Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1735/2025 26.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi mirasın qəbul edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X11, mərhum əmiləri X12, İsmayılov Süleyman (və ya Sultan) Abuzər oğlu və mərhum bibisi Ağabacı Abuzər qızının ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evini faktiki qəbul etməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evi keçmiş Azərbaycan Sovet Sosialist Respublikası Oktyabr rayonu 2-ci sahənin Xalq Məhkəməsinin xx.xx.1948-ci il tarixli qətnaməsinə əsasən X11, X12, İsmayılov Süleyman (və ya Sultan) Abuzər oğlu, Ağabacı Abuzər qızının adlarına xx.xx.1948-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. X11, X12, İsmayılov Süleyman (və ya Sultan) Abuzər oğlu, Ağabacı Abuzər qızı vəfat etmişlər, onların qanun üzrə vərəsələri olaraq yalnız Ərizəçi və X13 yaşayırlar. Ərizəçi və X13 mərhum X7 vərəsələridir. Digər miras qoyanlar - X12, İsmayılov Süleyman (və ya Sultan) Abuzər oğlu və Ağabacı Abuzər qızının heç bir vərəsələri yoxdur. X11 xx.xx.1993-cü il tarixdə “diabetik qanqrena, şəkərli diabet” diaqnozu ilə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 583 sayla qeyd edilmiş və İİ-JQ seriyalı 412262 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Qeyd etmişdir ki, Ərizəçi miras qoyan X7 uşağı (oğlu), digər miras qoyanlar X12, İsmayılov Süleyman (və ya Sultan) Abuzər oğlunun qardaşı oğlu və Ağabacı Abuzər qızının qardaşı oğlu olmaqla onların qanun üzrə vərəsəlik hüququ üzrə vərəsəsidir. Belə olan halda Ərizəçi mərhum atası X11, mərhum əmiləri X12, İsmayılov Süleyman (və ya Sultan) Abuzər oğlunun və mərhum bibisi Ağabacı Abuzər qızından miras qalmış ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evini miras əmlak kimi qəbul etmək istəyir. Lakin, Ərizəçi adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmadığıdan həmin miras əmlakın Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmur. Həmçinin digər vərəsə X13 mirasın qəbul edilməsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixdə notariat qaydada təsdiq edilmiş ərizə vermişdir. Qeyd etmişdir ki, Ərizəçi mirası faktiki qəbul etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Belə ki, miras əmlak barəsində əvvəllər ərizəçi ilə digər şəxslər arasında heç bir mübahisə olmamış, vərəsə kimi miras əmlakdan sərbəst şəkildə istifadə etmişdir. Qeyd etmişdir ki, Ərizəçi mərhum atası X11, mərhum əmiləri X12, İsmayılov Süleyman (və ya Sultan) Abuzər oğlunun və mərhum bibisi Ağabacı Abuzər qızından miras qalmış ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evini faktiki olaraq qəbul və idarə etmiş, daima ora-gedib gəlmiş, orada oğlu və onun ailə üzvləri ilə birlikdə yaşamış, hazırda da yaşamaqda davam etməklə miras əmlakı tam olaraq faktiki olaraq qəbul və idarə etmiş və hazırda da idarə edir. Ərizəçi miras əmlak olan ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evini qəbul və idarə etməsini, həmin əmlaka faktiki sahiblik etməsini həmin ərazidə yaşayan qonşular da xx.xx.2024-cü il tarixli aktla təsdiq etmişlər və məhkəmədə şahid qismində iştirak edərək təsdiq edə bilərlər. xx.xx.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət edərək mərhum X11, X12, İsmayılov Süleyman (və ya Sultan) Abuzər oğlu və Ağabacı Abuzər qızından miras qalmış ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinə dair onların qanun üzrə vərəsəsi Ərizəçi adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən həmin ərizəyə xx.xx.2024-cü il tarixli, 3984 nömrəli məktubla cavab verilmiş, həmin məktubda İsmayılov Süleyman (Sultan) Abuzər oğlu, X12 və Ağabacı Abuzər qızının ölümünü təsdiq edən sənədləri (ölüm haqqında şəhadətnamə), onlarla qohumluğunu təsdiq edən sənədləri (doğum haqqında şəhadətnamə) və miras əmlakın hüquqmüəyyənedici sənədinin təqdim edilməməsi əsasları ilə Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı göstərilmişdir. Qeyd etmişdir ki, İsmayılov Süleyman (Sultan) Abuzər oğlu, X12 və Ağabacı Abuzər qızının ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamə və doğumunu təsdiq edən doğum haqqında şəhadətnamələrin əldə edilməsi üçün tərəfindən sorğu verilsə də hazırki vaxta qədər müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Həmçinin qeyd etdi ki, mirasın qəbul edilməsi faktı ərizəçiyə qanun üzrə vərəsəlik haqında şəhadətnamənin alınması üçün lazımdır. Maraqlı şəxs Bakı şəhəri 12 saylı notariat ofisi məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusu olmaqla onu 1994-cü il tarixdən tanıyır. ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evində atasını və əmisini görməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, ərizəçinin arvadıdır. O, ərizəçi ilə 1982-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Hazırda həmin ünvanda o, yoldaşı və oğlu ilə birgə yaşayırlar. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X18, anası X6r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 Emin qızı xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1, 1 saylı fərdi yaşayış evi xx.xx.1926-cı il tarixdə Əhmədov X20 adına ilkin qeydiyaytdan keçmişdir. Sözügedən evin 1/3 hissəsi Abuzər Ağamalı oğlunun, 2/3 hissəsi isə Bəyimxanım Ağa qızının adına qeydiyyata alınmışdır. Keçmiş Oktyabr Rayon Məhkəməsinin qərarına əsasən ünvan 1, 1 saylı fərdi yaşayış evi X7, X8, X3, Ağabacı Abuzər qızının adlarına xx.xx.1948-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 571 nömrəli Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X22 xx.xx.1976-cı ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə X13 tərəfindən ünvan 2 ünvanlanmış ərizədə göstərilmişdir ki, atası X15 cğlu 24 aprel 1993-cü il tarixdə vəfat elmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Onun ölümündən sonra irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini qəbul etməmiş və etmir. Öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcək. Mirasa dair iddiası və əmlak tələbi olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Ərizəçila müraciətdə onun əmiləri və bibisi kimi təqdim etdiyi şəxslər arasında qohumluq faktını təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri'’nin 1ci bəndinə əsasən vətəndaşlıq vəziyyətinə dair akt qeydləri onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları mühafizə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. İş materiallarında olan Oktyabr rayonu 2-ci sahənin Xalq məhkəməsinin xx.xx.1948ci il tarixli qərarının surətindən görünür ki, X11, X17, X12 və X32 onların atası, vəfat etmiş X9 N.Naqornaya küçəsi, dalan 13, ev 1 ünvanında yerləşən evə sahiblik üzrə varisləri kimi tanınmaları və həmin evin yuxarıda göstərilən şəxslərin sərəncamına verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, İsmayılov Süleyman (Sultan) Abuzər oğlu, X12 və X32 ölümünü təsdiq edən sənədləri (ölüm haqqında şəhadətnamə), onlarla qohumluğunu təsdiq edən sənədləri (doğum haqqında şəhadətnamə) və miras əmlakın hüquqmüəyyənedici sənədini təqdim edə bilmədiyi üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Milli Arxiv İdarəsi tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respubliaksı Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən 1920, 1923, 1925-ci illərə dair Bakı şəhəri inzibati şöbəsi Voroşilov (Səbail) rayonları üzrə doğum və doğum-bərpa qeydiyyat kitablarında X11, X12, X32 təvəllüdləri haqqında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X19 xx.xx.1982-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan Mənzil Kommunal Xidməti üçün mədaxil qəbzindən görünür ki, Z.Adıgözəlov küçəsi, Dalan 13 ev 1 ünvanı üçün məişət tullantılarının yığılması və daşınması xərcinin ödəyici kimi Minirə İsmayılova göstərilmişdir. İş materiallarında olan Azərişıq ASC-nin bildiriş-xəbərdarlıq qəbzlərindən görünür ki, Z.Adıgözəlov küçəsi, Dalan 13 ev 1 ünvanı üzrə ödəniləcək məbləğ X10 adına hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda göstərilmişdir ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndinin 5-ci hissəsinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, ərizəçi tərəfindən müəyyən edilməsi xahiş olunan miras əmlakın qəbul edilməsi faktı - əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olan faktdan ibarətdir. Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.8-ci bəndinə əsasən yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla) daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. İşin araşdırılmış hallarından görünür ki, ərizəçi və onun bacısı X1 İsmayıl Abuzər oğlu, X12, X32 birinci növbədə olan vərəsələridir. Onlardan miras qalmış əmlak Oktyabr rayonu 2-ci sahənin Xalq məhkəməsinin xx.xx.1948-ci il tarixli qərarına əsasən Bakı şəhəri Z.Adıgözəlov küçəsi, Dalan 13, 1 saylı evdən ibarətdir. X13 mirasdan imtina etmişdir. Ərizəçi miras qalmış əmlakdan faktiki sahiblik etməklə istifadə etmiş və hazırda da onun ailəsi tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, mülkiyyət hüququnun həyata keçirilməsi üçün (vərəsəlik qaydada şəhadətnamənin verilməsi üçün) ərizəçiyə miras əmlakın faktiki qəbul olunması faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Belə ki, mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim edilmədiyindən notariat ofisi tərəfindən ərizəçiyə miras əmlakla bağlı vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xahiş olunan faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə qeyd edilən mirasın qəbul edilməsi iş materialları ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə təmin edilərək miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum X4, X5, X2, Ağabacı Abuzər qızından miras qalmış ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1735/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1735/2025
26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver