Məhkəmə qərarları › İş №2(006)-1524/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1524/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1524/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında illik icarə haqqı vergilər xaric olmaqla 2000 manat olan xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ərazidə 6 kv.m sahəni mobil baza stansiyasının quraşdırılması üçün iddiaçının istifadəsinə verməyi, iddiaçı isə bunun əvəzində razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hər il üçün eləcə də xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək icarə haqqı cavabdehə ödənilmişdir. 2018-ci ilin noyabr ayında mobil baza stansiyası icarə obyektinin dövlət ehtiyacları üçün söküldüyünə görə ərazidən götürülmüşdür. Lakin cavabdeh xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək qabaqcadan ödənilmiş icarə haqqı iddiaçıya geri qaytarılmamışdır. xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinin 2.1.13-cü bəndinə görə müqaviləyə istənilən səbəbdən vaxtından əvvəl xitam verildikdə icarəyə verən qabaqcadan ödənilmiş və istifadə edilməmiş pul vəsaitini 5 iş günü müddətində icarəçiyə geri qaytarmalıdır. Göstərilənlərə əsasən, cavabdehdən 2000 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pul vəsaitinin, 110 manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, cavabdehlə müqavilə bağlanmış sonradan mənzil sökülmüş lakin pul ödənilmiş pul hələdə cavabdehdə qalmaqdadır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini qeyd edərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 10 ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnologiya avadanlığının yerləşdirilməsi üçün ümumi sahəsi 6 kv.metr olan icarə obyektini iddiaçının istifadəsinə verməyi, iddiaçı isə bunun əvəzində razılaşdırılmış 2000 manat məbləğində icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli ********* saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2018-xx.xx.2019cu il tarixlər üzrə icarə haqqı üçün 2000 manat məbləğində pul ödənilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2020-ci il tarixli 1898/d saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, ev 10 və digər ətraf ərazilər dövlət ehtiyacları üçün alınaraq 2018- 2019-cu illər ərzində sökülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 10 ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnologiya avadanlığının yerləşdirilməsi üçün ümumi sahəsi 6 kv.metr olan icarə obyektini iddiaçının istifadəsinə verməyi, iddiaçı isə bunun əvəzində razılaşdırılmış 2000 manat məbləğində icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2018-xx.xx.2019-cu il tarixlər üzrə icarə haqqı üçün 2000 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə ünvan 1 və digər ətraf ərazilər dövlət ehtiyacları üçün alınaraq 2018-2019-cu illər ərzində sökülmüşdür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən icarə haqqını cavabdehə ödəmiş, lakin icarə obyekti dövlət ehtiyacları üçün alınaraq söküldüyündən iddiaçı həmin obyektdən istifadə edə bilməmiş və göstərilən səbəbdən iddiaçı ilə cavabdeh arasında olan icarə hüquq münasibətlərinə xitam verilmişdir. İddiaçı qabaqcadan ödədiyi 2000 manat məbləğində icarə haqqının geri qaytarılmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh isə icarə müqaviləsinin 2.1.13-cü bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını iddiaçıya geri qaytarmadığından və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli 1826 saylı Ödəniş tapşırığının surətindən göründüyü kimi iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 110 manat ödənilmişdir. Məhkəmə iddianın təmin edilməsini nəzərə alaraq, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 110 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2000 manat pul vəsaiti, 110 manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul vəsaiti, 110 (bir yüz on) manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar