Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1657/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)-8982/2017 saylı qətnaməsi ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli, K- 615 saylı əmri ləğv edilmiş, iddiaçı direktor müavini vəzifəsinə bərpa olunmuş və ona xx.xx.2017-ci il tarixindən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1730/2019 saylı qətnaməsi ilə qətnamə prosessual pozuntuya görə ləğv edilsə də, faktiki olaraq Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)- 8982/2017 saylı qətnaməsi qüvvədə qalmış, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 1730/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmənin qətnaməsi icra olunduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən iddiaçı Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunsa da, bərpa olunduğu gündən işdən çıxarıldığı günə kimi onunla istər məktəb direktoru, istərsə də Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi normal davranmamış, ona dəfələrlə bildirilmişdir ki, “gec-tez maddə ilə yenidən işdən çıxarılacaq, məhkəmənin qərarı ilə işə bərpa olunan şəxsin aralarında yeri yoxdur, qəbuledilməz şəxsdir, işində nöqsan axtarırlar, tapan kimi çıxarılacaqdır”. Daha sonra, iddiaçı işə bərpa olunduğu gündən bir gün sonra direktor Arzu Nəzərova (hansı ki, məktəbə müvəqqəti təyin olunmuşdu) iddiaçını yanına çağırıb dedi ki, onu öz vəzifəsini icra etməyə qoymayacaq, başqa iş verəcəkdir. İddiaçı təhsil idarəsinə müraciət etdi, ondan sonra direktor A.Nəzərova tez-tez iddiaçını narahat edir, ibtidai siniflərin jurnallarını gizlədir, iddiaçının siniflərdə dərs dinləməsinə mane olur, texniki işçilərə iddiaçının adından yalan sözlər deyərək onların dalaşmasına şərait yaradırdı. Əlindən gələni edirdi ki, məktəbdə iddiaçının səsi çıxsın, o da bundan istifadə edib təhsil idarəsinə xəbər versin ki, iddiaçı işçilərlə dalaşır və ya mübahisə edir. Lakin İddiaçı direktorun onunla olan qərəzli hərəkətlərinə ümumiyyətlə məhəl qoymurdu. Daha sonra, direktor iddiaçıya 2019-cu ilin oktyabr ayından dərs vermədi, halbuki başqa müavinin dərsi var idi. Siniflərdə tez-tez müəllimlər dərs buraxır, valideyn müəllimin əvəzinə dərs keçir. İddiaçı bu baş verənlərə etiraz etsə də, direktor ona deyirdi ki, “özü bilər, ona aidiyyəti yoxdur”. Qanunsuz şəkildə başqa müavin və zavxoz direktorun göstərişi ilə ibtidai siniflərdən pul yığdıqları zaman, iddiaçı dərhal müdaxilə etdi. Sonra yazılı şəkildə direktora verdi və dedi ki, bu adamlar barəsində tədbir görmək lazımdı. Bir neçə gündən sonra direktor iddiaçıya dedi ki, “burada direktor özüdür, o bilər”. İddiaçı məhkəmənin qətnaməsi ilə bərpa olunduqdan sonra işlədiyi bir il ərzində ona stol, stul, otaq verilməyib, o, zavxozun otağında oturmuşdur. xx.xx.2020-ci il tarixində iddiaçı heç bir iclas keçirməmişdir. Ə.Sona müəllimənin dərsin başlanması ilə bağlı müəllimlərə tövsiyyəsi var idi, danışırdı sinifdə hansı ki, dövlət tərəfindən 10 nəfərin bir yerdə məsafəli şəkildə oturmağa icazə verilmişdi, hamısı da qoruyucu tibbi maskada, iddiaçı da axırıncı partada oturmuşdu və 10 nəfər müəllim də hərəsi bir partada məsafəli şəkildə oturmuşdu. Bir sözlə, iddiaçı heç bir iclas keçirməmişdir. Sonra müəllimə də onlara dedi ki, direktordan icazə almışdır. Daha sonra, 2-ci bir ərizə göndərib təhsil idarəsinə o da tamamilə böhtandır. Orada xeyli müəllimlər iştirak edib və müəllimləri direktor öz otağına çağırıb. İddiaçı yazını yazıb çıxandan sonra gördü ki, Aydan onu çağırır. İddiaçı tez direktorun otağına gəldi, müəllimlər hamısı oturmuşdu, iddiaçı qapıdan içəri tərəfdə dayandı və salamlaşdı. Aydan Nəzərova heç bir söz demədən başladı müəllimə yaraşmayan şəkildə, sanki məktəbdə yox, bazarda imiş kimi qışqıra-qışqıra qarğış etməyə. İddiaçı bir an nə olduğunu dərk etmədi, elə müəllimlər də çaş-baş qaldılar və heç kim heç nə başa düşmədi. Lakin bir xeyli qarğış, qışqırığdan sonra dedi ki, “Elnarə məlumat atıb, sən də saytlara onun səsini vermisən”. İddiaçı ondan sonra başa düşdü ki, o, nə demək istəyir. İddiaçı ona bu hal ilə əlaqədar öz iradını bildirmişdir. Direktor bildiyi şəkildə təhsil idarəsinə iddiaçı barəsində yalan və böhtan dolu məktublar göndərmişdir ki, həmin məktublara da imza atan şəxslər, onun məktəbə yerləşdirdiyi qohumlarıdır. İddiaçı BŞTİ-nin müdiri R.Tağıyevdən xahiş etdi ki, araşdırılsın, yoxlanılsın, lakin heç bir araşdırma və yoxlama aparılmamışdır. xx xxxxxxx 2020-ci il tarixində iddiaçı Həmkarların iclasına çağırıldı və həmin tarixdə iclasda iştirak etdi. xx.xx.2020-ci il tarixində Həmkarlar iclasının katibi iddiaçıya telefonla zəng vuraraq öz razılığı ilə işdən çıxmağını bildirdi, iddiaçı da öz növbəsində ərizə yazmayacağını bildirdi. xx.xx.2020-ci il tarixində iddiaçıya Bakı şəhəri üzrə Təhsil İdarəsindən zəng olundu və iddiaçının Əmək Məcəlləsinin “70”-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı barədə əmr verildiyini, gəlib idarədən əmri və əmək kitabçasını götürə biləcəyi bildirildi. İddiaçının səlahiyyətli nümayəndəsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsində getmiş və ona bildirilmişdir ki, iddiaçı barəsində heç bir əmr verilməyib. Məhz bu səbəbdən, iddiaçı xx.xx.2020-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsində rəsmi ərizə ilə müraciət etdi və poçt vasitəsi ilə göndərdi. Nəhayət, xx xxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin K-1094 saylı, xx xxxxxx 2020-ci il tarixli əmrinin surəti iddiaçının poçt ünvanına rəsmi şəkildə göndərilsə də, əmək kitabçası verilmədi. Sözügedən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin K-1094 saylı, xx xxxxxx 2020-ci il tarixli əmri tam qanunsuz və əsassız bir əmrdir. Belə ki, qanunsuz əmrdə qeyd edilmişdir ki, guya iddiaçı “dəfələrlə ona olunan xəbərdarlıqlara baxmayaraq, cari təqvim ili ərzində bir neçə saat işə gec gəlmiş, habelə məktəb rəhbərliyi və müəllimlərə qarşı münasibətdə ‘‘Müəllimlərin etik davranış qaydaları”nın tələblərini dəfələrlə pozaraq müəssisədaxili nizam- intizamın və iş ahənginin pozulmasına, təhsil müəssisəsinin nüfuzuna xələl gəlməsinə səbəb olan hərəkətlərə yol vermişdir”. Halbuki, qeyd edilənlər tamamilə əsassızdır və heç bir sübuta əsaslanmayan fərziyyələrdən, böhtandan başqa bir şey deyildir. Çünki iddiaçı işlədiyi 38 illik müəllimlik fəaliyyəti müddətində 1 dəqiqə olsun belə işə gecikməmiş, hər zaman nizam- intizamlı olmuşdur. Əgər gecikmiş olsaydı, ondan izahat tələb olunardı, iddiaçıdan da indiyə kimi belə bir izahat tələb olunmayıb. Çünkü izahatın yazılmasını zəruri edəcək iddiaçı tərəfindən hər hansı bir qanunsuz hərəkət olmamışdır. Daha sonra, qanunsuz əmrdə qeyd edilmişdir ki, guya iddiaçı “ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, xx.xx.2020-ci il tarixində ibtidai sinif müəllimlərini bir yerə toplayaraq, sanitar gigiyenik qaydalara əməl etmədən (üz maskası, ara məsafəsi saxlamadan) məktəbdə kütləvi halda iclas təşkil etmişdir. Bununla bağlı məktəbin direktoru tərəfindən ona bildirilən irada nümayişkaranə şəkildə əhəmiyyət verməyərək iclası davam etdirmişdir”. Qanunsuz əmrin bu hissəsi də təbii ki, tamamilə əsassızdır və gülünc doğurur. Əvvəla məktəbdə iddiaçı həmin tarixdə belə bir iclas keçirməmişdir. İclasın kim tərəfindən keçirilməsi yuxarıda qeyd olunub. O ki, qaldı karantin qaydalarının tələblərinə əməl olunmamasına, bu tamamilə böhtan və şərdir. Belə ki, müəllim və ya müəllimələrin tibbi maskasız ümumiyyətlə məktəbə gəlmələri qadağan olunmuşdur. Daha sonra, qanunsuz əmrdə qeyd edilmişdir ki, guya iddiaçı işçiləri təhqir etmişdir. Bu isə tamamilə ağ yalandır. İddiaçı işlədiyi bütün məktəblərdə hələ heç kim deyə bilməz ki, o, kimisə nalayiq söyüşlərlə təhqir etmiş, kiməsə şəxsiyyətinə toxunan və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Bir daha görünür ki, əmrdə adları qeyd edilmiş şəxslərin iddiaçının onlar haqqında o cür ifadələr işlədib-işlətməməyi sübut olunmalıdır. Əmri bəzəmək xətrinə geniş, uzun-uzadı gülməli sözləri yazmaq olar və əsas odur ki, sübuta yetirilsin. Daha sonra, qanunsuz əmrin digər hissələri söz toplusudur. Əsassız əmrin sonuncu hissəsinə qeyd edilmişdir ki, “İddiaçı ilə xx.xx.2020- ci il tarixdə əlaqə saxlanılmış və onun xəstəlik vərəqəsinin bağlandığı məlum olmuşdur. Buna baxmayaraq, İddiaçı bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsində və məktəbin rəhbərliyinə məlumat verməmişdir. Xəstəlik vərəqəsinin bağlanmasına baxmayaraq, bugünədək üzrsüz səbəbdən işə çıxmamışdır”. Bu da tamamilə əsassızdır. Halbuki, iddiaçı bülletendə olmağı barədə məktəbin direktoruna şəxsən məlumat vermiş və xəstəlik vərəqəsi bağlandığı gün onu işdən azad ediblər, bülletendə olarkən məktəbin direktoru dəfələrlə iddiaçıya bildirmişdir ki, onun işdən azad olunmağı barədə əmrin fabulası artıq hazırdı, bülleten müddəti bitən kimi, onu işdən çıxaracaqlar. Əmrdə yazılanlar həqiqəti əks etdirmir və sadəcə olaraq utopik söz toplusudur, qanunsuz əmr faktlara deyil fərziyyələrə əsaslanmışdır. Göründüyü kimi, cavabdeh idarə iddiaçının məhkəmənin qətnaməsi ilə işə bərpa olunmağını həzm edə bilməmiş və ona şər atmaq yolu ilə, müxtəlif əsassız bəhanələrlə onun işdən azad olunmağı üçün qabaqcadan düşünülmüş şəkildə ssenari hazırlamışdır ki, bu da məhkəməyə təqdim etdiyi sübutlarla sübut olunur. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin N° K-1094 saylı, xx xxxxxx 2020-ci il tarixli əmri ləğv olunmaqla iddiaçının Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və xx.xx.2020-ci il tarixindən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddiada göstərilənləri təsdiq edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, o, 162 saylı orta məktəbdə tədris üzrə direktor müavinidir. 2 ildir ki, həmin vəzifədə işləyir. İddiaçı müəyyən vaxt direktor müavini vəzifəsində işləmişdir. İddiaçı işdən azad olundu, sonra həmin işə bərpa olundu. Yeni direktor gəldi. İddiaçı bundan sonra yeni direktora qarşı qruplaşmalar yaratmağa başladı. İddiaçının məqsədi direktorun işdən çıxarılması, əvəzinə isə onun direktor təyin edilməsi idi. O və digər əməkdaşlar şahiddirlər ki, iddiaçı direktoru nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, iddiaçı iş vaxtı mütəmadi olaraq səs-küy salmış, direktora qarşı nalayiq ifadələr işlətmişdir. Bundan əlavə, iddiaçı mütəmadi olaraq işə gecikirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, o, jurnalistdir. Övladını məhkəmə gətirdiyi vaxt iddiaçı ona yaxınlaşıb bildirmişdir ki, bura yaxşı məktəb deyil, direktora qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra, o, direktora iradını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, o jurnalistdir. Nəzirənin məsləhəti ilə övladını məktəbə gətirmək fikri var idi. Dərs cədvəli ilə tanış olmaq üçün məktəbə gedəndə iddiaçı onlara yaxınlaşıb bildirmişdir ki, burada təhsil verilmir, direktor yaxşı adam deyildir. Bu hal iki dəfə baş vermişdir. Bundan sonra, direktora iradını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, o, məktəbdə xadimə işləyir. İddiaçı münaqişə yaradan insandır. O, iddaçının direktoru təhqir etdiyinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, o, 162 saylı məktəbdə ingilis dili müəlliməsi kimi işləyir. İddiaçı ilə direktorun arasında mütəmadi olaraq mübahisələr olmuşdur. Bir dəfə dəhlizdə olarkən iddiaçının direktoru təhqir etdiyini eşitmişdir. Tərəflər arasında olan münaqişənin dəqiq səbəbi bilinmir. İddiaçının əvvəlki direktorla da mübahisəsi olmuşdur. İddiaçı xasiyyətcə konfliktli insandır. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, o, 162 saylı məktəbin direktorudur. O, iddiaçını məhkəmə qətnaməsi ilə işə bərpa olunduğu gün tanımışdır. İddiaçı ona demişdir ki, o, bu məktəbdə işləyə bilməyəcəkdir. İddiaçı onun otağında onu dəfələrlə təhqir etmişdir. Bu səbəbdən də o, iddiaçını otağından qovmaq məcburiyyətində qalmışdır. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə aparılan araşdırma ilə əlaqədar BŞTİ-yə dəvət olunmuş təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə, saat 14:30 radələrində BŞTİ-nin 402 nömrəli xidməti otağına gəlmişdir. Araşdırma ilə əlaqədar İddiaçı suallar verilərək izahat yazmaq təklif olunduqda o, izahatını ümumi sözlərlə ifadə edərək suallara cavab verməkdən imtina etmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixində ölkə ərazisindəki pandemiya şəraitini nəzərə almayaraq maskasız fənn kabinetində 16-17 nəfər ibtidai sinif müəllimlərini yığaraq icazəsiz iclas keçirtmişdir. Məktəbin mühafizəçisi Mirzəliyeva Hicran İddiaçı yaxınlaşaraq bu formada iclas keçirtməyin yolverilməz olduğunu bildirmişdir. Daha sonra, direktor Arzu Nəzərova da kabinetə yaxınlaşaraq eyni iradı bildirmiş, lakin İddiaçı direktoru saymayaraq çıxışına davam etmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işə 10:03 radələrində gəlmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işə 09:00 radələrində gəlmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini İddiaçı xəstəliyini səbəb göstərməklə uzun müddət işə çıxmaması və hazırda xəstəliyinin davam edib-etməməsini öyrənmək məqsədilə, onunla xx.xx.2020-ci il tarixdə ********** nömrəli mobil nömrədən istifadəsində olan ********** nömrəli mobil nömrəsinə zəng olunaraq əlaqə saxlanıldı. Telefon danışığı zamanı İddiaçı bildirdi ki, 13 oktyabr tarixdən açılmış xəstəlik vərəqəsi bağlanmışdır, hazırda yeni xəstəlik vərəqəsi açılmamışdır. Buna baxmayaraq, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri 162 nömrəli məktəbin rəhbərliyinə bu barədə heç bir məlumat verməmişdir. Xəstəlik vərəqəsinin bağlanmasına baxmayaraq, İddiaçı bugünədək üzrsüz səbəbdən işə çıxmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, K-1094 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydalarının tələblərini dəfələrlə pozaraq müəssisədaxili nizam-intizamın və iş ahənginin pozulmasına yol verdiyinə görə Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi əmr edilmişdir. Həmin əmrdən görünür ki, aparılmış araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışlara yol verərək məktəbdaxili nizamintizamı, iş ahəngini kobud şəkildə pozduğu, bununla da təhsil müəssisəsinin və ümumilikdə Təhsil Nazirliyinin nüfuzuna və qanuni mənafelərinə zərər yetirdiyi, habelə xüsusi karantin rejiminin tələbini pozduğu müəyyən edilmişdir. Bununla yanaşı İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələbləri də kobud şəkildə pozulmuşdur. xx.xx.2020-ci il tarixdə İddiaçı ilə əlaqə saxlanılmış və onun xəstəlik vərəqəsinin bağlandığı məlum olmuşdur. Buna baxmayaraq, İddiaçı Bakı Şəhəri üzrə Təhsil idarəsinə və Bakı şəhəri 162 nömrəli məktəbin rəhbərliyinə bu barədə heç bir məlumat verməmişdir. Xəstəlik vərəqəsinin bağlanmasına baxmayaraq, İddiaçı bugünədək üzrsüz səbəbdən işə çıxmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifəsini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Nəticədə iddiaçı cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışlara yol verərək məktəbdaxili nizamintizamı, iş ahəngini kobud şəkildə pozmuş, bununla da təhsil müəssisəsinin və ümumilikdə Təhsil Nazirliyinin nüfuzuna və qanuni mənafelərinə zərər yetirmiş, habelə xüsusi karantin rejiminin tələbini pozmuşdur. Bununla yanaşı İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, “Müəllimlərin etik davranış Qaydaları”na əsasən, müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməli (2.1.3-cü bənd), müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır (2.1.5-ci bənd), peşə nüfuzunu möhkəmləndirməli, müəllim adını, şərəf və ləyaqətini uca tutmalı (2.1.7-ci bənd), pedaqoji etika və əxlaq normalarına riayət etməli, müəllim nüfuzunu yüksək tutmalı, ziyalılıq nümunəsi göstərməli (3.8-ci bənd), müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır, müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır, təhsilalanlar və digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir. (4.2.1 -ci bənd) Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq alınması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuşdur. Verilmiş təqdimata baxılmasının nəticəsi barədə Həmkarlar İttifaqı Komitəsindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə xx.xx.2020-ci il tarixli, 18 nömrəli məktub daxil olmuşdur. Məktubda xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin iclasının keçirildiyi və əmək fəaliyyətində yol verdiyi nöqsanlara və müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışlara yol verməklə “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı öz vəzifə funksiyalarını yerinə yetirmədiyinə, mövcud qanunvericiliyin tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verildiyi bildirilmişdir. Məhkəmə iddiaçının ona intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən yazılı izahatın alınmaması ilə bağlı gətirdiyi dəlil ilə əlaqədar qeyd edir ki, araşdırma aparılan zaman İddiaçı İdarənin inzibati binasına dəvət olunmuş və ona suallar verilərək izahat yazmaq təklif olunduqda o, xx.xx.2020-ci il tarixli yazılı izahatını ümumi sözlərlə ifadə edərək əlavə suallara cavab verməkdən imtina etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xəstəlik vərəqəsinin bağlanmasına baxmayaraq, İddiaçı üzrsüz səbəbdən işə çıxmamışdır. Bu səbəbdən işdə hesab olunduğu üçün İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydalarının tələblərini dəfələrlə pozaraq müəssisədaxili nizam-intizam və iş ahənginin pozulmasına yol verdiyinə görə müəssisənin rəhbərliyi tərəfindən məlum əmr qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onlar arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də işəgötürən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının «işə bərpa edilməsi» haqqında iddia tələbi əsassız olduğuna görə, həmin tələblə bağlı olan iddianın «məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» hissəsi də əsassız hesab olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1657/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1657/2021
15.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver