Məhkəmə qərarları › İş №2(006)-1841/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1841/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1841/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı1,onun digər İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 4 otaqlı ümumi sahəsi 127 m2 olan mənzilin sökülməsi müqabilində "xxxx" MMC tərəfindən cavabdehə verilməsi nəzərdə tutulan 2 (iki) ədəd təmirli mənzilin açıq hərracda satılması, cavabdehə verilməsi nəzərdə tutulan 2 ədəd mənzilin satılması müqabilində əldə olunan 320.000 manat pul vəsaitinin 106.666 manatının İddiaçı1, 106.666 manatının İddiaçı2, dövlət rüsumunun ödənilməsinə görə 504 manat, ümumilikdə 213.836 manat məbləğində pul vəsaitinin onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, bu binada söküntüsü nəzərdə tutulmuş 4 otaqlı, 127 m2 mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 2 otaqlı, 80 m2 mənzili cavabdehin sahibliyinə verməyi, Cavabdeh isə Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul elməyi öhdəsinə götürmüşdür. Həmçinin həmin müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqını da ödəməyi öz öhdəsinə götürmüşdür. İşin faktiki hallarına münasibətdə bildirir ki, o, ali təhsil almaq üçün Qəbələ şəhərindən Bakı şəhərinə gələrkən kirayədə və yaxud yataqxanada qalmamaları üçün həmin dövrdə Qəbələ şəhərində yaşamış atası X1 ünvan 2 ünvanda yerləşən 4 otaqlı ümumi sahəsi 127 m2 olan evi dayısı X3 adına almışdır. Həmin ildən də o, bacısı İradə və qardaşı Adil yuxarıda qeyd olunan ünvanda yaşayaraq ali təhsil almışlar. Daha sonra mənzilin texniki pasportu qardaşı, hazırki iş üzrə Cavabdeh adına dəyişdirilmiş və o, həmin evə pasport qeydiyyatına alınmışdır. Təxminən 1996-cı ildə isə qardaşı ailə qurub həmin evdən getmiş və bundan sonra heç vaxt həmin evdə yaşamamışdır. 03 iyul 2002-ci il tarixdə qızı, hazırkı iş üzrə digər İddiaçı2 həmin evə qeydiyyata alınmışlar. 1996-cı ildə isə valideynləri Bakı şəhərinə gələrək onlarla birgə yaşamağa başlamışlar. Atası xx.xx.2001-ci ildə həmin evdə vəfat etmişdir. Atasının vəfatından sonra anası qardaşı Cavabdeh başqa ünvanda olan evinə gedərək onunla birlikdə yaşamağa başlamışdır. Sözügedən ev təxminən 2003-2004cü ildən kirayəyə verilmiş və kirayə pulu qardaşı ilə aralarında bölünmüşdür. 2021-ci ilin ortalarından isə həmin evin "xxxx" MMC tərəfindən söküldüldüyünü öyrənmişdir. Bundan sonra həmin MMC ilə əlaqə saxlayarkən məlum olmuşdur ki, sökülən evin yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasından hər birinin sahəsi 80 m2 olmaqla 2 ədəd təmirli mənzilin və yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat mənzil kirayə haqqının verilməsi ilə bağlı Cavabdehla 20 fevral 2021-ci il tarixdə 2 ədəd ayrı-ayrı müqavilələr bağlanılmışdır. Məhz həmin müqavilələrin 2.1.1-ci bəndinin tələbinə görə söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini "xxxx" MMCyə təhvil verilməsi mülkiyyətçinin vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 3-cü səhifəsində Cavabdeh tərəfindən əlavə olaraq qeyd edilmişdir ki, mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmamış şəxslərin ona məxsus qeyd olunan mənzilə dair "xxxx" MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti o, daşıyır. Lakin müqavilə bağlanarkən qardaşı onun və qızının razı olmadıqlarını bildiyi halda MMC-yə düzgün məlumat verməmiş, həmin evdə tək özünün qeydiyyatda olduğunu bildirmişdir. Bununla da, qardaşı onun və qızının iradəsinə zidd olaraq müqaviləni bağlamış, MMC-yə düzgün məlumat verməmiş və onların mənafeyini nəzərə almamışdır. Məhz onun müraciətindən sonra onun və qızının həmin evdə qeydiyyatda olmalarından "xxxx" MMC məlumat tutmuş və cavabdehə müqavilələrin dəyişdirilməsini, yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat mənzil kirayə haqqının qeydiyyatda olanlar arasında bölünməsi təklif edilmişdir. Lakin cavabdeh həmin təklifə əməl etməmişdir. Həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq hazırda isə qızı və ailəsi ilə birlikdə kirayə mənzildə yaşayırlar. Yəni, yaşayış sahəsindən istifadə hüquqlarının olmasına baxmayaraq faktiki olaraq mənzildə yaşamaları qeyri-mümkündür. Nəzərə çatdırır ki, ünvan 2 ünvanda yerləşən 4 otaqlı ümumi sahəsi 127 m2 olan mənzil Daşınmaz Əmlakın Dövlət reyestrində xüsusi mülkyyət kimi qeydə alınmamışdır. Həmin mənzil o dövrdən «pasport qeydiyyatına alınma» yolu ilə alınmışdır. Cavabdeh həmin mənzilin mülkiyyətçisi deyil və onlar həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqlara malik şəxslərdirlər. Onu da bildirir ki, həyat yoldaşı X5 ilə aralarında olan nikah pozulduqdan sonra, o, uşaqları ilə faktiki olaraq ünvan 3 ünvanda qeydiyyatsız yaşayırlar. ünvan 4 ünvanda yerləşən ev onun yeganə qeydiyyatda olduğu ünvandır. Qeydiyyatda olduqları ünvan 5şən mənzilin özbaşına tikili olması isə mübahisə olunmur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, özbaşına tikinti aparmış şəxsin həmin tikiliyə aid sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq hüquqları yoxdur. Həmçinin Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Lakin cavabdeh həmin mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirməmişdir. Yəni, həmin mənzil özbaşına tikili olduğundan cavabdehin buna hüquqları yaranmamışdır. İş üzrə məhkəmələrin davamlı olaraq istinad olunan bir digər xüsusat isə texniki pasport ilə bağlıdır. Belə ki, məhkəmələr tərəfindən yüksək hüquqi əhəmiyyətə malik sənəd kimi nəzərə alınan həmin texniki pasport əslində texniki xarakterli sənəd olmaqla birlikdə, yalnız evin parametrik xüsusiyyətlərini özündə əks etdirməkdədir. Belə olan təqdirdə Cavabdeh həmin mənzilə münasibətdə ondan hər hansı bir hüquqi üstünlüyü olması qəbul edilə bilməz. Həmin texniki pasport heç bir mülkiyyət hüququnu təsdiq etmir. Bildirir ki, onlar Cavabdehla həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqa malikdir şəxslərdirlər. Hesab edir ki, sökülmüş mənzilin əvəzinə veriləcək hər birinin sahəsi 80 m2 olan 2 ədəd mənzil açıq hərracda satılmalı və ümumi pul məbləğinin 1/3 hissəsi ona, 1/3 hissəsi qızına, 1/3 hissəsi isə cavabdehə verilməlidir. Yuxarıda da qeyd etdiyi kimi müqavilədə ünvan 2 ünvanda yerləşən 4 otaqlı ümumi sahəsi 127 m2 olan mənzilin əvəzinə cavabdehə çoxmərtəbəli yaşayış binasından hər birinin sahəsi 80 m2 olmaqla 2 ədəd təmirli mənzilin verilməsi öz əksini tapmışdır. Həmin mənzillərin təmirli olması səbəbilə onların 1 m2-nin hazırkı bazar dəyəri mövcud hesablamalara əsasən 2.000 manat olmalıdır. Yəni, cavabdehə verilməsi nəzərdə tutulan 2 ədəd mənzilin ümumi sahəsinin 160 m2 olması və onların hər m2-nin dəyərinin 2.000 manat olmasına görə mənzillərin ümumi dəyəri 320.000 manat təşkil etməkdədir. Qızı ilə birlikdə qeydiyyatda olduqları ünvan 2 ünvanda yerləşən 4 otaqlı ümumi sahəsi 127 m2 olan mənzildə cavabdeh, o və qızının hüquqları bərabər olduğundan mənzillərin satışından əldə olunan məbləğlərin ədalətli bölgüsü həyata keçirilməlidir. Ümumilikdə 320.000 manat məbləğində əldə olunmalı olan pul vəsaitinin 106.666 manatı ona, 106.666 manatı qızına, 106.666 manatı isə cavabdehə verilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, tərəflərin arasında gedən mübahisənin mahiyyəti ondan ibarətdir ki, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində özbaşına tikilinin sahibliyində hüquq bərabərliyinin olması olub. Cavabdeh bu hüquq bərabərliyindən istifadə edərək 2 əmtəə dəyəri kifayət qədər yüksək olan mənzili müqavilə ilə ələ keçirmişdir. Onlar məhkəmədə bununla bağlı iddia qaldırmışdır. Məhkəmələrdə ümumi davranış belə oldu ki, bu əsassız varlanmaya aiddir. Bu məsələ ilə əlaqədar Ali Məhkəmənin rəhbərliyinin qəbulunda da olmuşlar. Onların əvvəlki iddialarının tələbi ondan ibarət idi ki, müqavilə ləğv edilsin və bir müqavilə onlarla bağlansın. Qanunda olan boşluq bir tərəfin hüquqlarının pozulmasını gətirib çıxarmamalıdır. Ali Məhkəmə onların bu halı məhkəmələrin qərəzli mövqeyi kimi deyil, qanunda olan bir boşluq kimi qəbul etmələrini tövsiyə etdi. Təmsil etdiyi şəxslər halhazırda kirayə qalır. Aynur xanımın oğlu müharibə iştirakçısı olub və qazidir. Kifayət qədər xanımın problemləri vardır. Cavabdeh yüksək vəzifəli şəxsdir. Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına 10-a yaxın əmlak çıxmışdır. Bu qədər əmlaka sahiblikdən sonra yenidən müvəkkilinin hüquqlarını pozması qərəzli xarakter daşıyır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı «pul» tələbinə dair iddia ərizəsini qəbul etmir. Hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. İddiaçıların tələblərini əsaslandırdıqları dəlillər əsassızdır. X4 onun bacısı, İddiaçı2 isə bacısının qızıdır. İddiaçıların iddia ərizəsində qeyd etdikləri Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evin icarədarı özü olmuşdur. Ev özbaşına tikili olmuşdur, evdə tək özü yaşamış, evin texniki pasportu onun adına sənədləşdirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 721 saylı sərəncamı ilə həmin evə qeydiyyata alınmışdır. İddiaçılardan İddiaçı1 1992-1995-cı illərdə tələbə olarkən həmin evdə qeydiyyatsız yaşamışdır. 1997-ci ildə Şükür Bayramovla ailə həyatı qurmuş və mübahisəli evdən köçmüşdür, daha sonra heç vaxt həmin evdə yaşamamışdır. Həmin vaxtdan ailə üzvləri ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır, hazırda özünün qeyd etdiyi kimi, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektindəki 108 saylı evin 38-ci mənzilində yaşayır. İddiaçı2 isə təxminən 2017-ci ildə mübahisəli evə qeydiyyata alınmışdır. Həmin müddətədək atasının yaşadığı evdə qeydiyyatda olmuşdur. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, tərəflər arasında daha əvvəlki mübahisələrdə də müəyyən edilmişdir ki, iddiaçıların tələb irəli sürməyə subyektiv hüquqları yoxdur.Ümumiyyətlə hazırki iddia tələbinə baxıla bilməzdir, iş üzrə icraata xitam verilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmişdir ki, iddiaçılar mübahisəli evə qeydiyyata alınsalar da, heç vaxt orada yaşamamışlar. İddiaçıların həmin yaşayış evinə istifadə hüquqları yoxdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer uzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer uzrə qeydiyyat haqqında» Azerbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublıkasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evdə qeydiyyatda olmaları onlar uçün həmin evə dair hər hansı hüquq yaratmır. Onlar daimi olaraq başqa ünvanda yaşayırlar. Uzun müddətdir ki, onun ailə üzvləri sırasından çıxmışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarxli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Ə.Ə.İbrahimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» xx.xx.2004-cü il tarixli qərarında göstərilir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. İddiaçılar İddiaçı1 Aləddın qızının və İddiaçı2 ondan özlərinin saxlanılmasını tələb etmək hüquqları yoxdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 Şükur qızının Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evə dair bağladığı müqavilələri mübahisələndirmişlər və bu barədə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları vardır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Şükur qızının ona və "xxxx" MMC-yə qarşı «müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul» tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişlər. Nəsimi rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(006)-74/2023 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaçıya və "xxxx" MMC-yə qarşı «müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul» tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2023-cü il tarixli 2(103)-4012/2023 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin iş üzrə 11 yanvar 2023-cü il tarixli 2(006)-74/2023 saylı qatnaməsi dəyişdirilmədən, iddiaçıların apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli 2(102)- 199/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2023-cü il tarixli 2(103)-4012/2023 saylı qətnaməsi dəyişdirilmədən, iddiaçıların kassasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları onunla əsaslandırılmışdır ki, mübahisəli tikili özbaşına tikili olmuşdur, iddiaçıların həmin özbaşına tikili olan evə pasport qeydiyyatında olmaları onlar üçün mülkiyyət və istifadə hüquqlarının yaranması üçün əsas ola bilməz, Cavabdehla "xxxx" MMC arasında müqavilə bağlanarkən qanunvericiliyin bütün şərtlərinə əməl edilmiş, həmin müqavilə ilə 3cü şəxslərin hüquqları pozulmamışdır. Sökülən ev özbaşına tikili olduğu üçün tərəflər arasında alqı-satqı müqaviləsi deyil, əvəzləşdirmə müqaviləsi bağlanmışdır, İddiaçı2 həmin iddianı irəli sürmək kimi subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «M.Bağırovun şikayəti uzrə Azərbaycan Respublikası Alı Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azerbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci iİ tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müfavıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışına bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət daxili tənzimlənmənin əhatəsinə düşmüş həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüququ ixtiyar kimi təzahürü ehtiva edir. Belə kı, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv huququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və istifadə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət belə gedə bilməz. Buna görə də, məhkəmə əvvəlcə tərəflərin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və müvafiq hüququn pozulubpozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hesab edir kı, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək kimi subyektiv hüquqları yoxdur. Onların mülkiyyət hüquqları pozulmamış və bağlanmış müqavilələr əsasında qanuni mülkiyyətlərindən məhrum olmamışlar. İddiaçıya əvəzləşdirmə müqavilələri əsasında verilmiş mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də, həmin mənzillər hərracda satıla bilməz. Hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaçıya qarşı «pul» tələbinə dair iddiası iddiaçıların belə bir iddia qaldırmaq kimi subyektiv hüquqları olmadığı üçün rədd edilməlidir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh ilə arasında Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 127 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzili sahibinə verməyi öhdəsinə götürür. Cavabdeh isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqaviləyə əsasən Cavabdeh yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqı ödəniləcəkdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(006)-74/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2023-cü il tarixli 2(103)-4012/2023 saylı qətnaməsindən görünür ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(006)-74/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli 2(102)-199/2024 saylı qərarından görünür ki, İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2023-cü il tarixli 2(103)-4012/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2024-cü il tarixli 3-16-16/2-10/3792-9/3872 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsinə yaxın ərazidə yerləşən 2 otaqlı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 228.500 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçılar məhkəməyə müraciət etmək üçün 505 manat məbləğində dövlət rüsumu ödəmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının tələbi pul tələbidir. Pul tələbi isə özü müxtəlif əsaslardan - borc, əsassız varlanma, zərərvurma və s. yarana bilər. İddiaçının pul tələbinin əsasını müəyyən etmək o baxımdan qeyri-müəyyəndir ki, iddiaçının mübahisəli əmlaka dair iddia irəli sürmək baxımından subyektiv hüququnun olmaması daha əvvəlki məhkəmə qətnamələri ilə təsbit edilsə də, hazırda iddiaçı yenidən mübahisəli əmlakın dəyəri ilə bağlı olaraq pul tələbi ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə ilk növbədə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququnun pozulub-pozulmaması araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir idda tələbi üzrə qabaqcadan iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını, bununla da subyektiv hüquqa malik olduqlarını göstərə bilməmişdir. Daha əvvəl aparılmış məhkəmə araşdırmalarında iddiaçıların mübahisəli əmlak üzərində hüquqlarının olmaması müəyyən edildiyindən hazırda iddiaçıların faktiki yaşamayıb, özlərini yaşayış sahələri ilə təmin etmədikləri həmin əmlaka qeydiyyatının olması hər hansı hüquqi nəticə yaratmadığından hazırda iddiaçıların cavabdehlə bərabərhüquqlu şəxs olaraq mübahisəli əmlakın sökülməsi ilə əlaqədar verilən yeni mənzillərin dəyərinin aralarında bərabər payları bölüşdürülməsini tələb etmələri əsassızdır. İddiaçıların tələbi bu tələbi əsaslı edən maddi hüquq normalarının dispozisiya şərtləri uzlaşmadığından cavabdehin iddiaçılar qarşısında belə bir öhdəliyi müəyyən edilmir. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 505 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. 150 manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 505 (beş yüz beş) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatına görə 150 (yüz əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (Dövlət xəzinədarlığı Agentliyi, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar