Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1739/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «pul tutulmalarının dayandırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul tutulmalarının dayandırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun zaminlikdən çıxarılaraq kredit üzrə qalan 10 aylıq ödənişin, yəni 4.615,9 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC tərəfindən onun əmək haqqından tutulmasının dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 19 noyabr 2018-ci il tarixdə Cavabdeh ASC-nin Hacıqabul filialında X4 163GTKR4106488AA saylı müqavilə üzrə 13.500 manat məbləğində olan kreditə 4 il müddətinə zamin durmuşdur. Krediti götürən X6 müqavilə şərtlərini pozaraq krediti ödəmədiyinə görə 5 ay müddətində həmin kreditin 460 manat civarında aylıq ödənişini etmişdir (cəmi 2.300 manat). Daha sonra kreditin aylıq ödənişini etməyə maddi imkanı olmadıqda kredit üzrə aylıq ödənişlərdə yaranmış borc Cavabdeh ASC tərəfindən onun əmək haqqından tutulmağa başlanılmışdır. Bu günə qədər 15.314,3 manat məbləğində pul vəsaiti 163GTKR4106488AA saylı müqaviləyə əsasən kredit üzrə əmək haqqından tutulmuşdur. Tutulma hələ də davam edir. Maddi imkanının aşağı olması ilə bağlı olaraq, əmək haqqından qeyd olunan kredit üzrə tutulmalarla əlaqədar 27 noyabr 2019-cu il tarixdə Cavabdeh ASC-nin Baş ofisinə və Hacıqabul filialına poçt vasitəsi ilə ərizə göndərərək aylıq ödənişlərin aşağı salınmasını xahiş etmişdir. Cavabdeh ASC-nin Hacıqabul filialının 05 dekabr 2019-cu il tarixli 587 nömrəli cavab məktubunda krediti götürən X6 ilə banka yaxınlaşaraq krediti 60 aylıq restrukturizasiya edərək aylıq ödənişlərin aşağı salınması mümkün olduğu bildirilmişdir. X6 banka getməkdən imtina etdiyindən, 29 dekabr 2019-cu il tarixdə Cavabdeh ASC-nin Baş ofisinə və Hacıqabul filialına poçt vasitəsi ilə bir daha ərizə göndərərək kreditin 60 aylıq restrukturizasiya edilməsini xahiş etmişdir. Lakin, bank tərəfindən bu ərizəsinə heç bir cavab verilməmişdir. Cavabdeh ASC-nin Hacıqabul filialına yaxınlaşaraq ərizəsinə cavab istədikdə, bu halda kreditin onun adına keçirilməsini və daha sonra restrukturizasiya edilməsi mümkün olduğu bildirilmişdir. Tərəfindən götürülməyən kreditin onun adına keçirilməsinə razı olmamışdır. Daha sonra 07 oktyabr 2021-ci il tarixində Cavabdeh ASCnin Baş ofisi və Hacıqabul filialına poçt vasitəsi ilə ərizə göndərərək, kreditin böyük hissəsinin ödənildiyini, onun zamin olduğunu, ailə vəziyyətinin aşağı olmasını nəzərə alaraq kredit üzrə tutulmaların dayandırılmasını xahiş etmişdir. Lakin, bank tərəfindən ərizəsinə bu vaxtadək heç bir cavab verilməmişdir. Beləliklə, zamin durduğu 13.500 manat məbləğində kredit üzrə bu günə qədər cəmi 17.614,3 manat məbləğində pul onun tərəfindən ödənilmişdir. Kredit müddətinin sonuna qədər 10 ay olmaqla 4615,9 manat ödəniləcək məbləğ qalmışdır (aylıq ödəniş 461,59 manat). İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi, məhkəməyə ünvanlamış olduqları etiraz ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı X3 götürdüyü kredit öhdəliyinə zamin durmuşdur. Belə ki, X7 ilə Cavabdeh ASC arasında 19 noyabr 2018-ci il tarixli 163GTKR4106488AA saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq F.Salahova illik faiz dərəcəsi 26,84 (FİFD: 27.2%) faiz olmaqla, 48 ay müddətinə 13.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən X7 müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. Lakin o, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə ödəniş müddətlərində gecikmələr yaranmşdır. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ilə bank arasında 19 noyabr 2018-ci il tarixli Z-163GTKR4106488AA nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin 19 noyabr 2018-ci il tarixli 63GTKR4106488AA saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Müqavilənin 2ci bəndində zamin durulmuş kreditin (əsas öhdəliyin) məbləği, müddəti, faiz dərəcəsi və s. məlumatlar qeyd edilmişdir. Əsas borclu müqavilə üzrə öhdəliyinin icrasını təmin etmədiyi üçün kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği zamindən tutulmağa başlanmışdır. Müştərinin bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi müştərinin bankda olan hesablarından pul vəsaitlərinin müştərinin sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 14.07.2015-ci il tarixli qərarına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələrini - akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməni digər təminat üsulları sırasına daxil etmişdir. Müqavilə və razılıq sənədləri üzrə əsaslar: 19 noyabr 2018ci il tarixli Z- 163GTKR4106488AA nömrəli zaminlik müqaviləsinin 3-cü bəndinə əsasən zamin əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. Banka dəyən digər zərərin əvəzini kreditorun tələbi ilə etiraz irəli sürmədən zaminlik müqaviləsinin yuxarıda qeyd edilən maddələrində nəzərdə tutulmuş öhdəlikləri icra etmək vəzifəsini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 9-cü bəndinə əsasən zamin müqaviləni imzalamaqla bildirir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından bank tərəfindən tutula (silinə) bilər, o cümlədən hesablarındakı digər valyutada pul vəsaitləri bankın elan etdiyi məzənnəyə və tarif dərəcəsinə əsasən konvertasiya edilərək silinə bilər, habelə ödəniş intervalının əvvəlində kredit müqaviləsi üzrə aylıq borclar tutula (silinə) bilər. Kredit müqaviləsi üzrə borclar ödənilənədək zaminin bankda olan istənilən bank hesabında olan pul vəsaitləri borcların məbləği həddində bloklaşdırıla bilər. Akseptsiz qaydada tutulma (silinmə) barədə 19 noyabr 2018-ci il tarixdə zamin “Razılıq ərizəsi" də imzalamışdır. Yəni, müqavilə bağlanılarkən zamin öz iradə ifadəsini bildirmişdir. Tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının zəruri şərt olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyini nəzərə alaraq bank öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla bağlı bankın atdığı addımlar qanunauyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin borclu şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Bundan başqa, borclunun öhdəliklərini yerinə yetirmədiyinə görə zaminə ziyan dəydikdə, o dəymiş ziyanın ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Yəni, iddaçı zamin durduğu kredit üzrə ödədiyi məbləği əsas borcludan tələb etmək hüququna malikdir. Öz əmlakı hesabına başqasının öhdəliyini icra etmiş şəxs öz əmlak vəziyyətini bərpa etmək hüququna malikdir. Borclunun öhdəliyini icra etmiş zaminin belə hüququ yuxanda qeyd olunan maddədə nəzərdə tutulmuşdur. Borclunun öhdəliyini icra etmiş zamin həmin öhdəlik üzrə tam təminat almış kreditorun yerini tutur və kreditorun bütün hüquqları ona keçir. Kreditorun zaminə keçən hüquqlarının həcmi onun öhdəliyin ödədiyi hissəsinin həcminə mütənasib olmalıdır. Müqavilə azadlığına hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 14.07.2015-ci il tarixli qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Müqavilə azadlığının təminatı olaraq müştərilərlə kredit müqavilələri rəsmiləşdirildikdə həmin müqavilələrdə tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti və öhdəliklərin icra qaydası aydın şəkildə qeyd edilir və həmin müqavilələr imzalanmamışdan öncə müştərilərə müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ətraflı izahat verilir. Qeyd olunanları əsas tutaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 noyabr 2018-ci il tarixli, 163GTKR4106488AA saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC-nin Hacıqabul filialı ilə X7 arasında kredit müqaviləsi bağlanmış və müqavilədə qeyd edilən şərtlər (kreditin məbləği, faiz dərəcəsi və s.) əsasında Faiq Salahova 13.500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 19 noyabr 2018-ci il tarixli, Z-163GTKR4106488AA saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı X3 müqavilə üzrə götürdüyü kredit öhdəliyinə zamin durmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 19 noyabr 2018-ci il tarixli ərizədən görünür ki, o, X7 ilə bağlanmış 19 noyabr 2018-ci il tarixli, 163GTKR4106488AA saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC-nin Hacıqabul rayon filialı tərəfindən verilmiş 03 fevral 2022-ci il tarixli, 206 saylı arayışdan görünür ki, X7 ilə Cavabdeh ASCnin Hacıqabul filialı arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli, 163GTKR4106488AA saylı 13.500 manat məbləğdə olan kredit müqaviləsi üzrə zamin durmuş İddiaçı əmək haqqı kartından 19.11.2018-03.02.2022-ci il tarixləri arasında kredit üzrə 15.314,3 manat məbləğində ödəniş tutulmuşdur. Beləliklə işin faktiki araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin Hacıqabul filialı ilə X7 arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə Faiq Salahovun götürdüyü kredit öhdəliyinə zamin durmuşdur. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin 19 noyabr 2018-ci il tarixli 63GTKR4106488AA saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Qeyd edilən müqavilənin 2-ci bəndində zamin durulmuş kreditin (əsas öhdəliyin) məbləği, müddəti, faiz dərəcəsi və s. məlumatlar qeyd edilmişdir. Əsas borclu müqavilə üzrə öhdəliyinin icrasını təmin etmədiyi üçün kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği zamindən tutulmağa başlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən zamin əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. Həmin müqavilənin 9-cü bəndinə əsasən zamin müqaviləni imzalamaqla bildirir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından bank tərəfindən tutula (silinə) bilər, o cümlədən hesablarındakı digər valyutada pul vəsaitləri bankın elan etdiyi məzənnəyə və tarif dərəcəsinə əsasən konvertasiya edilərək silinə bilər, habelə ödəniş intervalının əvvəlində kredit müqaviləsi üzrə aylıq borclar tutula (silinə) bilər. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, akseptsiz qaydada tutulma (silinmə) barədə 19 noyabr 2018-ci il tarixdə zamin İddiaçı tərəfindən “razılıq ərizəsi" imzalanmış, habelə, zaminlik müqaviləsi bağlanılarkən zamin öz iradə ifadəsini bildirmişdir. Tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının zəruri şərt olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyini nəzərə alaraq, bank öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin borclu şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (əmək haqqından pul tutulmalarının dayandırılması və s.) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı könüllü olaraq zaminlik müqaviləsi bağlayaraq, müqavilə şərtlərini qəbul etmiş və borclunun öhdəlikləri üzrə zamin durmuşdur. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul tutulmalarının dayandırılması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul tutulmalarının dayandırılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1739/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1739/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver