Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-164/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hal-hazırda da Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3 saylı evin, 27 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 13.11.2015-ci il tarixli, 2015/00212-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 35.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan tərəflərindən ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmışdır. Nəsimi Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli, 2(006)-2135/2017 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək Cavabdeh yaranmış borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması və həmin əmlak satıldıqdan sonra cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılmaları qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X4” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X4” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X3 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X3 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. (Qeydiyyat nömrəsi **********, tarix: 23.04.2019). Nəsimi rayon İcra və Probasiya Şöbəsi icra sənədinin tələbinə uyğun olaraq 23.08.2019-cu il tarixə, saat 11:00 mənzilin boşaldılması ilə bağlı icra təyin etmiş və mənzili boşaldaraq həmin tarixə akt tərtib edərək mənzili mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilmişdir. Lakin ipoteka predmeti olan əmlakın artıq İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil veriməsinə baxmayaraq, Cavabdeh hal-hazırda da ünvan 1 ünvanında qeydiyyatdadır. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də tərəflərindən hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən hesab edirlər ki, Cavabdeh mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3 saylı evin, 27 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mübahisəli mənzildə artıq yaşamadığını, bir ildən çox müddətdə kirayədə qaldığını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi cavabdeh mübahisəli mənzilin keçmiş mülkiyyətçisidir. Ona məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 3, 27 saylı mənzil müvafiq məhkəmə aktlarına əsasən hərraca çıxarılaraq iddiaçıya satılmışdır. Bununla da cavabdehin həmin daşınmaz əmlaka malik olduğu mülkiyyət hüququnun ünsürləri olan istifadə, sahiblik və sərəncam hüquqları iddiaçı-alıcı İddiaçı BOKT ASC-yə keçmişdir. Cavabdeh sözügedən mənzildə qeydiyyatda olsa da faktiki olaraq orada yaşamır. Beləliklə cavabdehin yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun həmin mənzildə yaşamasına əsas verən hər hansı qeyd-şərtin müəyyən edilmədiyindən, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququnu yaratmadığından, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya məxsus olan mənzildən istifadə hüququ yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun həmin maddəsinin məzmununa görə şəxs yaşayış yeri üzrə qeydiyyatdan həmin Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin mübahisəli mənzildə faktiki yaşamadığından, onun həmin yaşayış sahəsinə istifadə hüququ olmaması müəyyən edildiyindən, mənzilin mülkiyyətçisi olan iddiaçıya izah edilməlidir ki, o, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya, müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın hərəkət (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.4, 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-164/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-164/2021
31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver