Məhkəmə qərarları › İş №2(006)-178/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-178/2022

02.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-178/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X13 qarşı «torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, maddi zərər və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X13 qarşı «torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, maddi zərər və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı T.M.Quliyevin imzası ilə təsdiq edilmiş xx.xx.1994-cü il tarixli, 305 saylı Sərancamı ilə “Həsən” kiçik müəssisəsinə köşk yeri quraşdırma barədə mərhum atası X2 adına ayrılmış Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi indiki Asif Məhərrəmov küçəsi 51 nömrəli evin yanında yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək genişləndirmə apararaq, orada pilləkan quraşdırmaqla tikdiyi 2 mərtəbəli şirniyyat ləvazimatlarının satışı ilə məşğul olan obyektin cavabdehin vəsaiti hesabına sökülməsi, istifadə və sahibkarlıq hüququnun bərpa edilməsi və iddiaçıya vurulmuş zərərin əvəzində 20000 manat pulun, 31 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin 19 aprel 1994-cü il tarixli, 305 saylı sərəncamı ilə 1-ci qrup əlil olmuş mərhum atası X2 müraciətinə baxılaraq Bakı şəhəri, Tağızadə küçəsində 51 saylı evin yanında 2.0 X 3.0= 6 kv.metr sahəsi olan «Həsən» kiçik müəssisəsi fəaliyyət göstərə bilməsi üçün köşk yeri ayrılmışdır. «Həsən» kiçik müəssisəsinin müdiri mərhum atası X5 Bakı şəhəri, Tağızadə küçəsində 51 sayh evin yanında ona köşk yeri ayrılması barədə Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamından sonra 7 il 2004-cü ilin fevral ayına qədər pərakəndə fəaliyyət göstərərək ərzaq mallarının satışını həyata keçirtmişdir. X12 qanunsuz müdaxiləsi nəticəsində 2004-cü ildən sonra köşkü işlətmək mümkün olmamışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun göstərişlərindən sonra Bakı şəhərində budka və köşklər yığışdırılmış, lakin bir müddət sonra həmin yerlərdə daha müasir tələblərə cavab verən köşklərin qoyulmasına icazə verilmişdir. Atasının xx.xx.2004-cü ildə vəfatından sonra həm qanuni vərəsəsi kimi, həm də «Həsən» kiçik müəssisəsinin sahibi kimi atasına rəsmi qərarla ayrılmış torpaq sahəsində köşk qoymaq qərarına gəlmişdir. Cavabdehin təqsiri, maneçilik törətmələri, torpağını qanunsuz olaraq zəbt etməsi səbəbindən bunu edə bilməmişdir. Cavabdehlə uzun müddət danışıqlar aparsa da, heç bir nəticəsi əldə olunmamışdır. Cavabdeh həmin torpaq sahəsinin guya ona məxsus olduğunu bildirir. Lakin bununla bağlı heç bir sənəd təqdim etməmişdir. Həmçinin, atası X5 xx.xx.2004-cü ildə öldüyü üçün xx.xx.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən «Həsən» kiçik müəssisəsinin 3\4 hissəsinə vərəsəlik hüququ tanınmışdır. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının İ-2 saylı, xx.xx.2008-ci il tarixli məktubu ilə Bakı şəhəri, Tağızadə küçəsi 51 saylı evin yaxınlığında yerləşən iddiaçıya məxsus köşkün bərpasına icazə verilmişdir. Orada müasir tələblərə cavab verən köşklərin qoyulmasına cavabdehin qanunsuz müdaxiləsi nəticəsində nail ola bilməmişdir. Ona görə də Bakı şəhər Nəsimi Rayon Məhkəməsənə cavabdehlər X13 və X10 qarşı «Müasir Azərbaycan müəllimi qəzetinə qarşı-sahibkarlıq fəaliyyəti ilə bağlı olan maneələrin aradan qaldırılması, şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyanın ödənilməsinə dair» iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)- 3720/2009 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X15 və X9, «Müasir Azərbaycan müəllimi» qəzetinə qarşı «sahibkarlıq fəaliyyəti ilə bağlı olan maneələrin aradan qaldırılması, şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyanın ödənilməsinə dair» iddia tələblərim qismən təmin edilmiş, Cavabdeh və «Müasir Azərbaycan müəllimi» qəzeti redaksiyasından hər birindən ayrılıqda 150 (yüz əlli) manat mənəvi ziyan məbləği tutularaq İddiaçı qızna verilməsi, Qətnamə qanuni qüvvəsini aldıqdan sonra «Müasir Azərbaycan müəllimi» qezetinin növbəti sayında 4-cü səhifədə eyni şriftlə qəzetin 16-22 iyul 2009-cu il tarixli, 16 (51) sayında dərc edilmiş «Təhqirə, təqibə nə qədər dözmək olar?» məqaləsində göstərilənlərə dair təkzıb” verilməsi, ilkin iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, Cavabdeh və X6 İddiaçı qarşı «vicdansızcasına əsassız iddia verdiyinə görə məbləğin tutulması və vurulmuş maddi və mənəvi ziyanın tələbinə dair» qarşılıqlı iddia tələbinin əsassız olduğundan təmin edilməməsi, məhkəmə xəclərinin müştərək qaydada cavazdehlərə aid edilməsi qət edilmişdir. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)-3720/2009 saylı qətnaməsinin 7-ci vərəqinin 3-cü abzasında qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzinə ünvanladığı xx.xx.2008ci il tarixli İ-2 saylı məktubundan görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinə 5-ci mkr, 20 Yanvar küçəsi ev 22 mənzil 33-də yaşayan «Həsən» k\m-nin təsisçisi İddiaçı ərizə ilə müraciət edərək Bakı şəhərində aparılan ümumi abadlıq işləri zamanı götürülmüş Tağızadə (indiki A.Məhərrəmov) küçəsi 51 saylı evin yaxınlığında yerləşən ona məxsus köşkün bərpasına icazə verilməsini xahiş etmişdir. Məktubda həmçinin qeyd olunmuşdur ki, qeyd olunan məsələnin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətləri daxilində baxılmasına etiraz edilmir. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)-3720/2009 saylı qətnaməsinin 9-cu vərəqinin 3,4,5-ci abzasında qeyd edilmişdir ki, göstərilənlərdən əlavə, məhkəməyə təqdim edilmiş X3 xx.xx.2009-cu il tarixli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, 20 Yanvar və Tağızadə küçələrinin kəsişdiyi yerdə yerləşən ərazidə YTQ- yə məxsus rabitə qurğuları mövcuddur və həmin ərazidə heç bir tikinti quraşdırma işləri aparıla bilməz. Bundan başqa qeyd var ki, X7 verilmiş xx.xx.1999-cu il tarixli 11 nömrəli sərəncama əsasən Nəsimi rayonu, 20 Yanvar və Tağızadə küçələrinin kəsişdiyi yerdə köşk quraşdırılması dair Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər ərazisinin tikintiplanlaşdırma idarəsi tərəfindən tərtib və təsdiq edilmiş cizginin arxasına Nəsimi RETSİ istismar şöbəsinin etdiyi rəsmi qeyddən də görünür ki, göstərilən ünvanda, yəni, 1-ci mkr, 20 Yanvar, Asif Məhərrəmov 2\51 binanın yanında «Bakı Elektrik şəbəkəyə aid 7/3788- 360m 6 kv k\x- i ilə «İmperial» ş\s-nın 04 kv-luq k\x keçdiyinə görə tikintiyə icazə verilməsin. Həmçinin, qətnamənin həmin vərəqində qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2009-cu il tarixli Dx-09-2064 saylı məktubundan görünür ki, araşdırmaza zamanı müəyyən olunmuşdur ki, 20 Yanvar vo A.Məhərrəmov küçələrinin kəsişməsində 2\51 saylı binaya bitişik kafenin qabağında olan sahədə "xxxx" ASC-yə məxsus «Dağlıq» və 88 saylı yarımstansiyaları arasında 2 ədəd 10 kv- luq kabel xətləri yerləşir. Bu səbəbdən həmin sahədə tikinti işlərinin aparılmasına icazə verilmir., Göründüyü kimi, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)- 3720/2009 saylı qətnaməsi qəbul edilən zaman məhkəməyə təqdim edilmiş sənədlərdə, abadlıq işləri aparılmış mübahisəli sahədə bundan sonra da, hər hansı işlərin aparılmasına, o cümlədən də köşk qoyulmasını texniki cəhətdən də mümkünsüz olmasına dəlalət edir. Lakin cavabdeh X17 qeyri qanuni yollar ilə Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 305 saylı Sərancamı əsasında ‘‘Həsən” kiçik müəssisəsinə köşk yeri ayrılması üçün nəzərdə tutulmuş torpaq sahəsini zəbt edərək dönərxanasını genişləndirmişdir. İddiaçıya maneə olmaqda onların məqsədi həmin boş yerdə pilləkan quraşdıraraq 2-ci mərtəbə tikməklə şirniyyat ləvazimatlarının satışı ilə məşğul olmaq idi. Hal hazırda onlar həmin məqsədlərinə çatmışdılar. Onlar iddiaçını nə çertyojda qeyd edilən torpaq sahəsində nədəki onun qarşısındakı boş sahədə köşk quraşdırmasına imkan verməmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə o zaman iddia qaldırmasına da səbəb cavabdehin və onun qardaşının yuxarıda qeyd etdiyi kimi məqsədli şəkildə istifadəsinə verilmiş torpaq sahəsinin və onun qarşısındakı boş torpaq sahəsini də zəbt edərək sahibkarlıq fəaliyyətini bərpa etməsinə mancəçilik törətmələri olmuşdur. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 305 saylı sərəncamı «Həsən» kiçik müəssisəsi barəsindədir, həmin sərəncamla rəhbərlik X2 hər hansı hüququ yaranmamışdır. X2 adının sərəncamda hallanması onun kiçik müəssisənin direktoru olması ilə bağlıdır. «Həsən» kiçik müəssisəsi müstəqil hüquqi şəxs və özü məhkəmədə tərəf kimi çıxış etmək qabiliyyətindədir. Məlum olduğu kimi «Həsən» kiçik müəssisəsinin 2 təsisçisi var - İddiaçı və onun bacısı. Belə olan halda İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bu əsasla iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının hər hansı fiziki və hüquqi şəxsə köşk quraşdırmaq üçün sərəncam verməyə səlahiyyəti olmamış, əsasnaməsində bu haqda səlahiyyət görünmür. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhər İcra Hakimiyyətlərinə ünvanladığı məktubda da qeyd edilir ki, bu barədə sərəncamlar əhəmiyyətsizdir. Elə bu səbəbdən də hamıya bəlli olduğu kimi 2000-ci ildə Bakı şəhəri ərazisində olan bütün köşklər götürüldü, bu barədə də işdə sənədlər var, iddiaçının özü də bu laktı təsdiq edir. Hesab edir ki, əhəmiyyətsiz sərəncama əsasən iddiaçının və ya «Həsən» kiçik müəssisəsinin iddiası əsaslı ola bilməz. Çünki o sərəncam iddiaçıya və ya «Həsən» kiçik müəssisəsinə hər hansı hüquq vermir. İddiaçının özünün bildirdiyinə görə «Həsən» kiçik müəssisəsinin köşkü Bakı şəhər İcra Hakimiyyəti tərəfindən götürülmüşdür. Hesab edir ki, bu halda onun hər hansı cavabdehliyi yoxdur. İddiaçı köşkün götürülməsindən narazıdırsa Bakı şəhər İcra Hakimiyyətinə qarşı tələblərini irəli sürə bilər. İddiaçı göstərir ki, guya yol kənarında, səkidə olan köşkə görə bələdiyyəyə pul vəsaiti ödəmişdir. Məhkəmə təqdim etdiyi Bələdiyyə məktubunda iddiaçının dedikləri əksini tapmır, göstərilir ki, iddiaçı bələdiyyəyə hər hansı vəsait ödəməmişdir. Hətta ödəsə belə həmin ödəniş iddiaçıya hər hansı hüquq vermir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdeh X17 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddiaya etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddiaya etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 372 saylı sərəncamından görünür ki, «Həsən» kiçik müəssisəsinə Bakı şəhəri, 20 yanvar küçəsi ilə Tağızadə küçəsinin kəsişməsində 4/66 saylı evin yan tərəfindən mağaza üçün yer ayrılmasına icazə verilmişdir. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 305 saylı sərəncamından görünür ki, «Həsən» kiçik müəssisəsinə Bakı şəhəri, Tağızadə küçəsi 51 saylı evin yanında köşk yeri ayrılmasına icazə verilmişdir. AZ-İ seriyalı 095366 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə ölmüşdür. xx.xx.2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, iddiaçı, X2 qanun üzrə vərəsəsi olmaqla «Həsən» kiçik müəssisəsinə dair 3/4 hissəsində məcburi paya sahib olmuşdur. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış və iddiaçı, cəmiyyətin təsisçisi olmaqla qanuni təmsilçisidir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 11 saylı sərəcamından görünür ki, X7 Bakı şəhəri, 20 yanvar küçəsi ilə Tağızadə küçəsinin kəsişdiyi yerdə müvəqqəti köşk quraşdırılmasına icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavininin xx.xx.2008-ci il tarixli R-5/12 saylı məktubundan görünür ki, 20 yanvar küçəsi 2/51 saylı yaşayış binasının yan fasad tərəfdə qanunsuz ticarət köşkü quraşdırılmasına cəhdin qarşısı Rayon İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin xx.xx.2008-ci il tarixli 18/03-8/1626 saylı məktubundan görünür ki, İddiaçı Həsən qızına həmin ünvanda köşk quraşdırılmasına dair sənədləşmə işləri aparılmır. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli R-7/1 saylı məktubundan görünür ki, İddiaçı Həsən qızı tərəfindən A.Məhərrəmaov küçəsi ilə 20 yanvar küçəsinin kəsişməsində heş bir köşk quraşdırılmamışdır. Nəsimi Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 01-1061 saylı məktubundan görünür ki, mövcud baza-uçot məlumatlarında İddiaçı adlı vergi ödəyicisi qeydə alınmamış və Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi 51 saylı evin yanında olan torpaq sahəsi ilə bağlı bələdiyyəyə vergi ödənilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadırlar; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, qanuni sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya, yaxud onun atası X4 məxsusluğu müəyyən edilməmiş, eyni zamanda köşk yerinin iddiaçıya, habelə onun atası X4 deyil, «Həsən» kiçik müəssisəsinə ayrılmasına icazə verilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar