Məhkəmə qərarları › İş №2(006)-1517/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1517/2023

05.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1517/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «təzminatın bərpa olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «təzminatın bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Dəmir Yolları QSC-də 1989-cu ildən maşinist köməkçisi kimi işə başlamışdır. 1994-cü ildə Dəmir Yolunda maşınist köməkçisi işlədiyi zamani idarə rəhbərliyi tərəfindən Qarabağ döyüşlərinə göndərilmişdir (X5 tərəfindən). Təxminən 1 ay döyüşdükdən sonra yaralanmışdır və Hospitalda yatdıqdan sonra yararsız kimi xidmətdən təxris olunmuşdur. O vaxtdan "xxxx" QSC-nin X5 Rəisinin əmrinə əsasən iddiaçıya iş qabiliyyətini itirdiyinə görə aylıq 549 manat təzminat ödənilirdi. 2022-ci ilin avqust ayından etibarən həmin aylıq ödəniş mühasibatlıq tərəfindən dayandırılmışdır. Sözügedən təzminatın hansı səbəbdən və hansı əsasla dayandırılması barədə məlumatın ona verilməsi və əmək qabiliyyətinin olmaması səbəbindən təzminatın yenidən bərpa olunması tələbinə dair cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavadeh orqan tərəfindən aldığı cavab iddiaçını qane etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" QSC tərəfindən iddiaçıya təyin olunmuş təzminatın bərpa edilməsi və 2022-ci ilin avqust ayından bu günə qədər olan təzminat borcunun ona birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, hazırki mülki iş üzrə İddiaçı 1989-cu ildə "xxxx" QSC-də maşınist köməkçisi kimi işə başlamışdır. O, 1994-cü ildə cavabdeh tərəfindən məcburi qaydada hərbi xidmətə göndərilmiş və 1 ay döyüş bölgəsində xidmət edikdən sonra müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdir. Həmin xəsarətlər nəticəsində o, ordudan təxris olunmuş və ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Bundan sonra iddiaçıya bununla bağlı hər ay təzminat ödənilmişdir. Lakin 2022-ci ilin avqust ayından həmin təzminatın ödənilməsi dayandırılmışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etdikdə ona bildirilmişdir ki, həmin təzminatın ödənilməsi Kollektiv Sazişdə tənzimləndiyindən, yeni qəbul olunmuş Kollektiv Sazişə əsasən təzminat 1 və 2-ci qrup əlil olan və işləməyən şəxslərə şamil olunduğundan iddiaçı onun təsir dairəsinə düşmür. X9 AR Nazirlər Kabinetinin 1996 saylı qüvvədən düşmüş qərarına istinad etmişdir. Düşünürlər ki, hərbi xidmət zamanı alınan xəsarətlər həmin qərarda öz əksini tapmasa da, qanunun analogiyası üzrə hazırki məsələyə də tətbiq oluna bilər. Bu səbəbdən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 oğlu iddia tələbini qəbul etməyərək və iddiaya yazılı etiraz məhkəməyə təqdim edərək göstərmişdir ki, ADY və X1 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2022-cı illər üçün X6 9.4.1-ci bəndinə əsasən yalnız döyüşlərdə aldığı xəsarətlər nəticəsində İ və İİ qrup əlil olmuş, hazırda işləməyən şəxsə Azərbaycan Dəmir Yollarında tutduğu sonuncu vəzifə üzrə orta aylıq əməkhaqqı həcmində maddi yardım göstərilir İddiaçı həqiqətən əlillik dərəcəsi alsa da. hazırda ADY-nin İfrastruktur departamentinin qatarların idarə edilməsi xidmətinin dispetçer idarəetmə mərkəzində böyük qatar dispetçeri vəzifəsində çalışır. Buna görə də qeyd edilən saziş ona şamil olunmadığından ona ödənilən müavinat ödənişi dayandırılmışdır. ADY-nin əlil olmuş keçmiş işçilərinə belə bir müavinat vermək kimi öhdəliyi də yoxdur. Bu sadəcə ADY-nin öz keçmiş işçilərinə qarşı olan humanistliyi ilə əlaqədar ödənilir. Bu səbəbdən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsim məhkəmədən xahiş etdi.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" QSC-də 1989-cu ildən maşınist köməkçisi vəzifəsində işə başlamış, 1994-cü ildə işlədiyi zaman Qarabağ döyüşlərində iştirak etmiş, döyüşdə yaraladığı üçün cavabdeh təşkilatın əmrinə əsasən iş qabiliyyətini itirdiyinə görə ona son dövrdə aylıq 549 manat məbləğində hər ay təzminat ödənilmişdir. 2022-ci ilin avqust ayından etibarən həmin aylıq təzminat ödənişi dayandırılmışdır. Hazırda iddiaçı ona təyin olunmuş təzminatın bərpa edilməsini məhkəmədən xahiş edir.

b) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin X3 xx.xx.1995-ci il tarixli 24 nömrəli əmrin surətindən görünür ki, Deponun keçmiş maşinist köməkçisi İddiaçı xx.xx.1994-cü il tarixdən hər ay 27648 manat zərərə görə aylıq ödəncin ödənilməsi əmr edilmişdir.

9. İş materiallarında olan "xxxx" QSC-nin X3 xx.xx.1997-ci il tarixli 151 nömrəli əmrin surətindən görünür ki, Deponun keçmiş maşinist köməkçisi İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək hər ay 38016 manat zərərə görə orta aylıq ödəncin ödənilməsi əmr edilmişdir.

10. İş materiallarında olan "xxxx" QSC-nin X3 xx.xx.1998-ci il tarixli 85 nömrəli əmrin surətindən görünür ki, Deponun keçmiş maşinist köməkçisi İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək hər ay 132909 manat zərərə görə orta aylıq ödəncin ödənilməsi əmr edilmişdir.

11. İş materiallarında olan "xxxx" QSC-nin X3 xx.xx.1999-cu il tarixli 96 nömrəli əmrin surətindən görünür ki, Deponun keçmiş maşinist köməkçisi İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək hər ay 191136 manat zərərə görə orta aylıq ödəncin ödənilməsi əmr edilmişdir.

12. İş materiallarında olan "xxxx" QSC-nin X3 xx.xx.2001-ci il tarixli 87 nömrəli əmrin surətindən görünür ki, Deponun keçmiş maşinist köməkçisi İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək hər ay 191136 manat zərərə görə orta aylıq ödəncin ödənilməsi əmr edilmişdir.

13. İş materiallarında olan "xxxx" QSC-nin X3 xx.xx.2003-cü il tarixli 64 nömrəli sərəncamın surətindən görünür ki, Deponun keçmiş maşinist köməkçisi İddiaçı ödənilən məbləğ 30% və ya 1,3 koeffisientlə Azərbaycan Respublikasının müdafiəsinə görə artırılmış, ödəniş xx.xx.2003-cü il tarixdən 313.268 manat məbləğində ödənilmişdir.

14. İş materiallarında olan "xxxx" QSC-nin X3 xx.xx.2017-ci il tarixli 327 nömrəli əmrin surətindən görünür ki, Deponun keçmiş maşinist köməkçisi İddiaçı xx.xx.2017-ci il tarixdən 416,22 manat məbləğində ödənilməsi əmr edilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona TSEK tərəfindən verilmiş arayışların surətlərindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İİ qrup əlildir.

16. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2022-ci illər üçün X6 9.4.1-ci bəndinə əsasən döyüşlərdə aldığı xəsarət(lər) nəticəsində İ və ya İİ qrup əlil olmuş, hazırda işləməyən şəxsə Azərbaycan dəmir yollarında tutduğu sonuncu vəzifə (peşə) üzrə orta aylıq əmək haqqı həcmində maddi yardım ödənilir.

17. İş üzrə "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ADY və X1 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2022-ci illər üçün X7 9.4.1-ci bəndinə əsasən yalnız döyüşlərdə aldığı xəsarət(lər) nəticəsində İ və ya İİ qrup əlil olmuş, hazırda işləməyən şəxsə Azərbaycan dəmir yollarında tutduğu sonuncu vəzifə (peşə) üzrə orta aylıq əməkhaqqı həcmində maddi yardım ödənilir.

18. İş üzrə xxxxxxx000303 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin Dispetçer idarəetmə mərkəzində böyük yol qatar dispetçeri vəzifəsində işləyir, onunla müddətli növü əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanılmış, aylıq əmək haqqı 751 manat təşkil etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları» müəyyən edilmişdir.

23. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarı ilə əvvəlki qərar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ) ləğv edilmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etmiş olduğu müvafiq əmrə istinad olunan qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarının müvafiq bəndlərindən görünür ki, bu qərar istehsalat və yaxud peşə xəstəliyi zamanı baş vermiş nəticələr ilə əlaqədar olmuş, hərbi xidmət zamanı xəsarət almasının nəticələri ilə əlaqədar olmamışdır. Bu is ona deməyə əsas verir ki, vaxtilə cavabdeh təşkilat iddiaçıya humanizm göstərərək əmri rəsmiləşdirmişdir. Hazırda iddiaçı sırf hərbi xidmət zamanı aldığı xəsarət nəticəsində (2-ci qrup əlillik) müvafiq pensiya ilə təmin olunur (yəni xəsarətin nəticəsində müvafiq komensasiya almaqda davam edir) .

25. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, hazırda iddiaçı "xxxx" QSC-nin İnfrastruktur departamentinin qatarların idarə edilməsi xidmətinin dispetçer idarəetmə mərkəzində böyük yol qatar dispetçeri vəzifəsində işləyir və onun aylıq əmək haqqı 751 manat təşkil edir.

26. Məhkəmə iddiaçınin hazırda işlədiyindən və "xxxx" QSC ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2022-ci illər üçün X6 9.4.1-ci bəndi ona şamil olunmadığından, habelə cavabdeh təşkilatın əlil olmuş keçmiş işçilərinə belə bir müavinat verməsinin öhdəliyi olmadığından, əvvəlki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı qüvvədən düşdüyündən, cavabdeh təşkilatın öz keçmiş işçilərinə qarşı olan humanistliyi ilə əlaqədar ödənilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

27. Beləliklə məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «təzminatın bərpa olunması» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «təzminatın bərpa olunması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar