Məhkəmə qərarları › İş №2(006)-1770/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1770/2023

05.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1770/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "işə bərpa və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, işə bərpa, məcburi iş buraxmağa və 2021-ci ilin avqust ayından xx.xx.2023-cü ilə kimi 69 gün işlədiyi şənbə və qeyri-iş günləri ilə əlaqədar əmək haqlarının və mənəvi zərərə görə bir illik təşkil edən 17.000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu ildə "xxxx" MMC-yə 3-cü satış şöbəsinin satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu ildə həmin cəmiyyətin Loqistika Departamentinin “daşınma işinin təşkili” şöbəsinə mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə kimi "xxxx" MMC-də işləmişdir. xx.xx.2016-cı ildə Cavabdeh1 MMC-nin Satış Əməliyyatları Departamentinin X10 Administrator vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci ildə həmin şöbəyə Filial müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci ildə Cəmiyyətin Kommersiya 2 Departamentinin İstehsalat şöbəsinə “İstehsalat üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci ildə un məlumatları şöbəsinə istehsalat üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci ildə cəmiyyətin kommersiya direktorluğunun un məlumatları satış şöbəsinə açılış və ərazilərə nəzarət mütəxəssisi vəzifəsinə keçirilmişdir. Bundan sonra Cavabdeh1 MMC-dəki qaydalara və daxili xx.xx.2021-ci il tarixli əmrə əsasən Cavabdeh2 MMC-yə keçirilməyi ilə əlaqədar İnsan Resursları öz xahişi ilə işdən çıxmaq barədə ərizənin yazılması bildirilmiş, yazdığı ərizəsinə əsasən onunla bağlanmış əmək müaviləsinə xitam verilmiş, elə həmin gün, yəni xx.xx.2021-ci ildə Cavabdeh2 MMC-yə satış əməliyyatları şöbəsinə açılış və ərazilərə nəzarət mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci ildə cəmiyyətin istehsalat direktorluğu, satış və tədarük zənciri şöbəsi, satış bölməsinə açılış və ərazilərə nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixində daxili əmrə əsasən Cavabdeh1 MMC-yə keçirilməyi ilə əlaqədar İnsan Resursları tərəfindən öz xahişi ilə işdən çıxmağı barədə ərizəsinin yazılması bildirilmiş, yazdığı ərizəyə əsasən Cavabdeh2 MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixdən, yəni xx.xx.2023-cü ildə Cavabdeh1 MMC-nin Açılış və İnşaat Departamentinin Yeni X8 Açılış və ərazilərə nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində Departamentin müdiri İsrafil Məmmədov işlədiyi ştatın ixtisara düşdüyünü və bununla əlaqədar İnsan Resurslarına öz xahişi ilə işdən çıxmaq barədə ərizəsinin verilməsini bildirdikdə uzun müddət qüsursuz işlədiyini, intizam məsuliyyətinə cəlb olunmamağını bildirdikdə aqresiv formada, vəzifə səlahiyyətini aşaraq, şərəf və ləyaqətini alçaldıcı ifadələr işlədərək əks təqdirdə ona töhmət yazdırıb, işdən qovulacağı ilə hədələndiyini nəzərə alaraq işdən çıxarılmağı barədə artıq hazırlanmış sənədləri oxumadan imzalamaq məcburiyyətində qaldı. Bu fakt “whatsapp” qrupdakı yazışmalarla da sübut olunur. Qeyd olunan hallardan göründüyü kimi cavabdeh təşkilat tərəfindən işdən çıxarılmağı barədə xəbərdar olunmamağı, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılmaması, 2021-ci ilin avqust ayından xx.xx.2023-cü ilə kimi təşkil edən 69 gün şənbə və qeyri-iş günləri işdə olsa belə, həmin günlər üzrə ödəniş aparılmaması nəzərə alınmadan hədə-qorxu gələrək, iradəsi əleyhinə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırmadan onunla bağlanmış əmək müqaviləsinin ləğv etməsi nəticəsində mənəvi sarsıntıya məruz qalmışdır. Belə ki, qanunsuz işdən çıxarılmağı nəticəsində fəal ictimai həyat tərzindən məhrum olmuşdur, 3 nəfərdən ibarət ailəsini (özü, həyat yoldaşı və xx.xx.2020-ci il təvəllüdlü azyaşlı oğlu) yeganə qazanc yerindən məhrum olmuşdur. Bundan başqa, 1-ci nikahdan olan, qarşısında aliment öhdəliyi olan şəkərli diabetdən əziyyət çəkən azyaşlı oğlu X5 müalicəsində (səhiyyə orqanlarına müraciət, dərmanların alınması və s.) yaranacaq çətinliklərin mövcudluğu mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə bərpa, xx.xx.2023-cü ildən məcburi iş buraxmağa görə əmək haqlarının, 17.000 manat mənəvi ziyanın və 50 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən, “2021-ci ilin avqust ayından xx.xx.2023-cü ilə kimi işlədiyi 69 gün təşkil edən şənbə və qeyri-iş günləri ilə əlaqədar” əmək haqlarının və 50 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə bərpa, xx.xx.2023-cü ildən məcburi iş buraxmağa görə əmək haqlarının, 17.000 manat mənəvi ziyanın və 50 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(006)-1770/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "işə bərpa və s.” tələbinə və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-1770/2023 saylı mülki iş üzrə İddiaçı Cavabdeh2 MMC-yə qarşı “pul” tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməklə iclasa dəvət edilmiş, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -AZ-İİ № 210527 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X1 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. -AZ-İV № 545761 seriyalı və AZ-İİİ № 572603 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə anadan olmuş və X12 xx.xx.2008-ci il tarixdə anadan olmuş, ataları İddiaçıdur. -Stasionar xəstənin tibbi kartasından 3348№-li Çıxarışdan görünür ki, X12 9 ildir ki, şəkərli diabetlə xəstədir, insulin rejimindədir. -xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə ərizə ünvanlayaraq, onu xx.xx.2023-cü il tarixindən etibarən Cəmiyyətin Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. -Cavabdeh1 MMC-yə İddiaçı tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, o, məktubda xx.xx.2023-cü il tarixində Departament müdiri İsrafil Məmmədovun ona ştat və vəzifəsinin ixtisara salındığını bildirməsini və İR yaxınlaşıb şəxsi istəyi ilə ərizə yazıb işdən çıxmağı, əks təqdirdə ona töhmət yazdırıb işdən qovduracaqları barədə və bundan savayı aqressivcəsinə vəzifə səlahiyyətlərini aşaraq ona hədə qorxu gəlməyə başlamasını və onun şəxsiyyət və ləyaqətini alçaltmasını, işlədiyi 7 il müddətində bir dəfə də olsun qanun pozuntusuna yol verməməsini, töhmət almamasını, hazırda isə əsssız töhmət verməklə işdən çıxarılmağını anlamadığını, ixtisara düşdüyü təqdirdə sənədləşdirmənin ona uyğun aparılmalı olmasını, bu məsələ ilə əlaqədar tədbir görülməsini xahiş etmişdir. - İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 010-K №-li Əmrlə İddiaçı Cəmiyyətin Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə 040-K №-li Əmrlə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən (ştat ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. -İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 3 ay müddətinə əmək müqaviləsi bağlanmış, əmək haqqı 1699 manat məbləğində müəyyən edilmişdir. -Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış tarixi göstərilməyən xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 MMC-nin direktorunun qərarı ilə yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən strukturların optimallaşdırılması məqsədilə Açılış və İnşaat Departamenti Yeni X8 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi ştatı ixtisar edilmişdir. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinı xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi zərurəti yaranmışdır. -Cavabdeh1 MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Açılış və İnşaat Departamenti Yeni X8 “Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi” vəzifəsində çalışan İddiaçı Abuzər oğlu xx.xx.2023-cü il tarixində xitam əmri ilə oxuyub tanış olmuş, lakin təhvil almaqdan imtina etmişdir. -Cavabdeh1 MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində Açılış və İnşaat Departamenti Yeni X8 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsi ştat cədvəlinə əlavə edilmişdir. Cəmiyyətdə operativ və səmərəli idarəetmənin təmin olunması məqsədilə xx.xx.2023-cü il tarixində həmin ştat ləğv edilmişdir. -xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh1 MMC-nin nümayəndəsi iştirak etməmiş, İddiaçı iştirak edərək 50 manat məbləğində dövlət rüsumu ödəmişdir (Mediator: Ə.Göyüşov). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 010-K №-li Əmrlə Cavabdeh1 MMC-də Cəmiyyətin Açılış və İnşaat Departamenti Yeni X11 “Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis” vəzifəsinə işə qəbul edilmiş və Cəmiyyətdə operativ və səmərəli idarəetmənin təmin olunması məqsədilə xx.xx.2023-cü il tarixdə Açılış və İnşaat Departamenti Yeni X11 “Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinin daxil olduğu ştat ləğv edilmişdir. Həmin tarixdə İddiaçı əmək müqaviləsinə 040-K №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması və işə bərpa olunmasını iddia edir, cavabdeh isə iddiaçının xəbərdarlıq məktubu ilə tanış olmasına istinad edərək mübahisələndirilən əmrin ləğv edilməsinə dair iddianın əsasları ilə razılaşmır. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 010-K №-li Əmrlə Cavabdeh1 MMCdə Cəmiyyətin Açılış və İnşaat Departamenti Yeni X11 “Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis” vəzifəsinə işə qəbul edilənə kimi xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh1 MMC-də müxtəlif vəzifələrdə çalışmasına, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-yə işə qəbul edilməsinə, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə istinad etməklə uzun müddət əmək fəaliyyətinin olmasını göstərsə də, məhkəmə İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən yaranmış əmək münasibətlərinə (sınaq müddəti ilə olsa belə) 17 gün sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin qanuniliyinə hüquqi qiymət verir və hazırki tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 2.1-ci maddəsinə əsasən bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. - 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. - 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. - 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. - 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Maddənin 4-cü bəndinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli miqdarında əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Məhkəmə, hazırkı mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqəti yönəltməyi zəruri hesab edir. Məhkəmə vurğulayır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Bundan əlavə, məhkəmə qeyd edir ki, nəzərə alınmalıdır ki, işçilərin sayı və ya ştatlarının ixtisarına normativ qaydada anlayış verilməsə də, işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidinin azaldılması, işçilərin ştatlarının ixtisarı isə konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılması kimi başa düşülür. Başqa sözlə, əgər işəgötürən tərəfindən hər hansı müəssisədə konkret vəzifə üzrə işləyən işçilərinin sayı azaldılırsa, bu işçilərin sayının ixtisarına, ümumilikdə bir neçə işçinin çalışdığı vəzifələr ixtisar edilirsə, bu, işçilərin ştatlarının ixtisarının aparılmasına dəlalət edir. Belə olan halda, müvafiq vəzifə ştat cədvəlindən çıxarıldığından, eyni vəzifədə və ixtisas üzrə işləyən, müqayisə aparılmalı olan başqa işçi(lər) olmur. Məhkəmə nəzərə alır ki, ştat vahidinin ixtisar edilməsi işəgötürənin səlahiyyətinə aid olan məsələ olsa da, onun qanuna uyğun həyata keçirilməməsi nəticəsində işçinin hüququnun pozulubpozulmamasına dair iddiaya məhz qanunvericilik normalarının tələbləri baxımından huquqi qiymət verilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəf 2023-cü il üçün əvvəlki və yeni ştat cədvəllərini məhkəməyə təqdim etməyərək ilin əvvəlində, yəni xx.xx.2023-cü ildə «Açılış və İnşaat Departamenti Yeni X8 Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi» vəzifəsini ştat cədvəlinə əlavə edərək həmin tarixdə də iddiaçı ilə əmək müqaviləsi bağlayaraq (3 aylıq müddəti ilə də olsa) sözügedən vəzifəyə qəbul etsə də, 16 gün əmək münasibətində olandan sonra yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən strukturların optimallaşdırılması məqsədilə həmin ştatın ixtisarı qərarına gələrək, iddiaçının əmək stajını nəzərə almaqla qanunvericiliklə müəyyən edilmiş müddətdə xəbərdarlıq etmədən ixtisar barədə eyni gündə ona elan etməsinin və eyni tarixdə də onu işdən azad edilməsinin səbəblərini izah edə bilməmişdir. Məhkəmə iddiaçının ixtisar olunması ilə bağlı cavabdehin niyyətindən məlumatlı olmasına dair iş materiallarında olan tarixi göstərilməyən, lakin iddiaçının xx.xx.2023-cü il tarixini qeyd etməklə «oxudum, tanış oldum, müddəti gözləmirəm» cümləsini yazmaqla imza etdiyi xəbərdarlıq məktubunun məzmununa qiymət verərək hesab edir ki, bu halın mövcudluğu iddianın əsassız olması kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəla işin araşdırılmış hallarından məlum olur ki, iddiaçı 3 aylıq müddət ilə xx.xx.2023-cu ildə işə qəbul edilmiş və artıq xx.xx.2023-cü ildə ona işdən çıxarılması ilə bağlı ona qarşı təhdidlər baş vermişdir. Bu iddiaçının cavabdehə Cavabdeh1 MMC-yə elektron poçt vasitəsilə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun məzmunu ilə təsdiq edilir. İddiaçı həmin məktubda göstərilənlərlə bağlı məhkəməyə sübut təqdim edə bilməsə də, məhkəmə bu dəlili ona görə əsassız saymır ki, həmin məktubda o, işdən azad edilməsinin təhdid və hədə-qorxu ilə müşayət olunmasını və bu hədələrin konkret kim tərəfindən, hansı formada olmasını göstərərək məsələyə aydınlıq gətirməsini xahiş etsə də, cavabdeh tərəf məhkəmə iclasında bununla əlaqədar araşdırma aparılmasına dair hər hansı sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qoxu gələrək yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktda iddiaçı xx.xx.2023-cü il tarixində xitam əmri ilə oxuyub tanış olsa da, lakin təhvil almaqdan imtina etməsi göstərildiyi halda, iş materiallarında olan tarixi göstərilməyən, iddiaçının isə xx.xx.2023-cü il tarixini qeyd etməklə imza etdiyi xəbərdarlıq məktubunda yazılanları könüllü sərbəst qaydada yazması inandırıcı olmamaqla, bu halların mövcudluğu iddiaçının bununla bağlı dəlillərinin əsaslı olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Həmçinin, məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixini qeyd etməklə imza etdiyi xəbərdarlıq məktubunda yazılanlarla əlaqədar ona ödənişləri edilməsi də onun bu ixtisardan müəyyən edilmiş müddətdə xəbərdar olması və razılaşması kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflərin də təsdiq etdikləri kimi, ödənişlər işçinin kart hesabına köçürülür və bu köçürülmənin qarşısını almaq və ya işçinin həmin vəsaitləri almaqdan imtina etməsi mümkünsüzdır. Başqa sözlə, cavabdehin qəbul etdiyi əmrlə əlaqədar iddiaçının kart hesabına ödənişlər etməsi iddiaçıdan iradəsindən asılı olmayaraq həyata keçirildiyindən bu hal onun həmin əmrin qanuni olması ilə razılaşması kimi qiymətləndirilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş əmr əsassız və qanunsuz olduğundan ləğv edilməklə iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyan tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz olaraq işdən azad edilsə də, bununla bağlı əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixdə 040-K №-li əmri ləğv edilməklə, İddiaçı Cavabdeh1 MMC-nin Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə işə bərpa edilməklə ona məcburi iş buraxmağa görə əmək haqqı ödənilməklə iddia qismən təmin edilməli, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində təmin edilməməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixdə 040-K №-li Əmri ləğv edilsin. İddiaçı Cavabdeh1 MMC-nin Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxmağa görə İddiaçı əmək haqqı ödənilsin. İddia tələbi mənəvi ziyanın tutulması hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar