Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1677/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 fevral 1984-cü il tarixdə "xxxx"nə məxsus vaqon ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük qatarının toqquşması nəticəsində başından aldığı xəsarətlə əlaqədar aylıq müavinətin verilməsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1967-ci ildən 1984-cü ilə kimi "xxxx" QSCdə işləmişdir. O, 02 fevral 1984-cü il tarixdə "xxxx"nə məxsus vaqon ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük qatarının toqquşması nəticəsində başından aldığı xəsarətlə əlaqədar işdən çıxmışdır. Daha sonra məhkəmə qərarı ilə 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayına kimi əmək xəsarətinə görə ödənişin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsinə qərar verilmişdir. İddiaçı əmək xəsarətinə görə ödənişi 2022-ci ilin may ayına kimi almış, lakin həmin ödəniş may ayından kəsilmişdir. Bununla əlaqədar iddiaçı cavabdeh tərəfə müraciət ünvanlamış və ona verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarına (istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında) əsasən iş vaxtı əmək xəsarəti almış işçilərə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə görə işəgötürən tərəfindən zərərin əvəzi ödənilir. Məsələ ilə bağlı "xxxx" QSC-yə müraciət edilməsi tövsiyə olunmuşdur. Keçmiş Kirov rayonu Xalq Məhkəməsinin 1986-cı il tarixli 2- 130 nömrəli Qərarında aydın qeyd olunur ki, sağlamlığa zərərin vurulması ilə nəticələnən bədbəxt hadisə X4 Hüseynov və Həsənov soyadlı əməkdaşları tərəfindən texniki təhlükəsizlik qaydalarının kobud pozulması səbəbindən baş vermişdir və bu da bədbəxt hadisə barədə tərtib olunmuş xx.xx.1984-cü il tarixli 1 nömrəli aktla, Azərbaycan Dəmir Yolları Bakı bölməsinin xx.xx.1984-cü il tarixli 9/n nömrəli əmri ilə təsdiqlənmişdir. Azərbaycan Dəmir Yolları müəssisəsinin yuxarıda soyadları qeyd olunan işçilərinin təqsiri üzündən iddiaçının sağlamlığına zərər vurulmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarında o da qeyd olunmuşdur ki, vaxtilə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 442-443-cü maddələrinin tələbinə əsasən işçisinin günahı səbəbindən vurulmuş zərərin əvəzini ödəməyə həmin müəssisə borcludur. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, Bakı şəhəri Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin xx.xx.1986-cı il tarixli 2-130 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri lokomotiv deposundan aldığı əmək xəsarətinə görə 1984-cü ilin dekabr ayından etibarən 1986-cı ilin may ayına qədər hər ay 95.01 (doxsan beş rubl 01 qəpik) SSRİ rublu olmaqla İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X4 sonuncu, yəni xx.xx.2013-cü il tarixli 104 nömrəli əmrinə əsasən İddiaçı əmək xəsarətinə görə hər ay müavinət ödənilirdi. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 198594 nömrəli əmri ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X4 xx.xx.2013-cü il tarixli 104 nömrəli əmri ləğv edilmişdir. Bununla da müavinətin ödənilməsi dayandırılmışdır. Məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Həmin qətnamədən də görünüdüyü kimi, iddiaçının aldığı əmək xəsarətinin əvəzi olaraq ona 1 il 4 ay müddətinə hər ay müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Dövlət Dəmir Yolunun X4 üzərinə qoyulmuşdur. Sözügedən qətnamə icra edildikdən sonra müvafiq əmrlərlə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən humanistlik göstərilərək iddiaçıya könüllü surətdə və öz hesabına müavinət ödənilirdi. Hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərində İddiaçı hər hansı müavinətin ödənilməsi ilə bağlı heç bir öhdəlik yoxdur. Qeyd olunanları əsas tutaraq, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" QSC cəlb edilməklə) “müavinətin verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, sədr vəzifələrini müvəqqəti icra edən Hicran Valehovun xx.xx.2022-ci il tarixli (sənəd № 198594) əmrinin ləğv edilməsi, zərərə görə aylıq müavinətin 19 may 2022-ci il tarixdən ödənilməsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Məmmədrəsul oğlu iddianı müdafiə edib, iddia ərizəsinin və dəqiqləşdirmə barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi. Əvvəlki məhkəmə iclasında may ayından sonra da iddiaçıya ödənişlərin edildiyi və ödənişlərin avqust ayından etibarən dayandırıldığı ilə bağlı dəlilini sübut edən sənədləri əldə edə bilmədiyini, məlumatın yanlış olduğunu əlavə etdi. Məsələyə delikt kimi deyil, reqres kimi yanaşılmalı olduğunu, iddiaçı ilə cavabdeh arasında heç bir əmək münasibəti olmadığını, cavabdeh qismində "xxxx" QSC-nin cəlb edilməli olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X5 bildirdi ki, iddiaçı tərəfindən işə düzgün cavabdeh cəlb edilmişdir. Qanunvericiliyin tələblərinin və əvvəlki məhkəmə qətnaməsinin nəzərə alınaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatını dinləyib, iddia ərizəsini, dəqiqləşdirmə barədə ərizəni, etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.1984-cü il tarixli 1 nömrəli aktdan görünür ki, xx.xx.1984-cü ildə saat 02:45-də “Sumqayıq-Güzdək” dəmiryolunun 6-cı postunun yaxınlığında 2626-cı kilometrdə metro vaqonu ilə yük qatarı toqquşmuş, toqquşma nəticəsində vaqon müşayiətçisi, elektroqatarın maşinisti İddiaçı başından travma və üzündən çoxsaylı yaralar almışdır. Toqquşmaya dəmiryolları X4 maşinistinin kobud səhvi səbəb olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan SSR Bakı şəhəri Kirov rayon xalq məhkəməsinin xx.xx.1986-cı il tarixli 2-130 nömrəli qərarından görünür ki, bədbəxt hadisə nəticəsində maşinist İddiaçı iş vaxtı ərzində travma almış və tibbi müayinədən sonra xx.xx.1984-cü ildə 2-ci qrup əlil hesab olunmuş, əmək qabiliyyətinin 60 %-ni, ümumilikdə peşə qabiliyyətinin isə 80 %-ni itirmişdir. xx.xx.1985-ci ilədək 2-ci qrup əlillər üçün müəyyənləşdirilmiş 120 rubl pensiyanı almışdır. Sonradan əlilliyin müddəti xx.xx.1986-cı ilədək müəyyən edilmişdir. 1984-cü ilin may ayından dekabr ayınadək “Bakmetropoliten” tərəfindən İddiaçı 95 rubl 01 qəpik ödəniş edilmiş, peşə qabiliyyətinin 80 %-ni itirdiyinə görə 120 rubl pensiya almışdır. 1984-cü ilin dekabr ayından isə Biləcəri lokomotiv deposu tərəfindən təqsirə görə ödəniş edilməsi müəyyən edilmişdir. Lakin depo və "xxxx" onun bu müraciətinə imtina etmişdir. Məhkəmə tərəfindən 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayınadək Azərbaycan dəmir yolları Biləcəri stansiyası lokomotiv deposu tərəfindən İddiaçı aylıq 95 rubl 01 qəpik ödəniş edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan X4 xx.xx.1986-cı il tarixli 352 nömrəli əmrindən görünür ki, İddiaçı ödənilən 95 rubl 01 qəpik müavinətin xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək ödənilməsi barədə əmr verilmişdir. Mülki işin materiallarında olan X4 xx.xx.1988-ci il tarixli 45 nömrəli əmrindən görünür ki, İddiaçı ödənilən 95 rubl 01 qəpik müavinətin xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək ödənilməsi barədə əmr verilmişdir. Mülki işin materiallarında olan X4 xx.xx.1989-cu il tarixli 268 nömrəli əmrindən görünür ki, İddiaçı ödənilən 95 rubl 01 qəpik müavinətin xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək ödənilməsi barədə əmr verilmişdir. Mülki işin materiallarında olan X4 xx.xx.1989-cu il tarixli 299 nömrəli əmrindən görünür ki, İddiaçı ödənilən 95 rubl 01 qəpik müavinətin xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək ödənilməsi barədə əmr verilmişdir. Mülki işin materiallarında olan X4 xx.xx.1990-cı il tarixli 435 nömrəli əmrindən görünür ki, İddiaçı ödənilən 95 rubl 01 qəpik müavinətin xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək ödənilməsi barədə əmr verilmişdir. Mülki işin materiallarında olan X4 xx.xx.1991-ci il tarixli 449 nömrəli əmrindən görünür ki, İddiaçı ödənilən 95 rubl 01 qəpik müavinətin xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək ödənilməsi barədə əmr verilmişdir. Mülki işin materiallarında olan X4 xx.xx.1992-ci il tarixli 385 nömrəli əmrindən görünür ki, İddiaçı ödənilən 95 rubl 01 qəpik müavinətin xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək ödənilməsi barədə əmr verilmişdir. Mülki işin materiallarında olan "xxxx" QSC-nin X4 xx.xx.2013-cü il tarixli 104 nömrəli əmrindən görünür ki, xx.xx.1984-cü il tarixdə metro vaqonu ilə yük qatarının toqquşması nəticəsində metropolitenin vaqon müşayiətçisi İddiaçı başından xəsarət almışdır. Bu səbəbdən Bakı şəhəri Nərimanov rayonu həkim-tibbi ekspert komissiyasının 003123 saylı xx.xx.1993-cü il tarixli aktı ilə İddiaçı ömürlük olaraq 80 % əmək qabiliyyətini itirməsi müəyyən edilmişdir. Akta və AR NK-nın xx.xx.2003-cü il tarixli 3 №-li qərarına əsaslanaraq müavinət ödənilmişdir. Depoda əmək haqqı artırılan zaman ona ödənilən müavinət də artırılmışdır. Metropolitendə xx.xx.2013-cü ildən əmək haqqı artırıldığı üçün və xx.xx.2014-cü il tarixli 40/D-03/29 saylı arayışa əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən hər ay 976.06 (İİ dərəcəli maşinistin orta əmək haqqısı 1220 m 08 q x 80 % = 976 m. 06 q.) zərərə görə aylıq müavinət ödənilməsi barədə əmr verilmişdir. Mülki işin materiallarında olan 116369 nömrəli vəsiqədən görünür ki, İddiaçı xx.xx.2014-cü ildən müddətsiz İİ qrup əlil hesab olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı məxsus hesabdan xx.xx.2020-xx.xx.2022-ci illəri əhatə edən çıxarışdan görünür ki, hesaba sonuncu dəfə xx.xx.2022-ci il tarixində “X13 Lok Dp 2022 aprel” təyinatı ilə 976.06 AZN məbləğində pul köçürülmüşdür. Mülki işin materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 198594 nömrəli əmrindən görünür ki, "xxxx" QSC-nin X4 xx.xx.2013-cü il tarixli 104 nömrəli əmri ləğv edilmişdir. Mülki işin materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, araşdırma nəticəsində 02 fevral 1984-cü il tarixdə "xxxx" QSC-yə məxsus metro vaqonu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük qatarının toqquşması nəticəsində "xxxx" QSC-nin vaqon müşayiətçisi İddiaçı başından xəsarət alması müəyyən edilmişdir. 1984-cü ilin may ayından dekabr ayına kimi İddiaçı əmək xəsarətinə görə ödənişin "xxxx" QSC tərəfindən ödəniş edilib. Daha sonra məhkəmə qətnaməsi ilə 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayına kimi əmək xəsarətinə görə ödənişin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsinə qərar verilmişdir. Məsələ ilə bağlı "xxxx" QSC-yə müraciət edilməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" QSC-yə daha öncə daxil olmuş müraciətlərə əlavə edilən keçmiş Kirov rayonu Xalq Məhkəməsinin 1986-cı il tarixli 2-130 nömrəli Qərarında aydın qeyd olunur ki, sağlamlığa zərərin vurulması ilə nəticələnən bədbəxt hadisə X4 Hüseynov və Həsənov soyadlı əməkdaşları tərəfindən texniki təhlükəsizlik qaydalarının kobud pozulması səbəbindən baş vermişdir və bu da bədbəxt hadisə barədə tərtib olunmuş xx.xx.1984-cü il tarixli 1 nömrəli aktla, Azərbaycan Dəmir Yolları Bakı bölməsinin xx.xx.1984-cü il tarixli 9/n nömrəli əmri ilə təsdiqlənmişdir. Yəni Tağıyev X1 zərər vurulması ilə nəticələnən bədbəxt hadisənin törədilməsində təqsirli şəxs işəgötürən Bakı Metropoliteni olmamış, Azərbaycan Dəmir Yolları müəssisəsinin yuxarıda soyadları qeyd olunan işçiləri olmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarında o da qeyd olunmuşdur ki, vaxtilə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəllənin 442-443-cü maddələrinin tələbinə əsasən işçisinin günahı səbəbindən vurulmuş zərərin əvəzini ödəməyə həmin müəssisə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Müraciətdə istinad edilən Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş normativ-hüquqi sənədə (“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydalarının, şərtlərinin və məbləği haqqında”) gəldikdə isə aşağıdakılar diqqətə çatdırılmışdır: - Həmin Qərarın 1.1-ci bəndinin 3-cü abzasına görə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsində qeyd olunur ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. - Həmin maddənin 2-ci hissəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Əmək Məcəlləsinin 191-ci maddəsində əmək münasibətlərində olan işəgötürənlə işçi arasında birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün 3 şərt müəyyən edilir ki, onların hər üçünün olması tələb olunur: - ziyanın həqiqətən vurulduğu aşkar olduqda; - təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; - təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi, qanunvericilik təqsirlilik prezumsiyası prinsipini əsas götürür və maddi məsuliyyətin yaranması üçün vacib şərtlərdən biri kimi təqsiri müəyyən edir. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarında bu məsələyə daha geniş aydınlıq gətirilib. Hadisənin baş verməsində işəgötürən olmuş Bakı Metropolitenin təqsiri müəyyən edilməmiş, Azərbaycan Dəmir Yolları müəssisəsinin müvafiq əməkdaşlarının qanunazidd əməllərin nəticəsində Tağıyev X1 xəsarətin yetirilməsi məhkəmənin qərarı ilə təsdiqlənmişdir. Qeyd olunan tarixdə baş vermiş hadisə nəticəsində Tağıyev X1 vurulmuş zərərlə əlaqədar aylıq ödənclərin ödənilməsinin davam etdirilməsi tələbi ilə "xxxx" QSC-yə müraciət edilməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-də “vaqon müşayiətçisi, qatar maşinisti” vəzifəsində işləyərkən, xx.xx.1984-cü ildə saat 02:45-də “Sumqayıq-Güzdək” dəmiryolunun 6-cı postunun yaxınlığında, 2626-cı kilometrdə "xxxx" QSC-yə məxsus metro vaqonu ilə hazırki iş üzrə cavabdeh "xxxx" QSC-yə məxsus yük qatarı toqquşmuş, toqquşma nəticəsində iddiaçı başından travma almışdır. Həmin tarixdə tərtib edilmiş bədbəxt hadisə barəsində aktla toqquşmaya dəmiryolları X4 əməkdaşlarının kobud səhvinin səbəb olduğu müəyyən edilmişdir. Bakı şəhəri Kirov rayon xalq məhkəməsinin xx.xx.1986-cı il tarixli 2-130 nömrəli qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, bədbəxt hadisə nəticəsində iddiaçı iş vaxtı ərzində travma almış və tibbi müayinədən sonra xx.xx.1984-cü ildə 2-ci qrup əlil hesab olunmuş, əmək qabiliyyətinin 60 %ni, ümumilikdə peşə qabiliyyətinin isə 80 %-ni itirmişdir. xx.xx.1985-ci ilədək 2-ci qrup əlillər üçün müəyyənləşdirilmiş 120 rubl pensiyanı almışdır. Sonradan əlilliyin müddəti xx.xx.1986-cı ilədək müəyyən edilmişdir. 1984-cü ilin may ayından dekabr ayınadək “Bakmetropoliten” tərəfindən İddiaçı 95 rubl 01 qəpik ödəniş edilmiş, eyni zamanda peşə qabiliyyətinin 80 %-ni itirdiyinə görə iddiaçı 120 rubl pensiya almışdır. 1984-cü ilin dekabr ayından isə Biləcəri lokomotiv deposu tərəfindən təqsirə görə ödəniş edilməsi müəyyən edilmişdir. Lakin depo və "xxxx" onun bu müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə tərəfindən 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayınadək Azərbaycan dəmir yolları Biləcəri stansiyası lokomotiv deposu tərəfindən İddiaçı aylıq 95 rubl 01 qəpik ödəniş edilməsi qərara alınmışdır. Bundan sonra X4 müvafiq əmrləri ilə iddiaçıya məhkəmə qətnaməsi ilə müəyyən edilmiş müavinətin verilməsi hər dəfə 1 il müddətinə olmaqla uzadılmışdır. İddiaçı xx.xx.2014-cü ildən müddətsiz İİ qrup əlil hesab olunmuşdur. X4 xx.xx.2013-cü il tarixli 104 nömrəli əmri ilə Metropolitendə xx.xx.2013-cü ildən əmək haqqı artırıldığı üçün İddiaçı xx.xx.2013-cü il tarixdən hər ay 976.06 (İİ dərəcəli maşinistin orta əmək haqqısı 1220 m 08 q x 80 % = 976 m. 06 q.) zərərə görə aylıq müavinət ödənilməsi barədə əmr verilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində sonuncu dəfə “X13 Lok Dp 2022 aprel” təyinatı ilə iddiaçının bank hesabına 976.06 AZN məbləğində pul köçürülmüş, daha sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 198594 nömrəli əmri ilə X4 xx.xx.2013-cü il tarixli 104 nömrəli əmri ləğv edilmişdir. İddiaçı məsələ ilə əlaqədar həm cavabdehə, həm də üçüncü şəxsə müraciət etsə də, bir nəticə əldə edə bilməmiş, buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 198594 saylı əmrinin ləğv edilməsi və ödənişlərin həmin tarixdən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, iddiaçı ilə işəgötürən-işçi münasibətlərində olmadıqlarından əsl cavabdehin "xxxx" QSC olduğunu bildirir, 1986-cı ildən etibarən onlar tərəfindən ödənişlərin məhz humanizm prinsipinə əsaslanaraq edildiyini, lakin belə öhdəliklərinin olmadığını qeyd edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC isə əvvəlki məhkəmə qərarı ilə təqsirkarın müəyyən edildiyinin və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının iş vaxtı ərzində əmək vəzifələrini icra etdiyi dövrdə xəsarət alması, aldığı travma nəticəsində əmək qabiliyyətinin 80 %-ni itirməsi, ona əvvəlcə müddətli, sonradan isə müddətsiz əlillik müəyyən edilməsi, əlilliyə görə pensiya təyin edilməsi, işəgötürəni tərəfindən 7 ay ərzində 95.01 rubl məbləğində müavinət verilməsi, təqsirkarın cavabdehin işçiləri olması səbəbindən müavinətin cavabdeh tərəfindən ödənilməli olması, cavabdeh tərəfindən hər dəfə iddiaçının əlillik müddətinə müvafiq olaraq müavinətin ödənilməsinin davam etdirilməsi barədə əmrlər verilməsi, iddiaçının xx.xx.2014-cü ildən müddətsiz İİ qrup əlil hesab olunması hazırki işin mübahisəsiz halını təşkil edir. Cavabdehin işçilərinin təqsirli olmasına dair məsələ qanuni qüvvəyə minmiş məhkəmə qərarında da öz əksini tapmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tətbiqi nəticəsində məhkəmə tərəfindən aylıq müavinətin məhz cavabdeh tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Tərəflər arasında olan münasibətlərin vaxtaşırı ödənişlərlə əlaqədar davamedici xarakterli münasibətlər olmasını nəzərə alaraq, hazırki mübahisəyə həm də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinin tətbiq oluna bilməsi imkanı da nəzərə alınmalıdır. İddiaçının əmək qabiliyyətini itirməsinə səbəb olan hadisədə cavabdehin işçilərinin təqsirli olması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyindən hazırki mübahisənin araşdırma predmetini təşkil edə bilməz. Buna görə də iddiaçı müvafiq tələbi cavabdehə qarşı yönəltməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin “əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmr əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə qərarı ilə cavabdehin iddiaçıya ödənişlər etməli olması müəyyən edilmiş, bundan sonra cavabdeh iddiaçının əlilliyinin müddətinə müvafiq olaraq müavinətin ödənilməsinin davam etdirilməsi barədə əmrlər vermişdir. Lakin cavabdeh 2022ci ilin may ayından etibarən heç bir əsas olmadan iddiaçıya müavinət ödənilməsini dayandırmış, xx.xx.2022-ci il tarixdə isə iddiaçıya 976.06 manat məbləğində müavinət verilməsi barədə əmri ləğv etmişdir. Halbuki, iddiaçı baş vermiş hadisə nəticəsində 2014-cü ildən etibarən müddətsiz əlil hesab olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirilən əmr əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “zərərə görə aylıq müavinətin 19 may 2022-ci il tarixdən ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya müavinət ödənilməsinin dayandırılmasına əsas olan hal mövcud olmadığından, ona ödənilən müavinətin dayandırılmasına əsas olan sonrakı tarixli əmr də ləğv edildiyindən, cavabdeh tərəfindən iddiaçıya aylıq müavinətin ödənilməsi dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci ildən davam etdirilməlidir. Məhkəmə cavabdehin humanizm prinsiplərinə əsasən ödənişlərin davam etdirilməsi dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya müavinət ödənilməsi öhdəliyi əvvəlcə məhkəmə qərarı ilə cavabdehin üzərinə qoyulmuşdur. Sonradan həmin ödənişlərin davam etdirilməsi humanizm prinsiplərinə deyil, məhz qanunvericiliyin göstərişlərinə əsasən olmuşdur. Belə ki, cavabdehin işçilərinin təqsiri nəticəsində iddiaçının sağlamlığına ziyan vurulmuş, o, peşə qabiliyyətinin 80 %-ni itirmiş, İİ qrup əlil hesab edilmiş, hər il keçirilən növbəti müayinədə əlilliyinin müddəti artırıldığından cavabdeh tərəf də ona aylıq müavinətlər ödənilməsini davam etdirmişdir. Çünki məhz onun işçilərinin təqsiri ucbatından iddiaçı bir daha işləyə bilməmiş, karyerasının davamlı inkişafı imkanını itirmiş, başqa sözlə, vəzifə və ona müvafiq olaraq əmək haqqı artımından məhrum olmuşdur. 2014-cü ildən etibarən iddiaçının əlilliyi müddətsiz müəyyən edilmişdir, deməli, ona aylıq müavinət də daimi olaraq ödənilməlidir. Məhkəmə gəldiyi qənaəti həm hadisə baş verən dövrdə qüvvədə olan qanunvericilik normaları ilə, həm də hazırda qüvvədə olan normalarla əsaslandırmağı zəruri hesab edir: Belə ki, hadisə baş verən 1984-cü ildə qüvvədə olan və Kirov Rayon Məhkəməsinin qərarında istinad edilən SSRİ Ali Məhkəməsinin Plenumunun “Ziyanın ödənilməsi iddiaları üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.1963-cü il tarixli 16 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Mülki hüququn əsaslarının 88-ci maddəsinə uyğun olaraq, zərərin ödənilməsi öhdəliyi qanunla nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, təqsirli şəkildə zərərin vurulması halında baş verir. Qərarın 7-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, zərərçəkmiş şəxsin sağlamlıq vəziyyətinin yenidən yoxlanılmasından sonra zərərin yeni dövr üçün ödənilməsi tələbləri əsas iddialarla eyni qaydada məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qərarın 32-ci bəndinin 2-ci abzasından görünür ki, sağlamlığa dəymiş ziyan üçün kompensasiya aylıq pul ödənişləri kimi müəyyən edilməlidir, hansı ki, cavabdeh şərait dəyişənə qədər iddiaçıya həmin ödənişləri etməyə məcburdur (Qərarın 29-cu bəndində göstərildiyi kimi). Zərərçəkmiş şəxsin əmək qabiliyyətinə müəyyən müddətə zərər vurulması müəyyən edildiyi təqdirdə isə yenidən yoxlama aparılan günə qədər ödəniş edilməlidir. Hadisə baş verən 1984-cü ildə qüvvədə olan və Kirov Rayon Məhkəməsinin qərarında istinad edilən Azərbaycan SSR-in 1964-cü il tarixdə qəbul edilmiş Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, habelə təşkilata vurulmuş ziyan SSR İttifaqının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu ziyanı vurmuş şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Ziyan vuran şəxs ziyanın onun təqsiri olmadan vurulmasını sübut edərsə, ziyanı ödəməkdən azad olunur. Hüquqa uyğun hərəkətlərlə vurulmuş ziyan yalnız qanunla nəzərdə tutulan hallarda ödənilməlidir. Azərbaycan SSR-in 1964-cü il tarixdə qəbul edilmiş Mülki Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, təşkilat, öz işçilərinin əmək (qulluq) vəzifələrini yerinə yetirərkən onların təqsiri üzündən vurulmuş ziyanı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə müvafiq olaraq, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 233.3-233.4-cü maddələrinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına görə, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qaydaların 2.1-ci bəndində müəyyən edilmişdir ki, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsində əmək münasibətlərində olan işəgötürənlə işçi arasında birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün 3 şərt müəyyən edilir ki, onların hər üçünün olması tələb olunur: - ziyanın həqiqətən vurulduğu aşkar olduqda; - təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; - təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsində qeyd olunur ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin maddənin 2-ci hissəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Qeyd olunan maddənin 4-cü hissəsinə əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-1096.2, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1119.1, 1119.3-cü maddələrinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 198594 nömrəli əmri ləğv edilməli, 19 may 2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsi davam etdirilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 198594 nömrəli əmri ləğv edilsin. 19 may 2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsi davam etdirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1677/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1677/2023
12.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver