Məhkəmə qərarları › İş №2(006)-1745/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1745/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1745/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “təhsil haqqında dövlət sənədi verilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “təhsil haqqında dövlət sənədi verilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndə təhsilin bakalavriat əsas (baza ali) tibb təhsili rezidentura pilləsini (səviyyəsini) bitirən şəxs olaraq İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilməsinin cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Anası Azərbaycan Respublikası, atası isə İran İslam Respublikası vətəndaşıdır. İddiaçı orta məktəbi İranda bitirib diplomunu aldıqdan sonra 2011-2012-ci ildə Cavabdeh hazırlıq kursuna qəbul olmuşdur. 2013-cü ildə tibb Universitetinin stomotoloq fakültəsinin 1-ci kursunda təhsil almağa başlamışdır. Universitetə qəbul olanda Universitetin xarici tələbələr dekanlığına bütün lazım olan sənədləri təhvil vermişdir. Universitetdən iddiaçıya bildirilmişdir ki, heç bir problem yoxdur, bu səbəbdən də onu müqavilə əsasında (ödənişli) Universitetə qəbul etmişlər. Universitetə sənədləri təhvil verdiyi zaman ondan oturuma aid olan sənədləri də təhvil vermələrini tələb etdilər. İddiaçı isə iki pasportunun olduğunu bildirmiş və hər iki pasportunu dekanlığa təqdim etmişdir. Dekanlıqda iddiaçıya bildirmişlər ki, onun azərbaycan pasportu olduğu üçün oturuma baş vurmağa artıq ehtiyac yoxdur. Hətta oturum üçün hazırladığı sənədləri və oturum haqqını yəni 100 manat ödənişi də geri qaytarmışlar. İddiaçı oturumla bağlı bu günə qədər heç bir problem olmadan təhsilini davam etdirmişdir. Oturumla əlaqəli və ya başqa sənədlə bağlı təhsil müddətində iddiaçıya heç bir məlumat və bildiriş verilməmişdir. İddiaçı ailə qurduğu üçün təhsil müddəti uzadılmış və həmin müddət ərzində heç bir problem olmadan təhsil haqqlarını ödəmişdir. Təhsil haqqları ilə birlikdə təhsil krediti ödənişlərini də etmişdir. 2022-ci ilin sonunda dövlət imtahanını verib təhsilini başa vurmuşdur. Sonradan diplom almaq üçün sənədləri toplayıb dekanlığın diplom şöbəsinə müraciət etdiyi zaman iddiaçıya bildirmişlər ki, onun adını sistemə vura bilmirlər. Belə ki, onun oturumu yoxdur. İddiaçıdan ilk dəfə diplom alanda oturum tələb etmişlər. Bundan sonra o dəfələrlə diplom almaq üçün Universitetin dekanlığına müraciət etsə də onun bu müraciətlərinə məhəl qoyulmamış və indiyə qədər iddiaçı diplomunu ala bilməmişdir. İddiaçı Azərbaycan Respublikası Tibb Universitetini bitirməyinə dair diplom verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşayış icazəsi olması haqqında sənədi təqdim etmədiyi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Diplom təsdiqi sistemində diplom alınması üçün qeydiyyat aparmaq mümkün deyildir. İddiaçı təhsil alma haqqında 199 saylı xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Tibb Universitetində təhsil almışdır və məzundur. Cavabdeh iddiaçıya məzun tələbə olduğuna, hər hansı təhsil haqqı və ya kredit borcunun olmadığına dair xx.xx.2023-cü il tarixli 92 saylı arayış da təqdim etmiş, lakin qanunla iddiaçıya verilməsi nəzərdə tutulmayan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin olmamasını əsas götürərək, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədini verməkdən imtina etmişdir. Cavabdehin bu imtinası qanunsuz və əsassızdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Repsublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması məsələlərinin həlli müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dpvlətin vətəndaşlığına mənsub olan şəxs əcnəbi, heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs isə vətəndaşlığı olmayan şəxsdir. İddiaçı isə Azərbaycan Respublikası vətəndaşıdır. Bu barədə iddiaçıya Azərbaycan Respublikası vətəndaşılığını təsdiq edən şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçının vətəndaşlığı onun əldə edilməsi əsaslarından aslı olmayaraq digər vətəndaşların vətəndaşlıqları ilə bərabərdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğundan, Azərbaycan Respublikasının ərazisində İran İslam Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. İddiaçının yaşayış yeri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olaraq xüsusi nümunəli vəsiqə deyil, Azərbaycan Respublikası vətəndaşı olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, ev 11, mənzil 15 olaraq müəyyən edilir. İddiaçının əcnəbi və ya vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması qanunla nəzərdə tutulmur. Cavabdehin Azərbaycan Respublikası vətəndaşından öz ölkəsində əcnəbi və ya vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almasını tələb etməsi qanunsuzdur. Bundan başqa iddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğu üçün ona oturum verilməsi nəzərdə tutulmur. Oturuma zərurət olsaydı təhsil dövründə və dövlət imtahanlarına buraxılma zamanı bu sənədlər tələb olunardı. Təhsil aldığı müddətdə iddiaçıdan belə tələb olmadığından diplom verilən zaman oturum tələb olunması əsassızdır. Cavabdeh nümayəndəsi iddia tələbinə dair etiraz təqdim edərək, İddiaçı iddiasının əsassız olduğu üçün rədd olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddaçı İran İslam Respublikasının vətəndaşı olduğunu təsdiq edən pasportu təqdim edərək Cavabdeh ilə birbaşa müqavilə bağlayaraq stomatologiya fakültəsində təhsil almaq üçün qəbul olunmuşdur. Bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.5-ci bəndinə müvafiq edilmişdir. Cavabdeh bitirdikdə iddiaçıdan əcnəbi vətəndaş kimi Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşayış icazəsi olması haqqında sənəd tələb olunmuşdur. Lakin, əcnəbi vətəndaş, iddiaçı bugünə kimi tələb olunan sənədi təqdim etməmişdir. Bu sənəd olmadan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Diplom təsdiqi sistemində diplom alınması üçün qeydiyyat aparmaq mümkün deyildir. Təhsil aldığı müddətdə iddiaçı Azərbaycan vətəndaşı olması barədə Cavabdehnə bildirməmişdir. Əks halda iddiaçının Cavabdehnə əcnəbi kimi Universitet ilə birbaşa müqavilə bağlayaraq qəbul olması mümkünsüz olardı. Azərbaycan Respublikası vətəndaşlarının ali təhsil müəssisələrinə qəbulu ancaq X4 mərkəzləşmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında həyata keçirilir. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini, hazırkı mübahisəyə inzibati məhkəmədə deyil, mülki icraat qaydasında Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi X3 iddianın əsassız olduğunu bildirərək, mübahisəyə hansı məhkəmədə baxılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “təhsil haqqında dövlət sənədi verilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilməsinin cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işin materiallarında olan: Cavabdeh ilə əcnəbi tələbə olan X5 (İran) arasında bağlanmış ödənişli təhsil almaq haqqında xx.xx.2016-cı il tarixli, 199 №-li müqavilədən görünür ki, Cavabdeh (ATU) ödənişli əsaslarla əcnəbi tələbəyə Azərbaycan Respublikasının dövlət Standartlarına cavab verən təhsil proqramları əsasında Ali təhsil səviyyəsinə uyğun Stomatologiya ixtisası üzrə təhsil verməyi, əcnəbi tələbə isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, tədris ili üçün 3000 (üç min) manat məbləğində təhsil haqqınının ATUya ödənilməsini öhdəsinə götürür. Qeyd olunan Müqavilənin 3.3-cü maddəsindən görünür ki, Müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Cavabdeh tərəfindən Vəkil göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cəvadi X1 İran İslam Respublikasının vətəndaşı kimi qəbul olunmuşdur. Qəbul zamanı o İran İslam Respublikasının vətəndaşlığını təsdiq edən pasportunu təqdim etmişdir. Universiteti bitirdikdə diplom alması üçün əcnəbi tələbədən Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşayış icazəsi olması haqqında sənəd tələb olunmuşdur. Lakin əcnəbi vətəndaş tələb olunan sənədi bugünə qədər hələ də təqdim etməmişdir. Bu sənəd olmadan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Diplom təsdiqi sistemində diplom alınması üçün qeydiyyat aparmaq mümkün deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı Cavabdeh, təşkilati-hüquqi forması “ali təhsil müəssisəsi” olaraq dəyişdirilmiş, mülkiyyət növü - dövlət, hüquqi varislik hissəsində Cavabdeh xx.xx.2002-ci il tarixdə 50 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinin hüquqi varisi olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən tərtib edilmiş Təhsil Müəssisəsinin adına edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında 50 №-li şəhdətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxsinin adı Cavabdeh olaraq dəyişdirilmişdir. Cavabdeh Nizamnaməsindən görünür ki, ATU öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının səhiyyə və təhsil nazirliklərinin əmrlərini, kollegiyalarının qərarlarını, “Ali təhsil müəssisəsinin Nümanəvi Nizamnaməsi”ni və bu Nizamnaməni rəhbər tutur. ATU mülkiyyət növünə görə dövlət müəssisəsi kimi fəaliyyət göstərir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1-ci maddəsinə görə Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 6.1-ci maddəsinə görə təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. 6.5-ci maddəsinə görə bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. 26.2-ci maddəsinə görə Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.1-ci maddəsinə görə təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək Təhsil sahəsində dövlətin vəzifələrindən biridir. 44.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvоta və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. 44.2-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu” qaydalarının (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur) 1.4-cü bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə əsasən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 1.1-ci bəndində görə bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrin təhsil müəssisələrində, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – əcnəbilər) tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsilin bütün pillə və səviyyələri, habelə tədris dilini zəif bilən əcnəbilərin hazırlıq sinif və kursları üzrə Azərbaycan Respublikasının təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura və magistratura səviyyələri üzrə elmi müəssisə və təşkilatlarda və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında (bundan sonra – təhsil müəssisələri) təhsil almasına dair ümumi tələbləri müəyyən edir. 1.2-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. 3.1 və 3.1.5-ci bəndlərinə görə Əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında həyata keçirilir. 4.6-cı bəndinə görə Əcnəbilərlə və ya onların təhsil haqqını ödəyən hüquqi və fiziki şəxslərlə təhsil müəssisəsi arasında bu Qaydaların əlavəsindəki formaya uyğun müqavilə bağlanılır (icbari ümumi orta təhsil istisna olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli, 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin: 1.3-cü bəndinə görə Ali təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Qanuna uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqojimetodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir. 3.1-ci bəndinə görə Ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ali təhsil müəssisəsinin vəzifələri aşağıdakılardır: 3.1.1. ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək; 3.1.8. dövlət təhsil standartlarına və ayrı-ayrı pillələr və ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər sənədləri səlahiyyətləri çərçivəsində hazırlamaq; 3.1.16. ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək. 3.4-cü bəndinə görə Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ali təhsil pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir. 3.5-ci bəndinə görə Ali təhsil müəssisəsində tədris ali təhsil pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramları ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2 və 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının: 2-ci bəndinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bəndinə görə Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 15.4-cü bəndində qeyd edilmişdir ki, ...inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı və Cavabdeh arasında yaranmış münasibətlər ümumi (publik) hüquq münasibətləridir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan olan cavabdeh - Cavabdeh Dövlət mülkiyyətində olmaqla öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının səhiyyə və təhsil nazirliklərinin əmrlərini, kollegiyalarının qərarlarını rəhbər tutan ali təhsil müəssisəsidir. Bu ali təhsil müəssisəsində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur və Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir. Həmçinin qeyd edilməsi zəruridir ki, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin 1.3-cü bəndinə əsasən ali təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Ali təhsil müəssisəsinin dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək və s. vəzifələri vardır ki, buradan da açıq və aydın şəkildə görünür ki, onun fəaliyyəti dövlət siyasətinə, dövlət təhsil standartlarına və publik münasibətlərə əsaslanır. Qeyd olunan maddi hüquq normalarından da görünür ki, ali təhsil müəssisləri bir sıra məsələlər üzrə mülki dövriyyənin müstəqil subyekti kimi mülki hüquq münasibətlərinə iştirak etsə də, vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin dövlət ali təhsil müəssisələrinə qəbulu, həmin müəssisədən xaric edilmələri, onlar arasında qanunvericilikdə dəqiq tənzimlənən bəzi münasibətlər dövlət tərəfindən həyata keçirilən təhsil siyasətinin tərkib hissəsi olmaqla publik hüquq münasibətlərinə aiddir. Bu münasibətlərdə hakimiyyət səlahiyyətlərinin icraçısı olan inzibati orqanlar qismində Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan qurumlar, o cümlədən Səhiyyə Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri çıxış edirlər (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-4074/2023 nömrəli, xx.xx.2023 tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”nın 2.1 və 2.1.3-cü bəndinə görə, bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir: ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvоta və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Əcnəbilərlə və ya onların təhsil haqqını ödəyən hüquqi və fiziki şəxslərlə təhsil müəssisəsi arasında müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq (yuxarıda qeyd edilən) qərarı ilə təsdiq edilmiş Qaydaların əlavəsindəki formaya uyğun bağlanılır. Yəni, əcnəbi tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanan müqavilənin müddəaları müəssisə tərəfindən mülki hüquqi münasibətlərə əsaslanmaqla hazırlanmır. Qeyd olunan müqavilə qanunvericiliklə müəyyən olunmuş formada tərtib edilir. Həmin müqavilələr mülki-hüquqi müqavilələrdən fərqləndirilməlidir. Belə ki, bu müqavilələrin predmeti xüsusi hüquq münasibətləri ilə deyil, ümumi (publik) hüquq münasibətləri ilə sıx bağlı olduğundan “inzibati müqavilə” statusu daşıyır. İnzibati orqanın öz fəaliyyət sferasına uyğun olaraq inzibati hüquq normaları əsasında bağladığı müqavilə inzibati müqavilədir. Bu müqavilənin tərəfləri bərabər mövqedə dayanmırlar. Çünki, tərəflərdən biri dövlətin üstün iradəsini ifadə edir. Hazırkı iş üzrə ali təhsil müəssisəsi əcnəbi tələbələrə münasibətdə bu sferada dövlət siyasətinə zidd olaraq əcnəbi tələbənin iradəsinə uyğun formada müqavilə şərtlərinə dəyişiklik edə bilmir. Yəni, inzibati müqavilədə tərəf öz sərbəst iradəsinə uyğun olaraq müqavilə şərtləri müəyyən etməsi mümkün deyil. İnzibati müqavilənin əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq qaydaları təşkil edir. Habelə, inzibati müqavilələri başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq, daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 6 oktyabr tarixli plenum qərarı). Beləliklə, hazırki tələb inzibati orqanın publik sahədən irəli gələn fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisə ilə bağlı olduğundan məhkəmə belə qənaətə gəlir ki, mülki iş üzrə icraata xitam verilməli, dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və iddiaçıya hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malik olması, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla, iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “təhsil haqqında dövlət sənədi verilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah olunsun ki, hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir və işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar