Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1773/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh şirkətin qanuni təmsilçisi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 900 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 930 manatın Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında 22 fevral 2022-ci il tarixdə «Xaricdə təhsil üzrə xidmətin göstərilməsi» haqqında müqavilə bağlanmışdır. Müqaviləyə görə cavabdeh xaricdə təhsil xidməti göstərməyi, o isə qarşılığında cavabdehə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilənin şərtinə əməl etmiş və Cavabdeh MMC-yə 22 fevral 2022-ci ildə GİF/4 № 764958 saylı «Kassa mədaxil orderinin qəbzi» ilə cavabdehin hesabına 900 manat ödəniş etmişdir. Lakin cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, onun xaricdə təhsil almasını təmin etməmişdir. Ödəmiş olduğu 900 manatın geri qaytarılmasını cavabdehdən tələb etsə də, ona bildirilmişdir ki «ödədiyiniz məbləğ bizim mənfəətimizdir». Müqavilənin 8.4-cü bəndinə görə bu müqavilədən irəli gələn mübahisələrin həlli ilə bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədikdə, həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada həll edilir. Bir daha bildirir ki, cavabdeh müqavilənin şərtinə əməl etməmiş, ödəmiş olduğu pulu ona geri qaytarmamışdır. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh şirkətin qanuni təmsilçisi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, hesab edir ki, iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. İddiaçı, bildirir ki, Cavabdeh MMC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və «onun xaricdə təhsil almasını» təmin etməmişdir. Qeyd etmək lazımdır ki, «xaricdə təhsil almağı təmin etmək» geniş anlayışdır. Bu anlayışa xarici məktəbə müraciət, qəbul almaq və qeydiyyat prosedurlarını aparmaqla yanaşı, şəxsin bütün maddi xərclərinin qarşılanması da daxildir. Ancaq nə iddiaçı ilə cavabdehin arasında xx.xx.2022ci ildə bağlanan «Xaricdə təhsil üzrə xidmətin göstərilməsi» haqqındakı müqavilədə, nə də onlar arasında aparılan şifahi danışıqlarda Cavabdeh MMC-nin şəxsin xaricdə təhsil üzrə bütün xərclərinin qarşılanacağı ilə bağlı razılaşma qeyd olunmamışdır. Sözügedən müqavilə üzrə Cavabdeh MMC-nin iddiaçının ödədiyi 900 manat xidmət haqqının qarşılığında hansı xidmətləri göstərməli olduğu isə müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur. Buraya motivasiya məktubunun yazılması, «online» qeydiyyatların aparılması, viza sənədlərinə dəstək, təqaüd proqramlarına müraciət və sifarişçiyə xaricdə təhsil üzrə konsultasiya vermək və s. kimi vəzifələr qeyd olunmuşdur. Cavabdeh MMC müqavilənin bütün şərtlərinə əməl etmiş və iddiaçının ödədiyi xidmət haqqı qarşılığında müqavilə üzrə üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Beləliklə, İddiaçı «X2»dən qəbul almışdır. İddiaçı isə həmin məktəbdən təqaüd ala bilmədiyi və məktəbin daxili xidmət haqqını ödəmək istəmədiyi üçün xaricdə təhsil almaqdan imtina etmişdir. Daha sonra Cavabdeh MMC-yə müraciət edərək yuxarıda qeyd olunan məktəbin xidmət haqqını ödəyə bilməyəcəyini və təhsildən imtina etdiyini, buna görə də Cavabdeh MMC-yə ödənilmiş olan 900 manat xidmət haqqının geri qaytarılmasını tələb etdiyini bildirmişdir, iddiaçıya onun ödədiyi 900 manat xidmət haqqının şəxsin xaricdə ödənişsiz təhsil almasını təmin etmək məqsədi daşımadığı, müqavilənin 2.1-ci bəndində göstərilən və Cavabdeh MMC tərəfindən yerinə yetirilən xidmətlərin qarşılığında ödənildiyi izah edilsə də, o yenidən xidmət haqqının geri qaytarılması ilə bağlı müraciət etmişdir. Digər tərəfdən məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlanılan zaman həm Zeynəbə, həm də onun valideyninə şifahi formada da izah olunmuşdur ki, müraciət etdikləri xarici məktəblərdən təqaüd qazanma ehtimalı 50 %-dir. Yəni təqaüd qazana da bilər, qazanmaya da bilər. Digər tərəfdən, müvafiq müqavilənin 3.1.5-ci bəndində qeyd olunur ki, müvafiq məktəb və ya universitetdən təqaüd qazanılmadığı halda sifarişçi müvafiq məktəb və ya universitetə başlamağı qərara alarsa, proqram üzrə xərcləri öz hesabına ödəməlidir. Həmçinin müqavilənin 5.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə üzrə qeyd olunan xidmət haqqı özündə qəbul alınan universitet və ya məktəbin qeydiyyat və xidmət haqqını ehtiva etmir. Bütün bu şərtlərlə razılaşıb müqavilə imzalamasına baxmayaraq, iddiaçı xarici məktəbdən təqaüd qazanmadığı və təhsildən imtina etdiyi üçün ödədiyi xidmət haqqının geri qaytarılmasını tələb edir. Halbuki, nə müqavilədə, nə də tərəflər arasında şifahi danışıqlarda təqaüd qazanılmadığı halda ödənilən xidmət haqqının geri qaytarılacağı ilə bağlı hər hansı razılaşma olmamışdır. Təhsil ocaqlarına müraciətlərlə bağlı saytlarda müraciət linki vardır, ora daxil olaraq həmin boşluqlar doldurulur, qəbul gəlmədiyi üçün həmin müraciətlər onda yoxdur. İddiaçının universitetlərə qəbulundan imtinaları barədə məhkəməyə heç bir sənəd təqdim edə bilmir. İddiaçı Yusif qızının iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin direktorunun izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 22 fevral 2022-ci il tarixli müqavilədən görünür ki, icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında Xaricdə təhsil üzrə xidmətin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı xaricdə təhsil xidməti göstərməyi, sifarişçi isə qarşılığında icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə icraçının vəzifələri aşağıdakılardır: - Motivasiya, rekomendasiya və referans məktublarının yazılması; - Onlayn qeydiyyatların tamamlanması; - Təqaüd proqramlarının daxil olduğu paketlər üzrə təqaüd proqramlarına qeydiyyatın həyata keçirilməsi; - Sifarişçinin seçdiyi müvafiq paketə daxil olduğu halda müsahibə mərhələsinə hazırlaşdırma; - Viza sənədlərinə dəstək olunması; - Müraciət və qeydiyyat prosedurları üçün lazım olan sənədlərin siyahısını təqdim etmək; - Xidmətin göstərilməsi ilə əlaqədar sifarişçiyə konsultasiya etmək, məlumat vermək. Müqavilənin 5.2-ci bəndindən görünür ki, bu müqavilə üzrə (müqavilənin 5.1.1-ci bəndində) qeyd olunan xidmət haqqı özündə qəbul alınan universitet və ya məktəbin qeydiyyat və xidmət haqqını ehtiva etmir. Müqavilənin 3.1.5-ci bəndinə əsasən, müvafiq məktəb və ya universitetdən təqaüd qazanılmadığı halda sifarişçi müvafiq məktəb və ya universitetə başlamağı qərara alarsa proqram üzrə xərcləri öz hesabına ödəməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin 22 fevral 2022-ci il tarixli GİF/4 seriyalı 764958 saylı kassa mədaxil orderinə əsasən ödədiyi 900 manat pul vəsaiti özündə universitet və ya məktəbin qeydiyyat və xidmət haqqını ehtiva etmir. Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının özünün və atasının adına elektron poçt vasitəsi ilə rəsmi şəkildə məktublar ünvanlanmış, «X2»də təhsilin şərtləri ilə bağlı onlara məlumat verilmişdir. Rəsmi yazışma Stefani Lester (Stephanie Lester) tərəfindən icra edilmişdir. Zeynəbin yay proqramında iştirakının 10.690 Pound (Funt Sterlinq) olduğu və digər zəruri bilgilər qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən yuxarıda qeyd olunan xidmət haqqı alınmaqla, müqavilə üzrə üzərinə düşən öhdəliklər tam həcmdə icra edilmişdir. Cavabdeh tərəfindən müqavilə şərtləri və üzərinə götürdüyü öhdəliklər pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1773/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1773/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver