Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1563/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların qeydiyyatda olduqları ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh ilə el adəti ilə 1997ci ildə ailə qurmuşdur və 1998-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədqulizadə küçəsi, ev 188a ünanına pasport qeydiyyatına düşməklə nikahları pozulana kimi həmin evdə uşaqları ilə birlikdə yaşamışlar. Nikahı sonra rəsmiləşdirmişlər. Birgə nikahdan iki övladları doğulub. Ailə münasibətləri pozulduğu üçün onların nikahı Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə 2017-ci il tarixdə pozulmuş və uşaqlar onun yanında saxlanılmış, aliment qət edilmişdir. Hazırda uşaqlar yetkinlik yaşına çatmışdırlar. Nikah pozulduqdan sonra uşaqlar və onun yaşamağa qeydiyyatda olub yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 188a-dan başqa yaşayış yeri yoxdur. Lakin cavabdeh ona və uşaqlara orada yaşamağa heç vaxt imkan verməyib. O, heç yerdə işləmədiyi üçün kirayə ev tutub qalmağa da maddi cəhətdən imkanı çatmır və hazırda onun cehizləri həmin qeydiyyatda olduğu ünvandadır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları: Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 22 nömrəli, xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvana dair MKİS-də olan sənədlərə əsasən sözügedən mənzil özbaşına tikilidir, həmin mənzil özbaşına tikili olduğu üçün MKİS-də heç bir rəsmi sənəd mövcud deyildir. Məlumat üçün bildirilmişdir ki, həmin ünvanda adları göstərilənlər qeydiyyatdadırlar: Cavabdeh, X1, X2, İddiaçı1, X3, X4, X5, X6, İddiaçı2. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qüvvədən düşmüş Mənzil Məcələsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə,irəli sürülmüş iddia tələbini, iş materiallarında olan sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı1 iş üzrə Cavabdeh ilə birgə nikaha daxil olaraq 1998-ci ildən etibarən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə köçərək yaşamışdır. İddiaçı1 Cavabdeh ilə birgə nikahından olan övladı hazırki iş üzrə İddiaçı2 da digər ailə üzvləri birlikdə mübahisəli yaşayış sahəsində yaşamışlar. Lakin İddiaçı1 ilə Cavabdeh arasında olan nikaha 2017-ci ildə xitam verildikdən sonra İddiaçı1 digər İddiaçı2 ilə birlikdə mübahisəli yaşayış sahəsini tərk edərək başqa yaşayış sahəsindən istifadə etməyə başlamışlar. Qeyd edilən ünvanda yerləşən yaşayış sahəsi özbaşına tikili olmaqla həmin əmlak üzərində bu və ya digər şəxsin hüquqları təsbit edilməmişdir. Hazırda iddiaçılar onların pasport qeydiyyatında olduqları və 2017-ci ildən tərk etdikləri yaşayış sahəsinə köçürülmələrinə dair iddia tələbi irəli sürmüşlər. Məhkəmə vurğulayır ki, iddiaçıların hazırda yaşamağa başqa yerlərinin olmamasına, cavabdehin onların həmin ünvanda yaşamalarına heç vaxt imkan verməməsinə, heç bir yerdə işləmədiyi üçün kirayə ev tutub yaşamağa maddi cəhətdən imkanı çatmamasına, hazırda onun cehizlərinin həmin qeydiyyatda olmasına dair irəli sürdüyü dəlillər öz təsdqini tapmamışdır. Göründüyü kimi iddiaçılar ötən 7 il ərzində həmin mənzilin onların yeganə yaşayış sahəsi olmasına dair tələb irəli sürməmiş, həmçinin məhkəmə iclasında verdikləri izahatında əmək fəaliyyəti ilə məşğul olduqlarını bildirmişlər. Habelə şəxsin cehiz əşyalarının tərk etdiyi ünvanda saxlanması belə ona kifayət qədər uzun müddətdən sonra həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi qənaətinə gəlmək üçün əsas sayıla bilməz. Məhkəmə iş üzrə İddiaçı1 pasport qeydiyyatında olduğu və özbaşına tikili statusunda olan yaşayış sahəsini 2017-ci il tarixdən tərk edərək başqa yaşayış sahəsində yaşamasını nəzərə alaraq hesab edir ki, ötən 7 il müddət ərzində iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinin yaşayış sahəsinə olan ehtiyaclarını təmin edərək mübahisəli ünvanda yerləşən yaşayış sahəsindən özlərinin yaşayış yeri ehtiyaclarını təmin etmək zərurəti aradan qalxdığından hazırda iddiaçıların mübahisəli ünvanda yerləşən yaşayış sahəsinə köçürülmə barədə tələbləri əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1563/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1563/2024
14.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver