Məhkəmə qərarları › İş №2(006)-1510/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1510/2021

25.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1510/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “06.11.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, məcburi iş buraxma müddətində əmək haqqının, dəymiş mənəvi zərərin əvəzi ödənilməsi, hüquqi yardıma görə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə мüəyyən etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “06.11.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, məcburi iş buraxma müddətində əmək haqqının, dəymiş mənəvi zərərin əvəzi ödənilməsi, hüquqi yardıma görə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə onunla bağlanılmış 15.07.2019-cu il tarixli əmək müqaviləsinə 16.11,2020-ci il tarixdən xitam verilməsinə dair Cavabdeh MMC-nin əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, onunla “Cavabdeh" MMC-də (MMC) 15.07.2019-cu il tarixdən Logistika və gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləmişdir. İşə başladığı ilk gündən nümunəvi fəaliyyət göstərmiş, işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. Bunun məntiqi nəticəsidir ki, işəgötürən tərəfindən əmək haqqına əlavə də edilmiş, mükafatlara layiq görülmüş və əmək müqaviləsinin vaxtı növbəti dövr üçün uzadılmışdır. Lakin son dövrdə şirkətin bəzi məsul şəxsləri tərəfindən ona qarşı ayrı-seçkiliyə yol verilməyə başlanılmışdır. O, daim əmək vəzifələrini vicdanla yerinə yetirməmə baxmayaraq noyabr ayının əvvəlində ona şirkətin İnsan resursları üzrə rəhbər işçisi və digər vəzifəli şəxslər təzyiq göstərərək işdən getməyinə nail olmağa çalışırdılar. O, hər vəchlə onlara izah etməyə çalışırdı ki, onun sadə vətəndaş kimi işə ehtiyacı var və belə yüksək əmək haqqılı işi itirməmək üçün əmək vəzifələrini hər zaman yüksək peşəkarlıqla icra etmişdir. Əgər şirkət rəhbərliyi onunla işləmək arzusu yoxdursa, əmək qanunvericiliyi ilə dövlətinin müəyyən etdiyi təminat hüququna hörmət edilməlidir. Halbuki o zaman da, elə indi də o işləmək istəyir, çünki indiyə qədər şirkətinə və rəhbərliyinə bağlı olmuşdur. Onun indiyə qədər heç bir xəbərdarlığı, töhməti olmamışdır. Bunun məntiqi nəticəsidir ki, yuxarıda da qeyd etdiyi kimi, işlədiyi bütün dövr ərzində həm rəhbərlikdə təmsil olunan şəxslərlə, o da kollektivin digər üzvləri ilə mehriban olmuş, hər zaman nümunəvi qayğıkeş işçi kimi əməyi, səyləri yüksək qiymətləndirilmişdir. Ailə yiyəsi və azyaşlı övlad atası kimi bütün çırpınışlarına məhəl belə qoyulmadı, davamında şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət olunan təzyiqlər qarşısında “könüllü” ərizə yazmama məcbur edilmişdir. Belə ki, bu çətin pandemiya dövründə ailəsinin dolanışığı təhlükə altında olacaq” deyib dəfələrlə işdən çıxarılmamasını xahiş etdikdə isə, İnsan resursları üzrə rəhbər işçi “sən ərizəni yaz ki, o də rəhbərliklə danışıb kömək edəcək” dedi. Psixologiyasına təsir edərək qanuna zidd şəkildə ərizə yazdırıb gələcək həyatına və ailənin dolanışığına zərbə vurdular. Bununla bağlı şirkət daxili kamera görüntülərinə baxış keçirilsə, onun ərizəsini könüllü yazmadığı və ərizəyə imza atana kimi necə təzyiqlərə məruz qaldığı açıq-aşkar görünəcəkdir. Davamında, iş yerindən ayrılan kimi, dərhal əmək hüquqlarının pozuntusuna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə müraciət edərək baş vermiş faktlar çarəsində məlumat vermişdir. Habelə “ərizəni yaz ki, sənə köməklik edim" deyən insan resursları üzrə məsul şəxsdən xoş xəbər gözləyirdi. Lakin ona cavabdeh tərəfindən 17.11.2020-ci il tarixdə məktub göndərilərək “05.11.2020-ci il tarixdən guya öz xahişi ilə işdən çıxmağını əsas götürülərək əmək kitabçanı götürməyi” tövsiyyə edildi. O, işdən qanunsuz çıxarılmış, ərizəni azad iradəsi daxilində, könüllü yazmamışdır, belə bir ərizəyə imza atmasına səbəb qarşılaşdığı psixolojik təzyiqlər olmuşdur, bu baxımdan öz 'işilə işdən azad olunması” barəsində ərizədəki iradə ifadəsi heç bir hüquqi etibarlılıq nəticəsi yarada bilməz. Ayrıca yol verilən pozuntu üzrə bir halda budur ki, əgər ərizəni könüllü şəkildə özü imzalamışdısa, həmin ərizədəki “işdən azad olunma tarixi” yazısı niyə ona məxsus deyil? Ona bildirdilər ki, “o hissəni boş burax, ona kömək edəcəyik.” Bu da iradə ifadəsinin zədələndiyini, pozulduğunu sübut edən önəmli faktdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir çox qərarında nalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələrdə tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Digər bir ifadə ilə, hüquqi etibarlı nəticələr meydana gətirməsi üçün, onu əmələ gətirən iradə fəsinin “sağlam” olması lazımdır, zəruridir. Halbuki istər birinci ona psixoloji təzyiqlər, canında isə “imza at ki, kömək edək” məzmununda aldanılması ərizədə ifadə olunan iradəni zədələyən hallardır ki, etibarlılığın hüquqi nəticələrini yarada bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan bərabər idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Bir məsələni də qeyd edir ki, onun 19.11.2020-ci il tarixdə aldığı yuxarıdakı məktubda işdən azad olunması tarixi 05.11.2020-ci il tarixi göstərilmiş, Əmək Nazirliyinin elektron portalında isə işdən azad olunma tarixi 06.11.2020-ci il qeyd olunmuşdur. Hansının həqiqət olduğunu isə hələ də bilmir, çünki həmin tarixdən artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq Əmək müqaviləsinə xitam verilməsinə dair Əmr ona təqdim olunmamışdır. Qeyd bu barədə cavabdehə təqdim olunmuş vəkil sorğusuna bu günə kimi cavab məhkəmə icraatı başlana kimi sorğulara gələcək cavablar məhkəməyə tərəfindən təqdim olunacaq və zərurət olarsa iddia tələbinə dəqiqləşdirmə ediləcəkdir. Qeyd olunan bu əsaslara görə, işdən azad olunması barədə ərizədə istək iradəsini əks etdirmədiyi üçün, onunla bağlanılmış 15.07.2019-cu il tarixli əmək müqaviləsinə 06.11.2020-ci tarixdən xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən verilən əmri tamamilə qanunsuz və əsassız hesab edir. Ona görə, həmin əmr ləğv edilməli və işinə bərpa edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Belə ki, iddiaçı ilk dəfə ona müraciət edəndə şirkətə iddiaçının necə işçi olması ilə bağlı müraciət etmiş və şirkət tərəfindən işçi barəsində xasiyyətnamə verilmişdi. Həmin xasiyyətnamədə deyilir ki, İddiaçı 15 iyul 2019-cu il tarixdən Cavabdeh MMC şirkətində Logistika və gömrük işləri üzrə mütəxəssis vəzifəsinə qəbul olunmuş və 06 noyabr 2020-ci il tarixədək bu sahədə fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində İddiaçı ona verilmiş və qarşısına qoyulan tapşırıqları vaxtında icra etmiş, kollektivin digər əməkdaşlarından seçiləcək pis xarakteristikaya sahib olmayan bir işçi kimi tanınmışdır. Sistematik olaraq vəzifə öhdəliklərini bacardığı səviyyədə yerinə yetirmiş, işə davamiyyəti və korporativ mədəniyyəti qənaətbəxş olmuş, Cəmiyyətin maraqlarını daim üstün tutacaq şəkildə davranışlar nümayiş etdirmişdir. Göründüyü kimi, iddiaçı adekvat bir insan olmuşdur. 05 noyabr 2020-ci il tarixində iddiaçıya ərizə yazdırırlar, 06 noyabr 2020-ci il tarixində, saat 10:31-də o, Çağrı mərkəzi 142-yə zəng vuraraq Cavabdeh MMC tərəfindən ona təzyiq göstərildiyini, məcburi şəkildə işdən azad olunmaq barədə ərizə yazılmasının tələb edildiyini və bu səbəbdən ərizə yazdığını bildirmişdir. Çağrı mərkəzi tərəfindən isə ona həmin şirkətin işçisi olduğu bildirilmişdir. Növbəti dəfə 10 noyabr 2020-ci il tarixdə, saat 14:57-də yenidən Çağrı mərkəzinə müraciət etmiş və ona işdən azad olunduğu bildirilmiş və bununla bağlı Əmək Müfəttişliyinə müraciət edə bilməsi izah olunmuşdur. Qarşı tərəf bildirir ki, bir ay sonra müraciət etmişdir. İddiaçı bu bir ay ərzində digər qurumlardan kömək istəyib, hüquqlarının bərpası ilə bağlı mübarizə aparmışdır və son olaraq ayın 4 də məhkəməyə müraciət etmişdir. Ayda 2330,73 manat əmək haqqı alan şəxs nəyə görə könüllü olaraq işdən azad olunması barədə ərizə yazsın, növbəti gün isə şikayət etsin. İddiaçı işəgötürənin vəzifəli şəxslərinin qanuni əsası olmayan hərəkətlərinə görə məcburi iş buraxdığına görə 2330,73 manat məbləğində aylıq əmək haqqından məhrum olunmuşdur və hesab edir ki, işə bərpa olunacağı günə qədər aylıq 2330,73 manat məbləğində əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. İddiaçı 4 aydır ki, işsizdir, ailəsinin üzünə baxa bilmir. Mənəvi sarsıntı, iztirab keçirir. Hesab edir ki, cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi bu stress və həyəcan nəticəsində ona vurulan mənəvi ziyan da təmin olunmalıdır. Bu baxımdan iddiaçıya vurulan mənəvi ziyanı 15.000 manat məbləğində qiymətləndirir. Sonda onu da qeyd etmək istəyir ki, cavabdehin qanuna zidd hərəkətlərinə görə iddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etməli olmuş və bunun üçün 710 manat pul ödəmişdir. Hesab edir ki, həmin vəsait də məhkəmə xərci olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı ilə bağlanılmış 15.07.2019-cu il tarixli əmək müqaviləsinə 06.11.2020-ci il tarixdən xitam verilməsinə dair Cavabdeh MMC-nin əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa oluması, 06 noyabr 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddətində hər ay üçün 2330,73 manat məbləğində əmək haqqının, dəymiş mənəvi zərərin əvəzi üzrə 15.000 manat, hüquqi yardıma görə 710 manat və dövlət rüsumu qismində 30 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Yeganə faktiki hal odur ki, iddiaçı öz əli ilə işdən çıxmaq barədə ərizə yazmış və həmin ərizəyə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ona qarşı fiziki zorakılıq tətbiq edildiyini iddia edir, lakin bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. O, Əmək Müfəttişliyinə polisə, prokurorluğa, hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Bunların heç biri olmamışdır. Ona fiziki zorakılıq tətbiq olunması ilə bağlı heç bir ekspert rəyi, tibbi arayış yoxdur. Ancaq iddiaçının sözləri ilə qətnamə çıxarılmasını xahiş edirlər. Şəxs 05 noyabr tarixində ərizə yazıb, 06 noyabr tarixində isə işdən çıxmışdır. Sənədləri götürməsinə heç bir maneçilik törədilməyib. Zəng olunub ki, gəlib sənədləri götürsün, 17 noyabr tarixində rəsmi məktub göndərilib, gəlib sənədləri götürməyib, yalnız vəkil sorğusundan sonra biz sənədləri göndərmişik. Nə iddia ərizəsində, nə də ona əlavədə iddiaçının guya fiziki və mənəvi sarsıntılar keçirməsi və ya onların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi heç bir maddi, yazılı və ya digər sübutla, məsələn ekspertiza rəyi, şahid ifadəsi, tibbi arayış, xəstəlik tarixinın açılması və digər sənədlərlə müəyyən edilməyib. Bütün bu hallar, xüsusən də iddiaçının “mənəvi sarsıntılar” keçirdikdən sonra bu barədə nə tibb müəssisələrinə, nə də ki hüquq mühafizə orqanlarına müraciət etməməsi bir daha sübut edir ki, həmin mənəvi sarsıntılar iddiaçı tərəfindən uydurulmuşdur və reallıqda baş verməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasına dair qətnamə qəbul etməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin 17.11.2020-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, Əmək Müqaviləsi 05.11.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişiniz ilə) xitam verilmişdir. İş materiallarında olan İddiaçı 05.11.2020-ci il tarixli ərizəsindən görünür ki, o, 06.11.2020-ci il tarixindən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 15.04.2021-ci il tarixli, 4/307 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin materiallarında olan A4 kağız vərəqi üzərində yazılmış 05.11.2020-ci il tarixli İddiaçı adından olan işdən azad edilmə barədə ərizənin mətnindəki “06.11.2020-ci il” yazıları – İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-yə ünvanlanmış 05.11.2020-ci il tarixli ərizəsi ilə müraciət edərək, onun 06.11.2020-ci il tarixindən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı öz izahatında bildirmişdir ki, Şirkətin İnsan Resursları üzrə rəhbər işçisi və digər vəzifəli şəxslər ona təzyiq göstərərək işdən getməyinə nail olmağa çalışırdılar və ona işdən azad edilməsi barədə ərizəsinin yazılmasını məcbur etmişdilər. Lakin, iddiaçı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, İddiaçı öz ərizəsində əmək münasibətlərinin dayandırmaq istədiyi günü göstərmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə iddia tələbinin işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı “15.07.2019-cu il tarixli əmək müqaviləsinə 06.11.2020-ci il tarixdən xitam verilməsinə dair Cavabdeh MMC-nin əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, 06 noyabr 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddətində hər ay üçün 2330,73 manat məbləğində əmək haqqının, dəymiş mənəvi zərərin əvəzi üzrə 15000 manat, hüquqi yardıma görə 710 manat və dövlət rüsumu qismində 30 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “15.07.2019-cu il tarixli əmək müqaviləsinə 06.11.2020-ci il tarixdən xitam verilməsinə dair Cavabdeh MMC-nin əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, 06 noyabr 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddətində hər ay üçün 2330,73 manat məbləğində əmək haqqının, dəymiş mənəvi zərərin əvəzi üzrə 15000 manat, hüquqi yardıma görə 710 manat və dövlət rüsumu qismində 30 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 122 (yüz iyirmi iki) manat və 30 (otuz) manat dövlət rüsumu məbləğində pul vəsaiti İddiaçı tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar