Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-15/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin Gəncə filialı ilə onun arasında bağlanmış 22.12.2017-ci il tarixli, 1-22.12.2017-002819 saylı zaminlik müqaviləsi saxta olduğundan onun etibarsız hesab edilməsi, əmək haqqından tutulmuş 270 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi və cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı yaxınlarda əmək haqqını alarkən əmək haqqından tutulmanı aşkar etmişdir. Bunu aydınlaşdırarkən məlum olmuşdur ki, Cavabdeh ASC-də adına zaminlik müqaviləsi mövcuddur və bu səbəbdən də qanunsuz olaraq əmək haqqından pul tutulmuşdur. Məsələ ilə bağlı cavabdeh quruma müraciət etmişdir və oradan zaminlik müqaviləsinin surətini əldə etmişdir. Belə ki, 22.12.2017-ci il tarixli, 1-22.12.2017-002819 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC-nin Gəncə filialı ilə kreditor arasında bağlanmış 22 dekabr 2017-ci il tarixli, 1-22.12.2017-002819 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə götürülmüş 5000 manat məbləğində kreditin təminatı kimi zaminlik müqaviləsi mövcuddur. O, cavabdehlər belə bir müqavilə bağlamamışdır və müqaviləyə imza etməmişdir. Müqaviləyə nəzər yetirərkən də müəyyən edilir ki, orada onun adının altında olan imza saxtadır və onun imzası ilə uyğun gəlmir. Cavabdeh təşkilat müqavilə şərtlərini əsas götürərək qanunsuz olaraq onun əmək haqqından iyun ayı üçün 270 manat məbləğində pul tutmuşdur. Hesab edir ki, cavabdehin bu cür hərəkətləri qanunsuzdur və bu qanunsuz saxtakar hərəkətlərə görə cavabdeh ona vurulmuş ziyanı ödəməlidir. Bu səbəbdən də iddia tələbinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək onun rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 22 dekabr 2017-ci il tarixli, 1-22.12.2017-002819 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, kreditorla borcu arasında bağlanmış 22 dekabr 2017-ci il tarixli, 1- 22.12.2017-002819 saylı kredit müqaviləsinə əsasən 5000 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış fazilərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. İddiaçı iddia təmin tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə mübahisəsi həll olunanadək Cavabdeh ASC tərəfindən onun əmək haqqından pul tutulmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qərardadı ilə təmin edilmiş, iş mahiyyəti üzrə baxılıb qurtarana qədər İddiaçı əmək haqqından tutulmalar Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş 5(001)-840/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli istintaq hərəkətinin məcburi aparılmasına dair vəsatətin təmin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı və bir neçə başqa şəxslərin adına kredit və zaminlik müqavilələri, hesabdan çıxarış, mədaxil və məxaric sənədlərinin əsillərinin Cavabdeh ASC-dən götürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 1(095)-140/2019 saylı, 02 dekabr 2019-cu il tarixli Gəncə Hərbi Məhkəməsinin Hökmündən görünür ki, cinayət işi üzrə hazırki iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, məhkəmə-xətşünaslıq ekspertizasının 22 aprel 2019-cu il tarixli 10008 nömrəli rəyinə əsasən ekspert tədqiqatına təqdim olunmuş İddiaçı adına tərtib olunmuş 21 dekabr 2017-ci il tarixli kredit məlumatlarının alınmasına dair razılıq ərizəsində “imza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdu. İş materiallarına əlavə edilmiş 1(095)-140/2019 saylı, 02 dekabr 2019-cu il tarixli Gəncə Hərbi Məhkəməsinin Hökmündən görünür ki, Cavabdeh ASC-nin Gəncə filialında kredit mütəxəssisi vəzifəsində işləmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-çi maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 3000 manat məbləğində çərimə cəzası təyin edilmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, Gəncə Hərbi Məhkəməsinin 1(095)- 140/2019 saylı, 02 dekabr 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh ASC-nin Gəncə filialında kredit mütəxəssisi vəzifəsində işləmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-çi maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 3000 manat məbləğində çərimə cəzası təyin edilmişdi. Bundan başqa hökmdə müəyyən edilmişdir ki, 22 dekabr 2017-ci il tarixli, 1-22.12.2017-002819 nömrəli zaminlik müqaviləsi formal olaraq bağlanmış, İddiaçı həmin müqaviləni özü şəxsən imzalamamışdır. Buna görə də, zamin kimi İddiaçı üzərinə heç bir öhdəlik götürməmişdir. Bu səbəbdən də iddiaçı ilə cavabdeh arasında bağlanmış 22.12.2017-ci il tarixli, 1-22.12.2017-002819 saylı zaminlik müqaviləsi saxta olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin “...əmək haqqından tutulmuş 270 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi və cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində qeyd edir ki, məhkəmə iclasında iddiaçı bildirmişdir ki, əmək haqqından tutulmuş 270 manat məbləğində pul vəsaiti ona ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbinin 5000 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tətqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh ASC-nin Gəncə filialı arasında bağlanmış 22.12.2017-ci il tarixli, 1-22.12.2017-002819 saylı zaminlik müqaviləsi etibarsız hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC-nin Gəncə filialı arasında bağlanmış 22.12.2017-ci il tarixli, 1- 22.12.2017-002819 saylı zaminlik müqaviləsi etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-15/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-15/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver