Məhkəmə qərarları › İş №2(006)-1532/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1532/2023

01.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1532/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı «əmrin qismən ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli “intizam tənbehi barədə” əmrinin İddiaçı aid hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2015-ci il tarixli 11/924 nömrəli əmri ilə Bakı şəhəri 286 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli əmri ilə iddiaçıya intizam tənbehi olaraq “töhmət” verilmişdir. Bu əmrin iddiaçıya aid olan hissəsi qanunsuzdur və ləğv edilməlidir. Əmrin ona aid olan hissəsi həm də qərəzlidir. Belə ki, 2017-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən veilmiş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” haqqında əmrin ona aid olan hissəsi Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə ləğv edilmişdir. İddiaçı hesab edir ki, sonuncu əmr ondan qisas almaq məqsədilə verilmişdir. Aşağıda qeyd edilən faktlara əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilməlidir. Həm Nazirliyin Kollegiyasının qəbul etdiyi Qaydalarda, həm Nazirin, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrində “özəl ümumi təhsil müəssisələrinin birinci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölmələrinə yerdəyişmə” qadağan edilməmişdir. Heç bir səlahiyyətli şəxs tərəfindən imzalanmamış, heç bir hüquqi əsası olmayan məlumat xarakterli, “xahiş edirik” sözləri ilə bitən mətn əsasında Nazirin əmri ilə təyin edilmiş məktəb direktoruna intizam tənbehi olaraq “töhmət” verilməsi iddiaçı tərəfindən qəbul edilə bilməz. Hətta nəzərə alınsa ki, məktub internet vasitəsilə göndərildikdən cəmi 9 dəqiqə sonra ilkin təsdiq düyməsi vurulub, Təhsil İdarəsinin əməkdaşı Azər müəllim valideynə onun övladına bu məktubun təsirinin olmamasını bildirib, onda bu əmrin nə qədər qanunsuz olduğu daha aydın görünür. 2019-cu ilin avqust ayından Təhsil Nazirinin əmri ilə şagirdlərin məktəb üzrə yerdəyişməsi “şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” vasitəsilə həyata keçirilir. xx.xx.2022-ci il tarixdən bağlı olan sistem xx.xx.2022-ci il tarixdə açıldı və valideynlər övladlarını sistemdə qeydiyyatdan keçirməyə başladılar. Təxminən 40 gün bağlı olan yerdəyişmə sistemi açıldıqdan təxminən 1 saat keçdikdən sonra – saat 11:53-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbə internet vasitəsilə imzasız, məlumat xarakterli, “xahiş edirik” sözləri ilə bitən, mətn göndərildi. Məktubun 3-cü bəndində göstərilirdi ki, “özəl məktəblərin birinci sinif rus bölməsindən yerdəyişmə üçün yerləşdirilən sorğulardan imtina edilməlidir”. Bu mətn birbaşa olaraq Nazirliyin Kollegiyasının 06 noyabr 2014-cü il tarixli, 1/3 nömrəli qərarına, Təhsil nazirinin yuxarıda qeyd edilmiş əmrinə, idarə müdirinin özünün əmrinin tələblərinə ziddir, heç bir səlahiyyətli şəxs tərəfindən imzalanmayıb, hüquqi qüvvəsi yoxdur. Təxminən saat 13:00 radələrində katibə həmin mətni çapa verərək, iddiaçıya təqdim etmişdir. Saat 12:02-də, yəni göndərilən məlumatdan iddiaçının xəbəri olmadan – saat 11:53-dən 9 dəqiqə sonra iddiaçı tərəfindən həmin şagirdə ilkin təsdiq vurulmuşdur. Həmin məktubla tanış olduqdan sonra iddiaçı valideyni dəvət etmiş (valideyn məktəbdə dərnək müəllimi vəzifəsində çalışır), ona sənədləri gətirəcəyi təqdirdə İdarənin məlumat xarakterli, “xahiş edirik” sözü ilə bitən məktubuna əsasən, şagirdin yerdəyişməsini təsdiq edə bilməyəcəyini demişdir. Həmin şagirdin valideynləri Təhsil İdarəsinə gedərək orada Azər müəllim adlı şəxslə görüşdüklərini deyərək onun sözlərini iddiaçıya çatdırmışlar. İdarədən valideynlərə bildirilib ki, “təsdiqdən bir neçə dəqiqə sonra qərar verilibsə, sizin təsdiqiniz keçərlidir”. Yalnız bundan sonra, xx.xx.2022-ci il tarixdə iddiaçı Nazirliyin Kollegiyasının Qərarı ilə qüvvədə olan Qaydalara əsasən sənədləri qəbul edib, şagirdin yerdəyişməsini təsdiq etmişdir. xx.xx.2022-ci il tarixdə Təhsil İdarəsinin əməkdaşı Günel Kərimova zəng edərək bu şagird barədə soruşmuş, ona hərtərəfli, dolğun məlumat verilmişdir. O bildirmişdir ki, internetlə göndərdiyi formanı doldurub İdarəyə təqdim etsin. Həmin forma məlumat olaraq doldurulmuş və İdarəyə təqdim edilmişdir. F-466 nömrəli əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra tələbləri kobud surətdə, qərəzli şəkildə pozulduğuna görə iddiaçı hesab edir ki, həmin əmrin iddiaçıya aid olan hissəsi ləğv edilməlidir. Məktəb direktoru Elm və Təhsil Nazirinin əmri ilə təyin edildiyinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin ona intizam tənbehi vermək hüququ yoxdur. Əgər Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci bəndi ilə bağlı əmr varsa, F-466 nömrəli əmrin əsas kimi göstərilən hissəsində həmin əmrin nömrəsi və tarixi qeyd edilməli idi, lakin göstərilməyib. Deməli, əmr həm də əsassızdır. İşəgötürən tərəfindən iddiaçıdan yazılı izahat tələb edilməyib. Əmrdə göstərilmiş səbəb 17-xx.xx.2022-ci il tarixlərdə icra olunub, xx.xx.2022-ci il tarixdə İdarəyə yazılı məlumat verilib, əmr isə 1 ay keçəndən sonra – xx.xx.2022-ci il tarixdə imzalanıb. Qanuna müvafiq olaraq iddiaçı tərəfindən Mediasiya təşkilatına müraciət edilsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli, F-466 nömrəli əmrlə AR Əmək Məcəlləsinin bir neçə bəndinin kobud surətdə pozulması, əmrin Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarına zidd olması, iddiaçı tərəfindən heç bir qanun, qayda və ya əmrin pozulmaması, həm də əvvəllər Təhsil İdarəsinin qanunsuz verilmiş əmri iddiaçı tərəfindən məhkəmə qaydasında ləğv edildiyinə görə açıq-aşkar qərəzli olması, iddiaçıdan qisas almaq məqsədilə verildiyini nəzərə alaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, F-466 nömrəli “İntizam tənbehi barədə” əmrinin İddiaçı aid hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Xəyalə Əhmədzadə tərəfindən verilmiş xidməti məlumatda dörd məktəb direktorunun həmin pozuntunu etmələri qeyd olunsa da, yalnız iki məktəb direktoruna töhmət verilmişdir, bu da ona qarşı qərəzli mövqeyin göstəricisidir. Əvvəlki məhkəmə iclaslarında isə iddia ərizəsində göstərdikləri ilə yanaşı bildirmişdir ki, məlumatla tanış olduqdan sonra valideynlərə sənədləri qəbul edə bilməyəcəyini dedikdə, onlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Azər Hüseynovla əlaqə saxlamış və Azər Hüseynov valideynlərə “qeyd olunan məlumatın onlara aid olmadığını və məktəbin sənədləri qəbul edə biləcəyini” demişdir. xx.xx.2022ci il tarixdə bağlanmış elektron sistemin xx.xx.2022-ci il tarixdə açıldığını nəzərə alaraq, təxminən 1 saat sonra bağlanacağını təxmin etməyin ağlabatan olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Qanunvericiliyin tələblərinin pozulduğunu, yəni ondan izahat alınmadığını, müddətin ötürüldüyünü və digər əsasları vurğulayaraq, iddianın təmin edilməsini, mübahisələndirilən əmrin ona aid hissəsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X9 iddianı qəbul etməyib, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verdi. İddiaçı ilə yanaşı digər direktora töhmət verildiyini, qalan ikisinə münasibətdə isə intizam tənbehi barədə əmr verildiyini bildirdi. İddiaçının haqqında danışdığı Azər Hüseynovun informasiya şöbəsinin məsləhətçisi olduğunu qeyd etdi. Əmr verilməsinə əsas olmuş məsələnin xx.xx.2022-ci ildə sorğunun təsdiq edilməsi deyil, xx.xx.2022-ci ildə artıq məktubdan məlumatlı olmasına baxmayaraq, şagirdin sənədlərinin iddiaçı tərəfindən qəbul edilməsi olduğunu bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, X3 onun oğludur. Uşağının iddiaçının direktor olduğu məktəbə yerdəyişməsi üçün xx.xx.2022-ci il tarixdə sorğu yaradılmış və məktəb tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı onları çağırıb bildirmişdir ki, elektron təsdiqdən sonra məlum olmuşdur ki, direktorlar sənədləri qəbul etməməlidirlər, ona görə də sənədləri qəbul edə bilməyəcək. S.Rita bundan sonra yoldaşı ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə gedərək Azər Hüseynovla görüşmüş və Azər müəllim onlara belə bir qərardan xəbəri olmadığını, qərarın məktəbin təsdiqindən sonra verildiyini və bunun həmin şagirdə aidiyyəti olmadığını bildirmişdir. Bu məlumatı iddiaçıya çatdıraraq prosesin yekunlaşdırılmasına nail olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, Süleymanzadə Əliabbasın atasıdır. Uşağının iddiaçının direktor olduğu məktəbə yerdəyişməsi üçün xx.xx.2022-ci il tarixdə sorğu yaradılmış və məktəb tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı onları çağırıb bildirmişdir ki, elektron təsdiqdən sonra məlum olmuşdur ki, direktorlar sənədləri qəbul etməməlidirlər, ona görə də sənədləri qəbul edə bilməyəcək. Bu xəbəri aldıqdan sonra yoldaşı ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə gedərək Azər Hüseynovla görüşmüş və Azər müəllim onlara belə bir qərardan xəbəri olmadığını, məktəbin təsdiqinin qərardan əvvəl olduğunu, buna görə də qərarın onların uşaqlarına aidiyyəti olmadığını bildirmişdir. Onlar bu məlumatı iddiaçıya çatdıraraq prosesin yekunlaşdırılmasına nail olmuşlar. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2015-ci il tarixli 11/924 nömrəli əmrindən görünür ki, İddiaçı Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Mülki işin materiallarında olan iş yerinə dair xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixindən müddətsiz olaraq Bakı şəhəri Yasamal rayonu 286 nömrəli tam orta məktəbdə “məktəb direktoru” vəzifəsində işləyir. İşəgötürənin tam adı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyidir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixdə, saat 11:53-də Günel Kərimova tərəfindən e-poçt vasitəsilə məktəb direktorlarına göndərilən məlumatdan görünür ki, məktəb direktorlarına şagirdlərin yerdəyişməsinin 17 oktyabr tarixindən etibarən aktivləşdirilməsi barədə məlumat verilmiş və məktubun 3-cü bəndində özəl ümumi təhsil müəssislərinin 1-ci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölməsinə yerdəyişmə üçün yerləşdirilən sorğulardan imtina etməli olmaları barədə rəhbərlik etdikləri ümumi təhsil müəssisələrinə göstəriş vermələri xahiş edilmişdir. Mülki işin materiallarında olan X10 tərəfindən Bakı şəhəri 286 nömrəli məktəbin direktoru İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, X10 yoldaşı ilə birlikdə Bakı Şəhəri Baş Təhsil Şöbəsinə yaxınlaşmış, əməkdaş Azər müəllim onlara bildirmişdir ki, sənədlərin təsdiqindən bir neçə dəqiqə sonra qərar verilmişdirsə, təsdiq keçərlidir. Onlar yenidən məktəbə gəlib Azər müəllimin dediklərini direktora çatdırmış və sonrakı gün sənədləri liseydən götürüb məktəbə təqdim etmişlər. Mülki işin materiallarında olan “Microsoft Outlook” proqramının çıxarışından görünür ki, xx.xx.2022-ci il saat 10:52-də Günel Kərimova tərəfindən 286 saylı məktəbə izahat forması göndərilmişdir. Mülki işin materiallarında olan 286 nömrəli tam orta məktəbin direktoru İddiaçı tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevaya ünvanlanmış xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanlanmış təlimatın 3-cü bəndinin tələblərinə riayət etməməsinin səbəbi barədə açıqlama verilməsinə dair suala cavab olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə məktəbin outlook mail ünvanına gələn “şagird yerdəyişməsi alt sistemi” ilə bağlı təlimat katibə tərəfindən təxminən saat 13:00 radələrində direktora təqdim edilmişdir. Təsdiq vurulduqdan sonra valideynə bildirilmişdir ki, sənədləri qəbul etmək mümkün deyil. Valideyn həmin məktəbdə bir neçə ildir ki, dərnək rəhbəri vəzifəsində işləyir. Təsdiq edə bilmədiklərini söylədikdən sonra valideyn BŞTİ-yə müraciət edib. Valideynə bildirilib ki, artıq təsdiq edilibsə, məktəb sənədləri qəbul edə bilər. Mülki işin materiallarında olan Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov tərəfindən imzalanmış arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli təlimatı pozduğu üçün Yasamal rayonu 286 nömrəli tam orta məktəbin rəhbərindən izahat alınmış və yaranmış vəziyyətlə bağlı məktəb rəhbərinin izahatında həmin dövrdə outlook mail ünvanının işləmədiyi üçün təlimatla gec tanış olduqları bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, İdarə tərəfindən göndərilən təlimatın müvafiq bəndini kobud şəkildə pozan məktəb rəhbərlərinə töhmət verilməsi təklif edilmişdir. Mülki işin materiallarında olan İdarə müdirinin müavini X7 tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevaya ünvanlanmış, xx.xx.2022-ci il tarixli xidməti məlumatdan görünür ki, İnformasiya təminatı sektoru tərəfindən ümumi təhsil müəssisələrinə ünvanlanmış təlimatın 3-cü bəndini kobud şəkildə pozan məktəb rəhbərlərinə (Nəsimi rayonu 1, Nizami rayonu 242, 272, Yasamal rayonu 286 nömrəli tam orta məktəblərinin rəhbərləri) töhmət verilməsi təklif edilmişdir. Mülki işin materiallarında olan şagird X1 yerdəyişmə barədə müraciəti ilə əlaqədar çıxarışdan görünür ki, onun 286 nömrəli tam orta məktəbin “1p” sinfinə qəbul edilməsi barədə sorğu məktəb tərəfindən xx.xx.2022-ci il saat 12:02-də təsdiq edilmiş, sənədlər isə xx.xx.2022-ci il saat 08:19-da qəbul edilmişdir. Mülki işin materiallarında olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, F-466 nömrəli “intizam tənbehi barədə” əmrdən görünür ki, 2022- 2023-cü tədris ili üzrə “Şagird yerdəyişməsi alt sistemi”ndə işin təşkili ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinə təlimati məktub ünvanlanmışdır. Məktubun 3cü bəndinə əsasən özəl ümumi təhsil müəssisələrinin birinci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisəslərinin rus bölmələrinə yerdəyişmə üçün yerləşdirilən sorğulara məktəblər tərəfindən imtina vurulmalı olduğu bildirilmişdir. Lakin Bakı şəhəri 1 nömrəli və 286 nömrəli tam orta məktəblərin rəhbərləri tərəfindən təlimati məktubun 3-cü bəndinə uyğun olan uşaqların sorğuları qəbul edilmiş, şagirdlər üçün sy.edu.az elektron sistemində “şagird qəbul olundu” statusu yaranmış, uşaqların məlumatları ÜTİS-ə inteqrasiya olunmuşdur. Həmçinin, həmin uşaqlar şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilmiş mübahisələrdə uğur qazanmamış, bu səbəbdən sistemdə onlar üçün yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirmək mümkün olmuşdur. Beləliklə, Bakı şəhəri 1 nömrəli və 286 nömrəli tam orta məktəblərin rəhbərləri “şagird yerdəyişməsi alt sistemi”ndə işin təşkili ilə bağlı təlimati məktubun müvafiq bəndinin tələblərini kobud surətdə pozmuşlar. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndini və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.5-ci bəndini rəhbər tutaraq, Bakı Şəhəri 1 nömrəli tam orta məktəbin direktoru X12 və Bakı şəhəri 286 nömrəli tam ora məktəbin direktoru İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə töhmət verilmişdir. Əmrin verilməsinə əsas müdir müavini Xəyalə Əhmədzadənin xx.xx.2022ci il tarixli 24-00-946 qeydiyyat nömrəli xidməti məktubu, arayış və izahatlar olmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4678/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 175 saylı əmrdə İddiaçı və X2 xəbərdarlıqla şiddətli töhmət verilməsi hissəsinin ləğv edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3305/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2008-ci il tarixli 1019 №-li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydalarının 3-cü bəndində qeyd edilmişdir ki, bütün hallarda intizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxslər Əmək Məcəlləsinin 188-ci maddəsi ilə müəyyənləşdirilir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan intizam tənbehinin verilməsi barədə olan əmrlər həmin nomenklaturaya uyğun yalnız əmək müqaviləsini bağlamaq və ya ləğv etmək səlahiyyətində olan işəgötürən tərəfindən verilir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 126 nömrəli “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” əmrinin 3-cü bəndində qeyd edilmişdir ki, ümumtəhsil məktəblərinin, məktəbdənkənar müəssisələrin direktorlarına və məktəbəqədər təhsil müəssisə müdirlərinə ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna olmaqla digər intizam tənbehlərinin tətbiqi yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilsin. Bu zaman əmək qanunvericiliyinə uyğun müəyyənləşdirilmiş müddət və tələblərin gözlənilməsi, sənədləşmə işinin düzgün təşkili təmin edilsin. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi” Qaydalarının 3.3-cü bəndində qeyd edilmişdir ki, xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil məktəblərinə şagirdlərin yerdəyişməsi bu Qaydalar əsas tutulmaqla həmin müəssislərin nizamnamələrinə uyğun həyata keçirilir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyanın xx.xx.2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamənin aşağıda qeyd edilmiş müvafiq bəndlərindən görünür ki, idarənin müdiri: 15.2. Tabeliyindəki təhsil müəssisələrinin inkişafı baxımından zərurət yarandığı hallarda normativ sənədlərin, təlimati məktubların layihələrini hazırlayır və baxılması üçün Nazirliyə təqdim edir; 15.5. İşçilər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada mükafatlandırma, həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; 15.6. Səlahiyyəti daxilində idarənin aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir. Mülki işin materiallarında olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin xx.xx.2019-cu il tarixli, F-297 nömrəli əmrindən görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorları tərəfindən 2019-cu il avqustun 5-dək 2018-2019-cu dərs ili ərzində məktəblərini dəyişmiş şagirdlər, məktəblərdə mövcud sinif komplektləri, habelə siniflərin maksimum şagird tutumu barədə məlumatların Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (ÜTİS) yenilənməsinin təmin edilməsinə nəzarət edilməsi İnformasiya təminatı sektoruna (N.Ağayev) tapşırılmışdır. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Təhsil Nazirinin “Şagird yerdəyişməsi prosesinin elektronlaşdırılması barədə” xx.xx.2019-cu il tarixli, F- 476 nömrəli əmri olmuşdur. Mülki işin materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2015-ci il tarixli əmri ilə həmin tarixdən Bakı şəhəri Yasamal rayonu 286 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 11:53-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçisi Günel Kərimova tərəfindən məktəb direktorlarına e-poçt vasitəsilə məlumat xarakterli məktub göndərilərək, özəl ümumi təhsil müəssisələrinin 1-ci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölməsinə yerdəyişmə üçün yerləşdirilən sorğulardan imtina etməli olmaları barədə rəhbərlik etdikləri ümumi təhsil müəssisələrinə göstəriş vermələri xahiş edilmişdir. Həmin məktub göndərildikdən 9 dəqiqə sonra – saat 12:02-də iddiaçı tərəfindən şagird X1 yerdəyişmə barədə müraciəti ilə əlaqədar yaradılmış sorğu təsdiq edilmişdir. Təsdiqdən sonra bu məktubdan xəbardar olduqda həmin şagirdin valideynlərinə (şahid qismində dindirilmiş X10 və X11) bildirmişdir ki, müraciəti ilkin olaraq təsdiq etmələrinə baxmayaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına əsasən yerdəyişmə barədə sənədləri qəbul edə bilməyəcəklər. Bu zaman şagirdin valideynləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə getmiş və İdarənin işçisi Azər müəllim onlara bu barədə məlumatının olmadığını və əgər təsdiqdən bir neçə dəqiqə sonra qərar verilmişdirsə, təsdiqin keçərli olduğunu demişdir. Bu məlumatı iddiaçıya bildirdikdən sonra o, xx.xx.2022-ci il tarixdə şagirdin sənədlərini qəbul etmişdir. xx.xx.2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçisi Günel Kərimova tərəfindən iddiaçıya izahat forması göndərilərək doldurulması xahiş edilmişdir. İzahatda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçisi tərəfindən direktorlara xx.xx.2022-ci il tarixdə ünvanlanmış məktubda qeyd edilən təlimatın 3-cü bəndinin tələblərinə riayət edilməməsinin səbəbi haqqında açıqlamanın verilməsi tələb edilmişdir. İddiaçı həmin izahat formasını “məlumat” formasına dəyişərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şəxsən təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən F-466 nömrəli əmr ilə Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli, F-466 nömrəli əmrin ona aid hissəsinin ləğv edilməsi ilə əlaqədar məsələni mediasiya vasitəsilə həll etməyə çalışsa da, cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, iddiaçı eyni tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddia tələbini tərəflərin dəlilləri, şahid ifadələri və iş materialları ilə birlikdə araşdıraraqvə işin faktiki hallarını qanunvericiliyin normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsinin) 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə əsasən, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə əsasən, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarından biridir. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndinə əsasən, cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Əmək Məcəlləsinin 186-cı maddəsinin 4-cü hissəsinə əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Əmək Məcəlləsinin 188-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci hissəsinə əsasən, müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Əmək Məcəlləsinin 188-ci maddəsinin 3-cü hissəsinə əsasən, bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Əmək Məcəlləsinin 190-cı maddəsinin 3-cü hissəsinə əsasən, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18- 1 №-li “20” dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4”nın Vİİ hissəsindən (Ümumi təhsil müəssisələri – rəhbərlər – direktorlar) görünür ki, direktorun əmək funksiyasına aşağıdakılar daxildir: Məktəbin fəaliyyətini idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir. Tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir. Tədris planı və proqramlarının yerinə yetirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün tədbirlər həyata keçirir. Şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir. Şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə köməklik göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üzərində nəzarəti həyata keçirir. İcbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin edir. Qabaqcıl iş təcrübəsini tətbiq edir, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Əmək qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır. Əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini mükafatlandırma və təltif üçün təkliflər verir. Müavinlərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir. Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir. Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir. İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. Valideynlərlə (onların qanuni nümayəndələri ilə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələri və xeyriyyə cəmiyyətləri ilə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir. Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin yaranmasına əsas olmuş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Günel Kərimova tərəfindən hər hansı vəzifəli şəxs tərəfindən imzalanmadan və hansı normativ akta əsaslandığı qeyd edilmədən tərtib edilmiş, “xahiş edirik” sözləri ilə bitən “məlumat” adlandırılmış elektron məktubun məktəb direktoru üçün məcburi əhəmiyyətə malik olan göstəriş xarakteri daşıması mübahisəlidir. Çünki Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, 6/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamənin 15.2 və 15.6-cı bəndinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tabeliyindəki təhsil müəssisələrinin inkişafı baxımından zərurət yarandığı hallarda normativ sənədlərin, təlimati məktubların layihələrini hazırlamaq və baxılması üçün Nazirliyə təqdim etmək, səlahiyyəti daxilində idarənin aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər vermək, hüquqi aktları təsdiq etmək (imzalamaq), onların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək səlahiyyəti vardır. Yəni Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçisi Günel Kərimovanın, habelə sektor müdirlərinin belə bir səlahiyyəti yoxdur, bu səlahiyyət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə məxsusdur. Məktubda qeyd edilən məsələ üçün vaxt verilməməsi də (məsələn, saat 15:00-dan (sabahdan və s.) başlayaraq) diqqətəlayiq haldır. Çünki direktorların həmin məktubla tanış ola bilmək imkanını nəzərə alaraq, ən azı bir neçə saat da olsa onlara möhlət verilməməsi istəristəməz iddiaçı tərəfi daha da haqlı edir. Aydın məsələdir ki, məktəb direktorunun yeganə işi gələn elektron məktubları nəzarətdə saxlayıb, onları dərhal icra etmək və ya cavablandırmaq deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin bir neçə imperativ norması pozulmuşdur:

1. Belə ki, məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə izahat forması iddiaçıya göndərilərək doldurulması xahiş edilmiş, iddiaçı həmin izahatı məlumat formasına salaraq şəxsən cavabdeh İdarəyə təqdim etmişdir. İddiaçıdan pozuntu ilə əlaqədar izahatın xx.xx.2022-ci il tarixdə tələb edilməsinə baxmayaraq, onun barəsində intizam tənbehi pozuntunun aşkar olunduğu gündən 1 aydan artıq müddət keçdikdən sonra – xx.xx.2022-ci il tarixdə tətbiq edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmuşdur. 1.1. Ümumiyyətlə, izahatla bağlı məsələ məhkəmə tərəfindən mübahisəli hesab edilir. Ona görə ki, iddiaçıdan təlimat məktubu olmasına baxmayaraq, sorğudan niyə imtina etməməsi barədə (xx.xx.2022-ci il tarixdə) açıqlama verməsi tələb olunmuş və o, bu barədə izahat yazmışdır. xx.xx.2022-ci il tarixdə artıq təsdiq edilmiş sorğu ilə əlaqədar sənədlərin direktor tərəfindən qəbul edilməsi ilə bağlı izahat tələb edilməmiş, həmin məsələ ümumiyyətlə araşdırılmamış, şahidlər və iddiaçının adını çəkdiyi Azər adlı şəxsdən bu barədə izahat alınmasına dair sənədlər təqdim edilməmişdir. Cavabdeh tərəf də Azər adlı şəxsin İdarənin işçisi olması faktını danmır. Eyni zamanda, əsas məsələnin sorğudan imtina edib-etməmək deyil, direktor tərəfindən artıq təlimat məktubu ilə tanış olduqdan 2 gün sonra sənədlərin qəbulundan imtina etməmək olduğunu bildirir. Lakin qeyd edildiyi kimi, məsələ bu olduğu halda, bununla bağlı iddiaçıdan heç bir izahat tələb edilməmiş, adı keçən digər işçilər araşdırma prosesinə cəlb edilməmiş və iddiaçı barəsində birtərəfli əmr verilərək, intizam tənbeh tədbiri tətbiq edilmişdir. Məsələnin xx.xx.2022-ci ildə sənədlərin qəbul edilməsi olduğu halda belə, iddiaçı tərəfin gətirdiyi dəlillər və şahidlərin ifadələri ilə müəyyən edilir ki, iddiaçı barəsində intizam tənbehi əsaslı tətbiq edilməmişdir.

2. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının işəgötürəni Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyidir. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 126 nömrəli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” əmrinin 3-cü bəndinə əsaslanaraq ümumtəhsil müəssisələrinin direktorlarına ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna olmaqla digər intizam tənbehlərinin tətbiqi edilməsinə səlahiyyətinin olduğunu qeyd etsə də, həmin əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 188.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edərkən həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Lakin qeyd olunan əmrdə həmin səlahiyyətlərin yerli təhsili idarəetmə orqanlarına həvalə edilərkən hansı səbələrə görə bu səlahiyyətlərin onlara həvalə edilməsi müvafiq qaydada əsaslandırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 188.3-cü maddəsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, F-466 nömrəli “intizam tənbehi barədə” əmr puçdur (əhəmiyyətsizdir). Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 188-ci maddəsinin tələblərinə riayət edilməmişdir.

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, F- 466 nömrəli “intizam tənbehi barədə” əmrdə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamənin” 15.5-ci bəndini rəhbər tutulduğu qeyd edilsə də, Əsasnamənin həmin bəndində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə məhz məktəb direktorlarına münasibətdə intizam tənbeh tədbirləri tətbiq edə bilməsi hüququ müəyyən edilməmişdir. Deməli, Əmək Məcəlləsinin 188-ci maddəsinin pozulması mübahisəsizdir.

4. Məhkəmə hesab edir ki, iddiaçıya töhmət verilərkən onun şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və törətdiyi xətanın xarakteri müqayisəli şəkildə nəzərə alınmamış, bundan əlavə, eyni pozuntunu törədən digər 2 direktora da eyni tənbehin tətbiq edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, Əmək Məcəlləsinin 12-ci və 186-cı maddələrinin pozulması halı baş vermişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli əmrinin İddiaçı aid hissəsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli “intizam tənbehi barədə” əmrinin İddiaçı aid hissəsi ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar