Məhkəmə qərarları › İş №2(006)-1505/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1505/2023

11.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1505/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “əmrin ləğv edilməsi, elektron portalda düzəlişin edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, 1356-2PB-İR saylı əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin elektron portalında onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyinə dair qeydin silinməsi, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilməsinə dair yeni qeydin elektron portala yerləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixində əvvəlki "xxxx" ASC-nin “Beyləqan” filialına satış mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2015-ci il tarixinə kimi həmin vəzifədə heç bir qüsur olmadan çalışmışdır. 2015-ci ilin əvvəllərində şəxsi işləri ilə əlaqədar olaraq işdən ayrılmaq məcburiyyətində qalmışdır. Odur ki, ərizə ilə müraciət edərək öz xahişi ilə işdən çıxmışdır. Ərizə verdikdən sonra əmək kitabçası ona qaytarılsa da, əmrin surəti ona verilməmişdi. Əmək kitabçası da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi ilə işdən azad edilməyi qeyd edilmişdir. Əmrin surəti isə Bank tərəfindən ona təqdim edilməmişdir. Uzun müddətdir ki, müxtəlif işlərdə çalışsa da, bu barədə ona heç bir söz deyilməmişdir. 2022-ci ilin sonlarında ona özəl bir şirkətdən iş təklifi aldıqdan sonra əmək kitabçası onlara təqdim etdi. Lakin, həmin şirkətdən bildirildi ki, "xxxx" ASC onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Bu barədə elektron portalda qeyd olunduğu üçün onun bundan xəbəri olmamışdır. Əmək kitabçasında başqa bir əsas əmrdə isə başqa bir əsas qeyd edilib. Bu isə onun işə qəbul olunmağına maneə yaradır. Əmrinin surətinin əldə edilməsi və portalda düzəlişin edilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin hüquqi varisi Cavabdeh BOKT ASC-yə müraciət etsə də, ona heç bir cavab verilməmişdir. O, uzun müddət heç bir qüsuru olmadan "xxxx" ASC-də işləmişdir və işdən öz ərizəsi ilə azad edilmişdir. Əmək kitabçası da bu öz əksini tapmışdır. Lakin, hansısa bilmədiyi səbəbdən caavbdeh təşkilat onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etməyə dair elektron protalda qeyd vermişdir. Portaldan çıxarış arayışından göründüyü kimi Bank həqiqətən də əmək kitabçasında bir maddə əmrdə isə başqa bir maddəyə əsaslanmaqla onu işdən azad etmişdir. Heç bir vaxt ona hansısa əmək intizamının pozulmasına görə cəza tədbiri görülməmişdir. xx.xx.2022-ci il tarixli ərizəsində heç bir cavab verilmədiyi üçün xx.xx.2015-ci il tarixli, 1356-2PB-İR saylı əmrin ləğv edilməsi və elektron portalda onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmədiyinə dair qeydin silinərək Əmək Məcəlləsinin 68-cii maddəsinin “a” bəndi ilə işdən azad edilməyinə dair yeni qeydin əlavə edilməsinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən yazılan ərizədən görünür ki, o, "xxxx" ASC-yə ərizə ünvanlayaraq başqa işə keçməyi ilə əlaqədar işdən azad olunmağına göstəriş verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan İddiaçı məxsus ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, onun xx.xx.2015-ci il tarixdə 1356-2-PB-İR saylı Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli, 1356-2-PB-İR №-li Əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci ildən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Mülki işin materiallarında olan 14 fevral 2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 11:30-da keçirilən ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə razılıq əldə etməmişlər. A.Kənan 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: B.Sadiq). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2015-ci il tarixə kimi cavabdeh təşkilatın “Beyləqan” filialından satış mütəxəssisi vəzifəsində işləmiş, xx.xx.2015-ci il tarixdə iddiaçı ərizə yazaraq başqa işə keçməyi ilə əlaqədar onun bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi barədə Əmrdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi qeyd edilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilməsini, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyinə dair qeydin silinməsi, onun Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilməsinə dair yeni qeydin elektron portala yerləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda xitam verilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Lakin, hazırki mülki işin materiallarından görünür ki, iddiaçı öz ərizəsi ilə müraciət edib onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, iddiaçının Əmək kitabçasında onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) xitam verilməsi qeyd edilsə də, halbuki ona verilən əmək müqaviləsinə xitam verilməsinə dair Əmrdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verdildiyi qeyd edilmişdir. Göründüyü kimi, əmək kitabçasında işçinin bir əsasla, əmrdə isə onun başqa bir əsasla işdən çıxması qeyd edilmişdir. Beləliklə də, işəgötürən, yəni cavabdeh təşkilat tərəfindən Əmək Məcəlləsinin tələbləri, nəticədə isə iddiaçının hüquqları pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, 1356-2PB-İR saylı əmri ləğv edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin elektron portalında onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyinə dair qeyd silinməli, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilməsinə dair yeni qeydin elektron portala yerləşdirilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, 1356-2PB-İR saylı əmri ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin elektron portalında onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyinə dair qeyd silinsin. İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilməsinə dair yeni qeydin elektron portala yerləşdirilməsi vəzifəsi cavabdehə həvalə edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar