Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1498/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı "İddiaçı" ASCnin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "mənzildən çıxarma və mənzilin boşaldılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 2 “A” saylı evin 12 saylı mənzilindən çıxarılması, mənzilin tamamilə boşaldılması və mülkiyyətçi "İddiaçı" ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC xx xxxxxx 2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqi-satqısı barədə müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 2 “A” saylı evin 12 saylı mənzilini alaraq, tam mülkiyyətinə əldə etmişdir. Hal-hazırda cavabdehlərin İddiaçı ASC-yə məxsus mənzildə yaşaması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən cavabdehlər mənzildən çıxarılmalı və mənzil tamamilə boşaldılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onlar məcburi köçkün kimi 1995-ci ilin yanvar ayından iddia ərizəsində göstərilən mənzildə yaşayırlar. Ev qardaşı Hümbətov Vaqifin mülkiyyətindədir. Qardaşı hazırda Moskvada yaşayır. Ev boş idi deyə onlar həmin mənzildə məskunlaşmışlar. 2011-ci ildə bilmişlər ki, ev 2009-cu ildə başqası tərəfindən banka girov qoyulub. 2011-ci ildə bir qadın gəlib demişdir ki, bu ev xalasınındır, evi boşaldın, gedin başqa yerdə kirayə qalın. O isə demişdir ki, sənəd göstərin ki, ev sizə məxsusdur. Onlar evi aldıqlarını və evdən çıxmalarını bildirmişlər. Bir müddət sonra bir oğlanla bir qadın gəlmiş, oğlan İddiaçı ASC-nin hüquqşünası olduğunu, evin girov qoyulduğunu və evdən çıxmalarını bildirmişdir. Sonra məhkəmə olmuş və qətnamə çıxmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1507/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 xx.xx.2009cu il tarixli, 121 №-li kredit müqaviləsi üzrə cəmi 87.477 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdeh X3 tutulacaq məbləğin bankda girov qoyulmuş X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 2A saylı evin 12 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi və mənzil açıq hərracda satıldıqda cavabdeh X1 həmin mənzilə istifadə hüququna xitam verilməklə onun həmin mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2012-ci il tarixli, Y-871 saylı protokolunun və xx xxxxxxx 2012-ci il tarixli il tarixli həracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətinlərindən görünür ki, Bakı şəhəri, Nəsimi rayon icra şöbəsinin 17/70 1405/9 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubuna əsasən X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, ev 2A, mənzil 12 təkrar hərracdan tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 51000 manata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, ev 2A, 12 saylı mənzil tam mülkiyyət hüququ üzrə "İddiaçı " ASC-nin adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 975 nömrəli reyestr kitabının 87444 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsinin" 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X7 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 2A saylı evin 12 saylı mənzili Cavabdeh1 qardaşı Vaqif Hümbətovunxüsusi mülkiyyətində olmuşdur. Vaqif Hümbətov sözügedən evi ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsinin şərtlərinə əməl edilmədiyindən Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X3 xx.xx.2009-cu il tarixli, 121 №-li kredit müqaviləsi üzrə cəmi 87.477 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdeh X3 tutulacaq məbləğin bankda girov qoyulmuş X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 2A saylı evin 12 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi və mənzil açıq hərracda satıldıqda X1 həmin mənzilə istifadə hüququna xitam verilməklə onun həmin mənzildən çıxarılması qət edilmişdir. İpoteka qoyulmuş həmin mənzil satılmış və hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü tarixli ******* saylı Çıxarışına əsasən İddiaçı ASC-nin mülkiyyətindədir. Lakin cavabdehlər həmin evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişlər. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan mənzilin kreditin qaytarılması üçün ipoteka qoyulmasını, həmin evə tutma yönəldilməsini və açıq hərracdan satılmasını, hazırda evin iddiaçının mülkiyyətində olmasını, cavabdehlərin həmin evə hüquqlarının olmamasına baxmayaraq yaşayış evini tərk etməmələrini, nəticədə iddiaçının öz mülkiyyətində olan mənzildən istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən 2 “A” saylı evin 12 saylı mənzilindən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı "İddiaçı" ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən 2 “A” saylı evin 12 saylı mənzilindən məcburi qaydada çıxarılsınlar və mənzil boşaldılaraq iddiaçı "İddiaçı" ASC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbu edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1498/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1498/2020
14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver