Məhkəmə qərarları › İş №2(006)-1782/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1782/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1782/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhərində yaşayır. 2023-cü ilin əvvəlində İnternet sosial şəbəkədə «İnstagram»platformasında "xxxx" MMC şirkəti adı ilə iş elanı yerləşdirilmiş, linkə daxil olmuş, daha sonra isə orada olan əməkdaş ilə əlaqə saxlamışdır. İddiaçı ilə "xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru Cavabdeh arasında xx.xx.2023-cü il tarixində xaricdə işə düzəltmə xidmətinin göstərilməsi üçün müqavilə bağlanıb və ilkin ödəniş kimi müqavilənin 4.1 bəndində tələb olunduğu kimi iddiaçı tərəfindən 650 (altı yüz əlli) manat ödənilib. İddiaçıya Viza məsələsinin həll olunmasını və Slovakiya ölkəsində işlə təmin olması üçün müəyyən sənədlərin toplanmasını demişdilər. İddiaçı deyilən bütün sənədləri toplayıb onlara təqdim etmişdi. Bir müddət gözlədikdən sonra şirkət əməkdaşları ilə bir neçə dəfə əlaqə saxlamağa çalışsa da, ya zəng çatmırdı, ya da hər səfərində bir bəhanələr ilə gözlədirdilər. 09 ay gözlədikdən sonra yenidən həmin şirkətin əməkdaşlarına yaxınlaşaraq pulunun geri qaytarılmasını tələb etmiş, lakin onlar işin alınmadığını, buna görə də müqaviləyə xitam vediklərini, 15 gün ərzində pulu geri qaytaracaqlarını bildirmişdilər. İddiaçıya xitam ərizəsi yazdırmış və müqaviləni onlara qaytarmağını istəmişdilər. Söz verdikləri müddət keçdikdə yenidən onlarla əlaqə saxlıyaraq pulunu tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən iddiaçı Suraxanı Rayon Polis İdarəsinə yazılı şikayət ərizəsi vermişdi. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılaraq iddiaçıya məhkəməyə müraciət etmək izah olunmuşdur. "xxxx" MMC müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" MMC-dən 650 (altı yüz əlli) manat pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi təqdim edərək, cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, hazırki iş üzrə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən 650 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilməli, əvəzində iddiaçı xaricdə işlə təmin olunmalı idi. Lakin iddiaçı tərəfindən öhdəlik yerinə yetirilsə də, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, sonradan iddiaçı bununla bağlı Suraxanı rayon Polis İdarəsinə şikayətlə müraciət etmiş, lakin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, iddiaçıya mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda iddiaçı onun tərəfindən cavabdehə ödənilən 650 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan İddiaçı və "xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XM/01 saylı Xidmət müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 1-ci bəndinə əsasən sifarişçi adı, növü, həcmi, miqdarı, qiyməti razılaşdırılan xidməti müqavilə şərtlərinə uyğun olaraq ödəməyi, icraçı isə sifarişdə nəzərdə tutulmuş xidməti yerinə yetirməsini təşkil etməyi öz öhdəsinə götürmüşdür.

9. Həmin Müqavilənin 4-cü bəndinə əsasən icraçı ilkin ümumi xidmət haqqı olaraq 650 manat ödəyir.

10. Həmin Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini ümumiyyətlə və ya lazımınca icra etməyən icraçı tərəf sifarişçiyə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyəti daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.

11. Mülki işin materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, 650 manat məbləğində pul kassaya mədaxil edilmişdir.

12. Mülki işin materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, A***** S***** B*****qızı-na məxsus kart hesabına 600 manat məbləğində köçürülmüşdür.

13. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, bina-38, mənzil-71 ünvanında yaşayan vətəndaş İddiaçı DİN-in 102 “Xidmət-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, bina-38, mənzil-71 ünvanında yaşayan vətəndaş İddiaçı iddiasının mülki hüquq münasibətləri çəçivəsində həll edilməsi məqsədilə mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

14. Mülki işin materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvalanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə elektron qaydada dövlət qeydiyyatına alınmışdır və xx.xx.2023-cü il tarixdə adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi adlandırılmışdır. Eyni zamanda bildirilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) yenidən təşkili, hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2043-cü il tarixədək dayandırılması barədə məlumat aşkar edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə hazırki iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixində bağlanan xidmət müqaviləsi faktiki olaraq İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyət arasında bağlansa da, sonradan müəyyən edilmişdir ki, həmin MMC-nin fəaliyyəti xx.xx.2023-cü il tarixindən etibarən dayandırılmışdır. İş materiallarından göründüyü kimi iddiaçı N.İbrət tərəfindən müqavilənin şərtinə uyğun olaraq nəzərdə tutulan 650 manat məbləğində pul vəsaiti MMCnin direktoru hazırki iş üzrə cavabdeh A.Sevincə məxsus kart hesabına köçürülmüşdür. Halbuki, müqavilə iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır və hazırda da həmin MMC fəaliyyəti dayandırılmış vəziyyətdədir. Bundan əlavə isə mülki işin materiallarında olan mədaxil qəbzi sözügedən hüquqi şəxsə aid olsa da, həmin mədaxil qəbzinə nə kassirin, nə də ki baş mühasibin imzası çəkilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı N.İbrət və cavabdeh A.Sevinc arasında müqavilə bağlanmadığına görə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə qənaətə gəlir ki, bu halda tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır.

18. Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

19. Eyni Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Beləliklə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh A.Sevinc iddiaçı N.İbrətə məxsus 650 AZN (altı yüz əlli manat) məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini qanunvericiliyin tələblərinə əsasən iddiaçıya geri qaytarmalıdır.

23. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Belə olan halda iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu da Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 650 AZN (altı yüz əlli manat) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar