Məhkəmə qərarları › İş №2(006)-1624/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1624/2024

24.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1624/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X3rşı "əmrin ləğv edilməsi, işə bərpa və əməkhaqqı tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X3rşı "əmrin ləğv edilməsi, işə bərpa və əməkhaqqı tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçını işdən azad edilməsi barədə xx.xx.2023-ci il tarixli əmri ləğv edilməsi, İddiaçı 09 dekabr 2022-ci il tarixli, 289 nömrəli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1977-ci ildə Azərbaycan Neft- Kimya Zavodu təmir-tikinti trestində maşinist köməkçisi olaraq başlamışdır. 1980-1981-ci ildə Azərbaycan Tibb Universitetinin hazırlıq kurslarından keçdikdən sonra 1981-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə qəbul olmuşdur. xx.xx.1988-xx.xx.1989-cu il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında həkim interna, xx.xx.1989-xx.xx.1994-cü il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında həkim, xx.xx.1994-xx.xx.2007-ci il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında Bölmə müdiri, xx.xx.2007-xx.xx.2011-ci il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında Baş həkimin (operativ və hospital işlərin təşkili üzrə) müavini, xx.xx.2011xx.xx.2015-ci il tarixlərdə Bakı şəhər Baş Səhiyyə İdarəsində Rəis müavini, xx.xx.2015xx.xx.2022-ci il tarixlərdə "Bakı şəhər Təcili və X1 Stansiyası" X8ndə Baş həkim, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə (əmək müqaviləsinə əmək müqaviləsi müddətinin qurtarması əsası ilə xitam verilməsinə) qədər "Bakı şəhər Təcili və X1 Stansiyası" X8ndə Direktor vəzifələrində çalışmışdır. Əmək fəaliyyəti müddətində təxminən 35 il fasiləsiz olaraq eyni strukturda işləmişdir. Əmək fəaliyyəti müddətində xx.xx.2011-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq daimi dövlət qulluğuna qəbul olunmuş, xx.xx.2015-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.1- ci maddəsinə uyğun olaraq öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Həmçinin əmək fəaliyyəti dövründə Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2007-ci ildə "Fəxri Fərman" , xx.xx.2015-ci ildə "Səhiyyə əlaçısı", YAP xx.xx.2007-ci ildə "Fəxri Fərman", Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2010-cu ildə "Azərbaycan Respublikasının Yubiley medalı", xx.xx.2020-ci ildə "Əməkdaşlığa görə döş nişanı" ilə təltif olunmuşdur. 2021-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2021-ci il tarixli 2692 nömrəli Sərəncamına əsasən "Əməkdar həkim" fəxri adına layiq görülmüşdür. İddiaçı ilə sonuncu bağlanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsi müddətli olaraq (3 ay müddətinə) bağlanmış (buna qədər isə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə əsasən müddətsiz əmək münasibətləri mövcud olmuşdur), əmək müqaviləsinin müddəti qurtardıqdan sonra bir neçə dəfə müddət uzadılmış, lakin 14 dekabr 2023-cü ildə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X8n 18-1/3-1-1-1997/2023 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmri ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən ərizədə göstərlənlərə heç bir əhəmiyyət verilməmiş və əvvəlki işinə qaytarılmamışdır. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən mövcud iddia tələbini irəli sürülmüşdür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin işin faktiki hallarına əsasən hesab edirlər ki, cavabdehin iddiaçını işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Birincisi, iddiaçı 1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicəprofilaktika ixtisasını bitirmişdir. İkincisi, iddiaçı Əmək fəaliyyəti müddətində müxtəlif dərəcələrdə təltif edilmiş daha sonra isə qanunvericiliklə müəyyən edilmiş səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə səhiyyə sahəsində xüsusi xidmətlərinə görə verilən əməkdar həkim fəxri adına Azərbaycan respublikasının Prezidentinin Sərəncamına əsasən layiq görülmüşdür. O, tibb sahəsində işlədiyi 35 il müddətində onun haqqında hər hansı intizam tənbeh tədbiri görülməmiş, əksinə nümunəvi işinə görə daima təriflənib, vəzifələrdə irəli çəkilmişdir. Üçüncüsü, iddiaçı xx.xx.1988-ci ildən eyni strukturda təxminən 35 il ərzində fasiləsiz olaraq, eyni vəzifədə isə xx.xx.2015-ci ildən fasiləsiz olaraq işlədiyindən onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Əmək Qanunvericilinə əsasən onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Bu mənada İşəgötürən iddiaçı ilə xx.xx.2022-ci ildə 3 ay müddətinə əmək müqaviləsi bağlaması ilə əmək qanunvericiliyinin müddəlarını düzgün tətbiq etməyərək pozuntuya yol vermişdir. Belə ki, işçi ilə əmək müqaviləsinin müddətli bağlana biləcəyi hallar Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Başqa sözlə, onun eyni qurumda əvvəllər müddətsiz əmək müqaviləsinə əsasən işlədiyi halda, 09 dekabr 2022-ci ildən etibarən müddətli əmək müqaviləsi bağlanması qanunsuzdur, yəni, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması ciddi şübhə doğurur. Onun işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürülsə hesab etmək olar ki, onunla işəgötürən arasında 2022-ci ilin dekabr ayında müddətli əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Həmçinin qeyd olunmalıdır kı, işçinin əmək funksiyasının daimi xarakterə malik olması qabaqcadan bəlli olub və onun əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, yeni əmək müqaviləsinin müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. Yəni daimi xarakter daşıyan əmək funksiyalarının yerinə yetirilməsi üçün işçi ilə müddətli əmək müqaviləsinin bağlanmasının hər hansı bir ağlabatan izahı yoxdur. Burada xüsusilə nəzərə alınmalıdır ki, həmin əmək müqaviləsi eyni vəzifəni işəgötürən qurumda uzun illər ərzində qüsursuz yerinə yetirmiş və tutduğu vəzifəni hər hansı bir pozuntuya görə deyil, öz təşəbbüsü ilə tərk etmiş işçi ilə bağlanmışdır. Başqa sözlə, işçi tutduğu vəzifənin icrası ilə bağlı kifayət qədər bilik və təcrübəyə malik olmuşdur. Belə bir vəziyyətdə işçinin əmək müqaviləsini məhz öz razılığı ilə 3 ay müddətinə bağlamasının hər hansı ağlabatan izahi yoxdur. Bundan əlavə sözgedən əmək müqaviləsi həmin tarixdə artıq müddətsiz xarakter daşımış və bu zaman işçi ilə əmək müqaviləsinin müddətli bağlanması işçi və ya işə götürənin iradəsindən asılı olmamışdır. Belə ki, qanunverciliyə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir ki, 09 dekabr 2022ci il tarixə qədər artıq iddiaçının əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam etmiş, buda həmin tarixdən sonrakı bağlanmış sonuncu müqavilənin müddətsizliyinə səbəb olmuşdur. Dördüncüsü o, mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün səy göstərib, lakin cavabdeh qurumun hər hansı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan onunla müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşin faktiki hallarından göründüyü kimi, o, təxminən 35 il eyni strukturda çalışmışdır. Lakin yalnız 2022-ci ilin dekabr ayından etibarən onunla əmək müqaviləsi müddətli bağlanmağa başlanmışdır. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş əməyə təminat hüququna malik olmur. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, lakin cavabdehin nümayəndəsi ərizə yazaraq məhkəmənin ikinci baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X4 nümayəndəsi X2 izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı əmək fəaliyyətinə xx.xx.1977-ci ildə Azərbaycan Neft-Kimya Zavodu təmir-tikinti trestində maşinist köməkçisi olaraq başlamış, 1981-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə qəbul olmuş, xx.xx.1988-xx.xx.1989-cu il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında həkim interna, xx.xx.1989-xx.xx.1994-cü il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında həkim, xx.xx.1994-xx.xx.2007-ci il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında Bölmə müdiri vəzifəsində işləmişdir. xx.xx.2007-ci ildə müvəqqəti olaraq operativ və hospitalizasiya işlərin təşkili üzrə Baş Həkimin müavini vəzifəsinin icrası həvalə edilmişdir. xx.xx.2007-ci ildə Baş həkimin operativ və hospital işlər üzrə müavin vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci ildə tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar AR ƏM 68 maddəsinin “a” bəndinə əsasən müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci ildə Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini vəzifəsinə daimi dövlət qulluğuna qəbul olunmuş, xx.xx.2015-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.1- ci maddəsinə uyğun olaraq öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2015-ci il tarixində "Bakı şəhər Təcili və X1 Stansiyası" X8ndə Baş həkim vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci ildə AR ƏM 68 maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tuduğu vəzifədən azad edilmişdir. xx.xx.2022-ci ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X4 "Bakı şəhər Təcili və X1 Stansiyası" X6 direktor təyin edilmiş, xx.xx.2023-cü ildə AR ƏM 68 maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarından görünür ki, İddiaçı Nazir tərəfindən xx.xx.2007-ci ildə "Fəxri Fərman", xx.xx.2015-ci ildə "Səhiyyə əlaçısı", YAP - xx.xx.2007-ci ildə "Fəxri Fərman", Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2010-cu ildə "Azərbaycan Respublikasının Yubiley medalı", xx.xx.2020-ci ildə "Əməkdaşlığa görə döş nişanı" ilə təltif olunmuşdur. İş materiallarında olan "Bakı şəhər Təcili və X1 Stansiyası" X8" ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı direktor vəzifəsinə qəbul edilmişdir (bənd 1.2). Bu əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən qüvvəyə minir və xx.xx.2023-cü il tarixə qədər qüvvədədir. (bənd 2.3). İşəgötürən işçiyə işlədiyi hər ay üçün 5725 əmək haqqı ödəyəcək. (bənd 4.1). İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X4 14 dekabr 2023-cü il tarixli, 18-1/3-1-1997/2023 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmri ilə "Bakı Şəhər Təcili və X1 Stansiyası" X8n direktoru İddiaçı 14 dekabr 2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış 09 dekabr 2022-ci il tarixli 289 nömrəli əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixində mediasiya üçün müraciət edilmiş, Bakı şəhəri 2 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixində tərəflərə ilkin mediasiya sessiyası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/2-00010 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 12:00-da keçirilən ilkin mediasiya sessiyasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X8 iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1988-xx.xx.1989cu il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında həkim interna, xx.xx.1989xx.xx.1994-cü il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında həkim, xx.xx.1994xx.xx.2007-ci il tarixlərində Bakı şəhər Təcili və X1 Stansiyasında Bölmə müdiri vəzifəsində işləmişdir. xx.xx.2007-ci ildə müvəqqəti olaraq operativ və hospitalizasiya işlərin təşkili üzrə Baş Həkimin müavini vəzifəsinin icrası həvalə edilmişdir. xx.xx.2007-ci ildə Baş həkimin operativ və hospital işlər üzrə müavin vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci ildə tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar AR ƏM 68 maddəsinin “a” bəndinə əsasən müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci ildə Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini vəzifəsinə daimi dövlət qulluğuna qəbul olunmuş, xx.xx.2015-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.1- ci maddəsinə uyğun olaraq öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2015-ci il tarixində "Bakı şəhər Təcili və X1 Stansiyası" X8ndə Baş həkim vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci ildə AR ƏM 68 maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tuduğu vəzifədən azad edilmişdir. xx.xx.2022-ci ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X4 "Bakı şəhər Təcili və X1 Stansiyası" X6 direktor təyin edilmiş, xx.xx.2023-cü ildə AR ƏM 68 maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından da göründüyü kimi xx.xx.1988-ci ildən eyni strukturda təxminən 35 il ərzində fasiləsiz olaraq, eyni vəzifədə isə xx.xx.2015-ci ildən fasiləsiz olaraq işləmişdir. Bakı şəhər Təcili və X1 Stansiyası X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 289 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X6 X8n Bakı şəhər Təcili və X1 Stansiyasının direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.3-cü bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay 1 gün müddətinə bağlanmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X4 14 dekabr 2023-cü il tarixli, 18-1/3-1-1997/2023 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmri ilə İddiaçı 14 dekabr 2023-cü il tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ Əmək fərdi və ictimai rifahın əsasıdır (İ). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (İV). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 40. Maddə İşəgötürənin əsas hüquqları Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar: Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallardamüəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdehin arasında əvvəllər müddətsiz əmək müqaviləsi bağlandığı halda, xx.xx.2022-ci il tarixdə işəgötürənin təşəbbüsü ilə onunla müddətli əmək müqaviləsi bağlanmış, yenidən əvvəllər işlədiyi eyni, daimi xarakterə malik olması əvvəlcədən bəlli olan işə qəbul olunmuş, müqavilə müddəti 3 ay müəyyən edilmişdir. Tərəflər 3 aylıq müddət qurtardıqda əmək münasibətlərini davam etdirmiş, buna görə də Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq müqavilə müddəti eyni müddətlərə uzadılmış, işəgötürən 14 dekabr 2023-ci il tarixdə əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam vermişdir. Hazırda İddiaçı işinin xüsusiyyətinin müddətli olmamasını, işin hüquqi tərəflərindən başqa vəzifənin öhdəsindən kifayət qədər gəldiyini, heç bir əmək intizamsızlığına yol vermədiyini bildirməklə həmin əmrin ləğv edilməsi ilə yanaşı, əvvəlki vəzifəsinə bərpa edilməli olmasını, həmçinin ona ödənilməli olan məbləğləri mübahisələndirir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, müddətli əmək müqaviləsi üzrə müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələrin həlli zamanı, araşdırmanın başlanğıc nöqtəsi, müddətin qurtarmasının müəyyən edilməsidir. Məhkəmə qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Bundan başqa, məhkəmə iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Məhkəmə, həmçinin müddətli müqavilənin tərəflərin «qarşılıqlı razılığına» əsasən bağlandığını nəzərə alaraq qeyd edir ki, «Qarşılıqlı razılıq» Qanunun tələbinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh Qanunun ona verdiyi hüquqdan suiistifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Məhkəmə hesab edir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (o cümlədən, müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) ƏM-nin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, eyni strukturda uzun müddətli iş stajına malik, kifayət qədər ixtisaslı işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Məhkəmə qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehn 14 dekabr 2023-cü il tarixli əmri ləğv edilməli, İddiaçı Cavabdehn tabeliyində Bakı şəhər Təcili və X1 Stansiyası X8 ilə bağlanan 09 dekabr 2022-ci il tarixli, 289 nömrəli əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 14 dekabr 2023-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdehn tabeliyində Bakı şəhər Təcili və X1 Stansiyası X8 ilə bağlanan 09 dekabr 2022-ci il tarixli, 289 nömrəli əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar