Məhkəmə qərarları › İş №2(006)-1680/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1680/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1680/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı “evin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 28 saylı evin, 1 saylı mənzilindən məcburi qaydada çıxarılması və onların istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 27 noyabr 2019-cu il tarixdə ünvan 2tariat Kontorunda alqı-satqı müqaviləsi bağlanaraq iddiaçının adına keçmiş və 19 dekabr 2019-cu il tarixdə Bakı şəhəri DƏDRX-dən çıxarışa əsasən şəxsi mülkiyyət kimi iddiaçının adına rəsmiləşdirilmiş və mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh1 və onun ailə üzvləri həmin mənzili bu günki günə qədər müxtəlif bəhanələr gətirərək mənzilin boşaldılmasından və pasport qeydiyyatından çıxarılmasından yayınırlar. Cavabdehlər qeydiyyatda olma müddətindən asılı olmayaraq həmin sahəyə heç bir hüquq əldə etməmişdirlər, bu səbəbdən də cavabdehlərin pasport qeydiyyatları ləğv edilməlidir. Cavabdehlər iddiaçının mülkiyyətinə aid evin boşaldılması və pasport qeydiyyatından könüllü çıxa bilməmələri iddiaçının mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək iddianın rədd edilməsini Məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Pərviz Məmmədov tərəfindən tərtib edilmiş ittiham aktının surətindən görünür ki, Cavabdeh5 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 284084 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 28, 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2213 nömrəli reyestr kitabının 205807 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 17 saylı MKİS tərəfindən verilmiş forma 2 arayışında göstərilir ki, 1957-ci il təvəllüdlü Cavabdeh1, 1957-ci il təvəllüdlü Cavabdeh2, 1981-ci il təvəllüdlü Cavabdeh3, 1982-ci il təvəllüdlü Cavabdeh4, 1986-cı il təvəllüdlü Cavabdeh5, 2002-ci il təvəllüdlü Cavabdeh6, 2003-cü il təvəllüdlü Cavabdeh7, 2006-cı il təvəllüdlü Cavabdeh8, 2005-ci il təvəllüdlü Cavabdeh9, 2012-ci il təvəllüdlü Cavabdeh10, 1978-ci il təvəllüdlü Cavabdeh11, 1979-cu il təvəllüdlü Cavabdeh12 İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 28 saylı evin, 1 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş 27.11.2019-ci il tarixli AN-İ ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən» görünür ki, həmin tarixdə Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 28 saylı evin, 1 saylı mənzilini İddiaçı 51000 manata satmışdır. Beləliklə, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, İddiaçı yaşayış evinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Halhazırda həmin evdə yaşamalarına baxmayaraq, cavabdehlər qeyd olunan evdə formal olaraq qeydiyyatdadırlar. Buna baxmayaraq cavabdehlər, qanunun tələblərini pozaraq, başqa yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, həmin ünvanda qeydiyyatda qalmışlar. Nəticədə cavabdehlər mülkiyyətçi kimi iddiaçının hüquqlarının gerçəkləşdirilməsinə manelər yaratmışlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.» Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququqnun yaranması məqsədini daşımır. Adı çəkilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. İddiaçının izahatından və işin faktiki hallarından aydın olur ki, Cavabdeh1 iddiaçı ilə həmin mənzilə dair alqı-satqı müqaviləsini bağlayarkən, mülkiyyət hüququndan imtina barədə öhdəliyi üzərinə götürmüş və həmin razılaşma notarial qaydada təsdiq edilmişdir. Buna baxmayaraq cavabdehlər, göstərilən Qanunun tələblərini pozaraq, daimi yaşadığı yeni yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, satdığı mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli etmiş olur. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 28 saylı evin, 1 saylı mənzildə yaşamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları, onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə əsas verir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 28 saylı evin, 1 saylı mənzildən məcburi qaydada çıxarılmalı və onların istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 28 saylı evin, 1 saylı mənzildən məcburi qaydada çıxarılsınlar və onların istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi Rrayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar