Məhkəmə qərarları › İş №2(006)-1566/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1566/2023

17.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1566/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X5, cavabdehlərin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339A saylı evin 3-cü mərtəbəsinə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339A saylı ev özbaşına tikilidir. Birinci və ikinci mərtəbəni iddiaçının qaynanası Cavabdeh2 və qaynatası Cavabdeh1 inşa etmişdirlər. Rasif Feyziyev və o 2007-ci ildə ailə həyalı qurmuşlar, bu nikahdan 3 uşaqları doğulmuşdur. Nikah dövründə o və həyat yoldaşı Rasif Feyziyev əvvəlcə Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3, mənzil 38 ünvanında yaşamışlar. 2007-ci ildən 2014-cü ilə kimi fasilələrlə Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 339A saylı evdə yaşamışlar. Həmin müddətdə paralel olaraq Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 339A saylı evin 3-cü mərtəbəsini həyat yoldaşı ilə birgə inşa etmişdirlər. 2013-cü ildə uşaqları doğulduqdan sonra, 2014-cü ildə həyat yoldaşı qazanc əldə elmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Həmin tarixdən sonra İddiaçı uşaqlar ilə birlikdə Nəsimi rayonu, 3-cü Alalava küçəsi, 339A saylı evin 3-cü mərtəbəsinə köçmüşdülər. 3-cü mərtəbədə olan bütün əşyalar onlara məxsusdur. 2016-cı ilin sentyabr ayına kimi orda yaşamışlar. 2016-cı ildə qaynanası ilə olan münasibətləri pozulmuşdur. Həmin tarixdən uşaqları ilə birlikdə Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3, mənzil 38 ünvanında yaşamağa davam etmişlər. Hazırda isə məhkəmə qətnaməsi ilə onun uşaqları ilə birgə yaşadıqları Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3, mənzil 38 ünvanından çıxarılması qət edilmişdir. Himayəsində 3 azyaşlı uşaq var və onlardan biri Adəm Feyziyev daun sindromu xəstəsidir. Digər mənzillə bağlı məhkəmə mübahisələri davam edərkən dəfələrlə məhkəmə iclaslarında şifahi şəkildə və 2 dəfə ayrıayrı kassasiya şikayətlərində yazılı olaraq qeyd etmişdilər ki, “ünvan 2 ünvanından çıxarılarkən evsiz qalmayacaqlar, 2007-2016-cı illərdə Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339 saylı evdə yaşayıblar və yaşamaq üçün hər cür şərait var. İddiaçı uşaqları ilə birgə əvvəllər yaşadıqları Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339A saylı evə köçüb yaşayacaqlar." Lakin faktiki olaraq öz hesablarına tikilmiş və əvvəllər yaşadıqları həmin evə onu və uşaqlarını buraxmırlar. Ona görə də, o, məcburiyyət qarşısında mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi X13 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdilər Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək bildirmişdir ki, göstərilən evin su, işıq, qaz, və telefonu həyat yoldaşı Cavabdeh2 Eyyub qızının adınadır. Bu səbəbdən də iddiaçının evə köçürmə tələbinin Cavabdeh1 qarşı verməsi əsassızdır. İddiaçı Binəqədi Rayon Məhkəməsinin 2(001)-530/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətində bildirmişdir ki, “o, xx.xx.2007- ci il tarixində mübahisəli mənzildə, yəni Bakı şəhəri, Binəqədi rayonu, 8- ci mikrorayon, S.S. Axundov küçəsi, ev 3, mənzil 38- də yaşayan X9 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Şadlıq evindən bir-başa mübahisəli mənzilə (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 3, mənzil 38) köçmüş və bu günə qədər də faktiki olaraq uşaqları ilə birlikdə həmin mənzildə yaşamışlar.” Göründüyü kimi iddiaçı özü və uşaqlarının Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 3, mənzil 38- də yaşadıqlarını və həmin mənzilə istifadə hüquqlarının yarandıqlarını göstərmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin rədd edilməsini xahiş etmişdilər. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, rədd edilməlidir. Belə ki, mülki iş materillarında olan: Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, AZ-l seriyalı 299326 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 386 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Feyziyev, arvada Feyziyeva soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı 276639 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X14, ana qrafasında isə İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 614 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı 276640 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X14, ana qrafasında isə İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 615 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı 378990 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X14, ana qrafasında isə İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 3473 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan elektron daşıyıcıdakı səs yazısınından məlum olur ki, Marif adlı şəxs mübahisəli mənzilin 3-cü mərtəbəsini Rasif (iddiaçının əri) tərəfindən tikildiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4748/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 3 saylı evin 38 saylı mənzilnə istifadə hüququnun tanınması qət edilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı Feyziyeva X2 (Feyziyev) Rasif Arif oğlu ilə xx.xx.2007-ci il tarixdə ailə quraraq, ünvan 4 ünvanına gəlin köçmüş, birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X12, xx.xx.2013-cü il tarixdə ekiz uşaqları X6 və X1 uşaqları anadan olmuşdur. Mübahisələndilən Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339 saylı ev özbaşına tikilidir. Hazırda iddiaçı Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339 saylı evin üçüncü mərtəbəsinin həyat yoldaşının vəsaiti hesabına inşa edildiyini bildirərək, həmin mənzilə köçürülməsini xahiş etmişdir. Məhkəmə iddiaçının mənzilə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinin əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyiniştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Qeyd edilən Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikahkontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin qanuni əsası tapılmadığından, eləcə də tələbin faktiki əsası analoji münasibətləri tənzimləyən hüquq normalarının da şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarına uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının yaxud onunla rəsmi nikahda olan Feyziyev Rasimin hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı həmin evin 3-cü mərtəbəsinin inşa olunmasında əri Feyziyev Rasimin də iştirak etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə işdən, o cümlədən məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli ev (özbaşına tikili) tərəflər nikaha girməmişdən əvvəl cavabdehlər tərəfindən inşa edilmişdir. İddiaçı isə Feyziyev Rasim ilə nikaha girərək ünvan 4 ünvanına gəlin köçmüşdür. Hazırki mübahisəli evin tikintisi yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı əri ilə birgə yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev özbaşına tikili olmaqla, cavabdehlər tərəfindən inşa edilmişdir. Ona görə mübahisəli tikiliyə iddiaçının qayınatası və qaynanasının gözlənilən hüququ var. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Zaman-zaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi rejimdə olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin, həmin tikiliyə çəkilən xərclərin tikintini aparan şəxsə məxsus olması və ondan bəhrələnmək hüququnun da məhz həmin şəxsə məxsus olması istisna deyil. Mübahisəli evin inşasına çəkilən vəsait cavabdehlərin vəsaiti olmuşdursa, iddiaçının ondan bəhrələnmək hüququ vəsaitin sahibinin (sahiblərinin) icazəsi ilə baş tuta bilər. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron daşıyıcıdakı səs yazısı möbtəbər sübut kimi qəbul edilə bilməz. İddia tələbini üçüncü bir şəxs tərəfindən bu formada etiraf edilməsi heç də iddianın əsaslı olduğuna dəlalət etmir. Belə ki, qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3). Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır ». Məhkəmə qeyd edir ki, səs yazısında iddiaçı ilə başqa bir şəxsin (iddiaçının qaynının) danışığı əks olunmuş, lakin qarşı tərəf danışıq əsnasında səsinin yazılmasından xəbərsiz olmuş və iddiaçı sonda danışıqları qeydə aldığını qarşı tərəfə bildirmişdir. Bu halda isə əldə edilmiş səs yazısı qanuna zidd əldə edilmiş olmaqla Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin təsir dairəsnə düşür. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar