Məhkəmə qərarları › İş №2(006)-1540/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1540/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1540/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “müvafiq vəzifənin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “müvafiq vəzifənin qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, "xxxx" BOKT MMC-dən 27.11.2014-cü il tarixində illik 18%-lə 36 ay müddətinə 45.000,00 (qırx beş min) ABŞ dolları məbləğində kredit götürmüş və götürülmüş kreditin təminatı olaraq özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 37 nömrəli mənzili girov qoymuşdur. Kreditini ölkədə pandemiya baş verənədək normal və gecikməsiz ödəyirdi. Pandemiya olduqdan sonra maddi vəziyyəti pisləşdiyi üçün kreditin ödənişlərində gecikmələr yaranmışdır. "xxxx" BOKT MMC ilə 27 oktyabr 2017-ci il tarixdə aparılan danışıqlar nəticəsində əldə edilən razılığa əsasən, razılaşma əldə olunduğu tarixdən etibarən 15 ay müddətində onun tərəfindən ümumilikdə, 32500,00 ABŞ dolları ödəniləcəyi halda razılaşmanın şərtləri yerinə yetirilmiş hesab olunacaq və qalıq borcla bağlı "xxxx" BOKT MMC tərəfindən ona qarşı heç bir iddia və tələb olmayacaqdır. Bu barədə ona "xxxx" BOKT MMC tərəfindən 27 oktyabr 2017-ci il tarixli 2991№-li məktub da təqdim edilmişdir. Razılaşmanın şərtlərinə uyğun olaraq o, həmin məbləği qeyd olunan müddət ərzində "xxxx" BOKT MMC-yə ödəmişdir. Beləliklə, razılığın şərtləri onun tərəfindən tam icra olunsa da, "xxxx" BOKT MMC öz üzərinə düşən öhdəliyi bugünədək icra etməmişdir. Razılığa əsasən o, üzərinə düşən vəzifəni tam icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi qismən yeinə yetirmiş, pul borcunu onun adından silməmişdir. Belə ki, 8762,81 ABŞ dolları kredit borcunun tələb edilməsindən imtina edilsə də, AKB-dən aldığı 19 yanvar 2022-ci il tarixli SF-1483 saylı çıxarışdan göründüyü kimi onun adına olan borc ödənilməmiş kimi qalmaqdadır. Lakin, razılığa əsasən həmin borc silinməli idi. Qeyd olunanlara əsasən, sonda cavadehlə iddiaçı arasında bağlanmış barışıq razılaşması üzrə cavabdeh təşkilatda onun hesabında qalan borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul edərək, onun təmin olunmasına etiraz etmədi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.11.2014-cü il tarixli SUMG1-5837-6256 №-li kredit müqaviləsindən görünür ki, bu müqavilə, tərkib hissəsi olan müvafiq razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq, “borcalan”a məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 150.000,00 (yüz əlli min) ABŞ dolları və ya ona müvafiq manat (AZN) ekvivalenti məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutur. Həmin müqavilənin təminatı kimi “Borcalan”a və ya üçüncü şəxsə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahə 54.6 kv.m., yaşayış sahəsi 31.4 kv.m., yardımçı sahə 23.2 kv.m olan 2 otaqlı 37 nömrəli ünvanda yerləşən daşınmaz əmlakın qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 27.11.2014-cü il tarixli SUMG1-5837-6256 №-li Razılaşmaya əsasən, “Kredit alan”a illik 18% faizlə 36 ay 45.000 ABŞ dolları məbləğində kredit Sumqayıt şəhəri, BTZ bağlar B:0XSC.M.50 ünvanındakı bağ evinin alışı üçün verilir. “Kredit alan” bu razılaşma ilə verilən kredit məbləğinin 450 ABŞ dolları məbləğində vəsaiti “Kredit verən”ə ödəyir. “Kredit alan” bu razılaşma ilə verilən kredit məbləğini üç iş günü müddətində istifadə etməli və müvafiq təsdiqləyici sənədləri “Kredit verən”ə təqdim etməlidir. Bu razılaşma ilə verilən kreditin faktiki illik faiz dərəcəsi 19,02% təşkil edir. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən iddiaçı X3 ünvanlanan məktubdan görünür ki, kredit müqaviləsi üzrə X2 ümumilikdə, 41.262,81 ABŞ dolları və 60 manat məbləğində borcu mövcuddur. "xxxx" BOKT MMC iddiaçı X3 təklif edir ki, o, 32.500 ABŞ dollarını 15 ay müddətinə "xxxx" BOKT MMC-yə ödəsin, bunun müqabilində "xxxx" BOKT MMC isə 27 noyabr 2014-cü il tarixli SUMG1-5837-6256 saylı kredit müqaviləsi üzrə yerdə qalan borcla bağlı heç bir iddia tələbi irəli sürməyəcək. Bu şərtlər borcalan tərəfindən qeyd olunan qaydada yerinə yetirilmədikdə təklif qüvvədən düşmüş hesab olunacaqdır. İş materiallarında olan "xxxx" BOKT MMC-nin rəhbərliyinə ünvanlanan 09.12.2021ci il tarixli “ödənilməməsi razılaşdırılmış borcun silinməsi və AKB-yə müvafiq məlumatın verilməsi barədə” ərizədən görünür ki, iddiaçı ilə cavabdeh arasında 27 oktyabr 2017-ci il tarixdə aparılan danışıqlar nəticəsində əldə edilən razılığa əsasən, razılaşma əldə olunduğu tarixdən etibarən 15 ay müddətində iddiaçı tərəfindən ümumilikdə, 32500,00 ABŞ dolları ödəniləcəyi halda razılaşmanın şərtləri yerinə yetirilmiş hesab olunacaq və qalıq borcla bağlı cavabdeh tərəfindən ona qarşı heç bir iddia və tələb olmayacaqdı. Razılaşmanın şərtlərinə uyğun olaraq o, həmin məbləği qeyd olunan müddət ərzində "xxxx" BOKT MMC-yə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasıunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin, əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən qəbul olunmalıdır. Həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi hallar onun məhkəməyə təqdim etdiyi sənədlərlə ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin iddiaçının adında qalan borcun, yəni ümumilikdə 8.762 (səkkiz min yeddi yüz altmış iki) dollar 81 (səksən bir) sent ABŞ dolları kredit borcunun silinməsi vəzifəsi və Azərbaycan Kredit Bürosuna borcun olmaması barədə məlumatın verilməsi vəzifəsi cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin iddiaçının adında qalan borcun, yəni ümumilikdə 8.762 (səkkiz min yeddi yüz altmış iki) dollar 81 (səksən bir) sent ABŞ dolları kredit borcunun silinməsi vəzifəsi və Azərbaycan Kredit Bürosuna borcun olmaması barədə məlumatın verilməsi vəzifəsi cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar