytarmaması səbəbindən iddiaçının maddi vəziyyəti çətinləşmişdir. Cavabdeh yalnız pulu olan vaxt borcunu qaytaracağını bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərək borcunu qaytarmasını tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh yenə də borcu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 2100 manat məbləğində pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin hələ də heç bir ödəniş etmədiyini qeyd edib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımınca xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul edərək, iddiaçıya borcunun olduğunu, hazırda borcu ödəməyə imkanının olmadığını, həmin borcu hissəhissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 2100 manat məbləğində pul borc vermişdir. Borc alan krediti xx.xx.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh verilmiş 2100 manat borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə mübahisənin həlli üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı məlumat verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı cavabdehə 2100 manat məbləğində pulu faizsiz borc vermiş, cavabdeh həmin pul məbləğini xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, pulu iddiaçıya geri qaytarmamışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir, cavabdeh isə iddianı etiraf edir, lakin pulu bir dəfəyə ödəməyə imkanı olmadığından, hissə-hissə ödəyə biləcəyini qeyd edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirərək cavabdehə borc pul vermiş, lakin cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini tam yerinə yetirməmiş, kredit müqaviləsində göstərilən müddətdə borcu geri qaytarmamışdır. Mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilir və buna görə də o, hərəkətsizliyinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tam qanuni və əsaslıdır, cavabdehin iddianı etiraf etməsində heç bir qanunazidd və ya başqa şəxslərin hüquq və mənafelərinə toxunan hallar yoxdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2100 (iki min bir yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2100 (iki min yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1470/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1470/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver