Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1592/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2019-cu il tarixli 2(103)-12161/2019 saylı icra sənədi üzrə «xxxx» MMC-yə 49.726 manat əsas borca görə (49.726 manat (cavabdehin gecikdirdiyi məbləğ) x 18 % (Mərkəzi Bankın uçot dərəcəsi) x 12 ay (aylıq faiz dərəcəsi) x 29 ay (ödənişin gecikdirildiyi aylar) = 21.630 manat 81 qəpik) üzərinə düşən pul öhdəliyini icra etməməsi nəticəsində və pul vəsaitini qanunsuz saxlamaqla, həmin pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla, ondan faydalanmağa görə bank faizinin uçot dərəcəsi əsas götürülməklə, hesablanmış faizlər 21.630 manat 81 qəpik pul vəsaitinin əldən çıxmış fayda kimi ondan tutularaq «xxxx» MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı «xxxx» MMC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 noyabr 2016-cı il tarixli 08 saylı borc müqaviləsinə əsasən «xxxx» MMC-yə olan 69.916 manat pul vəsaiti borcunu bu günə kimi tam ödəmədiyi üçün yuxarıda göstərilmiş hesablamaya uyğun olaraq, gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 11.887 manat 11 qəpik pul vəsaiti əldən çıxmış fayda kimi və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2019-cu il tarixli 2(103)-12161/2019 saylı icra vərəqəsi üzrə «xxxx» MMC-yə 49.726 manat əsas borc, 500 manat dəbbə pulu, ödənilmiş 30 manat dövlət rüsumunun 28 manat hissəsi və apellyasiya şikayəti verərkən ödənilmiş 15 manat dövlət rüsumu olmaqla, cəmi 50.269 manat pul vəsaiti ödəməlidir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsində icraata başlamaq qərarı rəsmi qaydada aldıqdan sonra «xxxx» MMC-nin rəhbərliyinin yanına gələrək ona müəssisələrinə olan borcunun onun tərəfindən hissə-hissə ödənilməsi barədə möhlət verilməsini xahiş etmişdir. «xxxx» MMC-nin rəhbərliyi onun xahişini qəbul etməmiş, borcun hissə-hissə ödənilməsinə möhlət verməmişdir. Bundan sonra Cavabdeh borcun hissə-hissə icra edilməsinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Cavabdehin ərizəsi məhkəmə tərəfindən təmin edilməmiş, o da bundan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Məhkəmə işin hallarını araşdıraraq haqlı olaraq tələbkarın əsaslı dəlil və sübutlarını nəzərə alaraq şikayəti təmin etməmiş və 28 oktyabr 2020-ci il tarixli 8(103)-449/2020 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 8(006)-222/2020 saylı qərardadını dəyişiklik etmədən saxlamışdır. Cavabdeh yenidən vaxt udmaq məqsədi ilə Nəsimi rayon Məhkəməsinə icra vərəqəsinin icrasına möhlət verilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə baxılması 15.12.2020-ci il tarixə təyin edilmişdir. Pandemiya ilə əlaqədar olaraq 14.12.2020-ci il tarixdən 31.01.2021-ci il tarixədək Respublikada sərt karantin rejimi tətbiq edildiyindən məhkəmələrdə bu tipli mülki işlərə baxmağı təxirə salınmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh 2018-ci ilin avqust ayından onlarla işgüzar əlaqələrini dayandırsa da, onlara olan borcun ödənilməsi ilə bağlı dəfələrlə idarəyə dəvət olunmuş və hər dəfə də borcu ödəyəcəyinə söz verməklə, müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırmışdır. Hətta onlar cavabdehə borcun hissə-hissə ödəməsini təklif etsələr də, onun buna imkanı olmadığını, müəyyən alacaqları və əmlaklarını satmaqla birdəfəlik ödəyəcəyini bildirmişdir. Lakin bu verilən vədlər özünü doğrultmamış və bu səbəbdən də, onlar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdeh qanunun ona verdiyi səlahiyyətlərdən tam yararlanaraq, heç bir məhkəmə prosesində iştirak etməmiş və bütün prosessual hüquqlardan istifadə etməklə uzun müddətdir ki, borcu ödəməkdən yayınmışdır. Nəzərə almaq lazımdır ki, «xxxx» MMC 1997-ci ildən vergi ödəyicisidir, istehsal fəaliyyəti ilə məşğul olur, 300 nəfərdən artıq işçi heyəti vardır. Müəyyən işlərin həyata keçirilməsi ilə bağlı müxtəlif vaxtlarda respublikada fəaliyyət göstərən kommersiya banklarından Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi faizlərə uyğun olaraq kreditlər alır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 49.726 manat məbləğində pul vəsaitini Cavabdeh əsassız olaraq qaytarmaqdan boyun qaçırdığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə əsasən həmin vəsaitin məbləğindən faizləri ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında yerləşdirilmiş məlumatdan görünür ki, 01.09.2018-ci il tarixi üçün bank uçot dərəcəsi 18 % miqdarındadır. Cavabdeh 01.09.2018-ci il tarixdən başlayaraq 29 ay ərzində (halbuki cavabdehin iddiaçıya olan borcu 2017-ci il yanvar ayı üçün 69.916 manat təşkil edirdi. 2018-ci ilin 01 avqust ayına kimi 20.190 manatını ödəmişdir. Beləliklə də, əslində iddiaçıya olan borcun bank uçot dərəcəsinə uyğun olaraq 2017-ci ilin yanvar ayından % hesablanmalıdır) müəssisəyə olan 49.726 manat məbləğində borcunu qaytarmaqdan boyun qaçırmaqla, həmin pulu özündə qanunsuz saxlayıb ondan gəlirlər əldə edib faydalanmaqla, həmin borcun qaytarılmasını qəsdən gecikdirməklə 01.08.2018-ci il tarixdən indiyə kimi Mərkəzi Bankın uçot dərəcəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərə alınmaqla müəssisəyə vurduğu zərərə görə əlavə 21.630 manat 81 qəpik ödəməlidir. Yəni, 49.726 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 18 % (Mərkəzi Bankın uçot dərəcəsi) x 12 ay (aylıq faiz dərəcəsi) x 29 ay (ödənişin gecikdirildiyi aylar) = 21.630 manat 81 qəpik. Beləliklə, Cavabdeh üzərinə düşən pul öhdəliyini icra etməməsi nəticəsində və pul vəsaitini qanunsuz saxlamaqla, həmin pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla, ondan faydalanmağa görə bank faizinin uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlər 21.630 manat 81 qəpik təşkil edir. Cavabdeh iddiaçıya maddi zərər vurmaqla bərabər bu günə kimi onların işgüzar nüfuzuna da xələl gətirmişdir. O, özü dəfələrlə açıq şəkildə bildirmişdir ki, bütün vasitələrdən istifadə etməklə mümkün qədər «xxxx» MMC-yə olan borcunu ödəməkdən boyun qaçıracaq. Məhkəmənin nəzərinə xüsusi olaraq çatdırırlar ki, Cavabdeh iddiaçıya olan borcunu ödəməsi üçün kifayət qədər maddi imkanları, daşınar və daşınmaz əmlakları vardır. Lakin belə insanlar etdikləri hərəkətlərin və tutduqları işlərin gələcək nəticələrini bildikləri üçün əvvəlcədən öz işlərini ehtiyatlı tutaraq başqalarının pulları hesabına əldə etdikləri daşınar və daşınmaz əmlaklarını öz adlarına deyil, öz yaxınlarının adlarına rəsmiləşdirirlər. Məhkəmə baxışı dövründə iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək Cavabdeh 01.11.2016-cı il tarixli 08 saylı borc müqaviləsinə əsasən «xxxx» MMCyə 69926 manat pul vəsaiti borcunu bu günə kimi tam ödəmədiyi üçün tələbin həcminin azaldılması ərizəsində gösğərilmiş hesablamaya yuğun olaraq gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 11887,11 manat pul vəsaitinin əldən çıxmış fayda kimi və 30 manat dövlət rüsumunun ondan tutularaq «xxxx» MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizəsində iddiaçı tərəf onunla əsaslandırmışdır ki, 01.11.2016-cı il tarixli 08 saylı borc müqaviləsinə əsasən «xxxx» MMC-yə 69926 manat pul vəsaiti borcunu bu günə kimi tam ödəməmişdir. Belə ki, qeyd edilən 69916 manat borcunun 20190 manatını 01.08.2018-ci il tarixində ödəmiş, yerdə qalan 49726 manat borcundan 10.11.2020-ci ildə 5000 manat, 01.12.2020-ci il tarixində 6000 manat, 23.12.2020-ci il tarixində 5000 manat, 27.01.2021-ci il tarixində 5000 manat, 15.03.2021-ci il tarixində isə 6000 manat ödəmişdir. Hazırda Cavabdeh, “xxxx” MMC-yə olan borcu 22726 manat təşkil edir və o, bu borcu ödəməkdən müxtəlif bəhanələr gətirməklə boyun qaçırır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, «xxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. «xxxx» MMC-nin iddiası Nəsimi rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli 2(006)-3665/2019 saylı qətnaməsi ilə rədd edilmişdir. Bundan sonra «xxxx» MMC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2019-cu il tarixli 2(103)-12161/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmişdir. Sözügedən qətnaməyə əsasən cavabdehdən 49.726 manat əsas borcun, 500 manat penyanın və 28 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, tərəflər arasında yaranmış münasibət borc münasibəti deyil, nisyə alğı-satqı müqaviləsi olmuşdur. Bunu iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin məzmununda və yuxarıda qeyd edilən qətnamələrdə də müəyyən etmək olur. İddiaçı bank uçot dərəcəsinin 18 faiz olmasını qeyd etsə də, bank uçot dərəcəsi 2019 və 2020-ci il üçün 6,75 % və 6,5 % olmuşdur. X3 uçot dərəcəsi 15 faizdən çox olmamışdır. Həmçinin «xxxx» MMC borcun ödənilməməsinə görə müqavilə üzrə müəyyən edilmiş penya məbləğini də tələb etmiş və məhkəmə tərəfindən 500 manat tutulmuşdur. Bundan əlavə, «xxxx» MMC ilə cavabdeh arasında bağlanmış 01 noyabr 2016-cı il tarixli müqavilədə borcun ödənilməməsinə görə məsuliyyət nəzərdə tutulmamışdır. Yalnız müqavilənin 2.5-ci bəndində qeyd edilir ki, qarşılıqlı razılaşma əsasında vaxtı çatmış, lakin borc alan tərəfindən ödənilməmiş malın dəyərinə bu müqavilə ilə müəyyən edilən penya hər gecikdirilmiş günə ödənilməyən malın dəyərinin 0,3 faizi penya kimi hesablanır. Bu bənddən başqa da cavabdeh üçün hər hansı mülki məsuliyyət müəyyən edilməmişdir. Həmçinin yuxarıda da qeyd edildiyi kimi, iddiaçının dəbbə pulu tələb etməsi haqqı yalnız Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsindən sonra mümkün olmuşdur. Çünki, məhkəmə qətnamələri qəbul edilənə kimi, iddiaçı tərəfindən borc qəbul edilməmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinin məzmunundan aydın olur ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Lakin kreditora dəymiş zərərin əvəzinin ödənilməsi üçün, qanunvericilik şərt müəyyən edir. Həmin şərt sözügedən normanın ikinci cümləsində qeyd edilir. Həmin şərtə görə isə borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmalıdır. Qeyd edilən müqavilədə belə şərt müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir. Həmin şərt olsa belə iddiaçı zərərin tələb edilməsi ilə bağlı iddia tələbi irəli sürərkən sübut etmə yükünə sahibdir. Belə ki, iddiaçı əldən çıxmış faydanı tələb edir. Əldən çıxmış fayda zərərin bir növüdür, belə olduğu halda iddiaçı bu halı sübut etməklə mükəlləfdir. Lakin iş materiallarında belə bir sübut yoxdur. Ona görə də, hesab edir ki, iddiaçının iddiası bu əsasa görə rədd edilməlidir. Beləliklə, iddiaçının iddiası tamamilə əsassızdır. İddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməklə iddia irəli sürmüşdür ki, aşağıda həmin tələbin heç bir əsasının olmadığını qeyd edəcək. Bundan əlavə, iddiaçının istinad etdiyi norma, Mülki Məcəllənin 449-cu maddəsi pul öhdəliyinin icra edilməməsi ilə bağlıdır. Qeyd edilən normanın birinci bəndində qeyd edilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Normanın ilk cümləsindən də aydın olur ki, bu normanın tətbiq edilməsi üçün tərəflər arasında kredit müqaviləsi bağlanmalıdır. Yəni, iddiaçı cavabdehə pul versəydi və cavabdeh pulu qaytarmaqdan yayınsaydı bu norma tətbiq edilə bilərdi. Lakin işin faktiki hallarından aydın olur ki, iddiaçı cavabdehə pul yox, məhsul vermişdir, bu səbəblə də, Mülki Məcəllənin 449-cu maddəsi hal-hazırda tətbiq edilə bilməz. Çünki, iddiaçının tələbi məhsulun əvəzi üçün ödənilməli olan məbləğdir. Belə olan halda hazırkı mübahisəyə Mülki Məcəllənin 449.1-ci maddəsi tətbiq edilə bilməz. İkinci məqam ondan ibarətdir ki, iddiaçı tərəf gecikdirilmiş öhdəlik üçün istədiyi məbləğ həddindən çox şişirdilmiş, bank uçot dərəcəsi 18 faizlə hesablanmışdır. Lakin cavabdehin öhdəliyinin yarandığı vaxt apellyasiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdır. Bu isə 2020-ci ilə təsadüf edir, belə olan halda iddiaçı yalnız bir il üçün tələb edə bilərdi. 2020-ci il üçünsə bank uçot dərəcəsi illik 6,5 faiz müəyyən edilib. Yenə də qeyd edir ki, iddiaçının belə bir tələb hüququ yoxdur. Çünki, iddiaçı bundan əvvəlki iddiasında penya məbləğini istəmiş və məhkəmə tərəfindən də həmin məbləğ 500 manat müəyyən edilmişdir. Ona görə də, iddiaçı iki dəfə öhdəliyin icrasının gecikdirilməsinə görə vəsait tələb edə bilməz. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Bu səbəbdən, yuxarıda qeyd olunanlara əsasən, iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X4 həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçının 2017-ci ilin yanvarın 1-dən illik 5 faiz miqdarında pulun tələb edilməsi 3 illik iddia müddəti keçdiyinə görə 2018-ci ilin aprel ayına qədər olan tələb hissəsində rədd edilməlidir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli 2(103)-12161/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı «xxxx» MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 49.726 manat əsas borc, 500 manat dəddə pulu olmaqla, cəmi 50.226 manat pulun tutulub iddiaçı «xxxx» firmasına ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 28 manat hissəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.06.2019-cu il tarixli 2(103)- 12161/2019 saylı icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli 2(103)-12161/2019 saylı qətnaməsi 24.02.2020ci ildə qanuni qüvvəyə minmişdir. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, «xxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli 2(006)-3665/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2019-cu il tarixli 2(103)-12161/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmiş, yeni qətnamə ilə cavabdehdən 49.726 manat əsas borcun, 500 manat penyanın və 28 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 24.02.2020-ci ildə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra dövründə cavabdeh 69916 manat borcunun 20190 manatını 01.08.2018-ci il tarixində ödəmiş, yerdə qalan 49726 manat borcundan 10.11.2020-ci ildə 5000 manat, 01.12.2020-ci il tarixində 6000 manat, 23.12.2020-ci il tarixində 5000 manat, 27.01.2021-ci il tarixində 5000 manat, 15.03.2021-ci il tarixində isə 6000 manat ödəmişdir. Bununla da müəyyən edilmişdir ki, hazırda Cavabdeh “xxxx” MMC-yə olan borcu 22726 manat təşkil edir. Göründüyü kimi iddiaçı tərəfin tələbinin maddi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci və 449.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazının dəlillərinə qiymət verərək hesab edir ki, cavabdeh etirazında iddiaçı ilə aralarında müqavilə münasibətlərinin mövcudluğunu etiraf etmişdir. Lakin cavabdeh iddiaçı «xxxx» MMC tərəfindən borcun ödənilməməsinə görə müqavilə üzrə müəyyən edilmiş penya məbləğini də, tələb etməsini düzgün saymayaraq bu dəlilini artıq məhkəmə tərəfindən 500 manat tutulması ilə əsaslandırır. Həmçinin cavabdeh qeyd etmişdir ki, o məhkəmə qətnamələri qəbul edilənə kimi, iddiaçı tərəfindən borcu qəbul etməməsinə görə iddiaçının dəbbə pulu tələb etməsi haqqı yalnız Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsindən sonra mümkündür. Məhkəmə qeyd edilən dəlillərə qiymət verərək hesab edir ki, hazırki iddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehdən penyanı (cəriməni) deyil, iddia tələbinin həcminin azaldılması barədə ərizəsində göstərilmiş hesablamaya uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə əsasən həmin vəsaitin məbləğindən faizləri ödəməli olmasını iddia edir. Belə ki, iddiaçının hesablamalarına əsasən cavabdehin 2017-ci ilin yanvar ayının 1nə olan borcu 69.916 manat təşkil etdiyi üçün, 01.08.2018-ci il tarixə kimi, bir il yeddi ay üçün (69.916 manat x 5 % x 1 il 7 ay) = 5.534 manat 97 qəpik,01.08.2018-ci ildə 20.190 manat ödəniş etməklə həmin tarixə borcu 49.726 manat qalmışdır. 01.08.2018-ci tarixdən bu borcundan 10.11.2020-ci il tarixə iki il üç ay doqquz gün (49.726 manat x 5 % x 2 il 3 ay 9 gün) = 5.656 manat; 10.11.2020-01.12.2020-ci il tarixə kimi iyirmi gün (44.726 manat x 5 % x 20 gün) = 124 manat 20 qəpik; 01.12.2020-23.12.2020-ci il tarixdən iyirmi iki gün (38.726 manat x 5 % x 22 gün) = 118 manat 14 qəpik; 23.12.2020-27.01.2021-ci il tarixədək bir ay beş gün (33.726 manat x 5 % x 1 ay 5 gün) = 163 manat 50 qəpik; 27.01.2021-15.03.2021-ci il tarixədək bir ay on altı gün (27.726 manat x 5 % x 1 ay 16 gün) = 177 manat 10 qəpik; 15.03.2021-21.04.2021-ci il tarixədək bir ay altı gün (22.726 manat x 5 % x 1 ay 6 gün) = 113 manat 20 qəpik olmaqla, gecikdirilmiş vaxt üçün faiz, cəmi 11.887 manat 11 qəpik təşkil edir. Məhkəmə cavabdehin «xxxx» MMC ilə onun arasında bağlanmış 01 noyabr 2016-cı il tarixli müqavilədə borcun ödənilməməsinə görə məsuliyyət nəzərdə tutulmamasına dair dəlili ilə bağlı qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Mülki Məcəllənin 443.1-ci maddəsinin məzmunundan da aydın olur ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) «zərər anlayışı ilə əhatə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Məhkəmə cavabdehin iddiaçı ilə aralarında “pul” münasibəti deyil, “məhsul verməsi ilə bağlı” münasibətlər olmasını və iddiaçının cavabdehə pul verdiyi təqdirdə, sonuncunun isə pulu qaytarmaqdan yayındığı halda Azərbaycan Respublikasının 449.1-ci maddəsinin tətbiq edilə bilməsi ilə bağlı etirazının dəlilinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanuni qüvvəsini almış qətnaməyə əsasən tərəflər arasında un alınması ilə bağlı mövcud olmuş münasibətlərə və cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə borclu olmasına dair hallar aşkar olduğu üçün məhkəmə sözügedən prosesual normanın tələblərinə əsasən hesab edir ki, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh borcun hissə-hissə icra edilməsinə dair ərizəsini təmin edilməsi ilə bağlı qanuni qüvvəsini almış müvafiq məhkəmə qərarı olmadan 01.08.2018-ci il tarixdən 15.03.2021-ci il tarixə kimi 6 dəfə müxtəlif məbləğlərdə ödəniş aparmaqla borcunun hazırda 22726 manat qalmasına baxmayaraq bu hissə-hissə ödənişlər onun iddiaçı qarşısında mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərlə (real zərər və əldən çıxmış faydanın) bağlı məsuliyyətinin olmaması kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh borclu olduğu pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirdiyi üçün iddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinin və onunla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan qərarı əsas götürülməklə hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Habelə iddiaçının cavabdehin qaytarmadığı pul vəsaitindən faydalana bilmədiyi üçün pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faiz olmaqla tərəfindən təqdim edilmiş hesablamalar düzgün olmuşdur. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdehin iddiaçı qarşısında qalan borc öhdəliyini tam yerinə yetirmədiyi təqdirdə iddiaçının əldən çıxmış fayda ilə bağlı yeni məzmunlu iddia ilə müraciət etməsi kimi hüququndan istifadə etməsi istisna deyildir. Məhkəmə cavabdeh tərəfin «iddiaçının 2017-ci ilin yanvarın 1-dən illik 5 faiz miqdarında pulun tələb edilməsi 3 illik iddia müddəti keçdiyinə görə 2018-ci ilin aprel ayına qədər olan tələb hissəsində rədd edilməli» olmasına dair iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin məzmununa da qiymət verərək hesab edir ki, ərizənin məzmunu faktiki olaraq tələbin müəyyən hissədə əsaslı olmasına dəlalət edir. Bununla belə məhkəmə hesab edir ki, hazırki iddia tələbi «əldən çıxmış faydanın ödənilməsi» barədə olduğu üçün belə iddialar üzrə 3 illik iddia müddətləri şamil edilmir. Belə ki, 3 illik iddia müddəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə müəyyən edilən iddia müddətidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Beləliklə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən ödənilməmiş 69.916 manat borca illik 5 % dərəcəsi ilə əldən çıxmış fayda formasında iddiaçının təqdim etdiyi hesablama əsasında zərər, yəni, 11.887 manat 11 qəpik əldən çıxmış fayda iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 11.887 manat 11 qəpik əldən çıxmış fayda və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 11.887 manat 11 qəpik əldən çıxmış fayda və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1592/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1592/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver