Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1518/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinə qarşı «cavabdehin xx.xx.2021-ci il tarixli 126684 nömrəli əmrinin qismən ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinə qarşı «cavabdehin xx.xx.2021-ci il tarixli 126684 nömrəli əmrinin qismən ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinin xx.xx.2021-ci il tarixli 126684 nömrəli əmrinin qismən – onun işdən azad edilməsinə dair hissəsində ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, qanunvericilik, İcra və Məhkəmə orqanlarının borcudur. Bu hüquqları və azadlıqları heç kim məhdudlaşdıra bilməz (Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi). «Məhkəmələr və Hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsbit olunmuşdur ki, məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikası Konstitusiyasını, Qanunlarını və digər qanunvericilik aktlarını rəhbər tuturlar. Həmçinin, ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən qərəzsiz, ədalətlə və Qanunlara müvafiq həyata keçirilir. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə görə qanunların tətbiqi və icrası həm də məhkəmə hakimiyyəti üçün də məcburidir. O da, Azərbaycan Respublikasının vətəndaşı kimi, hüquqlarının kobudcasına pozulduğunu əsas tutaraq, son çıxış yolu olaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Dövləti Xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial və layiqli həyat səviyyəsi qayğısına qalır. Hər bir Azərbaycan vətəndaşı qanunların himayəsində olduğu qədər də haqqın və ədalətin nəzarətindədir. Azərbaycan Respublikasının Prezidenti və vitse prezidenti həmişə, hər bir Dövlət məmurunun xalqa xidmət olduğunu bildirmişdir və tələb etmişdir ki, problemləri həll etmək, insanları incitməmək, əsassız tələblər irəli sürülməməsini dəfələrlə qeyd etmiş, «hər bir vətəndaşın hüququnun qorunması bizim başlıca vəzifəmizdir» söyləmişlər. Azərbaycan Respublikasının Konstitusiyasına görə Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Ancaq, İmişli LD rəisi Qanunları, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini, hörmətli Prezidentin göstərişlərini formal hesab edərək, qərəzli şəkildə ona həmişə hədə-qorxu gəldikləri kimi, neqativ əməllərini həyata keçirərək, maddi maraqlara görə maşinist vəzifəsindən azad etmişlər. Əsassız səbəb isə xx.xx.2021ci il tarixdə onun, Daşburun st. Teplovozu idarə edən vaxt xəbərsiz saat 22:25 radələrində köməkçisi E.İbrahimov 150 litr dizel yanacağını ondan xəbərsiz oğurlamışdır. Sonra məlum olmuşdur ki, bu işi əvvəlcədən rəis E.Vəliyev (onun həmyerlisi) və təlimatçı F.Soltan planlaşdırmışlar. Bunu ona köməkçisi özü söyləmişdir. İmişli ML idarə edilməsi idarəsinin rəisi Elşən Vəliyev maşinist köməkçisi E.İbrahimov (həmyerlisi, hər 2-si Cəbrayıl rayonundan məcburi köçkün) təlimatçı Famil Soltanovla əvvəlcədən, bu işi planlaşdırmış qərəzli tərzdə digər marağı olmayan şəxslərin iştirakı olmadan akt yazmış, işi istintaqa vermişlər. Halbuki, o, 2008-ci ildən 2021-ci ilə, yəni qanunsuz işdən azad edilənə kimi İmişli LD-da çilingər, maşinist köməkçisi və maşinist işləmiş, hətta xırda nöqsanlara yol verməmişdir. Babası da 45 il LD-da maşinist işləyib. Ona qərəzli şəkildə E.Vəliyev və F.Soltanov çoxdan həyata keçirmək istədikləri, «şərləmə» metodlarını işə salmışlar. Belə ki, əvvəlcədən, onlar, yəni, rəis müfəttiş, həmkarlar təşkilatının sədri sözləşərək, ona qarşı, qanunsuz metod və üsullarını işə salmış, köməkçisinə (E.İbrahimova) də hədə-qorxu gələrək, teplovozdan yanacağın onun oğurladığını söyləməsini tələb etmiş, o da işindən azad ediləcəyindən ehtiyat edərək onun üzünə durmuşdur. Əgər, 150 litr oğurlanan dizel yanacağı minik maşınından, evdən, yaxud əlində digər şəxslərə satılması baş versəydi bu həqiqət olardı. Ona görə də, bu qeyri-insani, qanunsuz hərəkətlərdə, əsas və başlıca məqsəd onu işdən azad etmək, onun əvəzinə, maddi maraqlara görə digər şəxsi işə qəbul etməkdən ibarətdir. İndi isə onun bu oğurluq əməlində əli olmadığını nəzərə çatdırır. Birincisi, saat 22:25 radələrində (iş vaxtı qurtaran) rəis, təlimatçı, idarənin HT-nın sədri və s. dərhal akt tərtib etmələri qanunlara tam ziddir. İkincisi, əgər cinayət baş vermişdirsə, İmişli st. XPŞ-yə məlumat verilməli idi (onlar "xxxx" QSC-yə məlumat veriblər). Üçüncüsü, etmədiyi oğurluğa görə ADY rəhbərliyi tərəfindən onun əmək müqaviləsinə xitam verilmiş, rəis E.Vəliyev isə onu aldadaraq (başqa işə keçirmək adı ilə) ərizəsini almışdır. Dördüncüsü, törətmədiyi əmələ görə rəis, ona «töhmət», «şiddətli töhmət», «Aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək» və s. tədbirləri görə bilərdi (əgər təqsirli olsaydı belə). Ona görə də, bu «oğurluq» işinin rəis tərəfindən tam qərəzli, maddi maraqlarına görə edilməsi, təkzibolunmaz faktlarla təsdiq edilir. Beşincisi, bu hərəkətlərə görə aparılmış istintaq və təhqiqatla onun əməlində cinayət hadisəsi olmadığından işə xitam verilmişdir. 13 aydır ki, əmrin surətinin verilməməsi qanunlara, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam zidd olması qanunsuzluqları sübut edir (şikayət verilməməsi üçün). U.D.S yardım almır, obyekti yoxdur, yalnız atasının əlilliyə görə təqaüdü ilə güclə dolanırlar. 2 azyaşlı övladı var (13 və 15 yaşlarında). Atası 2-ci dərəcəli Çernobıl əlilidir. 44 günlük Müharibədə, ağır pandemiya dövründə gecəgündüz vicdanla çalışmış, idarə etdiyi teplovozun saz olması, yüklərin ünvanlarına vaxtında çatdırılmasını təmin etmiş, amma idarənin rəhbərliyi bu fəaliyyətinə də qərəzli münasibət bəsləmişdir. Beləliklə, onun Azərbaycan Respublikası Konstitusiyası və Qanunları da Azərbaycan Respublikası Əmək Məcəlləsində təsbit olunan hüquq və azadlıqları bilərəkdən kobudcasına pozulmuş, yaşamaq və digər hüquqlardan məhrum olunmuşdur. Bu əməllər hakimiyyətin həyata keçirilməsi səlahiyyətlərini mənimsəməkdir. Bu da Xalqa, Dövlətə qarşı ən ağır cinayətdir. Azərbaycan Respublikası Konstitusiyası, Qanunları, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini, Azərbaycan Respublikasının Prezidentinin tapşırıq və tövsiyələrini, gənc ailə olaraq çox əzab-əziyyətlə dolanışığını, qanunsuz və böhtanla, şərləmə və qərəzli tərzdə onu (ailəsini) yaşamaq hüququndan məhrum etdiklərini, maddi maraqlar səbəbindən neqativ əməllərini davam etdirən rəis E.Vəliyevin göstərişi ilə, təkzibolunmaz rəsmi sənədlərə də məhəl qoyulmadığını, vəzifədən və səlahiyyətlərindən sui-istifadə hərəkətlərini həyata keçirilməsi təsdiq edildiyindən, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında bildirdi ki, İddiaçı cavabdeh "xxxx" QSC İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinə qarşı «cavabdehin xx.xx.2021-ci il tarixli 126684 nömrəli əmrinin qismən ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:25 radələrində onun köməkçisi E.İbrahimov 150 litr dizel yanacağını ondan xəbərsiz oğurlamışdır. Sonradan məlum olmuşdur ki, bu işi əvvəlcədən rəis E.Vəliyev və təlimatçı F.Soltanov onu işdən azad etmək üçün planlaşdırmışlar. Bunu ona köməkçisi söyləmişdir. Lakin əvvəlcədən rəis, müfəttiş və həmkarlar təşkilatının sədri sözləşərək köməkçisi E.İbrahimova hədə-qorxu gələrək ondan iddiaçının oğurladığını söyləməsini tələb etmişlər. Bundan sonra, onun əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən, iddiaçı hesab edir ki, onun işdən çıxarılması qanunsuzdur. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi barədə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli əmri tam qanuni və əsaslıdır. Bildirir ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində İmişli- Horadiz sahəsində xidməti vəzifələrini yerinə yetirmək əvəzinə ümumi çəkisi 140 litr təşkil edən dizel yanacağını idarə etdiyi 2TE10M-1336 saylı teplovozun çənindən çıxarılaraq qablaşdırılması və onun bir hissəsini yerə axıdılaraq məhv etməklə, digər hissəsinin qablarda teplovozun kənarına yerləşdirilməsi faktı müəyyən edilmişdir. Müəyyən olunmuş fakt aktlaşdırılmış, maşinistdən məsələ ilə bağlı izahatın təqdim edilməsi tələb olunmuş, maşinist izahatında əməlin bilavasitə onun tərəfindən törədildiyini etiraf etmiş və peşmançılıq keçirdiyini ifadə etmişdir. Sözügedən şəxsin həmin hərəkəti "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə maddi ziyan vurulmasına, həmçinin, işin araşdırılması zəminində teplovozun uzun müddət hərəkətsiz qalmasına, teplovoz briqadaları arasında növbənin təhvilində gecikmənin yaranmasına və nəticədə normalaşdırılmış iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Həmçinin, iddiaçının iddia ərizəsinə əlavə etdiyi iş materiallarında olan İmişli st. XPŞ-nin İstintaq və təhqiqat idarəsinin 25 may 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara əsasən istintaq zamanı İddiaçı ifadəsində əməlin bilavasitə onun tərəfindən törədildiyini etiraf etmiş, onun əməli xırda talama olduğu üçün cinayət işi üzrə icraata xitam verilmiş, lakin inzibati təsir tədbirləri görülməsi üçün İmişli st. XPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı təqsirli olaraq törətdiyi əməl (dizel yanacağının oğurlanması) tam təsdiq olunduğundan işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin 1-ci hissəsi istisna olmaqla qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı qabaqdan məhkəməyə müraciət edə bilər. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı əmək kitabçasının əslini xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Eyni zamanda, iddiaçının anası X2 iddiaçının hüquqlarının pozulması barədə xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarını pozulduğunu bildiyi halda qanunsuz hesab etdiyi əmrin ləğvi barədə məhkəməyə müraciət etməmiş, əmrin qəbul etdiyi gündən 1 il 2 ay 7 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh ADY-yə qarşı «cavabdehin xx.xx.2021-ci il tarixli 126684 nömrəli əmrinin qismən ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı» tələbinə dair iddiasının iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin Teplovoz lokomotiv briqadasının magistral üzrə teplovoz maşinisti işləmişdir. "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinin 10 dekabr 2021-ci il tarixli əmrindən və təqdim edilmiş digər sənədlərdən (araşdırma materialları, Həmkarlar Komitəsinin protokolundan çıxarış, cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərar) görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində İmişli-Horadiz sahəsində xidməti vəzifələrini yerinə yetirmək əvəzinə, ümumi çəkisi 140 litr təşkil edən dizel yanacağının idarə etdiyi 2TE10M-1336 saylı teplovozun çənindən çıxararaq qablaşdırılması və onun bir hissəsinin yerə axıdılaraq məhv etməklə, digər hissəsinin qablarda teplovozun kənarına yerləşdirilməsi faktı müəyyən edilmişdir. Müəyyən olunmuş fakt aktlaşdırılınış, sözügedən maşinist və digər aidiyyəti şəxslərdən məsələ ilə bağlı izahat təqdim edilməsi tələb olunmuş, maşinist izahatında əməlin bilavasitə onun tərəfindən törədildiyini, nəticədə ADY-yə maddi ziyan vurduğunu etiraf etmiş və peşman olduğunu bildirmişdir. İddiaçı sözügedən hərəkəti ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin «b» (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) və «ç» (işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq) bəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının dəmiryolu müəssisələrində işçilərin intizam Nizamnaməsi»nin 2.2.2-ci (etibar edilən əmlakın saxlanmasını təmin etmək), habelə ADY-nin idarə Heyətinin xx.xx.2018-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin daxili intizam Qaydaları»nın 3.1.7-ci (şəxsi maraqları naminə vəzifə səlahiyyətlərindən istifadə etməmək), 3.1.8-ci (qanunsuz olaraq maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlərə yol verməmək) və 3.1.20-ci (istifadəsində olan "xxxx"-yə məxsus vəsaitlərdən ancaq təyinatı üzrə istifadə etmək) yarımbəndinin təblərini pozmuşdur. Həmin hərəkət ADY-yə maddi ziyan vurulmasına, işin araşdırılması zəmanı teplovozun uzun müddət hərəkətsiz qalmasına, teplovoz briqadaları arasında növbə təhvilində gecikmənin yaranmasına və nəticədə normalaşdırılmış iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Qeyd edilənləri, infrastruktur departamentinin Birləşmiş Həmkarlar ittifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsini, 72-ci maddəsinin «c» bəndini, 80-ci maddəsinin 1-ci hissəsini, 175-ci maddəsinin 2-ci hissəsinin «c» bəndini, 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndini, 194-cü maddəsinin 2-ci hissəsini, 199-cu maddəsinin 1-ci hissəsinin «ç» bəndini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 102 nömrəli qərarla təsdiq edilmiş «Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi»nin 2.1.5-ci yarımbəndi və 4.8-ci bəndi rəhbər tutularaq - əmək qanunvericiliyinin tələblərini pozduğuna və ADY-yə qəsdən maddi ziyan vurduğuna görə İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin magistral lokomotivlərin idarə edilməsi sahəsinin Teplovoz lokomotiv briqadasının magistral üzrə teplovoz maşinisti İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən geç olmayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsi əmr edilmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh tərəfin nümayəndəsi xx.xx.2023-cü il tarixə saat 11.00-a təyin olunmuş ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xəbəri olmasına baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. İddiaçı qeyd edilən müddətin xeyli ötürülməsini Əmək Müfəttişliyinə müraciət etməsi ilə əlaqələndirir. Lakin, iddiaçının xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə Əmək Müfəttişliyinə müraciət etməsi səbəbindən iddia müddətini ötürməsi üzürlü hal hesab olunmur. İddiaçı hər bir halda qanunla müəyyən edilmiş 1 ay iddia müddəti ərzində məhkəməyə iddia ərizəsi təqdim etməli idi. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuşdur. İşəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Göründüyü kimi, iddia əsassızdır, həmçinin qanunla müəyyən edilmiş iddia müddəti üzürsüz səbəblərdən ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinə qarşı «cavabdehin xx.xx.2021-ci il tarixli 126684 nömrəli əmrinin qismən ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların İdarə Edilməsi Xidmətinə qarşı «cavabdehin xx.xx.2021-ci il tarixli 126684 nömrəli əmrinin qismən ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1518/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1518/2023
13.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver