Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1473/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndələri X3 və X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24.01.2018-ci il tarixdən Aran RETSİ-nin X2 Enerji satışı şöbəsinin nəzarətçi-mühəndisi vəzifəsində işləmişdir. "xxxx" ASC-nin sədri V.Əhmədovun 19.10.2021-ci il tarixli k/21-05820 saylı əmri ilə onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən xitam verilmişdir. Müdiriyyət iddiaçıdan aldatma yolu ilə ərizə almışdır. Belə ki, Aran RETSİ-nin kadrlar şöbəsinin rəisi Təhmiraz 17.10.2021-ci il tarixdə iddiaçıya bir yazıya imza etdirdi ki, iş yeri dəyişilir, iddiaçı da ona inanıb ərizəni imzaladı. İşdən çıxma əmri gələndən sonra başa düşmüşdür ki, o, aldadılıb. İddiaçıdan ərizə alınan kimi əmək müqaviləsinə xitam verilmişdir ki, bu da qanunaziddir. İddiaçı aldadıldığına görə ərizəni geri götürür. İddiaçının işlədiyi müddətdə heç bir qüsuru olmamış, heç bir cəza almamışdır. Ona görə də müdiriyyətin onunla əmək müqaviləsinə xitam verməsi əsassızdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin 19.10.2021-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəl işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, iddiaçı öz ərizəsi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Ona qarşı heç bir təzyiq və hədə-qorxu göstərilməmişdir. Bundan əlavə, iddiaçı Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 aylıq iddia müddətini də ötürmüşdür. Cavabdeh "xxxx" ASC-nin digər nümayəndəsi X4 digər nümayəndənin verdiyi izahatın məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin materiallarında olan İddiaçı "xxxx" ASC-yə ünvanladığı 15.10.2021-ci il tarixli ərizədən görünür ki, o, 19.10.2021-ci il tarixdən işdən azad edilib, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşin materiallarında olan "xxxx" ASC-nin k/21-05820 №-li, 19 oktyabr 2021-ci il tarixli «Əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən Aran RETSİ-nin X2 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə 19.10.2021-ci il tarixindən xitam verilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göstərilən Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmçinin, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi qüvvədə olan əmək qanunvericiliyi xəbərdarlıq müddətinin qısaldılmasına yol verir. Buna görə də işəgötürən işçinin tələbi ilə xəbərdarlıq müddəti bitdikdən sonra deyil, müəyyən hallarla əlaqədar işi davam etdirməsinin qeyri-mümkün olması səbəbindən işçinin istədiyi (arzu etdiyi) müddətdə əmək müqaviləsini ləğv etməyə borcludur. Yuxarıda qeyd olunduğu kimi əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda işçi ilə əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada xəbərdarlıq etməmiş olsun. Əmək Məcəlləsinin 69-cu maddəsi ilə əmək müqaviləsi ləğv edildikdən sonra işçinin peşmançılıq çəkərək əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin (verilən ərizənin) heç bir hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi İddiaçı könüllü şəkildə 15.10.2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-yə müraciət edərək, 19.10.2021-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. İddiaçı birinci ərizənin etibarsız hesab olunması haqqında ikinci ərizə ilə işəgötürənə müraciət etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi 15.10.2021-ci il tarixli ərizənin iddiaçıya təzyiqlə yazdırılması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – "xxxx" ASC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən vəzifədən azad olunması qanunamüvafiqdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi iddia ərizəsinə etiraz ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Avropa Məhkəməsinin də prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia tələbi əsassız olduğuna, həmçinin iddia müddəti ötürüldüyünə görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1473/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1473/2022
28.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver