Məhkəmə qərarları › İş №2(006)-1555/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1555/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1555/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Notariat Palatasına qarşı «xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair ilk iddiası; Azərbaycan Notariat Palatasının İddiaçı MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Notariat Palatasına qarşı «xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Notariat Palatasından xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 19.294,23 manat əsas borc məbləğinin və mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Notariat Palatası arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri Xətai rayonu 25E Nobel prospektində yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 m2 olan və binanın mərtəbə planında göstərilən qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən ümumi icarə sahəsinin 111 m2 faydalı sahədir, qalan 53 m2 isə köməkçi sahədir. Müqavilənin 4-cü bəndinə əsasən icarə müddəti 1 il müddətinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər müəyyən edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği 42.624 manat təşkil edir (ƏDV daxil olmamaq şərti ilə). Bu məbləğ İcarə obyektindən istifadəyə görə 27.866 manat icarə haqqından və Müqavilənin 5.6-cı bəndində göstərilən xidmətlərə görə 14.758 manat xərcdən ibarətdir. Tam təqvim ayına görə icarə haqqı icarə obyekti üzrə illik icarə haqqının 1/12 hissəsinə bərabər olmaqla müəyyən edilir. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra edilsə də, cavabdeh tərəfindən qismən icra edilmiş, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust aylarına görə olan icarə haqqı məbləği ödənilməmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 19.294,23 manat məbləğində icarə haqqı borcu yaranmışdır. İcarə haqqı borcuna ƏDV məbləği də daxildir. Qeyd olunan icarə haqqı borcu ilə bağlı cavabdehə pretenziya məktubu ilə müraciət etsələr də, müraciətləri cavabsız qalmışdır. Bundan əlavə, aralarında olan mübahisə mediasiya prosesində həll edilməmişdir. Bununla bağlı, 2 saylı Mediasiya Təşkilatından müvafiq arayış verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Notariat Palatası məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, artıq ödənilmiş 3.403,72 manat məbləğində pul, ödənilmiş dövlət rüsumu və xidmət haqqının İddiaçı MMC-dən tutularaq Azərbaycan Notariat Palatasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Notariat Palatası arasında Bakı şəhəri Xətai rayonu Nobel prospekti 25E ünvanda yerləşən "xxxx" MMC-yə məxsus binada yerləşən 164 m2 (faktiki 111 m2) olan qeyriyaşayış sahəsinin 1 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli icarə (subicarə qaydasında) müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən, icarə üzrə hər hesabat dövrünə görə icarə haqqının ödənilməsi icarəçi tərəfindən icarəyə verənin təqdim etdiyi hesab-faktura əsasında həyata keçirilir. Həmin müqavilənin 10-cu bəndinə əsasən, tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Bu hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan tərəf bu hallar barədə digər tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır. Fors-major halların mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir. Məlum olduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, xx.xx.2020-ci il tarixdən Azərbaycanda karantin rejimi tətbiq olunmuş, sosial izolyasiya və tibbi xarakterli təhlükəsizlik tədbirlərinə görə insanların hərəkəti məhdudlaşdırılmışdır. 2020-ci ilin mart ayının 29-dan etibarən isə ümumiyyətlə respublikada xüsusi (gücləndirilmiş) karantin rejiminə keçilməsi qərara alınmışdır. Bununla əlaqədar, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli, 16 saylı məktubla müraciət edilərək, yuxarıda göstərilənlərə əsasən, Notariat Palatasının iş fəaliyyətinin dayandırıldığı, Respublikada karantin müddətinin tətbiqi və qeyri-iş günlərinin başlanılmasından, yəni xx.xx.2020-ci il tarixdən tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılması və ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılması bildirilmiş, ofisdən istifadə edilməməsinin İddiaçı MMC-nin nümayəndəsinin iştirakı ilə rəsmiləşdirilməsinin mümkünlüyü izah edilmiş, karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsi qanunamüvafiq hesab edildiyi qeyd edilmişdir. Qeyd olunan məktuba İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə elektron poçt vasitəsilə cavab verilərək, müqaviləyə xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmiş, həmçinin karantin müddətinin qüvvədə olduğu aylar üzrə icarə haqqının 10 manata endirilməsi, əks halda ofisin geri təhvil verilməsi təklif edilmişdir. Lakin, qeyd olunan təklif (icarə haqqının 10 manata endirilməsi) Azərbaycan Notariat Palatası tərəfindən qəbul edilməmiş, həmçinin ofis geri təhvil alınmamışdır. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Notariat Palatasının rəhbərliyi ilə İddiaçı MMC-nin rəhbərliyi arasında qeyd olunanlarla bağlı danışıqlar da olmuş və icarə müqaviləsinə xitam verilmədən icarə haqqının ödənilməsinin dayandırılması barədə razılaşma əldə olunmuş, ödənişin dayandırılması şərtilə icarə müqaviləsinə xitam verilməmişdir. Çünki, hamı bildiyi kimi, pandemiya dövründə əksər icarəçilər ofislərdən istifadə etməmiş və heç kim də istifadə etmədiyi sahəyə görə ödəniş aparmamışdır. Daha sonra, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə oxşar məzmunlu müraciətlər edilmiş, lakin qeyd olunan müraciətlərə İddiaçı MMC tərəfindən yazılı münasibət bildirilməmiş, şifahi olaraq razılaşılmış, ofisdən istifadə edilməməsinin rəsmiləşdirilməsi təklif edilsə də, hər hansı nümayəndə göndərilməmişdir. Əlavə olaraq bildirirlər ki, icarə haqqı və kommunal xidmətlərə görə Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş elektron qaimələrə əsasən, aşağıdakı cədvələ uyğun ödənişlər (ƏDV ilə birlikdə) həyata keçirilmişdir: 2020-ci ilin fevral ayı üçün icarə haqqı – 1.589,83 manat; 2020-ci ilin mart ayı üçün icarə haqqı – 4.191,36 manat; 2020-ci ilin iyun ayı üçün icarə haqqı – 3.478,83 manat; 2020 mart ayı üçün kommunal xərclər – 61,99 manat, iyun ayı üçün kommunal xərclər – 20,52 manat, 2020-ci ilin sentyabr ayı üçün icarə haqqı – 2.375,10 manat, 2020-ci ilin sentyabr ayı üçün kommunal xərclər – 33,21 manat, 2020-ci ilin sentyabr ayı üçün icarə haqqı – 4.191,36 manat, 2020-ci ilin oktyabr ayı üçün icarə haqqı – 4.191,36 manat, 2020-ci ilin noyabr ayı üçün icarə haqqı – 3.476,28 manat; 2020-ci ilin oktyabr ayı üçün kommunal xərclər – 21,96. Cəmi hesablanıb: 19.440,44, cəmi ödənilib: 19.440,44 manat. Göründüyü kimi, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə ümumilikdə 19.440,44 manat məbləğində pul vəsaiti ödənilmişdir ki, bu məbləğə hətta icarə obyektinin faktiki istifadə olunmadığı bəzi dövrlər də aiddir. Belə ki, aylıq icarə haqları öncədən bütün ay üçün ödənilsə də, bəzi ayların müəyyən dövrlərində icarə obyektindən istifadə edilməmiş, bununla bağlı İddiaçı MMC-yə yuxarıda qeyd olunan müraciətlər göndərilmişdir. Beləliklə də, İddiaçı MMC-yə ümumilikdə 3.403,72 manat (2020-ci ilin mart ayı üzrə 1.757,67 manat, iyun ayı üzrə 964,01 manat və noyabr ayı üzrə 682,04 manat) artıq vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 556.1-ci maddəsinə əsasən, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Həmin Məcəllənin 557.1-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Beləliklə, tərəflər arasında bağlanılmış Müqavilənin 10-cu bəndinə əsasən, koronavirus pandemiyası (fors-major halı) barəsində Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə yazılı şəkildə bildiriş göndərilmiş, karantin rejimi qüvvədə olduğu müddətlər ərzində icarə obyektindən istifadə edilməmiş, İddiaçı MMC tərəfindən müqaviləyə xitam verilmədən icarə haqqı ödənişinin dayandırılmasına etiraz edilməmişdir. Məhz bu səbəbdən, həmçinin razılaşmalara görə, ofisdən istifadə edilməyən dövrlər üçün İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasına elektron qaimələr də göndərilməmişdir. Eyni zamanda, tərəflər arasında karantin rejimi qüvvədə olduğu müddətlər ərzində icarə haqqı ödənilməməsi barədə razılaşmanın nəticəsidir ki, İddiaçı MMC tərəfindən hazırkı iddia yalnız 2 ildən sonra – "xxxx" MMC ilə mübahisələri üzrə qəbul olunmuş məhkəmə qərarı qüvvəyə mindikdən sonra qaldırılmışdır. Əks halda tərəflər arasında bağlanılmış müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqı borcunun ödənilməsi və s. kimi iddialar iddiaçının istinad etdiyi 2020-ci ilin iyun ayından etibarən qısa müddət ərzində verilmiş olardı və ya ən azından bu barədə həmin müddətdə Azərbaycan Notariat Palatasına pretenziya qaydasında müraciət olunardı. Lakin bunun əksinə, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə yuxarıda göstərilən 3.403,72 manat artıq ödəmə aparılmışdır. Həmçinin iddia ərizəsində qeyd olunur ki, icarə haqqı borcu ilə bağlı Azərbaycan Notariat Palatasına pretenziya məktubu ilə müraciət edilsə də, müraciət cavabsız qalmışdır. Bununla bağlı bildirirlər ki, iddiaçının bu mövqeyi həqiqəti əks etdirmir. Belə ki, İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli pretenziyasına Azərbaycan Notariat Palatası tərəfindən xx.xx.2022 tarixli, 21 saylı məktubla cavab verilmişdir. Bundan başqa, qeyd etməyi zəruri hesab edirlər ki, hazırkı iddia ərizəsinə əsasən, İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasından 19.294,23 manat icarə haqqı tələb edilir və həmin məbləğin 2020-ci ilin aprel, may, iyun, iyul və avqust ayları üzrə icarə haqqı olduğu bildirilir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli icarə (subicarə qaydasında) müqaviləsinin 5-ci bəndinə əsasən, illik icarə haqqı 42.624 (27.866 icarə + 14.758 xidmət haqqı) manat (ƏDV xaric) təşkil edir. Belə olan halda, tələbin əsasını təşkil edən 5 ay - 2020-ci ilin aprel, may, iyun, iyul və avqust ayları üçün hesablanmış icarə haqqı 42.624 / 12 X 5 = 17.760 manat + 3.196,8 manat (18 % ƏDV) = 20.956,80 manat təşkil edir. Həmin dövr üçün İddiaçı MMC-nin xx.xx.2020 tarixli elektron qaiməsinə əsasən, Azərbaycan Notariat Palatası tərəfindən 3.478,83 manat ödənildiyi nəzərə alınarsa, geri qalan məbləğ 17.477,97 manat təşkil edir ki, bu da iddia tələbi ilə uyğunsuzluq təşkil edir. Başqa sözlə, İddiaçı MMC tərəfindən 19.294,23 manat icarə haqqı tələb edilərkən, məhz hansı dövrlər üçün hansı məbləğin hesablandığının aydınlaşdırılmasına zərurət vardır. Digər tərəfdən, məhkəməyə məlumat üçün bildirirlər ki, iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2020-ci ilin iyun, iyul, avqust və noyabr aylarının əsas icarə haqqı 12.175,92 manat, kommunal xərclərin cəmi 7,37 manat, öhdəliklərinin yerinə yetirilməsinin gecikdirilməsinə görə 6.184,24 manat dəbbə pulunun, 1.200 manat vəkil xərclərinin, 30 manat dövlət rüsumu olmaqla, cəmi 19.597,53 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2000/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən əsas icarə haqqı 8.638,38 manat, kommunal xərclərə görə 7,37 manat, 500 manat dəbbə pulu, 400 manat vəkil xərci, ümumilikdə 9.545,75 manat məbləğdə pulun və 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki (səhifə 5-6), «Məhkəmə ölkə ərazisində həmin dövrdə sərt karantin rejiminin tətbiq edildiyini, cavabdehin, o cümlədən subicarəçi Azərbaycan Notariat Palatasının faəliyyətinə Nazirlər Kabinetinin həmin Qərarına əsasən icazə verilmədiyini, adıçəkilən qərarda göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə müstəsna hallarda yol verildiyini, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 10.1-ci bəndində tərəflərin onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığının göstərilməsini, həmin hal nəticəsində cavabdehin öhdəliklərini icra edə bilməyəcəyi barədə müqavilənin 10.2-ci bəndinə əsasən 10 (gün) müddətində, yəni xx.xx.2020-ci il tarixdə iddiaçıya yazılı bildiriş göndərdiyini, beləliklə bu hissədə öz öhdəliyini icra etdiyini nəzərə alaraq belə hesab edir ki, cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tələb edilən icarə haqlarını ödəməkdən azad edilməlidir.» Həmin Qətnamədən narazı qalan tərəflər apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-976/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2000/2021 saylı, 16 iyun 2021ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən 12.175,92 manat icarə haqqı, 7,37 manat kommunal xərcləri, 600 manat dəbbə pulu və 500 manat vəkil xərclərinin əvəzi olmaqla, cəmi 13.283,29 manat məbləğdə pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh öz fəaliyyətini icarəyə verilmiş ofisdə həyata keçirməmiş, onun fəaliyyəti ona icarəyə verilmiş sahənin sonradan sub-icarəyə verilməsindən ibarət olmuşdur. Həmin qətnamədən cavabdeh İddiaçı MMC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli 2-2(103)-976/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan Qərarda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsində əks olunmuş hüquqi mövqe ilə razılaşmışdır. Göründüyü kimi, e-2-2(113)-2000/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnamədə Bakı Kommersiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 10.1-ci bəndinə əsasən, tərəflərin onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığına istinad edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarınlarına əsasən, koronavirus pandemiyası ilə əlaqədar, Azərbaycanda karantin rejimi qüvvədə olduğu və insanların hərəkətinin məhdudlaşdırıldığı müddətlərə görə icarə haqqının tutulmasını əsassız hesab etmişdir. Sözügedən müqavilə şərti hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli icarə (subicarə qaydasında) müqaviləsində də mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 976/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə isə Bakı Kommersiya Məhkəməsinin sözügedən Qətnaməsi tamamilə başqa əsasa görə – həmin iş üzrə cavabdeh İddiaçı MMC-nin öz fəaliyyətini icarəyə verilmiş ofisdə həyata keçirməməsi və onun fəaliyyətinin ona icarəyə verilmiş sahənin sonradan subicarəyə verilməsindən ibarət olması əsası ilə ləğv edilmişdir. Hesab edirlər ki, burdan belə qənaətə gəlmək olar ki, İddiaçı MMC həmin qeyri-yaşayış sahəsini Azərbaycan Notariat Palatasına icarəyə (subicarə qaydasında) verməmiş və özü istifadə etmiş olsa idi, Azərbaycanda karantin rejimi qüvvədə olduğu və insanların hərəkətinin məhdudlaşdırıldığı müddətlərə görə icarə haqqı tutulmamalı idi. Belə olan halda isə, qeyri-yaşayış sahəsi Azərbaycan Notariat Palatasına icarəyə verildiyi, Palatanın həmin qeyri-yaşayış sahəsindən istifadə etmək hüququnun olduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarınlarına əsasən həmin qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiyinə görə və bu barədə hazırkı iş üzrə iddiaçıya vaxtında məlumat verildiyinə görə, tərəflər arasında bağlanılmış müqavilənin 10.1-ci maddəsinə uyğun olaraq, həmin müddətlərə görə icarə haqqı tutulmamalı, həmçinin 3.403,72 manat artıq ödəniş İddiaçı MMC-dən tutularaq, Azərbaycan Notariat Palatasına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Notariat Palatasının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Daha sonra ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilməməsi və əsassız iddia qaldırıldığına görə Azərbaycan Notariat Palatasından 5.000 manat məbləğində pulun dövlətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ilk növbədə, cavabdehin öhdəliklərini icra etməməsi azmış kimi, üstəlik ona verilmiş prosessual hüquqlardan sui-istifadə edərək onlara qarşılıqlı iddia ərizəsi ilə müraciət edir. Ona görə də, hesab edir ki, Palata Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən cərimələnməlidir. Qarşılıqlı iddia ərizəsində qeyd edilir ki, pretenziya müraciətlərinə cavab verilib, lakin eyni zamanda da Poçt Xidmətinin aktı əlavə olunmuş və aktda məktubun Notariat Palatasına geri qaytarılması göstərilmişdir. İlk öncə qeyd edir ki, cavabdehin iddialarına etirazı və qarşılıqlı iddiası tərəflər arasında imzalanmış müqavilənin 10.2 və 10.3-cü maddəsinə ziddir. Cavabdeh qarşılıqlı iddia ərizəsində tərəflər arasında imzalanmış müqavilənin 10-cu bəndinə istinad edir və karantin rejiminə görə müqavilə üzrə öhdəliklərdən azad olduğunu bildirir. Lakin müqavilənin 10.2-ci bəndində göstərildiyi kimi cavabdeh tərəfindən fors-major hallar barədə iddiaçıya yazılı bildiriş göndərilməmişdir. Cavabdeh elektron kabinetə yazılı müraciətlərini əlavə etsə də, həmin müraciətlərin İddiaçı MMC-yə çatdırılması barədə poçt qəbzlərini və ya hər hansı başqa sübutu əlavə etməmişdir. Elektron kabinetə yalnız Şahin Yusifov adlı şəxslə bir e-mail yazışması əlavə olunub. Belə bir sual meydana çıxır - Şahin Yusifov kimdir? İddiaçı MMC ilə nə əlaqəsi var? İddiaçı MMC-də Şahin Yusifov adlı işçi olmayıb, əgər belə bir işçi olsa da onun İddiaçı MMC-nin adından səlahiyyət vermək qərarı yoxdur. Əgər belə bir işçi varsa ona məktubun çatdırılması İddiaçı MMC-yə məktubun çatdırılması hesab olunurmu? Müqaviləyə nəzər saldıqda: müqavilənin rekvizitlər bölməsində bir ünvan var: Bakı şəhəri Xətai rayonu 25H Nobel prospekti. Cavabdeh iddiaçıya bildirişi ya müqavilədəki ünvana, ya da iddiaçının hüquqi ünvanına göndərməli idi. Belə bir yazılı bildirişi iddiaçı almamışdır. Cavabdeh özü də qarşılıqlı iddia ərizəsində iddiaçının yazılı münasibət bildirməyini qeyd etmişdir. Ona görə də, cavabdehin fors-major hallara istinad etməsi tərəflər arasında imzalanmış icarə müqaviləsinin 10.2-ci bəndinə əsasən əsassız və qanunsuzdur. Müqavilənin 10.3-cü bəndinə əsasən fors-major halların mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir. Həmçinin fors-major halların mövcudluğunu sübut etmək vəzifəsi də, Palatanın üzərinə düşür. Müqavilənin məhz bu bəndlərini əsas gətirərək bildirirlər ki, cavabdeh icarə haqqının ödənilməsi öhdəliyindən azad edilə bilməz. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı MMC-nin "xxxx" MMC ilə olan məhkəmə qətnamələrinə istinad edir və öz qarşılıqlı iddia ərizəsini əsaslandırmağa çalışır. Qeyd edirlər ki, həmin işin aşağıdakılara əsasən hazırkı işə heç bir aidiyyatı yoxdur: Tərəflər arasında, yəni İddiaçı MMC ilə "xxxx" MMC arasında və İddiaçı MMC ilə Azərbaycan Notariat Palatası arasında olan münasibətlər ayrı-ayrı müqavilələrlə tənzimlənir. Bir müqavilənin digərindən hər hansı bir asılılığı və əlaqəsi yoxdur. Hazırkı iş üzrə olan tərəflərin münasibətlərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 387.3-cü maddəsinin tələblərinə əsasən İddiaçı MMC ilə Azərbaycan Notariat Palatası arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə tənzimləyir. Həmin müqavilənin şərtlərinə görə də yuxarıda qeyd etdiklərinə əsasən cavabdeh icarə haqqını ödəməkdən azad edilə bilməz. Həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnamələri hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, Palata həmin iş üzrə tərəf kimi iştirak etməyib və işə cəlb edilməyib. Preyudisiallığın təmin edilməsi üçün Azərbaycan Respublkası MPM-nin 82.3-cü maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən ilk növbədə preyudisiallığın obyektiv və subyektiv həddi mövcud olmalıdır. 1-ci bənddə əsaslandırdılar ki, obyektiv hədd mövcud deyil, ayrı-ayrı müqavilələrdir. Subyektiv həddin də mövcud olmadığını. Palatanın həmin iş üzrə cəlb edilmədiyinin, tərəf olmadığının şahidi olurlar. Əgər həmin qətnamələrə istinad etsələr belə, iddiaları təmin olunmalıdır. Qətnamələrdən müəyyən olunur ki, məhkəmələr iddiaçını icarə haqqından azad etməyib. O zaman belə bir sual meydana çıxır - əgər icarə sahəsindən faktiki istifadəni Palata həyata keçiribsə və İddiaçı MMC icarə haqqından azad edilməyibsə, Palata hansı əsasla, hansı qanuna və ədalətə uyğun olaraq icarə haqqından azad edilməlidir? Bəs tərəflərin bərabərliyi, müqavilələr azadlığı prinsipi? Ədalət mühakiməsi ifadəsinin birinci sözü olan ədalət məhfumu? Ümid edirlər ki, məhkəmə bu məsələyə öz ədalətli mövqeyini bildirəcək. Ərizədə həmçinin qeyd olunur ki, ofisdən istifadə edilməyən dövrlər üçün İddiaçı MMC tərəfindən Palataya elektron qaimələr də göndərilməmişdir. Müqavilənin 5.5-ci bəndinə əsasən icarə haqqı barədə hesab-fakturanın təqdim edilməməsi icarə haqqını ödəmək öhdəliyindən azad etmir. Cavabdeh qeyd edir ki, tərəflər arasında icarə haqqının ödənilməməsi barədə razılaşmanın nəticəsidir ki, hazırkı iddia 2 ildən sonra qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddənin tələblərinə əsasən 3 il ərzində məhkəməyə müraciət edə bilərlər. Müddətin gec və ya tez olması tərəflər arasında olan razılaşmaya dəlalət etmir. Belə ki, tərəflər arasında imzalanan müqavilənin 12.4-cü bəndinə əsasən müqaviləyə hər hansı əlavə və dəyişikliklər yazılı şəkildə tərtib edildiyi və hər iki tərəfdən imzalandığı təqdirdə hüquqi qüvvəyə malikdir. Göründüyü kimi, cavabdeh tərəflər arasındakı razılaşma ilə bağlı müqavilənin 12.4-cü bəndində nəzərdə tutulmuş yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, cavabdehin qeyd elədikləri formal mülahizələrdən başqa bir şey deyil. Qarşılıqlı iddia ərizəsində ödənilməmiş icarə haqqının düzgün hesablanmadığı qeyd olunub. Bununla bağlı aşağıdakı cədvəli nəzərə çatdırırlar: ƏDV daxil ödənilib. 2020-ci il fevral ayı – 1.589,83 manat; mart ayı – 4.191,36 manat, iyun ayı – 3.478,83 manat, sentyabr ayı – 2.375,10 manat, oktyabr ayı – 4.191,36 manat, noyabr ayı – 3.476,28 manat. Ödənilməyən aylar və ƏDV daxil məbləğlər. Aprel ayı – 4.191,36 manat, may ayı – 4.191,36 manat, iyun ayından 712,53 manat, iyul ayı – 4.191,36 manat, avqust ayı – 4.191,36 manat, sentyabr ayından 1.245,36 manat, noyabr ayından 715,08 manat. Cəmi ödənilməli məbləğ 19.438,41 manat. Hesab edir ki, cavabdehin qarşılıqlı iddia ərizəsi hüquqdan sui-istifadədir və açıq-aşkar əsassız, qanunsuz və ədalətsizdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiklərini sübut edə bilməmiş və iddia tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Daha sonra, ilk iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Notariat Palatasından xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 19.438,41 manat əsas borc məbləğinin və mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2782/2022 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Azərbaycan Notariat Palatasından ƏDV daxil 19.438,41 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, Azərbaycan Notariat Palatasının İddiaçı MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-71/2023 saylı qərardadı ilə cavabdeh Azərbaycan Notariat Palatasının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-2782/2022 saylı qətnaməsi ləğv edilmiş, işin aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddialar əsassız olduqlarından təmin edilə bilməzlər. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli 3M-37 reyestr saylı icarə müqaviləsindən görünür ki, Bakı şəhəri 36 saylı notariat kontorunda icarəyə verən İddiaçı MMC ilə icarəçi Azərbaycan Notariat Palatası arasında icarə müqaviləsi bağlanmışdır. - Həmin icarə müqaviləsinin 1.1-ci bəndinə görə, bu Müqaviləyə əsasən İcarəyə verən Bakı şəhəri Xətai rayonu 25E Nobel prospektində yerləşən binanın (bundan sonra – «Bina») üçüncü mərtəbəsində ümumi sahəsi 164 (bir yüz altmış dörd) m2 olan və binanın mərtəbə planında göstərilən (Əlavə 1) qeyri-yaşayış sahəsini (bundan sonra – «İcarə obyekti») İcarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə İcarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu Müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən ümumi icarə sahəsinin 111 m2 faydalı sahədir, qalan 53 m2 isə köməkçi sahə kimi sayılır. - Müqavilənin 4.1-ci bəndinə görə bu müqavilə üzrə icarə müddəti 1 il müddətinə 19 fevral 2020-ci ildən 19 fevral 2021-ci ilə qədər müəyyən edilir. - Müqavilənin 5.1-ci bəndinə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği 42.624 manat təşkil edir (ƏDV daxil olmamaq şərtilə). Bu məbləğ icarə obyektindən istifadəyə görə 27.866 manat icarə haqdan və müqavilənin 5.6-cı bəndində göstərilən xidmətlərə görə 14.758 manat xərcdən ibarətdir. Yeraltı parkinq mərtəbəsində icarəçinin 1 avtomobili üçün müəyyən edilmiş parkinq yerinin icarə haqqısı da həmin məbləğə daxildir (Əlavə 2). - Müqavilənin 6.3.2-ci bəndinə görə icarə haqqını, o cümlədən ..... vaxtında və tam həcmdə ödəmək icarəçinin vəzifəsidir. - Müqavilənin 10.1-ci bəndinə əsasən tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. - Müqavilənin 10.2-ci bəndinə əsasən bu müqavilənin 10.1-ci bəndində göstərilmiş hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan tərəf bu hallar barədə digər tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır. - Müqavilənin 10.3-cü bəndinə əsasən fors-major halların mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir. - Müqavilənin 10.4-cü bəndinə əsasən fors-major halların mövcudluğunu sübut etmək vəzifəsi həmin halların baş verməsi səbəbindən öz öhdəliklərini icra etməmiş tərəflərin üzərinə düşür. - Müqavilənin 12.4-cü bəndinə görə bu müqaviləyə hər hansı əlavə və/və ya dəyişikliklər yazılı şəkildə tərtib edildiyi və hər iki tərəfdən imzalandığı təqdirdə hüquqi qüvvəyə malikdir. - Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən cəmi 19.440,44 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 494699 saylı; xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 400661 saylı; xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 498351 saylı; xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 617551 saylı; xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 846940 saylı; xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 846864 saylı; xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 429134 saylı; xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 429125 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Azərbaycan Notariat Palatasına göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, və xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqları ilə təsdiq edilir ki, ümumilikdə 18.093,13 manat məbləğində pul vəsaiti Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. - xx.xx.2020-ci il tarixli 16 nömrəli məktubdan görünür ki, Azərbaycan Notariat Palatası (Elektron ünvan 1) İddiaçı MMC-yə (mailto:shahin.yusifov@novatek.azElektron ünvan 2) müraciət edərək, Respublikada karantin müddətinin tətbiqi və qeyri-iş günlərinin başlanılmasından, yəni xx.xx.2020-ci il tarixdən tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişlər. - xx.xx.2020-ci il tarixli 26 nömrəli məktubdan görünür ki, Azərbaycan Notariat Palatası (Elektron ünvan 1) İddiaçı MMC-yə (mailto:shahin.yusifov@novatek.azElektron ünvan 2) müraciət edərək, Respublikada sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə bağlı tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişlər. - xx.xx.2020-ci il tarixli 39 nömrəli məktubdan görünür ki, Azərbaycan Notariat Palatası (Elektron ünvan 1) İddiaçı MMC-yə (mailto:shahin.yusifov@novatek.azElektron ünvan 2) xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə müraciət edərək, Respublikada sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə bağlı tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada sərtləşdirilmiş karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişlər. - İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasına ünvanlanmış 15 aprel 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Azərbaycan Notariat Palatasından borc məbləğinin tərəflərindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Hər iki tərəfin istinad etdiyi müqavilə icarəyə verən və icarəçi tərəfdən imzalanmış, üzərinə tərəflərin möhürü vurulmuş və notarial qaydada təsdiq edilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və ilk iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Hazırda ilk iddia üzrə İddiaçı MMC cavabdeh Azərbaycan Notariat Palatasından xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranması qeyd olunan icarə haqqı borcunun tutulmasını tələb edir. Qarşılıqlı iddiaçı Azərbaycan Notariat Palatası İddiaçı MMC ilə bağlanmış icarə müqaviləsi üzrə icarə haqqının bütün təqvim ayını əhatə edən dövr üzrə ödənilsə də, həmin dövr üzrə işlədikləri faktiki iş günlərinin sayı az olduğu üçüq artıq ödənilmiş pul vəsaitinin onlara qaytarılmalı olmasını iddia edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 2020-ci ilin koronavirus pandemiyası ilə əlaqədar gücləndirilmiş karantin rejiminin tətbiq edildiyi aylar üçün icarə haqqının ödənilməli olub-olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci ilin 21 iyun saat 00:00-dan 05 avqust 2020-ci il saat 00:00-dək ölkə ərazisində tətbiq edilmiş karantin rejimi sərtləşdirilmiş, bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılmışdır. Mübahisəli hüquq münasibətlərində icarəçi olan ilkin cavabdeh, qarşılıqlı iddiaçı mübahisəli aylar üçün icarə haqqının ödənilməməli olması barədə dəlillərini iki fərqli halla əsaslandırmışdır.

1. Pandemiya ilə əlaqədar gücləndirilmiş karantin rejiminin tətbiq edilməsinin tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndində nəzərdə tutulmuş forsmajor hal olması və həmin halla bağlı icarəyə verənə müqavilədə nəzərdə tutulmuş müddətdə məlumat verilməsi. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, “fors-major” anlayışı Mülki Məcəllədə verilməsə də, mülki hüquq nəzəriyyəsinə əsasən fors-major dedikdə müqavilə öhdəliklərinin icra edilməsinin qeyri-mümkünlüyünə səbəb olan qarşısıalınmaz qüvvə başa düşülür. Fors-major halların baş verməsi tərəfləri həmin halla əlaqədar öhdəliklərinin icra edilməməsinə görə məsuliyyətdən azad edir, eləcə də fors-major halın davam etdiyi müddətdə öhdəliyinin icra edilməsinə möhlət verilməsi üçün əsas verir. Mülki Məcəllədə qarşısıalınmaz qüvvə ilə bağlı öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad edilməsini nəzərdə tutan 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndi fors-major hallarla bağlıdır. Həmin bəndə görə tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Hamıya bəlli olan haldır ki, Koronavirus infeksiyası (Covid-19) dünya ölkələri arasında sürətlə yayılmağa davam etdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış və bir sıra qərarlar qəbul edilmişdir. Belə ki, təhsil ocaqlarında təhsil dayandırılmış, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bir sıra sosial izolyasiya tədbirləri tətbiq edilmiş, daha sonra, Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna giriş məhdudlaşdırılmışdır. Tətbiq olunan məhdudiyyətlər nəticəsində iqtisadiyyata mənfi təsirlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilmişdir. İş yerlərində əmək fəaliyyəti böyük ölçüdə dayandırılmışdır, müvafiq kompensasiyalar təyin olunmuşdur. Daha sonra tətbiq edilən məhdudiyyətlər ölkə ərazisində hər şəxsə təsir etmişdir və hamının mövcud vəziyyətdən nəinki xəbəri olmuş, vətəndaşlar, fiziki və hüquqi şəxslər, sahibkarlar, qurumlar Pandemiya ilə bağlı xəbərləri diqqətlə izləmişlər. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Yuxarıda qeyd olunduğu kimi, Dünyada, eləcə də Azərbaycan Respublikasında Koronavirus infeksiyası (Covid-19) ilə əlaqədar yaranmış vəziyyət hamıya bəlli olan haldır, elə hüquqi və fiziki şəxs yoxdur ki, tətbiq olunan məhdudiyyətlər onlara toxunmasın. İş materiallarına əlavə olunmuş İddiaçı MMC-nin mail ünvanına yazışmalarla bağlı sənədlərdən görünür ki, Azərbaycan Notariat Palatası daşınmaz əmlakı icarəyə götürdüyü İddiaçı MMC-yə yaranmış fors-major halla bağlı məlumat vermişdir. Elektron ünvan 2 və Elektron ünvan 3 mail ünvanlarına tətbiq olunmuş karantinlə bağlı məktublar ünvanlanmış, cavablar alınmışdır. Göründüyü kimi, Dünya və Ölkə miqyasında tüğyan edən Koronavirus infeksiyası (Covid-19) ilə əlaqədar fors-major vəziyyət ilk iddia üzrə iddiaçıya məlum olmuş, eləcə də, bununla bağlı ilk iddia üzrə cavabdehin işində yaranmış durğunluq ilk iddia üzrə iddiaçı tərəfin nəzərinə çatdırılmışdır. Bu barədə məlumat, bilgi, ilk iddia üzrə iddiaçıya bildirilməsə idi belə, ilk iddia üzrə iddiaçının yaranmış fors-major vəziyyətdən məlumatı vardı. İlk iddia üzrə cavabdeh ondan icarə haqqı ödənişi tələb olunan dövr ərzində yaranmış fors-major halla bağlı fəaliyyət göstərməmişdir. Məhkəmə ölkə ərazisində həmin dövrdə sərt karantin rejiminin tətbiq edildiyini, tərəflərin Azərbaycan Notariat Palatasının faəliyyətinə Nazirlər Kabinetinin həmin Qərarına əsasən icazə verilmədiyini, adıçəkilən Qərarda göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə müstəsna hallarda yol verildiyini, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 10.1-ci bəndində tərəflərin onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra ... dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığının göstərilməsini, həmin hal nəticəsində cavabdehin öhdəliklərini icra edə bilməyəcəyi barədə müqavilənin 10.2-ci bəndinə əsasən 10 (gün) müddətində, iddiaçıya yazılı bildiriş göndərdiyini, beləliklə bu hissədə öz öhdəliyini icra etdiyini nəzərə alaraq belə hesab edir ki, ilk iddia üzrə iddiaçının ilk iddia üzrə cavabdehdən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranması iddia edilən icarə haqqı borcu qismində vəsait tələb etməsi üçün əsaslar yoxdur. Ona görə də, ilk iddia təmin edilə bilməz. Qarşılıqlı iddiaya münasibətdə mğəhkəmə qeyd edir ki, qarşılıqlı iddia da əsassız olduğundan təmin edilə bilməz. Əvvəla ona görə ki, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Notariat Palatası qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (tam şəkildə icarə haqqı ödənilən ay, aylar, dövr ərzində bəzi günlərdə faktiki fəaliyyət göstərməməsinə) dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İkinci bir tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Notariat Palatası belə bir hal mövcud olsa idi, artıq ödənilməsini iddia etdiyi vəsaitin qaytarılması üçün məhkəmədə ona qarşı ilk iddianın qaldırılmasını gözləməz, əgər hüquqları pozulsa idi, icarəyə verənə, daha sonra mediasiya təşkilatına, ən nəhayət məhkəməyə müraciət edərdi. Üçüncüsü, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Notariat Palatası tam təqvim ayı üzrə ödəniş etdiyi dövrlərdə faktiki fəaliyyət göstərmədiyini qeyd etdiyi günlər barədə ilk iddia üzrə iddiaçıya öncədən məlumat verməmişdir. Bununla da, ilk iddia üzrə iddiaçını icarəyə verilmiş daşınmaz əmlakın həmin günlərdə faktiki istifadə edilib-edilməməsini yoxlamaq imkanından məhrum etmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Notariat Palatasına qarşı «xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair ilk iddiası; Azərbaycan Notariat Palatasının İddiaçı MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Məhkəmə xərcləri (dövlət rüsumu, mediasiya xərci) tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı MMC-nin cavabdeh Azərbaycan Notariat Palatasına qarşı «xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair ilk iddiası; Azərbaycan Notariat Palatasının İddiaçı MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə xərcləri (dövlət rüsumu, mediasiya xərci) tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar