Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1578/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi – Mütəllimzadə Seymur Sabir oğlunun iştirakı ilə, İddiaçı Keytiyev Məmməd Şəmil oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqının alınması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Keytiyev Məmməd Şəmil oğlu cavabdeh "xxxx" ASC-nin Gəncə filialına qarşı «əmək haqqının alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının göstərilən tarixdən bu günə qədər ala bilmədiyi 3 aylıq əmək haqqının 1000 manatın "xxxx" ASC-nin Gəncə filialı tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin Gəncə filialı əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir. İddiaçı Keytiyev Məmməd Şəmil oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, 06.07 2022-ci il tarixdə, saat 17:30 radələrində müştərisi olduğu Beynəlxalq Bank ASC əmək haqqı kartı (**********713297) vasitəsi ilə 3 aylıq əmək haqqını 1093 manat almaq üçün bankın Ş.İ.Xətai prospektində yerləşən bankomatına yaxınlaşmışdır. Kartı bankomata daxil etdikdə ekranda balans göstərilmədi və pul çıxmadı, kartı bankomat qaytardı. 1-2 saniyə gözlədi və bankomatda pul olmadığını düşündü. Həmin vaxt yanında və yaxınlıqda heç kim yox idi. Ordan uzaqlaşıb, həmin prospektdəki digər bankomata getdi. Digər bankomata getməyi 8-10 dəqiqə çəkərdi. Kartı bankomata daxil etdikdə balansında 93 manat olduğunu gördü. 1-ci bankomata daxil edərkən 1000 manat yığmışdı. Belə anlaşılır ki, bankomatı lazımi qədər gözləməmiş, pul çıxıb, yenidən bankomata qayıdıb və ya ordan keçən kimsə tərəfındən götürülüb. Odur ki, iş vaxtı bitdiyindən xx.xx.2022-ci il tarixində Ş.İ.Xətai prospektində yerləşən bankın şöbəsinə müraciət etdi. Bankın əməkdaşı ona bildirdi kı, bu məsələ 10-15 iş günü müddətdə araşdırılıb ona məlumat veriləcək. 15 gündən sonra ona heç bir məlumat verilmədi. Ona görə DİN-nin „102” qaynar xətt xidmətinə məlumat verdi. Sabahsı gün Gəncə şəhəri 2-ci Polis bölməsinin əməkdaşları, onu idarəyə dəvət etdilər. Hətta onunla birlikdə Gəncədə Beynəlxalq Bankın baş ofısinə getdilər. Bankdan ona çıxarış verildi, polisin iştirakı ilə məhkəmə qətnaməsi əsasında araşdırma başladıldı. Bir müddət sonra polis onu dəvət edib bildirdi ki, polisin nəzarətində olan kameralara baxış zamanı pulun həmin vaxt kənar şəxs tərəfindən götürülməsi müəyyən edilməmişdir. Hətta ona kamera diskini də göstərdilər. O vaxtdan bu günə qədər nə bank, nə də polis tərəfindən ona yazılı cavab verilməmiş, pul tapılıb ödənilməmışdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş CD diskdə iddiaçıya məxsus olan 4277-4598-4041-3297 kartdan 06 iyul 2022-ci il tarixində Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 84 (“Xanımın dükanı” marketi) ünvanından yerləşən 613 nömrəli ATM-dən (bankomatdan) nağdlaşdırma zamanı aparılan fotogörüntülər öz əksini tapıb. Bu görüntülərə baxdıqda faktlar bəlli olur ki, 06 iyul 2022-ci il tarixdə kart ATM-ə daxil edilib 17:22:56-da, , PİN kod daxil edilib 17:23:10-da, PİN kod yenidən daxil edilib 17:23:42-də, kart ATM-dən götürüldü 17:24:13-də, ATM pulları hesabladı 17:24:21-də, ATM pulları təqdim etdi 17:24:25-də, pullar ATM-dən götürüldü 17:24:59-da. Cavabdeh tərəfindən sübut qismində təqdim edilən elə həmin diskdə yer alan müvafiq avtomatlaşdırılmış bankdaxili əməliyyat sistemindən (Teleskop proqram təminatı) həmçinin müvafiq fotogörüntülərdən bəlli olur ki, müştərinin ATM-dən pul sifarişi 1000 AZN olmuş və ATM bu sifarişi təmin edərək təqdim etmişdir. Yəni müvafiq ATM tam saz vəziyyətdə olmuşdur. İddiaçının irəli sürdüyü “ATM tərəfindən pulların geri çəkilməsi” və “ATM-in pulları təqdim etməməsi” iddiaları isə tamamilə əsassızdır. Cavabdeh tərəfindən müştərinin bu problemi ilə bağlı atdığı addımlar barədə isə qeyd etmək lazımdır ki, iş materiallarına baxdıqda (ABB tərəfindən sübut kimi təqdim edilən sənədlərə) bəlli olur ki, bu məsələ ilə bağlı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(115)-105/2022 nömrəli qərarı xx.xx.2022-ci il tarixində ABB-yə daxil olmuş və ABB tərəfindən bu məhkəmə qərarı xx.xx.2022-ci il tarixli 41-14891/2022 nömrəli məktubla icra edilərək müvafıq fotogörüntülər (CD diskdə) və məlumatlar məhkəməyə təqdim edilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində ABB-yə müraciət edilmiş və bu müraciətə də ABB tərəfindən xx.xx.2022-ci il tarixli 23-19011/2022 nömrəli məktubla cavab verilmişdir. Həm Gəncə Şəhər Məhkəməsinə həm də iddiaçının özünə verilən məlumatlardan bəlli olur ki, müvafiq kartdan vəsait uğurla məxaric edilmişdir. Bu o deməkdir ki, hazırki məsələ ilə bağlı ABB tərəfindən iddiaçının heç bir hüquqları pozulmamışdır. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçı Keytiyev Məmməd Şəmil oğlu iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Mütəllimzad Seymur Sabir oğlu iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 84 (“Xanımın dükanı” marketi) ünvanından yerləşən "ATM RİM Gəncə Aliminium"dan iddiaçının hesabından 1000 manat məbləğində pul vəsaiti məxaric edilmişdir. Fotogörüntülərdən müəyyən olunur ki, 06 iyul 2022-ci il tarixdə saat 17:22:56-da kart ATM-ə daxil edilmiş, 17:23:10-da PİN kod daxil edilmiş, 17:23:42-də PİN kod yenidən daxil edilmiş, 17:24:13-də kart ATM-dən götürülmüş, 17:24:21-də ATM pulları hesablamış, 17:24:25-də ATM pulları təqdim etmiş, 17:24:59-da pullar ATM-dən götürülmüşdür. Məhkəmə tədiqatı zamanı müəyyən olundu ki, iddiaçının istifadəsində olan 4277- 4598-4041-3297 nömrəli plastik kart vasitəsi ilə 06 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 84 (“Xanımın dükanı” marketi) ünvanından yerləşən "ATM RİM Gəncə Aliminium" bankomatından 1000 manat məxaric edilmişdir. İddiaçı göstərilən pul məbləğini götürmədiyini iddia edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırki iş üzrə iddiaçının kart hesabından 1000 manat məbləğində pul vəsaitinin məxaric edilməsindən sonrakı hallara görə məhkəmə tədqiqatı zamanı cavabdehin hər hansı təqsiri müəyyən edilməmiş, eyni zamanda iddiaçı, məxaric edilmiş pul vəsaitini götürmədiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş fotogörüntülərdən və CD diskdə olan məlumatlardan müəyyən olunur ki, iddiaçı tərəfindən 06 iyul 2022-ci il tarixdə saat 17:22:56-da kart ATM-ə daxil edilmiş, 17:23:10-da PİN kod daxil edilmiş, 17:23:42-də PİN kod yenidən daxil edilmiş, 17:24:13-də kart ATM-dən götürülmüş, 17:24:21-də ATM pulları hesablamış, 17:24:25-də ATM pulları təqdim etmiş, 17:24:59-da pullar ATM-dən götürülmüşdür. Bununla da, iddiaçı tərəfindən iddia tələbinin əsasını (pulun götürülməsində cavabdehin təqsiri) təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmənin qənaətinə görə iddia tələbinin əsası kimi istinad olunan hallar sübuta yetirilmədiyinə görə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Keytiyev Məmməd Şəmil oğluna aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1578/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1578/2023
23.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver