Məhkəmə qərarları › İş №2(006)-1660/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1660/2025

03.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1660/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X26 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, vəkili-nümayəndəsi Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon MKTB 17 saylı MKİS-in nümayəndəsi X2, X1 iştirakları ilə İddiaçı Nəsimi rayon MKTB və Nəsimi rayon MKTB 17 saylı MKİS mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illərdir ki, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Həmin mənzilin mülkiyyətçisi olmuş X15 iddiaçının mərhum qardaşının arvadı olmuşdur. İddiaçının anası oğlu vəfat etdikdən sonra onun ailəsinə qeyd olunan mənzili vermişdir. Uşaqları öldükdən sonra Ruşanyanın səhhətində problemlər yarandığına və tək qaldığına görə iddiaçıdan yanına köçüb onunla yaşamasını xahiş etmişdir. İddiaçı Ruşanyaya baxmaq üçün ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata düşməklə onun yanına köçmüş və birgə mənzildə yaşamışlar. Mənzil mülkiyyətçisinin təkidi və razılığı əsasında qeydiyyata alınmaqla yaşadığına görə həmin andan iddiaçının ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ yaranmışdır. Bir neçə il sonra Ruşanya spirtli içkilərdən istifadə etməyə başladığına görə iddiaçı məcbur qalıb onunla yaşamamış, özü üçün kirayə mənzil tutaraq qeyd edilən mənzildən köçmüşdür. Lakin mütəmadi olaraq iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə gələrək Ruşanyaya baxmaqla hər bir işində ona kömək etmiş, mənzilin kommunal və digər xərclərinin ödənilməsində iştirak etmişdir. Bir müddət sonra Ruşanya bir nəfər şəxsin onu aldadıb mənzilə dair vəsiyyətnamə yazdırdığını demiş və həmin şəxsin fırıldaqçı olduğunu öyrənib qeyd edilən vəsiyyətnaməni ləğv etdirmişdir. Bundan sonra iddiaçı qonşuluqda kirayə yaşayan Ahilə adlı qadının Ruşanyaya arada yardım etdiyini görmüş və həmin qadına köməyinə görə pul təklif etsə də, Ahilə razılaşmayıb bir qonşu kimi baxdığını bildirmişdir. İddiaçı 2022-ci ilin əvvəlində Ruşanyaya baş çəkməyə gedəndə onun xəstə olduğunu və huşunun özündə olmadığını görmüşdür. Həmin vaxt Ahilə Ruşanyanın ömrünün sonunadək qulluq etmək şərtilə mənzilə dair vəsiyyətnamə verdiyini demişdir. İddiaçı da Ahiləyə bunun düzgün olmadığını və onun Ruşanyanın alzeymer xəstəliyindən istifadə edib vəsiyyətnaməni saxtalaşdırdığı barədə şikayət edəcəyini bildirib həmin mənzildə qeydiyyatda olduğunu və Ruşanya xəstə olduğuna görə evin sənədlərini götürüb özündə saxladığını bildirmişdir. İddiaçı hansı sənədlər əsasında vəsiyyətnamə yazılması barədə soruşduqda Ahilə sənədləri arxivdən yenidən toplayıb düzəltdirdiyini, mənzilin çıxarışının dublikatını götürüb notariusa təqdim etdiklərini bildirmişdir. Ahilə faktiki olaraq Ruşanyaya baxdığını, vəsiyyətnamənin də ona verildiyini bildirib ona baxmağa davam edəcəyini və iddiaçıya da pul verəcəyini vəd edib qeydiyyatdan çıxmasını təklif etmişdir. İddiaçı isə bununla razılaşmayaraq təklifi rədd etmişdir. Lakin iddiaçı lazımi qədər pul vəsaiti veriləcəyi təqdirdə mənzildən qeydiyyatdan çıxacağını bildirmişdir. Həmçinin, iddiaçının maddi vəziyyətinin çətinliyi səbəbindən kirayədə qalmasına görə yaşayış sahəsinə ehtiyacı vardır. Odur ki, istifadə hüququ olan mənzildə iddiaçının köçüb yaşamasına kəskin zərurət yaranmışdır. Lakin cavabdeh heç bir vəchlə buna imkan vermir, iddiaçı mənzilə gələrkən haray-həşir salaraq onu içəri buraxmır. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək qanunvericiliklə ona məxsus mənzildən istifadə hüququna hörmətlə yanaşmasını, qanunla müəyyən edilmiş qaydalara əməl etməsini xahiş etsə də, cavabdeh buna məhəl qoymaraq iddiaçının mənzilə köçməsinə mane olmuşdur. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh və vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdilər.

5. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon MKTB 17 saylı MKİS-in nümayəndəsi X3 bildirdi ki, 2000-ci ildən MKİS-də işləyir. Mərhum Ruşanyanı “Toma” adı ilə tanımış, iddiaçı Raisanı 2013-2015-ci illərdə mərhumun evi ilə bağlı görmüşdür. Belə ki, iddiaçı ev pulu ödəmək üçün 1-2 dəfə MKİS-ə yaxınlaşmışdır. Cavabdeh Ahiləni isə 10 il olar ki, kirayədə qalan kimi tanımış və onun mərhuma kömək etdiyini görmüşdür.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon MKTB tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirdi ki, o, 1990-cı ildən ünvan 2 ünvanında yaşayır, orada mağazası da var. Ruşanya ilə qonşu olduqlarından onu tanımışdır. Belə ki, əvvəllər Ruşanyanın oğlu və qızı olmuş, sonra onlar ölmüş, Ruşanyanın vəziyyəti isə pisləşmişdir. Bu illər ərzində iddiaçı Raisanı 3-5 dəfə görmüş, belə ki, Raisa orada daimi yaşamamış, 10-15 il əvvəl arabir gəlib getmişdir. Cavabdeh Ahilə isə 10-15 il olar ki, buraya köçmüş və Ruşanyaya baxmışdır.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirdi ki, o, 1992-ci ildən ünvan 3 ünvanında yaşayır. Cavabdeh Ahiləni 8-9 il olar ki, tanıyır və Ahilənin Ruşanyaya baxdığını bilir. İddiaçı Raisanı isə 1 dəfə Ruşanya öləndə görmüşdür.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, 15-20 il olar ki, ünvan 3 ünvanında yaşayır. İddiaçı Raisanı tanımır. Cavabdeh Ahiləni isə rayondan gələndən – 5 ildən çox olar ki, tanıyır. Mərhum Ruşanyanı da tanımış, cavabdeh Ahilənin ona baxmasının şahidi olmuşdur.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, o, 1992-ci ildən ünvan 3 ünvanında yaşayır. Mərhum Ruşanyanı o da “Toma” kimi tanımışdır. Ruşanyaya cavabdeh Ahilə baxmış, iddiaçı Raisa isə baxmadığına görə mərhum onu istəməmişdir. Mərhumun evinin şəraiti yaxşı olmadığına görə cavabdeh ona öz evində baxmışdır. İddiaçı isə mərhuma məxsus mənzildə yaşamamış, hərdən gəlib-getmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, 30 il olar ki, 8-ci km-də yaşayır. Onun böyük bacısı iddiaçı Raisagilin gəlini olmuşdur. İddiaçı 1975-1976-cı illərdə ailə qurmuş, 10-15 il ərinə məxsus evdə yaşamış, sonra isə əri ilə ayrılmışdır. Ruşanyanı “Toma” adı ilə tanımış, 1980-ci illərdə onun evinə gedib-gəlmişlər. Ruşanya oğlu və qızı ilə yaşamış, onlar öldükdən sonra isə iddiaçı onun evinə qeydiyyata düşmüş, bir müddət də yaşamışdır. Lakin Ruşanya tək qalmaq istədiyindən və spirtli içkilər içdiyindən, iddiaçı daimi olaraq onun evində yaşamamış, kirayədə qalmış, arada isə həmin evə gedib-gəlmişdir. Cavabdeh Ahiləni isə əvvəllər tanımamış, yalnız həyətdə görmüş, 2020-2021-ci illərdə iddiaçı ilə Ruşanyanın evinə gedəndə cavabdeh onları içəri buraxmamışdır.

12. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, şahidlərin ifadəsini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

13. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı yaşayış yeri ünvan 1-dür. Vəsiqə xx.xx.2014-cü il tarixdə Bakı-Nəsimi RPİ tərəfindən verilmişdir.

14. Ölüm haqqında AZ-İİ seriyalı 337515 nömrəli şəhadətnamədən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-42/2024 nömrəli hökmündən və xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilmiş və ona həmin maddə üzrə bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Qeyd edilən hökmdən apellyasiya protesti və şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2303/2024 nömrəli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Sözügedən cinayət işi verilmiş kassasiya şikayəti ilə əlaqədar hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Cəfərovun icraatındadır.

16. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 92a, 23 saylı mənzil xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 15 saylı DNK-nın 3MA-632 reyestr nömrəli xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Hazırda mənzil X13 mülkiyyətindədir. Məktuba müvafiq sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir.

18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, ünvan 5, 23 saylı mənzil ilkin olaraq xx.xx.2013-cü il tarixdə X11 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-21 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktublara əlavə edilmiş: 18.1. Bakı Xalq Deputatları Soveti tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli 28686 nömrəli orderdən görünür ki, ünvan 4 ünvanında yerləşən 23 nömrəli mənzil Muxtarova Ruşanya S.-ya verilmişdir. 18.2. Nəsimi rayon MKTB 17 saylı MKİS tərəfindən verilmiş 674 nömrəli xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, X15, həqiqətən, Süleyman Rüstəm küçəsi, ev 18 ünvanında yerləşən 23 nömrəli mənzildə yaşayır. Bina yerli icra hakimiyyətinə məxsusdur, mənzilin sahibi (kirayəşini) X6. Mənzildə daimi qeydiyyatda olanlar isə 1973-cü ildən özü, 2013-cü ildən İddiaçıdır. 18.3. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə yazdığı ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən 23 nömrəli mənzilin X7 adına özəlləşdirilməsinə etiraz etməmişdir. 18.4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 23 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır (qeydiyyat tarixi, nömrəsi: xx.xx.2020, **********) (Məktuba X8 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış (qeydiyyat tarixi, nömrəsi: xx.xx.2013, **********) da əlavə edilmişdir). 18.5. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli, 2V-21 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş – X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdehdır. Miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 44,20 kv.m. olan 23 nömrəli mənzildən ibarətdir. 18.6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 23 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1010, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, giriş 28, M2, m1) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır (qeydiyyat tarixi, nömrəsi: xx.xx.2024, **********). 18.7. Məktublara mənzilin X15 adına tərtib edilmiş texniki pasportu da əlavə edilmişdir.

19. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı qeydiyyata alınması barədə əsas olan sənədlər 5 il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir.

20. Nəsimi rayon MKTB 17 saylı MKİS tərəfindən verilmiş 196 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı S.Rüstəm küçəsi, ev 18 ünvanında yerləşən 23 nömrəli mənzildə daimi qeydiyyatdadır. 2023-cü ilə qədər mənzil haqqı ödənişini özü edib. Əvvəllər yuxarıda göstərilən ünvanda yaşayıb.

21. İş materiallarında həm Muxtarova Ruşanyanın, həm də İddiaçı adından edilmiş kommunal ödənişlərə dair qəbzlər, X4 Rafik ilə xx.xx.1966-cı il tarixdə nikahını bağlamasına dair nikah haqqında şəhadətnamə, X5 Arxivindən əldə edilmiş İddiaçı Alimov Viktor ilə xx.xx.1975-ci il tarixdə nikah bağlaması haqqında akt qeydi də vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

22. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 5 ünvanında yerləşən 23 nömrəli mənzil Bakı Xalq Deputatları Sovetinin orderinə əsasən xx.xx.1973-cü il tarixdə X12 verilmişdir.

23. Nəsimi rayon MKTB 17 saylı MKİS tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışa görə, Muxtarova Ruşanya 1973-cü ildə, İddiaçı isə 2013-cü ildə həmin mənzilə qeydiyyata düşmüşdür. İddiaçının həmin ünvanda qeydiyyatda olması rayon polis idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən də müəyyən edilir.

24. Muxtarova Ruşanya 2013-cü ildə mənzili özəlləşdirmək istəyən zaman iddiaçı ərizə yazaraq mənzilin özəlləşdirilməsinə etirazının olmadığını bildirmiş, beləliklə, Muxtarova Ruşanya xx.xx.2013-cü il tarixdə mənzilə dair dövlət reyestrindən çıxarış əldə etmişdir.

25. Ölümündən əvvəl Muxtarova Ruşanya mülkiyyətində olan həmin mənzili Cavabdeh miras qoymasına dair vəsiyyətnamə vermiş, xx.xx.2022-ci il tarixdə isə vəfat etmişdir. Beləliklə, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzil xx.xx.2024-cü il tarixdə cavabdehin mülkiyyətinə keçmişdir və hazırda da mülkiyyətindədir.

26. İddiaçı cavabdehi mərhumu bilə-bilə köməksiz vəziyyətdə qoyaraq ölümünə səbəb olmaqda günahlandırsa da, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cavabdehin həmin əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilərək, cavabdehə həmin maddə üzrə bəraət verilmişdir.

27. Hazırda iddiaçı anası tərəfindən mübahisə predmeti olan mənzilin mərhum Muxtarova Ruşanyaya verildiyini, belə ki, mərhumun onun qardaşı arvadı olduğunu, buna görə də anasının mənzili gəlininə verdiyini, 2013-2014-cü illərdə özünün həmin mənzilə qeydiyyata düşərək həmin vaxtdan orada yaşamağa başladığını, xəstə vaxtlarında mərhuma baxdığını, mənzilə dair kommunal ödənişləri ödədiyini, lakin sonra mərhumun spirtli içkilərə qurşanması səbəbindən 2020ci ildən kirayə ev tutub başqa yerdə yaşamağa başladığını, bundan sonra isə cavabdehin gəlib mərhumun vəziyyətindən sui-istifadə etdiyini, lakin ona lazımınca baxmayıb vəsiyyətə dair şərti yerinə yetirmədiyini, halbuki, mərhumun ömrünün sonunadək ona qulluq edilməsi şərtilə mənzili cavabdehə vəsiyyət etdiyini, cavabdehin isə mənzili haqsız ələ keçirdiyini iddia edərək və kirayə evdə yaşamağa məcbur olduğunu bildirərək, özünün mübahisə predmeti olan mənzilə köçürülməsini tələb edir. Cavabdeh isə iddianı qətiyyən qəbul etmir.

28. X17 iddiaçının qardaşı arvadı olması, iddiaçının 1975-ci ildə ailə qurması faktları iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. İddiaçı mübahisə predmeti olan mənzildə daimi qeydiyyatda olması, 2023-cü ilə qədər mənzil haqqı ödənişini etməsi, əvvəllər həmin ünvanda yaşaması qeyd edilən Nəsimi rayon MKTB 17 saylı MKİS-in xx.xx.2025-ci il tarixli arayışını məhkəməyə təqdim etsə də, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş MKİS-in nümayəndəsi hazırkı məhkəmə iclasında verdiyi izahatda iddiaçının yalnız 2013-2015-ci illərdə mənzilə dair kommunal ödənişlərlə bağlı MKİS-ə yaxınlaşdığını bildirmiş, arayışda qeyd edilən digər məlumatları təsdiq etməmişdir.

c) Məhkəmənin mövqeyi:

29. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, iddia təmin edilməməlidir.

30. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçı anası tərəfindən mübahisə predmeti olan mənzilin mərhum Muxtarova Ruşanyaya verildiyini iddia etsə də, daşınmaz əmlakın dövlət reyestrini aparan müvafiq dövlət orqanından məhkəmə sorğusu əsasında əldə edilmiş sənədlər əsasında mənzilin mərhuma Bakı Xalq Deputatları Sovetinin orderinə əsasən verilməsi, bununla da, iddiaçının bu dəlilinin doğru olmaması müəyyən edilmişdir. İddiaçı anasının özünə verilmiş mənzili verərək əvəzində 2 mənzil aldığını və bu mənzillərdən 1-ni Ruşanyanın adına aldığını bildirsə də, iş materiallarına nəzər saldıqda, bu dəlil də məhkəmə tərəfindən ağlabatan hesab edilməməklə, öz təsdiqini tapmayan formal mülahizə sayılmışdır.

31. İddiaçı mənzilə qeydiyyata düşdüyü 2013-cü ildən orada yaşamağa başladığını, xəstə vaxtlarında mərhuma baxdığını, mənzilə dair kommunal ödənişləri ödədiyini, lakin sonra mərhumun spirtli içkilərə qurşanması səbəbindən 2020-ci ildən kirayə ev tutub başqa yerdə yaşamağa başladığını iddia etsə də, bu dəlilləri ilə bağlı təqdim etdiyi sübutların bir qismi məhkəmə tərəfindən mötəbər sayılmamış, digər sübutlar iddianın təmin edilməsi üçün əsas təşkil etməmiş, habelə iddiaçının özünün və cavabdeh tərəfin verdiyi vəsatətlər əsasında məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə iddiaçının dəlilləri təkzib edilmişdir.

32. İddiaçının mübahisə predmeti olan mənzilə 2013-cü ildə qeydiyyata düşməsi iş materialları ilə sübut olunsa da, Azərbaycan Respublikası Konstitusiya Məhhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarındakı mövqeyinə əsasən qeyd edilməlidir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu, məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yəni iddiaçının mübahisə predmeti olan mənzildə qeydiyyatda olması hələ onun həmin mənzildən istifadə hüququnun yaranması nəticəsinə gəlməyə əsas vermir. Deməli, iddiaçının mənzildə qeydiyyatda olması faktını təsdiqləməsi hələ iddianın təmin edilməsi üçün əsas deyil.

33. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı mübahisə predmeti olan mənzildə daimi qeydiyyatda olması, 2023-cü ilə qədər mənzil haqqı ödənişini etməsi, əvvəllər həmin ünvanda yaşaması qeyd edilən Nəsimi rayon MKTB 17 saylı MKİS-in xx.xx.2025-ci il tarixli arayışını məhkəməyə təqdim etsə də, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş MKİS-in nümayəndəsi hazırkı məhkəmə iclasında verdiyi izahatda iddiaçının yalnız 2013-2015-ci illərdə mənzilə dair kommunal ödənişlərlə bağlı MKİS-ə yaxınlaşdığını bildirmiş, arayışda qeyd edilən digər məlumatları isə təsdiq etməmişdir. Məhkəmə arayışı verən qurumun nümayəndəsinin izahatını və iş üzrə tərəflərin vəsatətləri ilə dindirilmiş şahidlərin ifadələrini də nəzərə alaraq bu arayışı mötəbər sübut kimi qəbul etmir. Beləliklə, sübutetmə yükü üzərində olan iddiaçı 2013-2020-ci illər ərzində həmin mənzildə daimi olaraq yaşaması faktını məhkəmədə heç bir mötəbər sübutla təsdiq etməmişdir.

34. Hətta iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş şəxs (uzaq qohumu) ifadəsində iddiaçının mübahisə predmeti olan mənzildə daimi yaşamadığını, daimi olaraq kirayədə qaldığını bildirmiş, həmçinin, cavabdehin vəsatəti ilə hazırkı məhkəmə iclasında dindirilən, həmin ünvandakı başqa mənzillərdə yaşadığı müəyyən edilən çoxsaylı şahidlər də (qonşular) iddiaçının orada daimi yaşamadığını, arabir gəlib-getdiyini bildirmişlər. Nəzərə alınmalıdır ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarının hər birində iddiaçı həmin mənzildə daimi yaşadığını iddia etdiyi dövrlə bağlı ziddiyyətli izahatlar vermiş (fərqli tarixlər demiş), tam dəqiqliklə hansı zaman kəsiyində orada daimi yaşamasını bildirməmiş, son olaraq bunun 2013-2020-ci illər ərzində olduğunu bildirmişdir. Bunun özü də iddiaçının bu faktın doğruluğuna tam əmin olmadığını deməyə əsas verir.

35. O da nəzərə alınmalıdır ki, cavabdehin özü də iddiaçının arabir gəlib-getdiyini inkar etməmiş, mərhumun pensiya kartının iddiaçıda olduğunu və kommunal xərcləri həmin pulla ödədiyini bildirmişdir. Burada qeyd edilməsi zəruridir ki, kommunal xərclərin ödənilməsi ilə bağlı qəbzlərdə iddiaçının ödəyici kimi qeyd edilməsi onun daimi olaraq həmin mənzildə yaşaması kimi qiymətləndirilə bilməz. Sözügedən qəbzlərə nəzər saldıqda müəyyən edilir ki, ödənişlər əsasən 2013-2015-ci illərdə toplam şəkildə edilmişdir. Ödənişlərin edilməsinin başlanğıcı isə maraqlıdır ki, iddiaçının mənzilə qeydiyyata düşdüyü və mərhumun mənzilə dair çıxarış aldığı vaxta təsadüf edir. Belə olan təqdirdə iddiaçının bu ödənişləri məhz mənzilin sənədlərini qaydasına salmaq məqsədilə etməsi də istisna edilmir. Həmin vaxt özəlləşdirməyə etirazının olmaması barədə ərizəni verməsi də bunun belə olduğunu deməyə əsas verir. Məhkəmə qəbzlərə münasibətdə hesab edir ki, 2 il ərzində ödənişlərin iddiaçı tərəfindən edilməsi faktı təsdiq olunsa belə, bu fakt iddiaçının sözügedən dövrdə həmin mənzildə daimi yaşamasını təsdiq edən əsaslı sübut hesab oluna bilməz. Çünki iddiaçı başqa yerdə yaşayıb, köməyə ehtiyacı olan qohumuna (dostuna, tanışına) kömək etmək məqsədilə onun öhdəliyi olan ödənişləri edə və bu barədə qəbzlər ala bilər.

36. Beləliklə, cavabdehin mülkiyyətində olan mənzilə köçürülməsini tələb edən iddiaçı həmin mənzildən istifadə hüququnun olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və həmin mənzildə hər hansı zaman kəsiyində daimi yaşaması faktını təsdiq etmədiyindən məhkəmə hesab edir ki, onun bu iddiası əsassızdır.

37. İddiaçının “mülkiyyətində mənzil olmaması və kirayə evdə yaşamağa məcbur olması barədə” dəlilləri onun cavabdehin mülkiyyətində olan mənzilə köçürülməsi üçün ona görə heç bir əsas vermir ki, iddiaçının mübahisə predmeti olan mənzildən istifadə hüququnun olmadığı müəyyən edilmişdir.

38. İddiaçının “2020-ci ildən sonra cavabdehin gəlib mərhumun vəziyyətindən sui-istifadə etməsi, lakin ona lazımınca baxmayıb vəsiyyətə dair şərti yerinə yetirməməsi, halbuki, mərhumun ömrünün sonunadək ona qulluq edilməsi şərtilə mənzili cavabdehə vəsiyyət etməsi, cavabdehin isə mənzili haqsız ələ keçirməsi barədə” dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, bu dəlillər qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təkzib olunduğundan, əsassız sayılmalıdır.

39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı: 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

41. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (2009-cu ilə qədər qüvvədə olan köhnə Mənzil Məcəlləsi): 53-cü maddə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 60-cı maddə, İ hissə. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddə, İİ hissə. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə; müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

42. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-30.2-ci maddə. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddə. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəalarına görə, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

45. Konstitusiya Məhkəməsinin Palatasının “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadı: Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarı: Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2-217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməlidir.

49. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə tərəflərin tələbindən asılı olmayaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verilməlidir. Çünki bu məsələ prosessual qanunvericiliklə tənzimlənməklə, tərəflərin tələblərindən asılı olmayaraq, məhkəmə tərəfindən müəyyən edilməli olan məsələdir. Məhkəmə xərcləri ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar