Məhkəmə qərarları › İş №2(006)-1829/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1829/2023

14.03.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1829/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (MAPS arayışı, vəsiqə, FİN kod və ya şəxsiyyətini təsdiq edən digər sənədlər əlavə edilmədiyindən) iddia ərizəsində göstərilmədiyindən, həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən sorğu edilərək Cavabdeh şəxsiyyətini eyniləşdirməyə imkan verən hər hansı məlumatların əldə edilməsi mümkün olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul ona geri qaytarılmış, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qeyd edilən qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8337/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5432/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sonradan İddiaçı göstərilən nöqsanları aradan qaldırmadan, yalnız Nəsimi rayon MKTB-nin 59 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli “1976-cı il tarixdə verilmiş Texniki pasporta əsasən Cəlil Məmmədquluzadə, 146 saylı fərdi yaşayış evi Cavabdeh adına olub, 1989-cu ilin oktyabr ayına qədər həmin ünvanda yaşayıb” məzmunlu arayışını və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ona geri qaytarılmış 100 (yüz) manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzi iddia ərizəsinə əlavə etməklə yenidən eyni qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin qərardad isə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1245/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin şəxsiyyətini eyniləşdirmək mümkün olmadığı, iddia tələbinin məzmunu dəyişdirilmədiyi və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilmədiyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmış, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmiş və onunla Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları (keçmiş 4-cü Perevalnaya küçəsi), ev 146-da yerləşən yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin nəticə hissəsində cavabdehə qarşı yönələn tələbin mahiyyəti aydın deyil. Belə ki, iddiaçının cavabdeh qismində cəlb etdiyi şəxsdən nəyi tələb etdiyi dəqiq müəyyənləşdirilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçıya geri qaytarılmış 100 (yüz) manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbz yenidən iddia ərizəsinə əlavə edilmişdir. Həmin qərardad xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, cavabdehdən edilən tələbin nədən ibarət olması aydın olmadığı və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilmədiyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar