Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1629/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Yusufovnanın nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə İlkin iddia üzrə İddiaçı Yusufovnanın ilkin iddia üzrə Cavabdeh qarşı "mənzildən çıxarılma tələbi"nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Yusufovnaya qarşı “mülkiyyət hüququnun əldə edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yusufovna Cavabdeh qarşı "mənzildən çıxarılma tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 sentyabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Lakin, 25 sentyabr 2019-cu il tarixdə iddiaçıya məlum olmuşdur ki, xx xxxxxxx 1970-ci il təvəllüdlü Cavabdeh onun məlumatı və razılığı olmadan mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzilə qanunsuz yollarla qeydiyyata alınmış və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Göründüyü kimi Cavabdeh mübahisəli mənzilə qanunsuz yollarla qeydiyyata alınmış, onun həmin mənzilə qeydiyyata alınmasına və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamasına iddiaçının, yəni mülkiyyətçinin razılığı olmamış, bununla da, onun və ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır. Bundan da aydın görünür ki, cavabdehin iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüquqları yaranmadığı halda qeydiyyatda olması və ailə üzvləri ilə birlikdə orada yaşaması iddiaçının konstitusion, mülki, mənzil hüquqlarını kobud şəkildə pozmuşdur və bu hüquq pozuntusu bu günədək davam etməkdədir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzili ailə üzvləri və əşyaları ilə birlikdə tərk etmələri və mənzilin boşaldılaraq ona təhvil verilməsi tələb edilsə də, onlar həmin mənzildən çıxmaqdan imtina edirlər. Bununla yanaşı qeydiyyata alınma zamanı iddiaçının razılığının olub- olmamasının müəyyən edilməsi məqsədi ilə tərəflərindən 11 oktyabr 2019-cu il tarixli, 100 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunaraq, xx xxxxxxx 1970-ci il təvəllüdlü Cavabdeh İddiaçı Yusufovnanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzilə qeydiyyata alınması ilə bağlı hər hansı notariat orqanı tərəfindən mənzilin mülkiyyətçisi İddiaçı Yusufovnanın razılıq ərizəsinin təsdiq edilib-edilməməsi barədə məlumatın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16 oktyabr 2019-cu il tarixli, 05/5805-14 saylı məktubu ilə sorğuya cavab olaraq bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış axtarış nəticəsində İddiaçı Yusufovnanın adından Cavabdeh yaşayış sahəsinə qeydiyyata alınmasına razılıq verməsi haqqında ərizənin təsdiqlənməsi aşkar edilmədi. Göstərilənlərə əsasən Cavabdeh ailə üzvləri və mənzildə olan əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, Bağırov x5 Şuşana Yusufovnaya qarşı “mülkiyyət hüququnun əldə edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 1999-cu ilin yanvar ayından Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzildə yaşayır. Belə ki, həmin evin qanuni mülkiyyətçisi olan x2 oğlu Fimanın razılığı ilə, yəni evin Cavabdeh satılacağı şərti ilə evin açarı ona təhvil verilib. Cavabdeh həmin evdə əsaslı təmir işləri aparıb, həmin ilin mart ayında toyunu edərək həmin evə ailəliklə köçüb, bu günə kimi yaşayır. Bundan əlavə, həmin evin Cavabdeh satılması müqabilində o, Fimanın şifarişi ilə onun bibisinə 7000 ABŞ dolları vermişdir. Fima da həmin evin Cavabdeh satılacağını inandırması və təsdiqlənməsi üçün onu həmin evə özü qeydiyyata aldırıbdır ki, ev onundur. Bundan əlavə, Cavabdeh bu günə kimi həmin evi bir neçə dəfə əsaslı təmir etmişdir. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, ünvan 1 ünvanında Cavabdeh on ildən artıq müddətində fasiləsiz olaraq yaşadığını nəzərə alaraq, həmin ünvandakı mənzilə mülkiyyət hüququnun əldə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Yusufovnanın nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia tələbinə etiraz edərək, təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 20.09.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı Yusufovnanın adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan “Elektron notariat” x1 Çıxarışdan görünür ki, Cavabdehünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16.10.2019-cu il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış axtarış nəticəsində İddiaçı Yusufovnanın adından Cavabdeh yaşayış sahəsinə qeydiyyata alınmasına razılıq verilməsi haqqında ərizənin təsdiqlənməsi aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli, 2(006)-1141/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı Yusufovnanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 37 saylı evin 54 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilməsi qət edilmişdir. Məhkəmə ilkin iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən mənzil iddiaçının mülkiyyəti olduğundan, həmin mənzildə yaşamağa heç bir hüquqi əsası olmayan cavabdehin həmin mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən ilkin iddia üzrə iddiaçının ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və ilkin iddia üzrə cavabdeh həmin mənzildən çıxarılmalıdır. Beləliklə, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə Cavabdeh və onun ailə üzvləri mənzildə olan əşyaları ilə birlikdə ilkin iddia üzrə İddiaçı Yusufovnanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq ilkin iddia üzrə İddiaçı Yusufovnaya təhvil verilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında mübahisəli evə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qeyd olunan qətnamə ilə hazırki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 37 saylı evin 54 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilməsi qət edilmişdir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli evin ona satılmasını və bunun müqabilində pul ödənməsini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «x3rşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə görə məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə Cavabdeh və onun ailə üzvləri mənzildə olan əşyaları ilə birlikdə ilkin iddia üzrə İddiaçı Yusufovnanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq ilkin iddia üzrə İddiaçı Yusufovnaya təhvil verilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə Cavabdeh və onun ailə üzvləri mənzildə olan əşyaları ilə birlikdə ilkin iddia üzrə İddiaçı Yusufovnanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzildən çıxarılsınlar və həmin mənzil boşaldılaraq ilkin iddia üzrə İddiaçı Yusufovnaya təhvil verilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1629/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1629/2020
18.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver