Məhkəmə qərarları › İş №2(006)-1605/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1605/2022

14.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1605/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Kapital Bank" ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 789-K saylı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə işinə bərpa olunanadək ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixli əmək müqaviləsi ilə elə həmin tarixdən “Kapital Bank" ASC-də bankın Nağd vəsaitlərin dövriyyəsi İdarəsinin Kassa və inkassasiya proseslərinin idarə edilməsi departamentinin İnkassasiya şöbəsinin (Gəncə zonası üzrə) sürücüinkassatoru vəzifəsinə təyin edilmişdir. Bunda sonra həmin müqaviləyə edilmiş müvafiq əlavələr ilə onun vəzifəsinin müddəti uzadılmışdır. İş fəaliyyəti dövründə heç bir nöqsana və uyğunsuzluğa yol verməmişdir. Vəzifəsini daima layiqincə və təlimata uyğun qaydada icra etmişdir. Əksini cavabdeh orqan sübut edə bilməz. Lakin bir müddət sonra Cavabdeh ASC-də Bankın Nağd vəsaitlərin dövriyyəsi idarəsinin Kassa və inkassasiya proseslərinin idarə edilməsi departamentinin İnkassasiya şöbəsinin (Gəncə zonası üzrə) meneceri Mehman Rüstəmov həmin vəzifəyə təyin olduğu gündən vəzifə təlimatlarından kənar və qanunsuz hərəkətlər etmiş, bu hərəkətlər işçilərdə ciddi narazılığa səbəb olmuşdur. Həmin şəxs Bankın işçilərə verdiyi ümumi məhsulları mənimsəmiş, ona qarşı təhqir və alçaldıcı hərəkətlər etmişdir. Bu səbəbdən də, o, ona etik qaydada öz haqlı narazılığını bildirmişdir. İfadə etdiyi narazılıq onun xoşuna gəlmədiyindən onun şərəf və ləyaqətini dəfələrlə işçilər arasında alçaltmış, təhqir etmiş və qəti olaraq onun tutuduğu vəzifədən azad edilməyini qarşısına məqsəd olaraq qoymuşdur. Mehman Rüstəmov keçmiş iş yerini "xxxx" ASC-nin çox hörmətli rəhbərlərində öz çirkin əməlinə şərik etmiş, onlara yalan məlumat verərək aldatmışdır. Nəticədə “Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri cənab Rövşən Allahverdiyev barəsində xx.xx.2021-ci il tarixli, 789-K saylı əmr qəbul edərək onu tutduğu vəzifədən azad etmişdir. Qeyd edilən əmrin məzmunundan məlum olur ki, onun işdən azad olunmağına əsas Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi olmuşdur. Yuxarıda göstərilənlərə əsasən Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ASC tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 789-K saylı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olnmağı və məcburi işburaxma günləri üçün ödənilməmiş əmək haqqının ödənilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Bekə ki, ilk növbədə əmrin əsassızlığı haqqında qeyd edir ki, əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən qəbul edilmişdir və həmin maddədə göstərilir ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsasdır. "Kapital Bank” ASC tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 789-K saylı əmrin məzmunundan görünür ki, cavabdeh onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarla deyil, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyi ilə təqsirləndirmiş və işdən azad etmişdir. Belə ki, mübahisələndirilən əmrdə qeyd edilmişdir ki, o, xx.xx.2021-ci il tarixdə iş yoldaşı X9 ilə inkassasiya zamanı avtomobildəki kameranı əli ilə bağlayaraq iş yoldaşı X4 boyun nahiyəsinə sağ əli ilə zərbə vurmaqla fiziki güc tədbiq etmişdir. Həmçinin əmək kollektivinin digər üzvləri ilə də, davranışlarında neqativ hallara yol verərək onların əmək hüquqularını və qanuni mənafelərini pozmuşdur. O, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş əsas vəzifəni icra etməmişdir (iş yoldaşlarının əmək hüquqularını və qanuni mənafelərini pozmuş), həmçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi nəticəsində işəgötürənin və müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Qeyd etmək istəyir ki, o yuxarıda göstərilən hallarla qətiyyən razı deyildir. Belə ki, xx.xx.2021-ci il tarixdə iş yoldaşı X7 inkassasiya zamanı fiziki təsir göstərməmiş, sadəcə olaraq onunla zarafat etmişdir. Belə ki, onlar öz aralarında dəfələrlə zarafat etmişlər. Hesab edirə ki, onun X9 ilə zarafat etməyi, məqsədyönlü şəkildə ona fiziki təsir göstərməyi demək deyil. Bu halı məhkəmə proessi zamanı təqdim edəcəyi sübutlarla əsaslandıracaqdır. X9 ilə zarafat etdiyi halda hansı əmək hüquqlarının və qanuni mənafelərin pozulmağından söhbət gedə bilər. Həmçinin əmək kollektivinin digər üzvləri ilə davranışlarında neqativ hallara yol verməyi tamamilə fərizyyələrə əsaslanan bir iddiadır. Bu hal cavabdeh tərəfindən sübuta yetirilə bilməz. Əgər o, kollektivinin üzvləri ilə davranışlarında neqativ hallara yol vermişsə necə olur ki, işə qəbul olunduğu tarixdən bu günədək, bu qədər illər ərzində barəsində heç bir inzibati tənbeh tədbiri görülməmiş, ona töhmət və ya şiddətli töhmət verilməmişdir. Həmçinin qeyd etmək istəyir ki, "xxxx" ASC tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 789-K saylı əmr qanunsuz və əsassız olduğundan, həmin əmr ləğv edilməlidir, o, əvvəlki işinə pərpa edilməlidir və məcburiyyətdən buraxdığı iş günlərinin əvəzi kimi işə bərpa olunanadək almadığı əmək haqqının əvəzini almalıdır. Daha sonra iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 6.750 manat məbləğində pulun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək o Cavabdeh ASC-də Bankın Nağd vəsaitlərin dövriyyəsi idarəsinin Kassa və inkassasiya proseslərinin idarə edilməsi departamentinin İnkassasiya şöbəsinin (Gəncə zonası üzrə) sürücüinkassatoru vəzifəsində işləmişdir. Onun qanuna uyğun olaraq iş vaxtı gündəlik olaraq 8 saat, yəni 09:00-dan 18:00-a qədər olmalı olduğu halda məhsuliyyətsiz menecerləri tərəfindən məcbur edilərək işləməli olduğu iş saatalarından artıq işləmişdir. Bunu Bankın təhlükəsizlik kameralarının qeydə aldığı görüntülər sübuta yetirir. Onun Cavabdeh ASC-də işləyərkən aldığı aylıq orta əmək haqqı 900 manat təşkil etmişdir. Hesablamalarına əsasən Cavabdeh ASC-də işlədiyi hər saat üçün 3.75 azn pul almışdır (900 azn : 30 gün = 30 azn, 30 azn : 8 saat = 3.75 azn). Öz hesablamalarına əsasən işə başladığı tarixdən çıxma tarixinədək olan dövrdə yəni 5 illik dövrdə (2016-2021) hər iş günü ən azı bir saat artıq işləmişdir. Belə olan halda 5 illik dövrdə ən azı 1800 saat artıq iş saatı mövcudur. Lakin həmin saatlar üçün cavabdeh orqan tərəfindən heç bir ödəniş almamışdır. Belə olan halda hesab edir ki, 1800 saatın hər saatı üçün 3.75 azn pul yəni 6.750 azn pul cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, Bank ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Bankda Təhlükəsizlik departamentinin (Gəncə ZM üzrə) İnkassasiya şöbəsinə sürücü inkassator vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iş yoldaşı X9 ilə inkassasiya zamanı avtomobildə olarkən sağ əli ilə sonuncunun boyun nahiyəsindən zərbə vurmaqla fiziki güc tətbiq etmişdir. Qeyd olunan əməlinə görə Bankın xx.xx.2021-ci il tarixli 789-k saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Aşağıda qeyd olunanlara əsasən iddia ərizəsini tamamilə əsassız hesab edirlər. Azərbaycan Respublikası Mərkəzi Bankının “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın 12.7-ci bəndinə əsasən silahlı inkassasiya xidməti olan bankda inkassator briqadasının ən azı bir üzvü “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidməti silah və döyüş sursatları ilə təmin olunur. Həmçinin bildirilməlidir ki, inkassator vəzifəsində işləyən şəxslərin silahlı xidmət göstərməsi, bu səbəbdən onların kollektivə və digər şəxslərə təhlükəli ola bilməsi nəzərə alınaraq, həmin şəxslərin işə qəbulu zamanı psixatriya kabinetinin dispanser qeydiyyatında olub-olmamasına dair arayış da tələb olunur. Kollektivin əməkdaşları silahlı olduğu halda iddiaçı onlarla şəxsin aqressivləşməsinə səbəb olan hərəkətləri edərək, özünün və digər əməkdaşların həyatı üçün təhlükənin yaranmasına şərait yaratmışdır. Qeyd olunan hərəkətin təhlükəli, əmək intizamı qaydalarına zidd olması, kollektivdə işin ahəngini pozması, nəticədə intizam tənbehinin tətbiq oluna biləcəyi iddiaçıya öncədən məlum olmuş, bu səbəbdən bu hərəkəti edən zaman avtomobildə olan kameranı əli ilə örtmüşdür. İddiaçı qeyd olunan formada hərəkətləri təkcə X7 deyil, kollektivin digər üzvlərinə qarşı da etməklə işin ahəngini dəfələrlə pozmuşdur. Belə ki, kollektivin digər üzvlərinin xx.xx.2021-ci il tarixli aktından da görünür ki, İddiaçı iş vaxtı vəzifə öhdəliklərini icra edərkən qeyri-adekvat zarafatlar, əməkdaşları özündən çıxaran, aqressivləşdirən hərəkətlər etməklə işin ahəngini pozmuş, etdiyi bu hərəkətləri üzərində xidməti silah olan əməkdaşlara da etməklə ictimai təhlükə yaratmış, ona dəfələrlə bu barədə xəbərdarlıq edilsə də bu kimi hərəkətlərdən çəkinməmiş, onun davranışları kollektivdə narahatlıq yaratmaqla işin keyfiyyətinə mənfi təsir göstərmişdir. Həmçinin İddiaçının vəzifə təlimatı üzrə görməli olduğu əsas iş mülkiyyətçinin (Bankın) pul vəsaitlərini təhlükəsizlik qaydalarına riayət etməklə inkassasiyasını təmin etmək olmuşdur. Lakin iddiaçı bu öhdəliyini düzgün icra etməyərək təhlükəsizlik qaydalarına riayət etməmiş, həm özünün və digər əməkdaşların həyatını, həm də Bankın vəsaitini təhlükədə qoymuşdur. İşin hallarından iddiaçının kollektivdəki davranışları, nüfuzu, əmək kollektivinin iddiaçının davranışlarından razı olmaması müəyyən olunur. Bununla da, təsdiq olunur ki, iddiaçının törətdiyi intizam pozuntusu nəticəsində işin ahəngi pozulmuş, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin), işəgötürənin hüquqlarına və qanuni mənafelərinə ziyan vurulmuşdur. Cavabdeh ASC-nin X6 ilə (xx.xx.2021-ci il tarixli, 40 №li Protokol) təsdiq edilmiş Cavabdeh ASC-nin işçiləri üçün etik davranış məcəlləsinin 6.4-cü bəndinə (Ayrı-seçkilik və qısnama) əsasən qısnama çoxsaylı formalarda təzahür edə bilər - o cümlədən fiziki, sözlü və ya cinsi. Qısnamaya məruz qalmış şəxsin arzuedilməz hesab etdiyi təhqiramiz və alçaldıcı davranış (məsələn, sözlə təhqir, cinsi zəmində açıq-saçıq və ya alçaldıcı şərhlər və ya şəkillər, üz ifadələri, arzuolunmaz toxunuş, əxlaqsız və ya təhqiramiz jestlər və ya zarafatlar) daxildir. Eyni zamanda qeyd edilməlidir ki, əmək müqaviləsinin Bank tərəfindən ləğvi zamanı Həmkarlar İttifaqının razılığı alınmışdır. Belə ki, işəgötürən Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, X1 Komitəsinə təqdimatla müraciət etmişdir. Cavabdeh ASC-nin X1 Komitəsi Rəyasət Heyətinin xx.xx.2021 -ci il tarixdə iclası keçirilmiş, təqdimat ətraflı müzakirə edilərək (protokoldan çıxarış əlavə edilir), iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün) rəsmiləşdirilməklə xitam verilməsi məqbul hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bank tərəfindən İddiaçıya əmək kollektivi üçün təhlükə yaradan hazırki davranışı, o cümlədən kollektivdə ikrah yaradan digər hərəkətlərinə görə başqa vəzifəyə rotasiya olunması təklif olunmuş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir (imtina barədə ərizə əlavə olunur). O cümlədən, işəgötürən humanistlik nümayiş etdirərək baş vermiş pozuntu barəsində araşdırmanın nəticəsinə uyğun olaraq intizam tənbehi tətbiq etməmişdən öncə iddiaçıya Əmək Məcəlləsinə əsasən öz xahişi ilə işdən azad olunmaq hüququndan istifadə etmək üçün şərait yaratmışdır. Həmçinin iddiaçı iddia ərizəsində işdən kənarlaşdırılmasının səbəbkarı kimi Mehman Rüstəmovu qeyd etməklə ona qarşı qərəzli davrandığını bildirmişdir. Lakin iddiaçının qeyd etdikləri həqiqətə uyğun olmamaqla ona qarşı qərəzli davranış olduğunu bildirməklə öz əməlini pərdələmək məqsədi daşıyır. Belə ki, iddiaçı etdiyi hərəkəti həmçinin iddia ərizəsində qeyd etməklə etiraf etmiş, bununla yanaşı kollektivin digər üzvləri də onun bu cür qeyri-adekvat davranışlarının mütəmadi olduğunu təsdiq etmişlər. Bu cür hərəkətləri dəfələrlə etməsini iddiaçı iddia ərizəsində də qeyd etmişdir. İddiaçı bu hərəkətlərini “zarafat” kimi qiymətləndirsə də, yuxarıda qeyd etdiyi kimi nə üçün həmin “zarafat’’ı edərkən kameranı əli ilə bağlayır. Göründüyü kimi iddiaçı öz hərəkətinin qeyri-adekvat, etikaya uyğun olmayan və intizam qaydalarını pozan bir hərəkət olduğunu bilərək qəsdən etmişdir. Beləliklə, yuxarıda qeyd edilən hallar İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi üçün əsasdır. Belə ki, iddiaçının yuxarıda sadalanan əməlləri və əmək funksiyalarını kobud şəkildə pozması nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Qeyd olunanlara əsasən, İddiaçı “əmrin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. İddiaçı və “Kapital Bank" ASC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “Kapital Bank" ASC-də Təhlükəsizlik Departamentinin (Gəncə ZM) İnkassasiya şöbəsinə sürücü-inkassator vəzifəsi üzrə işə qəbul edilmişdir. “Kapital Bank" ASC–nin idarə heyətinin sədri vəzifəsini icra edən Fərid Məmmədovun işə qəbul haqqında 252-K nömrəli xx.xx.2016-cı il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən bankın Təhlükəsizlik Departamentinin İnkassasiya şöbəsinə (X14 üzrə) sürücü-inkassator vəzifəsinə təyin edilməsi əmr edilmişdir. “Kapital Bank" ASC–nin idarə heyətinin sədri vəzifəsini icra edən İdarə Heyətinin sədrinin İ müavini X8 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli əmrin surətindən görünür ki, Kassa və inkassasiya proseslərinin idarə edilməsi departamentmİn İnkassasiya şöbəsinin (X14) sürücüinkassatoru İddiaçı vəzifə öhdəliklərini lazımınca icra elməyərək, işinə səhlənkar yanaşdığına və nizam-intizam qaydalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. “Kapital Bank" ASC–nin bir neçə əməkdaşı (M.R.Piriyev, E.A.Yusifov, Ş.M.Məmmədov, R.T.Quliyev, S.S.Abdullayev, M.Y.Rüstəmov və İ.Q.Verdiyev) tərəfindən öz imzaları ilə təsdiq edilərək tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, sürücü inkassator İddiaçı iş vaxtı vəzifə öhdəliklərini icra edərkən qeyri-adekvat zarafatlar, əməkdaşlrı özündən çıxaran, aqressivləşdirən hərəkətlər etməklə işin ahəngini pozur. O, həmçinin etdiyi bu hərəkətləri üzərində xidməti silah olan əməkdaşlara da etməklə ictimai təhlükə yaradır. Ona dəfələrlə bu barədə xəbərdarlıqlar edilsə də, bu kimi hərəkətlərdən çəkinmir. Onun davranışları kollektivdə narahatlıq yaratmaqla işin keyfiyyətinə mənfi təsir göstərir. İddiaçı “Kapital Bank" ASC–yə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ona təklif edilən ratasiyaya ailə vəziyyətinin imkan vermədiyini bildirmişdir. Cavabdehın X1 Komitəsinin xx.xx.2021-ci il tarixli iclasının 91 №-li “Protokolundan çıxarış”dan görünür ki, iclasda Cavabdehın Nağd vəsaitlərin dövriyyəsi idarəsinin Kassa və inkassasiya proseslərinin idarə edilməsi departamentinin İnkassasiya şöbəsinin sürücü-inkassatoru (Gəncə regional inkassasiya mərkəzi üzrə) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğuna görə) rəsmiləşdirilməklə xilam verilməsi məqbul hesab edilmişdir. 18 noyabr 2021-ci il tarixli, 789-k saylı əmrdən görünür ki, Nağd vəsaitlərin dövriyyəsi İdarəsinin Kassa və inkassasiya proseslərinin idarə edilməsi departamentinin İnkassasiya şöbəsinin (Gəncə regional inkassasiya mərkəzi üzrə) sürücü-inkassatoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, 18 noyabr 2021-ci il tarixindən xitam verilməsi əmr edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X5 verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçıla birgə işləmişdir. Onlar inkassasiya xidmətində olan zaman Bəxtiyar ilə Rəşidin zarafatı oldu. Onların arasında həmişə zarafat var idi. Ani anda zarafatları baş verdi, o, tam dəqiqliklə aralarında nə baş verdiyini görə bilməmişdir. Mübahisəli hadisədən sonra onlara deyildi ki, izahat yazmaq lazımdır. Bankın təqdim etdiyi aktı özü imzalasa da, məzmunu ilə tanış olmamışdır. Aktı imzalamağa onu məcbur edən və ya təsir göstərən olmamışdır. Öz-özünə fikirləşmiş ki, imzalamasa o, işdən çıxarılar. Lakin həmin aktın məzmunu ilə razı deyildir. Məhkəməyə ünvanlandığı ərizəni isə Bəxtiyar yazdı, o, imzalamışdır. Sonra izahatın kimə ünvanlanması barədə rəhbərlikdən soruşanda, ondan izahatı öz xətti ilə yazıb-yazmadığını soruşuldu. Mən isə mənim öz xəttimin yaxşı olmadığına görə Bəxtiyarın yazdığını bildirdim. Yenidən öz xəttilə eyni izahatı köçürüb yazmış, əvvəlki imzalı izahat isə masanın üzərində qalmışdır. X2 arasında zarafat olduğunu yazmışdır. Hadisə çoxdan olub deyə hər şey yadında deyil. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən “Kapital Bank" ASC-də Təhlükəsizlik Departamentinin İnkassasiya şöbəsinə (X14 üzrə) sürücü-inkassator vəzifəsində işə başlamış və xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərəkətlərinə düzgün qiymət verilmədiyini, uzun illər ərzində vəzifəsini düzgün şəkildə icra etdiyini bildirərək, barəsində Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən verilmiş xx.xx.2021-ci il tarixli, 789-K saylı əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi və iş vaxtından artıq vaxtda məcburi qaydada işə cəlb olunması üçün əlavə əmək haqqının hesablanması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İşəgötürən həmçinin bağlanmış əmək müqaviləsinə müvafiq olaraq işçidən əmək vəzifələrinin yerinə yetirilməsini tələb edə bilər. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İşçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər. Belə ki, İddiaçı tərəf olduğu əmək müqaviləsinə 1 nömrəli Əlavədə öz əksini tapan vəzifə təlimatından görünür ki, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə İddiaçı qanunvericilik, əmək müqviləsi və bankdaxili korporativ aktlarla müəyyən olunmuş məsuliyyət daşıyır. Buna baxmayaraq xx.xx.2021-ci il tarixində iddiaçı iş yoldaşı X9 ilə inkassasiya zamanı avtomobildə zarafat edərək kamera görüntüsünü əli ilə bağlamış və iş yoldaşının boyun nahiyəsindən sağ əli ilə tutaraq özünə tərəf çəkmiş, iş yoldaşı Abışov Rəşidə əli ilə zərbə vumuşdur. İddiaçının bu hərəkətə yol verdiyi faktı iş materiallarına əlavə edilmiş və bir-birini tamamlayan müvafiq sənədlərə əsasən öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının əməllərində əmək vəzifələrini kobud şəkildə pozması halının olması məhkəmə baxışı zamanı tədqiq olunan cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən əlavə, iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid ifadəsinin məzmunu ilə öz təsdiqini tapmışdır. Belə ki, İ.Q.Verdiyev ifadə verərkən iddiaçının xx.xx.2021-ci il tarixdə iş yoldaşı X7 inkassasiya zamanı fiziki təsir göstərmədiyini, onunla sadəcə zarafat etdiyini bildirsə də cavabdehin əmək müqaviləsinə xitam verilməsinə əsas kimi nəzərdə tutduğu hadisəni faktiki olaraq təsvir etmiş (iş yoldaşının boyun nahiyəsinə zərbə vurmaq), lakin şəxsi qənaətinə əsasən eyni hadisəni zarafat kimi qiymətləndirmişdir. Halbuki İ.Q.Verdiyev tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, o, bankın digər əməkdaşları kimi sürücü inkassator İddiaçı iş vaxtı etdiyi qeyri-adekvat zarafatlar, əməkdaşları özündən çıxaran, aqressivləşdirən hərəkətlərdən narahatdır və həmin hərəkətlərin ictimai təhlükə və narahatlıq yaratmaqla işin keyfiyyətinə mənfi təsir göstərdiyi qənaətindədir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə iş materiallarından müəyyən edildiyi kimi, iddiaçı əmək fəaliyyəti zamanı üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl dəymişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçının cavabdeh təşkilatda uzun müddət işləməsi, dediyinə görə həmin müddət ərzində heç bir ciddi nöqsana yol verməməsi, 5 övlad atası olmaqla ailənin başçısı olaraq ailədə yeganə qazanc gətirən şəxs olması kimi onu səciyyələndirilən halların mövcudluğuna baxmayaraq iş yeri üzrə əmək funksiyasının tam və ya qismən yerinə yetirməməsi ilə yol verdiyi kobud səhvləri nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirdiyi və bu hərəkətləri əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edildiyi üçün işəgötürənin onun barəsində Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verməyə kifayət qədər hüquqi əsas vermişdir. Belə ki, məhkəmə hesab edir ki, əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir. Belə olan halda işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Beləliklə məhkəmə tərəfindən cavabdeh tərəfin təqdim etdiyi sübutlara nəzər salınmaqla iddiaçının əməllərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndində göstərilən halların olmasının məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar ilə öz təsdiqini tapdığı müəyyən edilmiş hesab edilməlidir. Məhkəmə iddianın “iş vaxtından artıq vaxtda məcburi qaydada işə cəlb olunması üçün əlavə əmək haqqının hesablanması” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə əsasən işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 99-cu maddəsinin birinci hissəsinin tələblərinə görə iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Bu Məcəllənin 165-ci maddəsinin birinci və ikinci hissələrinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi işçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq, iş vaxtından sonra və həftələrarası istirahət günlərindən istifadə etmək hüququ əldə edir. Lakin işçi işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir. Məhkəmə hesab edir ki, iddianın hazırda müzakirə edilən bu hissəsi də əsassızdır. Belə ki, İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtından artıq vaxt ərzində iş gördüyünə və bunun müqabilində ona əlavə haqqın ödənilmədiyinə istinad etsə də, bu halları təsdiq hər hansı sübutu (işəgötürənin əmri, sərəncamı, qərarı) məhkəməyə təqdim edə bilməmişdir, onun iddia ərizəsində qeyd etdiklərinin isə məhkəmə əsassız və mülahizə xarakterli olduğunu hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Kapital Bank" ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar