Məhkəmə qərarları › İş №2(006)-1834/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1834/2023

16.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1834/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı cavabdeh Nəsimi rayon Sukanal İdarəsinə qarşı «işə bərpa, əmək haqqının ödənilməsi və mənəvi zərər» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi X1 cavabdeh Nəsimi rayon Sukanal İdarəsinə qarşı «işə bərpa, əmək haqqının ödənilməsi və mənəvi zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 noyabr 2022 - ci il tarixindən etibarən Nəsimi rayonu Sükanal İdarəsində nəzarətçi işində bərpa edilməsi, 04 Noyabr 2022-ci il tarixindən etibarən işə bərpa olunduğu günə qədər orta əmək haqqımın ödənilməsi. Nəsimi rayon Sukanal İdarəsinin o vaxtki rəisi E.Həsənzadənin mənəvi zərəri olaraq iddiaçıya 2000.00 (iki min) manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 49 saylı əmək müqaviləsindən görünür ki, işəgötürən - Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsi işçi – İddiaçı Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin Fakturalama qrupuna 6-cı dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyrikommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2-ci maddəsinə görə idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.4-cü maddəsinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi rayon Sukanal İdarəsi Cavabdeh ASC-nin nəzdnində yaradılmış müəssisə-idarə (törəmə müəssisə olmayan) olduğuna və işəgötürənnin məhz Cavabdeh ASC olmasına görə hazırkı iddia tələbi Cavabdeh ASC-nin hüquqi ünvanı üzrə aidiyyəti məhkəməyə verilməlidir. Belə ki, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sisteminin portalındakı (VÖEN **********) vergi ödəyicisinin məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh ASC-nin rəsmi qeydə alındığı yer ünvan 1 ünvanıdır. Belə olan halda mülki işə aidiyyət normaları tətbiq edilməli və işə ərazi aidiyyəti üzrə müvafiq məhkəmədə (Bakı şəhəri Yasamal rayon Məhkəməsi) baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və dövlət rüsumu iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinin əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Nəsimi rayon Sukanal İdarəsinə qarşı «işə bərpa, əmək haqqının ödənilməsi və mənəvi zərər» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 40 manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ vardır. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar