Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-154/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə 2.771 manat kompensasiyanın ödənilməsi və ödənilmiş dövlət rüsumunun alınıb qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Belə ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində, İddiaçı 3,86 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 91003018 nömrəli akt əsasında adına rəsmiləşdirilərək qeydiyyat aparılmışdır. Torpaq sahəsini təhvil aldıqdan sonra daimi olaraq hazırki vaxta qədər kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə istifadə edirlər, özlərinin və ailə üzvlərinin maddi ehtiyaclarını torpaq sahəsindən əldə etdiyi maddi gəlir ilə müəyyən qədər ödəyirlər. Lakin 2004-cü il tarixdən etibarən mülkiyyətində olan torpaq sahəsinin üzərindən SOCAR-ın "Qaz İxrac" İdarəsinin qaz daşıyıcı xətlərinin olması faktı yaranmışdır. Belə ki, SOCARın "Qaz İxrac" İdarəsinin istismarında olan qaz kəmərləri mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçir. Bununla bağlı olaraq, iddiaçı və digər qonşu torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən SOCAR-ın "Qaz İxrac" İdarəsinə ərizə ilə müraciət etmiş, ərizələrinə cavab olaraq bildirilmişdir ki, magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözügedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Buna görə də 12 nəfər kənd sakini birlikdə Hacıqabul rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdilər. Hacıqabul rayon İcra Hakimiyyətindən isə onlara yazılı surətdə bildirilmişdir ki, torpaq sahələri vaxtilə onlara Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən kəmərlərin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Odur ki, təkrar olaraq bildirilir ki, hüquqlarının bərpası üçün cavabdeh Aqrar İslahat Komissiyasının hüquqi varisi olmaqla məhkəmə orqanlarına müraciət edə bilərlər. Bununla da mülkiyyətlərində olan torpaq sahəsinin üzərindən keçən qaz boru kəmərlərinin tutduğu torpaq sahəsindən istifadə edə, buna görə sahəsinin həmin hissəsindən gəlir əldə edə bilmirlər. Daha sonra məlum olmuşdur ki, qaz kəmərləri 2009-cu ilə qədər torpağın alt hissəsində olmuşdur. Lakin 2009-cu ildən sonra qanunvericilikdə göstərilən normalar ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Odur ki, onlar yeni kəmər xətlərinin torpağın üzərindən çəkilməsi səbəbindən artıq 9 ildir ki, torpaq sahəsinin kəmərlərin zəbt etdiyi hissəsindən istifadə edə bilmirlər. Torpaq sahələri onlara vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Göstərilənləri nəzərə alaraq, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində İddiaçı mülkiyyətinə verilmiş 3,86 hektar torpaq sahəsinin 8798 kv hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüşdür. Buna görə də torpaq sahəsinin həmin hissəsindən istifadə edə bilmirlər. İddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən məhkəmə araşdırması aparılmış, məhkəmənin 2(011)- 124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat zərər X6, 4799 manat zərər X13, 7694 manat zərər X7, 4733 manat zərər X4, 5542 manat zərər X14, 5936 manat zərər X17, 2989 manat zərər X3, 2802 manat zərər X15, 2762 manat zərər X5, 6807 manat zərər X9, 4065 manat zərər X19, 4730 manat zərər X1 xeyrinə tutulması qət edilmişdir. İddia tələbləri "hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması" hissəsində təmin edilməmişdir. İddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmışdır. Qətnaməyə əsasən iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 (üç min doqquz yüz doxsan) manat X6, 4799 (dörd min yeddi yüz doxsan doqquz) manat X13, 7694 (yeddi min altı yüz doxsan dörd) manat X7, 4733 (dörd min yeddi yüz otuz üç) manat X4, 5542 (beş min beş yüz qırx iki) manat İddiaçı, 5936 (beş min doqquz yüz otuz altı) manat X17, 2989 (iki min doqquz yüz səksən doqquz) manat X3, 2802 (iki min səkkiz yüz iki) manat X15, 2762 (iki min yüddi yüz altmış iki) manat X5, 6807 (altı min səkkiz yüz yeddi) manat X9, 4065 (dörd min altmış beş) manat X19, 4730 (dörd min yeddi yüz otuz) manat X1 xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-2296/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi üzrə 2009-2018-ci illər daxil olmaqla Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi müvafiq qaydada icra edilmişdir. Hazırda 2019-2023-cü il müddəti üzrə iddiaçılara məxsus torpaq sahəsinin müvafiq qaydada istifadə edilməsi mümkün olmadığından dövr üzrə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə daxil olmuş (xx.xx.2023, 3-23/2/Kol-1084-19- 773/2023) cavabına əsasən hazırki tələb üzrə öhdəlik qoyulmadığından icra edilməsi mümkün olmamışdır. Bu səbəbdən hüquqlarının bərpa edilməsi və istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə 2.771 (iki min yeddi yüz yetmiş bir) manat İddiaçı kompensasiyanın ödənilməsinə və ödənilmiş dövlət rüsumunun alınıb qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ödəniləcək kompensasiya məbləğinin 2019-2024-cü il (yəni 6 il) müddətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi etiraz ərizəsi təqdim edərək, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi barədə (qərardad) və tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmişdir. İş materiallarından göründüyü İddiaçı istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə ona müvafiq məbləğdə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən edərək iddia tələbini ona yönəltmişdir. Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin müəyyən hissəsinin üzərindən 2009-cu ildən qaz boru kəmər xəttinin keçməsi ilə əlaqədar həmin sahənin zəbt olunmuş hissəsi üçün iddiaçıların hər birinə müvafiq məbləğlərdə, digər halda isə qaz boru kəmərlərinin istismar müddətinə uyğun olaraq qarşıdakı 40 il müddətinə olan dövr üzrə hər il 630 manat olmaqla hər birinə 25.200 manat kompensasiyanın ödənilməsi üçün İddiaçı və digərləri iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı ilə X16 və digər şəxslərin xeyrinə dövlət büdcəsindən müvafiq məbləğlərdə kompensasiyanın tutulması qət edilsə də, qarşıdakı 40 il müddət üçün 25.200 manat məbləğində (o cümlədən 2019-2023-cü illər üzrə) kompensasiyanın ödənilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və sözügedən qərar Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin 8 sentyabr və 12 sentyabr tarixlərində tam icra olunmuşdur. Məhkəmə qərarlarından da aydın görünür ki, iddiaçıların hazırkı tələbləri (qarşıdakı 40 ilə aid olan 2019-2023cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onlarla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə, həmçinin iddianın yolverilməzliyinə görə təmin edilə bilməz. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər tərəflər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X20 iddia tələbinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə hazırki işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən X10 və digərlərinə (Ünvan: Hacıqabul rayonu, Atbulaq kəndi) ünvanlanan 30 noyabr 2023-cü il tarixli, 3-23/2-Kol-1084-19-773/2023 nömrəli cavab məktubundan görünür ki, X6, X5, X4, X19, X1, X15, İddiaçı, X13, X9, X7, X3 və X17 adından istifadədə olan torpaq sahəsinin müvafiq qaydada istifadə edilməməsi səbəbindən 2019- 2023-cü illər üzrə kompensasiyanın ödənilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 14 noyabr 2023-cü il tarixdə daxil olmuş kollektiv müraciətə baxılmışdır. Müraciətlərindən və müraciətə əlavə olunmuş məhkəmə qərarlarından aydın olur ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə onların mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin müəyyən hissəsinin üzərindən 2009-cu ildən qaz boru kəmər xəttinin keçməsi ilə əlaqədar həmin sahənin zəbt olunmuş hissəsi üçün hər birinə müvafiq məbləğlərdə, digər halda isə qaz boru kəmərlərinin istismar müddətinə uyğun olaraq qarşıdakı 40 il müddətinə olan dövr üzrə hər il 630 manat olmaqla hər birinə 25.200 manat kompensasiyanın ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı ilə X6 və digər şəxslərin xeyrinə dövlət büdcəsindən müvafiq məbləğlərdə kompensasiyanın tutulması qət edilsə də, qarşıdakı 40 il müddət üçün 25.200 manat məbləğində (o cümlədən 2019-2023-cü illər üzrə) kompensasiyanın ödənilməsi barədə tələbi təmin edilməmişdir. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli, 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və qərar Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin 8 və 12 sentyabr tarixlərində tam icra olunmuşdur. Göründüyü kimi sözügedən məhkəmə qərarları ilə hazırkı tələbi (qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə görə olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iddia yolverilməz hesab olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-124/2020 nömrəli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat zərərin X6, 4799 manat zərərin X13, 7694 manat zərərin X7, 4733 manat zərərin X4, 2989 manat zərərin X3, 2802 manat zərərin X15, 2762 manat zərərin X5, 6807 manat zərərin X9, 4605 manat zərərin X23, 4730 manat zərərin X2 xeyrinə tutulması, iddia tələblərinin “hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması” hissəsində təmin edilməməsi, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-113/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 (üç min doqquz yüz doxsan doqquz) manatın X6, 4799 (dörd min yeddi yüz doxsan doqquz) manatın, 7694 (yeddi min altı yüz doxsan dörd) manatın X7, 4733 (dörd min yeddi yüz otuz üç) manatın X4, 5542 (beş min beş yüz qırx iki) manatın İddiaçı, 2989 (iki min doqquz yüz səksən doqquz) manatın X3, 2802 (iki min səkkiz iki) manatın X15, 2762 (iki min yeddi yüz altmış iki) manatın X5, 6807 (altı min səkkiz yüz yeddi) manatın X9, 4605 (dörd min altı yüz altmış beş) manatın X23, 4730 (dörd min yeddi yüz otuz) manatın X2 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2296/2023 nömrəli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 1 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Aparatından məhkəməyə daxil olan xx.xx.2024cü il tarixli sorğuya cavab məktubuna əsasən zərurətlə əlaqədar iddiaçıya məxsus torpaq sahəsinin 1 ha hissəsində bir il ərzində nə qədər həcmdə taxıl əldə edilməsinin mümkün olması və həmin torpaq sahəsindən 2019-2023-cü illər ərzində nə qədər taxıl məhsulu əldə edilməsi barədə məlumatların verilməsi rayon İcra Hakimiyyətinin tabeliyində olan aqrar şöbələr ləğv edildiyindən həmin məlumatların verilməsi Hacıqabul rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricindədir. Odur ki, məsələ ilə əlaqədar olaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi aparatına müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2025-ci il tarixli, 7/45-9/14 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Hacıqabul rayonu ərazisində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin torpaqlardır. Həmin torpaq sahəsinin bir illik mövsüm ərzində 1 hektarından 23 sentner arpa məhsulu götürülə bilər. Ekspertiza xərclərinə dair 28 aprel 2025-ci il tarixli bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, 155 nömrəli ekspert rəyinə əsasən Hacıqabul rayonunda yerləşən torpaq sahəsinin bir illik mövsüm ərzində 1 hektarından 23 sentner arpa məhsulu götürmək mümkündürsə, 1 il ərzində əldə olunması ehtimal edilən gəlir məbləği tələb olunan aqrotexniki və digər zəruri xərclər çıxılmaqla 720,5 manat müəyyən edilmişdir. Xidmət haqqı 150 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. ”Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.1-ci maddəsinə əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması aid edilmişdir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1.-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə işin mübahisəsiz halları ondan ibarətdir ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarına əsasən iddiaçıya 3,86 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş, həmin torpaq sahəsinin magistral qaz boru kəmərinin keçdiyi 6556 kv.metr (0,6556 ha) hissəsi yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçıya verilmiş torpaq sahəsinə dair məhdud istifadə ilə bağlı hansısa bir müqavilə bağlanmamış, həmin torpaq sahəsinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır. İddiaçının qeyd edilən halla bağlı özünə məxsus torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində ona maddi ziyan dəyməsi, həmçinin il ərzində iddiaçıya hansı məbləğdə maddi ziyan dəyməsi kimi hallar daha əvvəl qəbul edilmiş və işin materiallarında olan məhkəmə qətnamələri əsasında öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 2009-2019-cu illər üzrə iddiaçıya torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində maddi ziyan dəyməsi faktı sübuta yetirilmiş və 10 illik müddət üzrə iddiaçıya dəyən ziyan 5542 manat məbləğində qiymətləndirilərək dövlət büdcəsindən iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən əkin sahəsi üzrə 1ha torpaq sahəsi üzrə gəlir məbləği 630 manat müəyyən edilmiş və məntiqi olaraq da həmin məbləğ illik inflasiyaları nəzərə almaqla artmışdır ki, azalmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, 2025-ci ildə iş üzrə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 7/45-9/14 nömrəli, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, 1 ha sahədən 1 il ərzində 23 sentner arpa məhsulunun götürülə bilməsi müəyyən edilmiş, lakin həmin rəy üzrə 1 illik taxıl bitkisinin əkilib-becərilməsi üçün əldə edilməsi ehtimal edilən məbləğ müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən qərardadla növbəti dəfə ekspertiza təyin edilmiş məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 155 nömrəli ekspert rəyinə əsasən Hacıqabul rayonunda yerləşən torpaq sahəsinin bir illik mövsüm ərzində 1 hektarından 23 sentner arpa məhsulu götürmək mümkündürsə, 1 il ərzində əldə olunması ehtimal edilən gəlir məbləği tələb olunan aqrotexniki və digər zəruri xərclər çıxılmaqla 720,5 manat müəyyən edilmişdir. Hazırkı iş üzrə təqdim olunmuş materialların müqayisəli təhlili göstərir ki, torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə istifadəsi nəticəsində əldə olunmalı gəlirin müəyyən edilməsində əvvəlki dövrlərdə formalaşmış iqtisadi göstəricilərdən — konkret olaraq mənfəət əmsalından istifadə edilməsi həm hüquqi, həm də iqtisadi baxımdan əsaslandırılmış hesab edilməlidir. Məhkəmə qeyd edir ki, müəyyən edilən əkin sahəsi üzrə 1 ha torpaq sahəsi üzrə gəlir məbləği 720,5 manat müəyyən edilsə də, iddiaçının 1ha deyil 0,6556 ha torpaq sahəsinin zəbt olunması həmin məbləğin 472,36 manat olması qənaətinə gəlinməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar 2.834,16 (1 ilə münasibətdə əldən çıxmış fayda kimi 472,36 manat x 6 il =2.834,16 manat) manat məbləğində maddi ziyanın vurulması müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərə və istinad edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 2.834,16 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi hesabına iddiaçıya ödənilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu da iddiaçıya ödənilməlidir. Bundan başqa, hazırki iş üzrə iddia tələbi bütövlükdə təmin edildiyindən iş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X8, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına və, xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti isə "xxxx" ASC-nin “Biznes Mərkəzi” filialı, Kod 512264, VÖEN **********, Müxbir hesab: AZ46NABZ********************, SWİFT BİK UBAZAZ22, Hesab № AZ64UBAZ**********8060AZN001 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq (2019-2024-cü illər üzrə) 2.834,16 (iki min səkkiz yüz otuz dörd manat, on altı qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X8, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına və xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti isə “Azərekspertiza” Birliyinin "xxxx" ASC-nin “Biznes Mərkəzi” filialı, Kod: 512264, VÖEN **********, Müxbir hesab: AZ46NABZ********************, SWİFT BİK UBAZAZ22, Hesab № AZ64UBAZ**********8060AZN001 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-154/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-154/2025
04.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver