Məhkəmə qərarları › İş №2(006)-1747/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1747/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1747/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh1 MTK-nın vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Yasamal Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2nə qarşı “qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1 saylı müqavilədə nəzərdə tutulmuş qaydada Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən binanın həyətində iddiaçıya məxsus olan 18.0 kv.m dəmir qarajın əvəzinə Cavabdeh1 MTK tərəfindən həmin ərazidə yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə iddiaçıya verilməsi və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2015-ci il tarixli 1 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən binanın həyətindəki Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin sədrinin xx.xx.2003-cü il tarixli sərəncamı ilə iddiaçının adına olan 18.0 kv.m dəmir qaraj Cavabdeh1 MTK iddiaçıdan alınaraq, əvəzində Cavabdeh1 MTK tərəfindən həmin ərazidə tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) kompensasiya yolu ilə iddiaçıya verilməli idi. Müqaviləyə əsasən, qarajın verilməsi tikintiquraşdırma və tamamlama işlərini layihə-smeta sənədləri və tikinti pasportuna uyğun yerinə yetirdikdən sonra həyata keçirilməli idi. 2018-ci ildən həmin binada tikinti işləri başa çatıb və yaşayış var. Lakin hələ də müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada qaraj iddiaçıya təhvil verilməyib. Göstərilənlərə əsasən, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh1 MTK-nın vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olmasını və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Belə ki, tərəflər arasında müqavilənin bağlanmasına və binanın uzun müddət öncə inşa edilməsinə baxmayaraq, iddiaçı mübahisəli qaraj sahəsini cavabdehə verməmiş, bu səbəbdən də cavabdeh inşa etdiyi binada iddiaçıya qaraj verməmişdir. Hal-hazırda ərazidə 20-dən artıq qaraj mövcuddur, bina inşa edilərkən iddiaçıya məxsus qaraja cavabdeh tərəfindən toxunulmamışdır. Müqavilənin bağlanmasına səbəb iddiaçının özünün sənədlərlə birlikdə şirkətə yaxınlaşması və binanın tikiləcəyi ərazidə ona məxsus qarajın olmasını bildirməsi olmuşdur. Sonradan iddiaçı qarajını və onun yerini cavabdehin əməkdaşlarına göstərə bilməmişdir. Həmçinin, iş materiallarından da göründüyü kimi tərəflər arasında xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçı 7 il keçdikdən sonra müvafiq tələblə məhkəməyə müraciət etmiş, lakin Mülki Məcəllənin 373.2-ci maddəsinə uyğun olaraq, iddia müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən, iddia ərizəsinin əsassız olması və iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 əlavə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Beləliklə, Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. Bundan əlavə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili-nümayəndəsi əlavə olaraq bildirdi ki, Cavabdeh1 MTK-nın tikinti işlərinin aparılmasına dair lisenziyası olmamış, bu səbəbdən də bina cavabdeh tərəfindən inşa edilməmişdir. Bundan əlavə, binanın hazırki mülkiyyətçisi digər Cavabdeh2dir, lakin onun da lisenziyası olmadığından “Stenli” adlı başqa bir şirkətlə podrat müqaviləsi bağlamışdır. Həmin müqavilə üzrə Cavabdeh2 sifarişçi, “Stenli” şirkəti podratçı qismində çıxış etmiş, Cavabdeh1 MTK isə ümumiyyətlə müqavilənin tərəfi olmamışdır. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında əvvəlki iclaslarda podrat münasibətlərinin mövcud olduğunu bildirməsi ilə bağlı qeyd etdi ki, bununla bağlı yanlışlığa yol vermiş, əslində iki cavabdeh şirkət arasında əməkdaşlıq münasibətləri heç vaxt mövcud olmamışdır. Həmçinin, iddiaçı ilə cavabdeh arasında mübahisəli qaraja dair təhvil-təslim aktı olmadığından, iddiaçının qarajının məhz Cavabdeh1 MTK tərəfindən təhvil alınıb sökülməsi də təsdiq olunmur. İddiaçının iddia tələbinin əsassız olması səbəbindən təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın vəkili-nümayəndəsi Nümayəndə məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi barədə vəsatət təqdim etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1747/2022 saylı qərardadı ilə vəsatət təmin edilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyəti nümayəndələrinin məhkəmə prosesində iştiraklarını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə digər Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatını, vəkillərin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 198 saylı sərəncamından görünür ki, "xxxx" Şərikli Müəssisəsinin 17.08.98-ci il tarixli 06 saylı məktubu nəzərə alınaraq, Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə birmərtəbəli yaşayış evlərinin sökülməsi şərti ilə hündürmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikinti sahəsi üçün torpaq sahəsi ayrılmışdır. Mülki işin materiallarında olan xx.xx.2000-ci il tarixli 279 saylı istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, "xxxx" Müəssisəsinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 198 saylı sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 1,5 hektar hündür mərtəbəli yaşayış binalarının tikintisi üçün verilib. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2003-cü il tarixli 168/06 saylı sərəncamından görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı yaşadığı mənzillə birlikdə R.V.Qasımovadan aldığı və yaşadığı məhəllədə yerləşən (3.0 x 6.0) metr ölçülü dəmir qaraj onun adına keçirilmiş və o, vergi ödəyicisi kimi qeydə alınmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qarajın yerləşdiyi 18.0 kv.m torpaq sahəsi xx.xx.2002-ci il tarixdən vətəndaş İddiaçı icarəyə verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2003-cü il tarixli 273 saylı bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilədən görünür ki, icarədar Bakı şəhər Yasamal rayon Bələdiyyə sədrinin 168/06 saylı xx.xx.2003-cü il tarixli sərəncamı əsasında İnşaatçılar 12/26 ünvanında yerləşən 18.0 kv.m-lik torpaq sahəsini ödəmə haqqı ilə müvəqqəti olaraq icarəçi İddiaçı icarəyə verir, icarəçi isə qəbul edir. Mülki işin materiallarında olan qəbzlərdən görünür ki, Əliyeva X4 rayonu Yasamal Bələdiyyəsinə xx.xx.2003-cü il tarixdə “torpaq icarə” üçün 129 600 manat, xx.xx.2004-cü il tarixdə “torpaq icarəsi” üçün 43 200 manat, xx.xx.2005-ci il tarixdə “əmlak qalıq” üçün 190 526 manat (060636 saylı qəbz) və “torpaq icarə” üçün 43 632 manat (060637 saylı qəbz), xx.xx.2006-cı il tarixdə “torpaq icarəsi” üçün 8,76 manat, xx.xx.2007-ci il tarixdə “torpaq icarə üçün” 14,40 manat, xx.xx.2008-ci il tarixdə “icarə” üçün 28,80 manat, xx.xx.2013-cü il tarixdə “icarə (qaraj)” üçün 14,40 manat, xx.xx.2014-cü il tarixdə “qaraj torpaq icarə” üçün 14,40 manat, xx.xx.2015-ci il tarixdə “əmlak və torpaq vergisi 2015-ci il” üçün 20,50 manat məbləğlərində ödənişlər etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6581/2019 saylı qərarından görünür ki, "xxxx" Şərikli Müəssisəsi, Cavabdeh1 MTK və X2 arasında xx.xx.2016-cı il tarixli birgə fəaliyyəti haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, müqaviləni bağlayan tərəflər Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə yerləşən 0,10 ha torpaq sahəsində layihə üzrə 1 bloklu 16 (on altı) mərtəbəli yaşayış evinin inşa edilməsi və inşa edilmiş obyektdəki mənzillərin və qeyriyaşayış obyektlərinin satılması üzrə birgə fəaliyyət göstərəcəklər. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin 1.1ci bəndində qeyd edilmişdir ki, "xxxx" Şərikli Müəssisəsi və Cavabdeh1 MTK Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə yerləşən 0,10 ha torpaq sahəsində layihə üzrə 1 bloklu 16 (on altı) mərtəbəli yaşayış evinin inşa edilməsi və inşa edilmiş obyektdəki mənzillərin və qeyri-yaşayış obyektlərinin satılması üzrə birgə fəaliyyət göstərəcəklər. Müqavilənin 1.2-ci bəndindən görünür ki, müştərək fəaliyyətin həyata keçirilməsindən irəli gələn bütün icraat, məsuliyyət və öhdəliklər Cavabdeh1 MTK-nın üzərinə qoyulmuşdur. Müqavilənin 2.1-2.3-cü bəndlərinə müvafiq olaraq, "xxxx" Şərikli Müəssisəsi müqavilənin 1.1-ci bəndində qeyd olunmuş yaşayış evinin tikilməsi üçün bu müqavilənin imzalanması anına əldə etdiyi layihə sənədlərini və müvafiq dövlət orqanlarından əldə olunmuş tikintiyə icazələri (lisenziya) Cavabdeh1 MTK-ya təqdim etmiş, "xxxx" Şərikli Müəssisəsi mülkiyyətində olan və tikinti işlərinin aparılması üçün müqavilənin 1.1-ci bəndində qeyd olunmuş, 0,10 ha torpaq sahəsini Cavabdeh1 MTK-nın tam istifadəsinə vermiş, "xxxx" Şərikli Müəssisəsi torpaq sahəsinə aid olan bütün sənədləri müqavilə qüvvədə olan müddətə Cavabdeh1 MTK-ya vermişdir. Müqavilənin 3.1-ci bəndinə görə, Cavabdeh1 MTK müqavilənin 1.1-ci bəndində göstərilmiş torpaq sahəsində müvafiq icra orqanları tərəfindən təsdiq olunmuş layihəyə əsasən tikinti işlərini aparmaq hüququna malikdir. Həmin müqavilənin 4.1-ci bəndinə müvafiq olaraq, hazırki müqavilə tərəflərin onu imzaladığı gündən hüquqi qüvvəyə minir və obyektin tikintisi başa çatdıqdan sonra bütün mənzillərin və qeyri-yaşayış sahələrinin satışı həyata keçirilənədək qüvvədədir. Müqavilənin 5.3-cü bəndinə görə, bu müqavilənin şərtləri yalnız müqavilənin 1.1-ci bəndində qeyd olunmuş və inşa edilən obyektlə bağlı yaranan münasibətlərə şamil edilir. Müqavilənin 5.4-cü bəndindən görünür ki, bu müqavilənin predmeti ilə bağlı tərəflər arasında yeni müqavilə(lər) imzalandığı təqdirdə bu müqavilə hüquqi qüvvəsini itirir və etibarsız sayılır. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilənin 1.1ci bəndində qeyd edilmişdir ki, "xxxx" Şərikli Müəssisəsi, Cavabdeh1 MTK və X2 Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə yerləşən 0,10 ha torpaq sahəsində layihə üzrə 1 bloklu 16 (on altı) mərtəbəli yaşayış evinin inşa edilməsi və inşa edilmiş obyektdəki mənzillərin və qeyri-yaşayış obyektlərinin satılması üzrə birgə fəaliyyət göstərəcəklər. Müqavilənin 1.2-ci bəndindən görünür ki, müştərək fəaliyyətin həyata keçirilməsindən irəli gələn bütün icraat, məsuliyyət və öhdəliklər Cavabdeh1 MTK-nın üzərinə qoyulmuşdur. Müqavilənin 2.1-2.3-cü bəndlərinə müvafiq olaraq, "xxxx" Şərikli Müəssisəsi müqavilənin 1.1-ci bəndində qeyd olunmuş yaşayış evinin tikilməsi üçün bu müqavilənin imzalanması anına əldə etdiyi layihə sənədlərini və müvafiq dövlət orqanlarından əldə olunmuş tikintiyə icazələri (lisenziya) Cavabdeh1 MTK-ya təqdim etmiş, "xxxx" Şərikli Müəssisəsi mülkiyyətində olan və tikinti işlərinin aparılması üçün müqavilənin 1.1-ci bəndində qeyd olunmuş, 0,10 ha torpaq sahəsini Cavabdeh1 MTK-nın tam istifadəsinə vermiş, "xxxx" Şərikli Müəssisəsi torpaq sahəsinə aid olan bütün sənədləri müqavilə qüvvədə olan müddətə Cavabdeh1 MTK-ya vermişdir. Müqavilənin 3.1-ci bəndinə görə, Cavabdeh1 MTK müqavilənin 1.1-ci bəndində göstərilmiş torpaq sahəsində müvafiq icra orqanları tərəfindən təsdiq olunmuş layihəyə əsasən tikinti işlərini aparmaq hüququna malikdir. Müqavilənin 5.3-cü bəndinə görə, bu müqavilənin şərtləri yalnız müqavilənin 1.1-ci bəndində qeyd olunmuş və inşa edilən obyektlə bağlı yaranan münasibətlərə şamil edilir. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli 01 saylı müqavilədən görünür ki, satıcı İddiaçı Bakı şəhərində Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, məhəllədə yerləşən ümumi sahəsi 18.0 kv.m olan qaraj sahəsini alıcı Cavabdeh1 MTK-ya satmışdır. Müqavilənin 2-ci bəndinə müvafiq olaraq, Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26-da yerləşən 37 saylı mənzildə yaşayan İddiaçı həmin binanın həyətində yerləşən (3.0 x 6.0) 18.0 kv.m sahəli dəmir qaraj Cavabdeh1 MTK tərəfindən alınır və onun əvəzinə Cavabdeh1 MTK tərəfindən yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) kompensasiya yolu ilə verilir. Mülki işin materiallarında olan hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında tam payla Cavabdeh2nə məxsusdur. Daşınmaz əmlak üzərindəki hüquq xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 464 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı Cavabdeh1 MTK-ya müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi barədə müraciət etmişdir. Mülki işin materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli 13 saylı cavab məktubundan görünür ki, 40 saylı MKİS-in inzibati ərazisində olan İnşaatçılar 12/26 saylı binanın həyətindəki İddiaçı məxsus olmuş dəmir qaraj "xxxx" (köhnə Ra İnşaat) MTK tərəfindən sökülmüş və yerində hündürmərtəbəli çoxmənzilli bina inşa edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 540 saylı cavab məktubundan görünür ki, Yasamal Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 168/06 saylı sərəncamına əsasən İddiaçı icarəyə verilmiş (3*6) metr ölçüdə dəmir qarajın İnşaatçılar prospekti, ev 12/26 ünvanında yerləşməsi barədə, yəni qarajın situasiya planının bələdiyyədə olmadığı və qaraj söküldüyü üçün ərazinin koordinatlarının müəyyən edilməsi imkanları xaricindədir. Əlavə olaraq bildirilmişdir ki, qarajın müvafiq sənədləri arxiv idarəsinə göndərilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 755/d saylı cavab məktubundan görünür ki, Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 168/06 saylı sərəncamına əsasən İddiaçı icarəyə verilmiş (3x6) metr ölçüdə dəmir qarajın ünvan 5 ünvanda yerləşməsi barədə, yəni qarajın situasiya planı bələdiyyədə mövcud deyildir və qaraj söküldüyü üçün ərazinin koordinatlarının müəyyən edilməsi mümkün deyildir. Eyni zamanda, qaraja dair müvafiq sənədlər mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən qeyd olunan sənədlər rayon İcra Hakimiyyətində və Yasamal Bələdiyyəsində aşkar edilməmişdir. Bakı şəhəri ünvan 5 binanın həyətindəki İddiaçı məxsus olmuş dəmir qaraj "xxxx" (Ra-İnşaat MTK) tərəfindən sökülmüş və yerində hündürmərtəbəli çoxmənzilli bina inşa edilmişdir. Məhkəmə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuda qeyd edilmiş 3-cü sual – “Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında yeni bina inşa edildiyi təqdirdə hansı Mənzil-Tikinti Kooperativi tərəfindən və hansı sənədlərə (sərəncama) əsasən inşa edilməsi barədə məlumatların təqdim edilməsi” ilə əlaqədar isə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli 03/04 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanının idarəçiliyini "xxxx" həyata keçirir. Əhməd Adışirinov 2015-ci ildə MTK-nın sədri seçilmişdir. Binanın 37 saylı mənzilinin sahibi olmuş İddiaçı təxminən 2017-ci ildə evini sataraq binadan köçmüşdür. Ona məxsus dəmir qaraj Əhməd Adışirinovun sədrliyindən əvvəlki dövrdə həyətdəki elektrik yarımstansiyası ilə seçki dairəsinin arasındakı ərazidə yerləşirdi. Həmin qaraj İnşaatçılar prospekti, 60A ünvanında inşa edilmiş binanın ərazisinə düşmürdü. Sonradan qarajın yeri dəyişdirilmişdir. Hal-hazırda qaraj mövcud deyildir. Dəmir qarajın taleyi barədə məlumat, o cümlədən yerləşməsinə dair sənədlər kooperativin arxivində yoxdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA-02346-2022 saylı cavab məktubundan görünür ki, xx.xx.2003-cü il tarixli 168/06 saylı sərəncama situasiya planı əlavə edilməmişdir. Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022ci il tarixli 7-2561/17 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə inşa edilmiş yaşayış binasının layihələndirilməsi, tikintisi və digər məsələlər ilə bağlı zəruri olan sənədlər toplusu (obyektin tikintisinə dair tərtib olunmuş inşaat pasportu, layihə sənədləri, ayrıc aktı və s.) Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində olduğundan və adıçəkilən İdarə müvafiq arxiv sənədləri ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli 226 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən, hazırda aidiyyəti üzrə müraciət etmək məqsədəuyğundur. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, ünvan 3 ünvanında yaşayan İddiaçı yaşadığı mənzillə birlikdə R.V.Qasımovadan aldığı və yaşadığı məhəllədə yerləşən 18 (3.0 x 6.0) kv.metr ölçülü dəmir qaraj Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2003-cü il tarixli 168/06 saylı sərəncamı ilə onun adına keçirilmiş və o, vergi ödəyicisi kimi qeydə alınmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən, qarajın yerləşdiyi 18.0 kv.m. torpaq sahəsi xx.xx.2002-ci il tarixdən vətəndaş İddiaçı icarəyə verilmişdir. Bununla əlaqədar tərəflər arasında xx.xx.2003-cü il tarixdə 273 saylı bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və icarədar Bakı şəhər Yasamal rayon Bələdiyyə sədrinin 168/06 saylı xx.xx.2003-cü il tarixli sərəncamı əsasında İnşaatçılar 12/26 ünvanında yerləşən 18.0 kv.m-lik torpaq sahəsini ödəmə haqqı ilə müvəqqəti olaraq icarəçi İddiaçı icarəyə vermiş, icarəçi İddiaçı isə qəbul etmişdir. Əliyeva X4 rayonu Yasamal Bələdiyyəsinə 2003-2015-ci illər ərzində qarajın yerləşdiyi torpaq sahəsi üçün bələdiyyənin hesabına müxtəlif məbləğlərdə ödənişlər etmiş və bu barədə qəbzləri iş materiallarına əlavə edərək məhkəməyə təqdim etmişdir. İş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş digər mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, "xxxx" Şərikli Müəssisəsinin 17.08.98-ci il tarixli 06 saylı məktubu nəzərə alınaraq, Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 198 saylı sərəncamı ilə "xxxx" X1 rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə birmərtəbəli yaşayış evlərinin sökülməsi şərti ilə hündürmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikinti sahəsi üçün torpaq sahəsi ayrılmışdır. xx.xx.2000-ci il tarixli 279 saylı istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Şərikli Müəssisəsinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 198 saylı sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə 1,5 hektar sahə hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün verilmişdir. "xxxx" Şərikli Müəssisəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh1 MTK ilə birgə fəaliyyət haqqında müqavilə imzalamış və müqaviləyə əsasən, tərəflər Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə yerləşən 0,10 ha torpaq sahəsində layihə üzrə 1 bloklu 16 (on altı) mərtəbəli yaşayış evinin inşa edilməsi və inşa edilmiş obyektdəki mənzillərin və qeyri-yaşayış obyektlərinin satılması üzrə birgə fəaliyyət göstərəcəkləri barədə razılığa gəlmiş, müştərək fəaliyyətin həyata keçirilməsindən irəli gələn bütün icraat, məsuliyyət və öhdəliklər Cavabdeh1 MTK-nın üzərinə qoyulmuş, "xxxx" Şərikli Müəssisəsi qeyd olunmuş yaşayış evinin tikilməsi üçün bu müqavilənin imzalanması anına əldə etdiyi layihə sənədlərini və müvafiq dövlət orqanlarından əldə olunmuş tikintiyə icazələri (lisenziya) Cavabdeh1 MTK-ya təqdim etmiş, mülkiyyətində olan və tikinti işlərinin aparılması üçün qeyd olunmuş 0,10 ha torpaq sahəsini Cavabdeh1 MTK-nın tam istifadəsinə vermiş və torpaq sahəsinə aid olan bütün sənədləri müqavilə qüvvədə olan müddətə Cavabdeh1 MTK-ya vermişdir. Müqaviləyə əsasən, Cavabdeh1 MTK sözügedən torpaq sahəsində müvafiq icra orqanları tərəfindən təsdiq olunmuş layihəyə əsasən tikinti işlərini aparmaq hüququna malik olmuşdur. Cavabdeh1 MTK həmin müqavilə üzrə əldə etdiyi hüquq əsasında iddiaçı ilə xx.xx.2015-ci il tarixdə 01 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən, satıcı İddiaçı Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, məhəllədə yerləşən ümumi sahəsi 18.0 kv.m olan qaraj sahəsini alıcı Cavabdeh1 MTKya satmış, Cavabdeh1 MTK Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26-da yerləşən 37 saylı mənzildə yaşayan İddiaçı məxsus həmin binanın həyətində yerləşən (3.0 x 6.0) 18.0 kv.m sahəli dəmir qarajın alınması və onun əvəzinə Cavabdeh1 MTK tərəfindən yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə tərəfindən müxtəlif orqanlara verilmiş sorğulara alınmış cavab məktublarından belə qənaətə gəlinir ki, iddiaçıya məxsus olan qaraj tikintinin aparıldığı sahəyə düşdüyündən, tikinti aparan Cavabdeh1 MTK və ya Cavabdeh2 tərəfindən həmin qaraj sökülərək yerində hündürmərtəbəli bina inşa edilmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən də iddiaçı cavabdehə dəfələrlə şifahi və xx.xx.2022-cil il tarixdə rəsmi qaydada müraciət ünvanlasa da, cavabdeh tərəfindən öhdəliyi icra edilməmişdir. İddiaçı ilə Cavabdeh1 MTK arasında müqavilə bağlandıqdan sonra, xx.xx.2016-cı il tarixdə "xxxx" Şərikli Müəssisəsi, Cavabdeh1 MTK və X2 arasında eyni predmetə dair bənzər şərtlərlə birgə fəaliyyət haqqında yeni müqavilə imzalanmışlar. Bundan sonra Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının xüsusi mülkiyyət hüququ əsasında tam payla Cavabdeh2nə məxsus olması xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 464 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmış və bu barədə hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Məhkəmə yuxarıda müəyyən edilən mübahisəsiz halları ümumiləşdirərək belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı müqavilə mülki qanunvericiliyin normaları baxımından dəyişdirmə müqaviləsinə uyğun gəlir və tərəflər arasında mülki qanunvericiliyin öhdəlik hüquq institutundan irəli gələn münasibətlər vardır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı Cavabdeh1 MTK-ya öz mülkiyyətində olan qarajı verməyi, cavabdeh isə bunun müqabilində həmin ərazidə yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 MTK iddiaçının 6 illik iddia müddətini ötürməsi (daşınmaz əşyalarla bağlı müqavilə tələbləri), Cavabdeh1 MTK-nın iddiaçının iddia tələbi üzrə əsl cavabdeh olmamasını, belə ki, onun tikinti lisenziyasının olmamasını, binanın mülkiyyətçisinin başqa şirkət olmasını və həmin şirkətlə əlaqəsinin olmamasını əsas gətirərək, müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, Cavabdeh1 MTK kompensasiya yolu ilə iddiaçıya verməyi öhdəsinə götürdüyü qarajın mülkiyyətçisi olmasa da, mülkiyyətçi şirkətlə birgə fəaliyyət haqqında müqavilə imzalamış və müqavilənin predmetindən irəli gələn icraat, öhdəliklər və məsuliyyət onun üzərinə qoyulmuşdur. Bundan sonra o, həmin müqavilədən əldə etdiyi hüquqlar əsasında iddiaçı ilə dəyişdirmə müqaviləsi bağlamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh1 MTK iş üzrə əsl cavabdehdir və iddiaçıya razılaşdırılmış qeyri-yaşayış sahəsini vermək öhdəliyini məhz o daşıyır. İddia müddətinin ötürülməsi məsələsinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0 və 384.0.4-cü maddələrinə uyğun olaraq, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla, həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Beləliklə, iş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, iddiaçı müqavilə əsasında üzərinə düşən vəzifəsini yerinə yetirərək, mülkiyyətində olan qarajı cavabdehə təhvil vermiş, qaraj cavabdeh tərəfindən sökülmüş, yerində hündürmərtəbəli bina inşa edilmiş, lakin cavabdeh qarşılıqlı öhdəliyi icra etməyərək müqavilə ilə razılaşdırılmış qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. İddiaçı cavabdehdən aralarında bağlanmış müqavilənin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, tərəflər arasında mövcud olan dəyişdirmə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti bağlanmış müqavilə üzrə iddiaçının ona məxsus qarajı cavabdehə verməsi ilə cavabdehin razılaşdırılmış qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı” işi üzrə qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 157.1-157.2-ci maddələrinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sözügedən Məcəllənin 386.1-386.2-ci maddələrinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Mülki Məcəllənin 387.2-387.3-cü maddələrinə görə, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 389.1-389.3-cü maddələrinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Sözügedən Məcəllənin 397.1-ci maddəsinə görə, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Mülki Məcəllənin 399.3-399.4-cü maddələrinin tələblərinə müvafiq olaraq, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Sözügedən Məcəllənin 425.1-425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.5-ci maddəsinin tələbinə görə, əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Sözügedən Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 662-ci maddəsinə müvafiq olaraq, dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Mülki Məcəllənin 664-cü maddəsinə görə, dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan qarajı cavabdehə verməklə müqavilə üzrə öhdəliyini tam icra etdiyindən, cavabdeh də, həmçinin, müqavilə üzrə öhədliyini icra etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia Cavabdeh1 MTK-ya münasibətdə təmin edilməlidir. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1 saylı müqavilədə nəzərdə tutulmuş qaydada Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən binanın həyətində iddiaçıya məxsus olan 18.0 kv.m dəmir qarajın əvəzinə Cavabdeh1 MTK tərəfindən həmin ərazidə yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) kompensasiya yolu ilə Cavabdeh1 MTK tərəfindən iddiaçıya verilməlidir. Cavabdeh2 ilə isə iddiaçı arasında heç bir müqavilə bağlanmadığından Cavabdeh2 iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. Buna görə də iddia tələbi Cavabdeh2nə münasibətdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iddia tələbinin “dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçının iddia tələbi Cavabdeh1 MTK-ya münasibətdə təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti də məhz Cavabdeh1 MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2nə qarşı “qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi” tələbinə dair iddia ərizəsi Cavabdeh1 MTK-ya münasibətdə təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı müqavilədə nəzərdə tutulmuş qaydada Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən binanın həyətində iddiaçıya məxsus olan 18.0 kv.m dəmir qarajın əvəzinə Cavabdeh1 MTK tərəfindən həmin ərazidə yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) kompensasiya yolu ilə Cavabdeh1 MTK tərəfindən İddiaçı verilsin. İddiaçı “qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi” tələbinə dair iddia ərizəsi Cavabdeh2nə münasibətdə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar