Məhkəmə qərarları › İş №2(006)-1551/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1551/2023

19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1551/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi A.S.A. oğlunun 1 saylı Bakı *** şöbəsini maraqlı şəxs qismində cəlb etməklə "doğum akt qeydinin bərpa edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi A.S.A. oğlu 1 saylı Bakı *** şöbəsini maraqlı şəxs qismində cəlb etməklə "doğum akt qeydinin bərpa edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi A.S.A. oğlu xx.xx.1987-ci ildə Ermənistanın Mehri rayonunun Nüvədi kəndində doğulmuşdur. 1988-ci ildə Ermənistanda baş verən məlum hadisələrdən sonra ərizəçi Azərbaycana köçərək Bakı şəhərində məskunlaşmışdır. Ermənistan SSR-ni tərk edən zaman doğum haqqında şəhadətnamə və bütün digər sənədlər orada qalmış və itirilmişdir. Hazırda Ərizəçi atasının mülkiyyətində daşınmaz əmlak var və həmin əmlakı oğluna bağışlamaq niyyətindədir. Bağışlama müqaviləsinin rəsmiləşdirilməsi üçün ondan doğum haqqında şəhadətnamə tələb edilir. Ərizəçi doğum haqqında şəhadətnaməni əldə etmək üçün 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsinin xx.xx.2023cü il tarixli cavab məktubundan məlum olur ki, A.S.A. oğlu barəsində Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində doğum akt qeydi aşkar olunmamışdır. Ona görə də yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən A.S.A. oğlunun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan ərizəçi A.S.A. oğlunun nümayəndəsi və vəkili Vəkil tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, doğum akt qeydinin bərpa edilməsini və doğum haqqında akt qeydlərində adı “A.S.A. oğlu”, doğum tarixi “xx.xx.1987-ci il”, doğum yeri “Ermənistan SSR Mehri rayonu Nüvədi kəndi”, ata qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X3”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında ərizəçi A.S.A. oğlunun nümayəndəsi və vəkili Vəkil izahat verərək ərizəni müdafiə etdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı *** şöbəsi məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs 1 saylı Bakı *** şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ASAN1 tərəfindən verilmiş AA seriyalı, № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, A.S.A. oğlu xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Mehri rayonunda anadan olmuşdur. xx.xx.1984-cü il tarixdə verilmiş İİ-SL № 278199 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Rzayeva (Pirişova) Amilə Surət qızı xx.xx.1984-cü ildə 18 nömrəli akt qeydi ilə Ermənistan SSR-nin Mehri rayonunda nikaha girmişlər. ASAN1 tərəfindən verilmiş AZE seriyalı, № 15839663 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1961-ci ildə Ermənistan Respublikasının, Mehri rayonunda anadan olmuşdur. ASAN1 tərəfindən verilmiş AZE seriyalı, № 15840340 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Mehri rayonunda anadan olmuşdur. 1 saylı Bakı *** şöbəsi tərəfindən A.S.A. oğluna ünvanlanmış 09 fevral 2023-cü il tarixli məktubdan görünür ki, doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən Ərizəçi həmin akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, ərizəçi A.S.A. oğlunun anasıdır. Oğlu xx xxxx 1987-ci il tarixdə Ermənistan SSR, Mehri rayonu, Nüvədi kəndində anadan olmuşdur. Ermənistandan qaçqın düşərkən onun doğum haqqında şəhadətnaməsini itirmişlər. Həyat yoldaşı evi Adilə bağışlamaq istəyir. Ona görə doğum haqqında şəhadətnamə almaq istəyirlər. A.S.A. oğlunun anası o, milliyəti azərbaycanlı, atası isə X5r, onun da milliyəti azərbaycanlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, ərizəçi A.S.A. oğlunun xalasıdır. Adil anadan olanda o da Mehri rayonunun Nüvədi kəndində yaşayırdı. A.S.A. oğlunun anası X3, atası X5r. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, A.S.A. oğlu xx.xx.1987-ci ildə Ermənistan SSR-nin Mehri rayonunda anadan olmuş, atası X7, anası X2r. Ərizəçi doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Ərizəçi A.S.A. oğlu 1 saylı Bakı *** şöbəsinə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Qeydiyyat şöbəsi bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyən edici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, A.S.A. oğlunun xx.xx.1987-ci il tarixdə Ermənistan SSR-nin Mehri rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməli və doğum haqqında akt qeydlərində ərizəçinin adı “A.S.A. oğlu”, doğum tarixi “xx.xx.1987ci il”, doğum yeri “Ermənistan SSR Mehri rayonu”, ata qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X3”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. A.S.A. oğlunun xx.xx.1987-ci il tarixdə Ermənistan SSR-nin Mehri rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında akt qeydlərində ərizəçinin adı “A.S.A. oğlu”, doğum tarixi “xx.xx.1987-ci il”, doğum yeri “Ermənistan SSR Mehri rayonu”, ata qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X3”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar