Məhkəmə qərarları › İş №2(006)-1607/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1607/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1607/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz tutulmuş pulun geri qaytarılması və s.» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz tutulmuş pulun geri qaytarılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, Cavabdeh ASC kommersiya hüquqi şəxsdir (VÖEN **********). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, iddiaçının təsisçisi olduğu "xxxx" Telekommunikasiya Sənayə və Ticarət MMC kommersiya hüquqi şəxsdir (VÖEN **********). Məhkəmə qeyd edir ki, işin faktiki halı ondan ibarətdir ki, iddiaçının bildirdiyinə görə o, təsisçisi və rəhbəri olduğu şirkətə öz fəaliyyətini həyata keçirməsi üçün müqavilə əsasında borc vermişdir. Borc məbləğini şirkətin hazırda cavabdeh qismində cəlb etmiş olduğu Cavabdeh ASC-nin bank hesabına köçürmüşdür. Lakin müəyyən səbəblərə görə istifadə edilməmiş borc məbləğini geri götürdükdə, hesaba köçürmüş olduğu məbləğdən bank tərəfindən komissiya haqqının tutulduğunu müəyyən etmişdir. Bu səbəbdən hüququnun müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mövcud mübahisənin yaranmasına əsas iddiaçının təsisçisi olduğu və kommersiya qurumu qismində qeydə alınmış şirkətə borc məbləğinin verilməsi və həmin məbləğin geri götürülməsi zamanı komissiya haqqının tutulması olmuşdur. Məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərinə də nəzər yetirilməlidir. Belə olan halda məhkəmə mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Bununla da, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz tutulmuş pulun geri qaytarılması və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar