Məhkəmə qərarları › İş №2(006)-1838/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1838/2022

11.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1838/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, işə bərpa olunduğu günə qədər əmək haqqılar arasındakı fərqin hesablanaraq, həmçinin maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, işə bərpa olunduğu günə qədər əmək haqqılar arasındakı fərqin hesablanaraq, həmçinin maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin X2 Bakı Lokomotiv Deposunun 28.01.2021-ci il tarixli əmri ləğv olunmaqla onun elektrik qatarının maşinisti vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər elektrik qalan maşinistinin vəzifəsinin əmək haqqı ilə elektrik qatarının maşinist köməkçisi vəzifəsinin əmək haqqı arasındakı fərqin hesablanaraq ödənilməsi və maddi və mənəvi zərərə görə 2.000 manat pul vəsaitinin cavabdeh Bakı Lokomotiv Deposundan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 06.03.1990-cı il tarixdə "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda işə başlamışdır. Vəzifəsi elektrik qatarının maşinisti olmuşdur. Aylıq gəliri təxminən 600-650 manat təşkil edirdi. İşlədiyi müddət ərzində hər hansı bir nöqsanı olmamış və barəsində əmək intizamının pozulması ilə bağlı heç bir intizam tənbehinə məruz qalmamışdır. Cavabdeh "xxxx" QSC-nin Bakı Lokomotiv Deposu rəisinin yanında keçirilmiş 28.01.2021-ci il tarixli müşavirənin protokoluna əsasən, 31.12.2020-ci il tarixdə 6703 nömrəli Şirvan Bakı sərnişin qaları ER2-3301 saylı elektrik qatarını idarə edərkən iddiaçının və köməkçisinin Keşlə stansiyasında sürət həddinin aşılması baş verdiyi qeyd olunmuşdur. Protokolda qeyd olunur ki, lokomotiv briqadası lokomotiv işarəvericinin ağ işığında Keşlə platformasında yola düşmüş və qatarın sürət həddi 40 km/saat olduğu halda iddiaçı və köməkçisi 300 metrlik məsafədə 62-63 km/saat sürətlə hərəkət edərək sürət həddini 20 km/ saatdan çox aşmışlar. Qeyd elmək zəruridir ki, protokolda qeyd olunur ki, sürət həddinin aşılması nəticəsində heç bir bədbəxt hadisə baş verməmişdir. Müşavirədə İddiaçı iştirak etmişdir və sürət həddini aşmadığını bildirmişdir, lakin protokolda onun etirazı və ya mövqeyi barəsində heç bir qeyd edilməmişdir. Müşavirə nəticəsində iddiaçı elektrik qatarının maşinisti vəzifəsindən azad edilərək, elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. Yeni vəzifəsində iddiaçının əmək haqqı 450-500 manat təşkil edir. Lakin, iş dayanması ilə əlaqədar hazırda 300-350 manat əmək haqqı alır. İddiaçı hesab edir ki, sürət həddinin aşılması böhtanını ona ataraq vəzifəsini aşağı salmaqda qərəzli olmuşlar. Depoda işləyən həmin qərəzli şəxslərdən biri təlimatçı İbrahim Əlibəyli olmuşdur. İddiaçı həmin təlimatçıdan dəfələrlə sürət lentinə böhtan atdığına və iş zamanı buraxdığı nöqsanlarla bağlı Bakı Lokomotiv Deposuna şikayət etmişdir. Hətta 22.01.2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir, lakin hərhansı bir cavab verilməmişdir. Həmin şəxslə sürət həddi barəsində də aralarında mübahisə olmuşdur. Eyni zamanda iddiaçı iş yerində müvafiq geyim forması, tibbi maska ilə təmin olunmaması və idarə etdiyi elektrik qatarında şüşə təmizləyənin işləməməsi ilə bağlı "xxxx" QSC-yə müraciət etmişdir. "xxxx" QSC-nin 07.01.2021-ci il tarixli cavab məktubu ilə həmin məsələlər barədə cavabdeh Bakı Lokomotiv Deposunun rəhbərliyinə müvafiq tapşırıqlar verildiyi bildirilmişdir. Bütün bu məsələlərdən sonra iddiaçının 30.12.2020-ci il tarixdə sürət həddini aşması böhtanı irəli sürülmüşdür. İddiaçının təhsili, iş təcrübəsi və pensiya yaşına az qalması belə nəzərə alınmamışdır. Digər tərəfdən nöqsan varsa belə vəzifənin aşağı salınmasında daha yüngül tənbeh tədbiri mümkün olduğu halda, qərəzli şəkildə vəzifə salınması tətbiq edilmişdir. Vəzifəsi aşağı salındıqdan sonra iddiaçı dəfələrlə, "xxxx" QSC-yə və X6 Xidmətinə müraciət etmişdir. Həmçinin, iddiaçı Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurası tərəfindən 25.01.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı X6 Xidmətinə etdiyi müraciətlərlə əlaqədar 22.04.2021-ci il tarixli məktubu ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbində haqlı olduğuna görə iddiası təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəf məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADY-nin Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun 28.01.2021-ci il tarixli əmrinin ləğv olunmaqla onun elektrik qatarının maşinisti vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər elektrik qatarı maşinistinin vəzifəsinin əmək haqqı ilə elektrik qatarının maşinist köməkçisi vəzifəsinin əmək haqqı arasındakı fərqin hesablanaraq ödənilməsi, maddi və mənəvi zərərə görə 2.000 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini qəbul etmirlər və bununla əlaqədar olaraq bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsi istisna olmaqla qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı qabaqdan məhkəməyə müraciət edə bilər. İş materiallarından görünüdüyü kimi iddia ərizəsi 17.02.2022-ci il tarixdə məhkəməyə verilmişdir. İddiaçının elektrik qatarı maşinisti vəzifəsindən elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmə barədə əmri isə 13.03.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüşdür. Bundan əlavə bildirirlər ki, iddiaçının elektrik qatarı maşinisti vəzifəsindən elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmə barədə əmri tam qanuni və əsaslıdır. Belə ki, iddiaçı 31.12.2020-ci il tarixdə 6703 №-li Şirvan-Bakı sərnişin qatarını ER2-3301 saylı elektrik qatarı ilə maşinist İddiaçı və maşinist köməkçisi Əliyev Mirəziz idarə edərkən Keşlə stansiyasında sürət həddinin aşılması hadisəsi baş vermişdir. Belə ki, lokomotiv briqadası lokomotiv işarəvericisinin ağ işığında Keşlə platformasından yola düşmüş və qatarın sürət həddi 40 km/saat olduğu halda, onlar 62-63 km/saat sürətlə hərəkət edərək sürət həddini 20 km/saatdan çox aşmışdır. Bununla da, iddiaçı «A.D.D.Y.X5»nın 16.38. «Lokomotiv briqadalarının vəzifə təlimatının» 2.4.1, «Danışıq reqlamentinin» 3.1.3, «Qatarların hərəkəti və manevr işinə dair Təlimat»ın 1.3 «İşarəvermə Təlimatının» 2.2.4 bəndininn tələblərini kobud şəkildə pozmuşdur. Yol verilmiş pozuntu dəmir yolu sahəsində çox ciddi pozuntu kimi qiymətləndirilir. Belə bir pozuntuya görə adətən işçi işdən azad olunmalı idi. Lakin İddiaçı uzun illər maşinist təcrübəsi olmasını və təqaüd vaxtına az qalmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2011-ci il tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş «Dəmir yolu müəssisələrində işçilərin intizam Nizamnaməsi»-nin 4.7-ci bəndinə əsasən iddiaçının peşəsi (ixtisası) nəzərə alınmaqla elektrik qatarının maşinisti vəzifəsindən elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. Bundan başqa, iddiaçının şikayəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən araşdırma aparılmış və hər hansı bir qanun pozuntusu aşkar edilməmişdir. Həmçinin, iddiaçı mənəvi ziyan tələb etsə də, hansı mənəvi sarsıntı keçirtdiyini əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunveiciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03.11.2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa və digər təiəblər» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılır. İddiaçı cavabdeh ADY-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADY-nin Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun 28.01.2021-ci il tarixli əmrinin ləğv olunmaqla onun elektrik qatarının maşinisti vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər elektrik qatarı maşinistinin vəzifəsinin əmək haqqısı ilə elektrik qatarının maşinist köməkçisi vəzifəsinin əmək haqqısı arasındakı fərqin hesablanaraq ödənilməsi, maddi və mənəvi zərərə görə 2.000 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hesab edirlər ki, iddia qanunvericiliyin tələbləri pozularaq verildiyindən qanunsuz və əsassızdır, buna görə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin 1-ci hissəsi istisna olmaqla qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı qabaqdan məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, İddiaçı elektrik qatarı maşinisti vəzifəsindən elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmə barədə əmr 15.03.2021-ci il tarixdə verilmişdir. Həmin tarixdə o, əmrlə tanış olmuş, lakin əmrin surətini qəbul edib imzalamaqdan imtina etmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsinə əlavə etdiyi məktubların və ərizələrinin surətlərindən görünür ki, o, əmr verildikdən sonrakı dövlərlərdə də, dəfələrlə ADY-yə müraciət edərək onun əvvəlki vəzifəsinə qaytarılması məsələsinə baxılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının onun aşağı vəzifəyə keçirilməsi barədə məlumatı olmuş, hüququnun pozulduğu bilmiş, lakin bu barədə məhkəməyə müraciət edərək əmri mübahisələndirməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarını pozulduğunu bildiyi halda qanunsuz hesab etdiyi əmrin ləğvi barədə məhkəməyə müraciət etməmiş, əmrin qəbul olunduğu gündən təxminən 1 il sonra, yəni 17.02.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh ADY-yə qarşı «işə bərpa və digər tələblərə» dair iddia ərizəsi üzrə iddia müddəti buraxıldığı üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən əsassız olduğu və iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" QSC-də elektrik qatarının maşinisti vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.; 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; "xxxx" QSC-nin Bakı Lokomotiv Deposu rəisinin yanında keçirilmiş 28.01.2021-ci il tarixli müşavirənin protokoluna əsasən, 31.12.2020-ci il tarixdə 6703 nömrəli Şirvan-Bakı elektrik qatarını ER2-3301 saylı elektrik qatarı ilə maşinist İddiaçı və maşinist köməkçisi Mirəziz Əliyev idarə edərkən Keşlə stansiyasında sürət həddinin aşılması hadisəsi baş vermişdir. Belə ki, lokomotiv briqadası lokomotiv işarəvericisinin ağ işığında Keşlə platformasında yola düşmüş və qatarın sürət həddi 40 km/saat olduğu halda, onlar 300 m məsafəni 62-63 km/saat sürətlə hərəkət edərək sürət həddini 20 km/saatdan çox aşmışlar. Bu hadisə Dəmiryolu nəqliyyatında kobud və ciddi nöqsan hesab olunduğundan ağır nəticələrə səbəb ola bilərdi. Bununla da, maşinist İddiaçı «A.D.D.Y.X5»nın 16.38, «Lokomotiv briqadalarının vəzifə Təlimatı»nın 2.4.1, «Danışıq reqlamenti»nin 3.1.3, «Qatarların hərəkəti və manevr işinə dair Təlimat»ın 1.3, «İşarəvermə Təlimatı»nın 2.2.4cü bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa, araşdırma zamanı o da müəyyən olunmuşdur ki, İddiaçı maşinist kimi əmək münasibətində olduğu əvvəlki illərdə də əmək və icra intizamını kobud şəkildə pozduğuna görə dəfələrlə intizam tənbehləri almışdır. Əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəliklərini və öz əmək funksiyasını kobud şəkildə pozduğuna görə «Dəmir yolu müəssisələrində işçilərin intizam Nizamnaməsi»nin 4.7-ci bəndinə əsasən peşəsi (ixtisası) nəzərə alınarağ, İddiaçı elektrik qatarının maşinisti vəzifəsindən azad edilələrək, elektrik qatarının maşinist köməkçisi işinə keçirilməsi qərar alınmışdır. Qeyd olunnmalıdır ki, iddiaçı tərəfindən "xxxx" QSC-nin X2 Bakı Lokomotiv Deposunun 28.01.2021-ci il tarixli əmrinin ləğv olunması xahiş edilmişdir. İş materiallarından və tərəflərin izahatların göründüyü kimi belə bir əmr mövcud deyildir. Həmin tarixli "xxxx" QSC-nin Bakı Lokomotiv Deposu rəisinin yanında keçirilmiş 28.01.2021-ci il tarixli müşavirənin protokolu ilə bağlı məhkəmə qeyd edir ki, həmin protokol hazırda mübahisələndirilmir, eyni zamanda əmək qanunvericiliyinə uyğun olaraq işçiyə intizam icraatının tətbiq edilməsi və ya vəzifəsinin dəyişdirilməsi üçün əsas deyildir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı hazırda "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar xidmətinin Elektrik qatarının maşinist köməkçisi vəzifəsinə tərəflər arasında bağlanılmış 13.08.2021-ci il tarixli müqaviləyə əsasən işləyir. Həmin müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış və müqavilənin bir nüsxəsi iddiaçı tərəfindən imzalanaraq təhvil alınmışdır. İddiaçı məhkəmə iclasında struktuktur dəyişikliyi ilə əlaqədar əmək müqaviləsinə xitam veriləcəyi səbəbindən ona bildiriş təqdim edildiyi üçün bu müqaviləni imzaladığını bildirmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı elektrik qatarının maşinisti vəzifəsindən elektrik qatarının maşinist köməkçisi işinə keçirilməsini elə həmin dövrdən bildiyi halda və uzun müddət əvvəlki işinə qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, qanunla müəyyən olunmuş iddia müddətini xeyli ötürdükdən sonra, yalnız 17.02.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, işə bərpa olunduğu günə qədər əmək haqqılar arasındakı fərqin hesablanaraq, həmçinin maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, işə bərpa olunduğu günə qədər əmək haqqılar arasındakı fərqin hesablanaraq, həmçinin maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar