Məhkəmə qərarları › İş №2(006)-1704/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1704/2023

09.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1704/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Bakı Tekstil Fabriki” MMC-dən 7992 (yeddi min doqquz yüz doxsan iki) manat əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi hesablanmaqla, ödənilməmiş əmək məzuniyyətinin əvəzinin hesablanaraq və son haqq-hesabın hesablanaraq ona ödənilməsinə, maddi zərərə görə 20.000 (iyirmi min) manat mələğində pulun və cavabdehə məxsus malların satışından əldə edilmiş ümumi vəsaitin iki faiz hissəsi – 60.000 (altmış min) manat pulun və mənəvi zərərə görə 2000 (iki min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25024.93 AZN ödənilməmiş pulun, 500 AZN hüquq xidməti üçün çəkilmiş xərcin, 166 AZN dövlət rüsumunun, ümumilikdə 25690.93 AZN pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1067/2023 saylı 28 fevral 2023-cü il tarixli qərardadı ilə tərəflər arasında əmək münasibətlərindən irəli gələn mübahisə ilə mülki münasibətlərdən irəli gələn mübahisəyə eyni icraatda baxılması məqsədəmüvafiq olmadığından, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı «ödənilməmiş əmək haqqı və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(006)-1067/2023 saylı mülki iş üzrə ilkin iddia ərizəsinin “cavabdehə məxsus malların satışından əldə edilmiş ümumi vəsaitin iki faiz hissəsi – 60.000 (altmış min) manat pul” tələbinə dair hissəsi və qarşılıqlı iddia tələbi ayrılaraq, ayrıca icraatda baxılması, işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə 2(006)-1704/2023 nömrəsi verilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında ilkin iddia üzrə İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə aralarında əmək münasibətlərindən başqa münasibətlər də olmuşdur. Belə ki, tərəflər iddiaçının cavabdehə məxsus malları başqa şəxslərə satması, cavabdehin isə satış məbləğinin 2 %-ni iddiaçıya verməsi barədə razılığa gəlmişlər. Hazırda onun tələb etdiyi 60000 manat pul məhz həmin razılıq əsasında ona ödənilməli olan pul məbləğidir. Həmin hazırlıq iclasında qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 da tərəflər arasında malların realizə edilməsi ilə əlaqədar şifahi razılaşma olduğunu bildirmişdir. Onun dediyinə görə tərəflərin arasında olan razılığa əsasən, İddiaçı "xxxx" MMC-yə məxsus malları ondan aldığı qiymətdən baha qiymətə başqa şəxslərə satmaq məqsədilə almışdır. Qarşılıqlı iddia tələbi də məhz həmin münasibətdən irəli gələn mübahisə əsasında irəli sürülmüş tələbdir. Beləliklə, məhkəmə iş materiallarını iddia ərizəsi ilə birgə araşdıraraq və tərəflərin əvvəlki hazırlıq iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, hazırki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, "xxxx" MMC ilə İddiaçı arasında əmək münasibətlərindən əlavə şifahi nisyə alqı-satqı müqaviləsindən irəli gələn kommersiya münasibətləri də olmuşdur. Qarşılıqlı iddia ərizəsinin məzmunundan və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş qaimələrdən də görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyində aktiv vergi ödəyicisi kimi qeydiyyata alınmış İddiaçı başqa şəxslərə satmaq məqsədilə "xxxx" MMC-dən mallar almış, yəni tərəflər birgə əməkdaşlıq göstərmişlər. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv), əsas fəaliyyət növünü “sair ərzaq məhsullarının pərakəndə satışı” təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(006)-1704/2023 saylı mülki iş tərəflər arasında kommersiya münasibətlərindən yaranan mübahisələrə aid olduğundan həmin mübahisəyə ümumi məhkəmədə deyil, aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 167.2-ci maddəsinə əsasən, hakim işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında işin düzgün və vaxtında həll edilməsinə yönələn hərəkətləri edir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26-cı maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məcəllənin 32.3-cü maddəsinin tələbinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il 10 №-li Qərarının 10-11-ci bəndlərində qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 13-cü bəndinə müvafiq olaraq, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qərarın 17-ci bəndinə müvafiq olaraq, MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Qərarın 18-ci bəndinə müvafiq olaraq, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(006)-1704/2023 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar