Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1529/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «tikintidə qüsurların aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «tikintidə qüsurların aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə tikintidə qüsurların aradan qaldırılması öhdəliyinin qoyulması, yaxud həmin qüsurların aradan qaldırılması üçün tələb olunan 40.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanda dörd otaqlı mənzili olmuşdur. Cavabdeh olan Cavabdeh MMC 2011-ci ildə onun yaşadığı evin onlar tərəfindən sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisi və həmin binada ona təzə və təmirli ev verməsi təklifi ilə müraciət etmiş və o, buna razılıq vermişdir. O, Cavabdeh MMC və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti 15 dekabr 2011-ci il tarixdə yazılı surətdə üçtərəfli zəmanət müqaviləsi bağlamışlar və həmin müqavilənin predmeti Bakı şəhəri Nərimanov rayonu F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binadan mülkiyyətçi/kirayəçini 15/1203 saylı müqaviləsinə əsasən müvəqqəti olaraq köçürülməsi, həmin binanın sökülməsi və onun yerində tikilməsi nəzərdə tutulan yeni binada tikinti işləri başa çatdıqdan sonra mülkiyyətçi/kirayəçinin ümumi sahəsi 206,0 m2-dən az olmamaq şərti ilə yeni yaşayış sahəsi ilə təmin edilməsi olmuşdur. Qeyd edilən zəmanət müqaviləsinin şərtinə əsasən tikinti şirkəti mülkiyyətçi/kirayəçinin köçürülməsini təmin etmək, yeni binanın inşası tam olaraq bitənədək mülkiyyətçi/kirayəçinin kirayə haqlarının ödənilməsini təmin etmək və sökülməsi nəzərdə tutulan binanın yerində tikiləcək yeni binada mülkiyyətçi/kirayəçinin ümumi sahəsi əvvəlkindən 30 % artıq olan yeni yaşayış sahəsi ilə təmin etmək öhdəliyini üzərinə götürmüşdür. Elə həmin gün, yəni 15 dekabr 2011-ci il tarixdə onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında 15/1203 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti «İcraçı»nın müvafiq sənədləşmələrə əsasən Bakı şəhəri Nərimanov rayonu F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın sökülməsi və onun yerində tikilməsi nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində ümumi sahəsi 206.0 m2-dən az olmamaq şərti ilə 2 ədəd 2 otaqlı yaşayış sahəsini və bir ədəd avto dayanacağı bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda «Sifarişçi»yə təhvil vermək öhdəliyini üzərinə götürmüşdür. «İcraçı»nın «Sifarişçi» ilə tikintisini razılaşdığı yer 4-cü və 5-ci mərtəbələrində ümumi sahəsi 206,0 m2-dən az olmamaq şərti ilə 2 ədəd 2 otaqlı yaşayış sahəsi və 1 ədəd avto dayanacaqdan ibarət olmuşdur. Lakin 2017-ci ilin fevral ayında MMC-nin təklifi ilə belə razılaşmışlar ki, ona iki ədəd iki otaqlı mənzilin yerinə bir ədəd dörd otaqlı mənzil verilsin. Bununla əlaqədar onlar 08 fevral 2017-ci il tarixdə 01/21 saylı müqavilə bağlamışlar və həmin müqavilənin predmeti «İcraçı»nın müvafiq sənədləşmələrə əsasən Bakı şəhəri Nərimanov rayonu F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inşa edilən yeni çoxmərtəbəli yaşayış binalarının «B1» blokunun 7-ci mərtəbəsində yerləşən, sahəsi 228,88 m2 olan 51 saylı 4 otaqlı mənzili bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda «Sifarişçi»yə təhvil verilməsindən ibarət olmuşdur. 08 fevral 2017-ci il tarixli 01/21 saylı müqavilə bağlanan zaman Cavabdeh MMC tərəfindən ona maliyyə arayışı təqdim edilmiş və həmin arayışdan görünür ki, «Sifarişçi» İddiaçı Cavabdeh MMCnin (icraçı) Bakı şəhəri Nərimanov rayonu F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inşa edilən yeni çoxmərtəbəli yaşayış binasının «B1» blokunun 7-ci mərtəbəsində yerləşən, sahəsi 228,88 m2 olan 51 saylı 4 otaqlı mənzilin dəyərini «İcraçı»ya tam olaraq ödəmişdir, heç bir borcu yoxdur. Bağlanmış müqavilə şərtinə baxmayaraq, Cavabdeh MMC digər sakinlərlə yanaşı, onunla razılaşan zaman belə öhdəlik götürmüşdür ki, yeni yaşayış binasının tikintisini 2013-cü ilin dekabr ayının sonunadək yekunlaşdırıb təhvil verilməsini təmin edəcək, kirayə tutduğu evin kirayə haqqını evi təhvil verənədək ödəyəcək, aralarında hesablanmış smetaya əsasən təhvil verilmiş evlərin təmir və material haqlarını tam ödəyərək təmir sifarişçi tərəfindən yerinə yetiriləcəkdir. Lakin buna baxmayaraq, mənzillərin yaşayış üçün təhvil verilməsinə, heç bir fors-major halı baş verməməsinə baxmayaraq, 2020-ci ilin dekabr ayına qədər uzadılmış, yəni binanın tikintisi başa çatmamışdır, sözsüz ki, mənzil ona və digər sakinlərə təhvil verilməmişdir. Buna baxmayaraq, MMC tərəfindən ona bu günədək kirayə haqqı ödənilir. Ona verilən mənzillərin təmiri üçün onlar həmin dövrdə bazar qiymətlərini nəzərə almaqla 39.000 manat razılaşmışlar və həmin məbləğ ona müqavilə bağlanan zaman MMC tərəfindən ödənilmişdir. 2020-ci ilin sonuna yaxın MMC tərəfindən ona bildirilmişdir ki, yaşayış binası hazırdır və o, təmirə başlaya bilər. Məhz bundan sonra o, tikinti materialları almaq qərarına gəlmiş, buna görə də tikinti materiallarının qiyməti və təmir işləri aparan ustaların əmək haqları ilə maraqlananda görmüşdür ki, 2013-cü ilə nisbətdə istər tikinti materiallarının qiymətində, istərsə də, ustaların əmək haqlarında ən azı iki dəfə artım vardır. Belə olan halda, o, təmir işlərinin heç yarısını belə edə bilmir. Bu isə Cavabdeh MMC-nin gördüyü işin qüsurla yerinə yetirilməsinin nəticəsidir. O, bununla əlaqədar olaraq MMC-yə dəfələrlə müraciət etməsinə baxmayaraq, MMC ona pul verməkdən imtina etmiş və hətta onun yazılı müraciətlərinə belə cavab verməmişlər. Qeyd olunanları bütün sakinlər təsdiq edə bilərlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Tərəflər arasında bağlanmış 15 dekabr 2011-ci il tarixli 15/1203 saylı müqavilədən görünür ki, müqavilənin predmeti - «İcraçı»nın müvafiq sənədləşmələrə əsasən Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın sökülməsi və onun yerində tikilməsi nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində ümumi sahəsi 206,0 m2-dən az olmamaq şərti ilə 2 ədəd 2 otaqlı yaşayış sahəsini və 1 ədəd avto dayanacağı bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda sifarişçiyə təhvil verilməsindən ibarətdir. «İcraçı»nın «Sifarişçi» ilə tikintisini razılaşdığı yer, 4-cü və 5-ci mərtəbələrində ümumi sahəsi 206,0 m2-dən az olmamaq şərti ilə 2 ədəd 2 otaqlı yaşayış sahəsi və 1 ədəd avto dayanacaqdan ibarət olacaqdır. - Tərəflər, həmçinin Nərimanov RİH arasında bağlanmış 15 dekabr 2011-ci il tarixli zəmanət müqaviləsindən görünür ki, müqavilənin predmeti - Bakı şəhəri Nərimanov rayonu F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binadan mülkiyyətçi/kirayəçini 15/1203 saylı müqaviləyə əsasən, müvəqqəti olaraq köçürülməsi, həmin binanın sökülməsi və onun yerində tikilməsi nəzərdə tutulan yeni binada tikinti işləri başa çatdıqdan sonra mülkiyyətçi/kirayəçinin ümumi sahəsi 206,0 m2-dən az olmamaq şərti ilə yeni yaşayış sahəsi və 1 ədəd avto dayanacaq ilə təmin edilməsidir. Müqaviləyə əsasən tikinti şirkəti aşağıdakıları öz öhdəsinə götürmüşdür: - mülkiyyətçi/kirayəçinin köçürülməsini təmin etmək; - yeni binanın inşası tam olaraq bitənədək mülkiyyətçi/kirayəçinin kirayə haqlarının ödənilməsini təmin etmək; -sökülməsi nəzərdə tutulan binanın yerində tikiləcək yeni binada mülkiyyətçi/kirayəçinin ümumi sahəsi əvvəlkindən 30 % artıq olan yeni yaşayış (qeyriyaşayış) sahəsi ilə təmin etmək. - 15 dekabr 2011-ci il tarixli 15/1203 saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasının texniki şərtləri təsbit olunmuşdur. - Tərəflər arasında bağlanmış 08 fevral 2017-ci il tarixli 01/21 saylı müqavilədən görünür ki, müqavilənin predmeti – icraçının müvafiq sənədləşmələrə əsasən Bakı şəhəri Nərimanov rayonu F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının B1 blokunun 7-ci mərtəbəsində yerləşən, sahəsi 228,88 m2 olan 51 saylı 4 otaqlı mənzilin bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda sifarişçiyə təhvil verilməsindən ibarətdir. - Cavabdeh MMC-nin 09 fevral 2017-ci il tarixli 08 (10-E) saylı arayışından görünür ki, sifarişçi İddiaçı icraçı Cavabdeh MMC-nin Bakı şəhəri Nərimanov rayonu F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inşa edilən yeni çoxmərtəbəli yaşayış binasının «B1» blokunun 7-ci mərtəbəsində yerləşən, sahəsi 228,88 m2 olan 51 saylı 4 otaqlı mənzilin dəyərini icraçıya tam olaraq ödəmişdir, heç bir borcu yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara - 1). Tikintinin cavabdeh tərəfindən qüsurla, yaxud natamam aparılmasına; görüləcək 40.000 manat dəyərində işlərin qalmasına; 2). Təmir xərclərinin 39.000 manat təşkil etməsinə və bu barədə tərəflər arasında razılığın olmasına; 3). Binanın/mənzilin tikilərək 2013-cü ildə təhvil verilməsinə dair tərəflər arasında razılığın olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçı iddia tələbini də düzgün formalaşdırmamışdır. Belə ki, iddia tələbi konkret və dəqiq olmalıdır. Lakin iddia ərizəsindən göründüyü kimi tələb qeyrimüəyyən şəkildə formalaşdırılmaqla yaxud bağlayıcısından istifadə olunmuşdur. Hər bir halda, istər «Cavabdeh MMC-nin üzərinə tikintidə qüsurların aradan qaldırılması öhdəliyinin qoyulması» tələbi, istərsə də «qüsurların aradan qaldırılması üçün tələb olunan 40.000 manat pulun alınıb ona verilməsi» tələbi əsassız olmaqla, iddia tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş müqavilələrdə tərəflərin öhdəlik və vəzifələri müfəssəl şəkildə qeyd olunmuşdur və iddiaçının iddia tələblərində qeyd etdiyi məsələlərlə bağlı cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulmamışdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «tikintidə qüsurların aradan qaldırılması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «tikintidə qüsurların aradan qaldırılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1529/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1529/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver