Məhkəmə qərarları › İş №2(006)-1821/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1821/2020

09.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1821/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun tanınması və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34, mənzil 21-ə hüququnun tanınması və həmin mənzilə uşaqlarla birlikdə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddianı müdafiə etdiyini bildirərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 2008-ci il tarixdə rəsmi nikah bağlamadan ailə qurmuşdur və nikahları xx.xx.2009-cu ildə rəsmiləşdirilmişdir. Birgə nikahdan iki övladları doğulmuşdur. xx.xx.2008-ci təvəllüdlü X5 və xx.xx.2013-cu il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İddiaçı cavabdehlə 4 aydır ki, ayrı yaşayır. Hazırda bir evdə yaşamırlar. Belə ki, cavabdehlə aralarında söz-söhbət yaranmış və onlar ayrılmışlar. Ona görə də iddiaçı boşanmaq istədiyi üçün Nəsimi rayon məhkəməsində nikahın pozulması barədə iddia qaldırmışdır və iş hazırda məhkəmənin icraatındadır. İddiaçı cavabdehdən ayrıldıqdan sonra valideynlərinin yanında iki uşaqla birlikdə yaşayır. İddiaçının yaşamağa hər hansı evi yoxdur. Cavabdeh iddiaçının adına olan mənzildə yaşamağa onlara icazə vermir. İddiaçının orada qeydiyyatı yoxdur. Cavabdeh isə onu ora qeydiyyata salmır. xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil məclləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilirlər. Bu maddənin 3-cü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə icarədarın və onun, üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İddiaçı o mənzilə gəlin köçmüş və orada uşaqlarını dünyaya gətirib, böyüdüb saxlamışdır. Cavabdeh gah Azərbaycanda gah da Rusiya Federasiyasında yaşayır. İddiaçı qorxur ki, cavabdehi boşanmaya verdiyi üçün cavabdeh evi satıb çıxıb gedə bilər. Ona görə də uşaqlarının gələcəyi üçün o mənzilə qeydiyyata düşmək və yaşamaq istəyir. İddiaçının elə bir maddi imkanı da yoxdur ki, gələcəkdə ev ala bilsin. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşmateriallarındaolanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********54 saylı arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34, 21 saylı mənzil 14 saylı DNK-nın xx.xx.2004-cü il tarixli 4Ə-877 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Ramiz oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Ramiz oğlu ilə İddiaçı nikahı haqqında xx xxxxxx 2009-cu il tarixdə 265 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan ASAN 1 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 12832082 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx xxxxxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. İş materiallarında olan ASAN 1 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı 18202343 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx xxxx 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri 2009-ci ilin avqust ayında yaranmışdır və buna görə də mövcud iddia tələbi üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd olunan normaların məzmunundan görünür ki, iddiaçının mübahisə predmeti olan mənzildən istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçıazyaşlı uşaqları - xx xxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34, mənzil 21-ə istifadə hüquqları tanınmalı və onlar həmin mənzilə köçürülməlidirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları - xx xxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34, mənzil 21-ə istifadə hüquqları tanınsın və onlar həmin mənzilə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar