Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1833/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı daşınmaz əmlakın dövlət reyestrindən adı göstərilməklə çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı yaşayış sahəsinin toxunulmazlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında onun mülkiyətinə aid olan 15,5 m2, yaşayış sahəsinin toxunulmazlığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 2 ünvanında onun paulı mülkiyyətində olan 1 otaq 15kv.m yaşayış sahəsinə dair cavabdehlər tərəfindən verilmiş iddia tələblərinin rədd edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən adı göstərilməklə çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, icraçıdan məktub gəldi, ondan sonra bildi ki, nə məsələdir. Cavabdehin analığı var idi, o, evi aldı. Doğma anası rəhmətə gedib, atası başqası ilə evlənib. O qadın rəhmətə gedəndən sonra atası evi öz adına keçirib. Cavabdehlər onun 1 otağına paylıdırlar, o da analığının aldığı evə paylıdır. Çıxarış cavabdehin atasının adına olmayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, 2015-ci ildə atası rəhmətə getdi. Vərəsəlik işi açıldı. Balaca qardaşı Fəzli onlarla razılaşmadı. 3 il məhkəmə prosesi getdi. Ev söküntüyə gedəndə qardaşı yenə razılaşmadı. Naturada bölgü ilə bağlı məhkəməyə müraciət etdilıər. Atasının 2 mənzili olub. İndi iddiaçının evi ilə atasının adına olan 1 otaqlı ev paylı mülkiyyətdir. Bir həyətin içində 2 otaq olub. Hər evə ayrı-ayrı çıxarış alıb. Çıxarışda 1 otaq yazılıb. Məhkəmə bölünmə ilə bağlı qətnamə qəbul etdi. İcraya yönəldilib, indi iddiaçının evi hərraca çıxarılır. Məhkəmə qətnamə çıxara bilirsə, iddiaçının evini ayırsın. Atası evi alanda satan götürüb evin hər birinə bir çıxarış çıxarıb. Bir həyətin içində 2 otağı olub. Atasına satdığı yer sənədsiz yerdir. Oranı ev kimi edib. Evinə aldığı çıxarışın birini atasına verib, atası da alıb. Atası hardan bilsin ki, o ev əvvəllər dəftərxana olub. 85 kv. metr yazılıb. İddiaçı soruşmalı idi ki, “85 kv. metr səndən ev alıram. Burda niyə 2 otaqlıdır?” Atasına satılan evin texniki pasportda izi, tozu yoxdur. Balaca otaq heç yerdə yoxdur deyə, 2 otaq hərraca düşür. Texniki pasportda deyilən ev yoxdur. İddiaçı da deyir ki, niyə bu otağı yazmısınız? O da deyir ki, bu, atasının mülküdür. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Tərəflərin izahatları əsasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 və İddiaçı paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 vəfatından sonra çıxarışda onun mülkiyyəti kimi göstərilmiş əmlakda onun vərəsələri olan hazırkı iş üzrə cavabdehlərin payları müəyyən edilmişdir. Vərəsələr arasında paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı mübahisə yaranmış və həmin mübahisə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)- 280/2024 nömrəsli qətnaməsi ilə həll edilərək, tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evlərin açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaiti əmlakın paylı mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Hazırkı iş üzrə İddiaçı da həmin iş üzrə cavabdeh qismində işə cəlb edilmişdir. Hazırda iddiaçı qətnamədə açıq hərracda satılması qət edilən evlərə onun da evinin daxil edidiyini, halbuki həmin evin Hüseynov Həsənin vərəsləri arasındakı paylara hər hansı aidiyyətinin olmadığını, öz evinin cavabdehlərin evindən aşkar şəkildə ayrılmaqla ayrı-ayrı mövcud olduğunu bildirməklə, öz evinə münasibətdə fərdi mülkiyyətçi kimi çıxarış verilməsini xahiş edir. İddiaçı eyni zamanda e-2(006)-280/2024 nömrəli mülki iş üzrə ona irəli sürülmüş iddianın rədd edilməsini tələb edir. Məhkəmə ilk növbədə iddianın “ona irəli sürülmüş iddianın rədd edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi yuxarıda adıçəkilən mülki iş üzrə qaldırılmış iddiaya etiraz kimi çıxış etməklə, yalnız həmin icraat çərçivəsində müvafiq etiraza baxılıb qiymət verilməsi mümkün olduğu halda, iddiaçı həmin icraat çərçivəsində müvafiq münasibətini iddiaya qarşı bildirməmiş (bildirdiyinə görə həmin icraatdan məlumatı olmamışdır), həmin tələb üzrə məhkəmə qətnaməsinin mövcud olduğu halda, həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirməmiş, ayrıca icraat qaydasında artıq qətnamə ilə baxılıb münasibət bildirilmiş iddianın rədd edilməsini xahiş edir ki, məhkəmə bunun yolverilməzliyini iddiaçının nəzərinə çatdırmaqla, məhkəmə qaydasında baxılmalı tələb olmaması əsası ilə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi inzibati orqanı göstərməsə də, tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmunundan görünür ki, İddiaçı “çıxarışın verilməsi” hissəsində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin cavab verməli olduğu iddianı irəli sürmüşdür. Belə ki, məhkəmə iclaslarında iddiaçının verdiyi izahatdan görünür ki, o, özünə məxsus fərdi yaşayış evinin çıxarışda paylı mülkiyyət kimi qeyd edildiyini bildirərək, özünə aid hissəyə (mülkiyyətindəki evə) dair ayrıca- fərdi mülkiyyətçi kimi çıxarış alınmasına nail olmaq istəyir. Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.2.1-ci bəndinə əsasən, 1.0.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 2.0.1-ci bəndinə əsasən dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərindən birini təşkil edir. Göründüyü kimi iddiaçı, izahatında qeyd etdiyi kimi özünə məxsus evin cavabdehlərin paylarına aidiyyəti olmamasını, ayrılıqda mövcud olmasını təkid edir. Belə olan halda məhkəmə izah edir ki, bununla bağlı ilk növbədə həmin tələblə müvafiq icra hakimiyyəti orqanına (hazırkı halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) müraciət etməli, həmin inzibati orqan iddiaçının müraciətindən imtina etdikdə isə, inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllə: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı yaşayış sahəsinə dair cavabdehlər tərəfindən verilmiş iddia tələblərinin rədd edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən adı göstərilməklə çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı yaşayış sahəsinə dair cavabdehlər tərəfindən verilmiş iddia tələblərinin rədd edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən adı göstərilməklə çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-1833/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1833/2025
21.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver