Məhkəmə qərarları › İş №2(006)-1845/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1845/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1845/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Teyyub oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Teyyub oğlu cavabdeh "xxxx" QSC-yə qarşı "kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə ona məxsus fərdi yaşayış evinin köçürülməsi üçün cəmi 50.000 (əlli min) manat olmaqla, əlavə 26.000 (iyirmi altı min) manat kompensasiyanın "xxxx" QSC-dən tutularaq İddiaçı Teyyub oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsində Azərbaycan Dəmir Yollarının Keşlə stansiyasının 2-ci blok post Yeni Bakı Neftayırma zavoduna gedən uzunluğu 0.835 km olan dəmir yolu xəttinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində xx.xx.2019-cu il tarixli aralarında bağlanmış müqavilə əsasında ona, yəni İddiaçı Teyyub oğluna məxsus yaşayış sahəsinin köçürülməsi üçün 24.700 (iyirmi dörd min yeddi yüz) manat həcmdə kompensasiya ödənilmişdir. Həmin köçürmə layihə üzrə ödənilmiş 24700 manat kompensasiya çox azdır və həmin məbləğ Bakı şəhərində minimum normalarla belə yaşayış sahəsi əldə etmək mümkün deyil. Danılmaz faktdır ki, Bakı şəhərində ən ucuz 1 otaqlı mənzil 50.000 manatdan yuxarı qiymətədir. Qeyd edilən şərtlərlə onun və ailəsinin köçürülməsi faktiki olaraq iddiaçının mülkiyyət və yaşayış hüququndan məhrum edilməsidir. Odur ki, "xxxx" QSC ilə İddiaçı Teyyub oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə şərtlərinə yenidən baxmaq zəruridir. Bu səbəbdən də ADY-na dəflərlə şifahi müraciət edilsə də, qanuni və ədalətli tələbi təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nə rəsmi qaydada müraciət edərək "xxxx" QSC ilə İddiaçı Teyyub oğlu arasında yeni müqavilənin kompensasiya olmaqla əlavə 26000 (iyirmi altı min) manat ödənilməsini xahiş etmişdir. ADY müraciətinə 13-1/2-368/2023 saylı cavabı ilə tələbini rədd etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Teyyub oğlu iddia tələbində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" QSC ilə İddiaçı Teyyub oğlu arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı Teyyub oğlu uzun müddət istifadəsində olan, Bakı şəhəri, Nizami rayonu, X12 1-ci keçid ünvanında yerləşən yaşayış evindən dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar aldığı 24.700 manat məbləğində kompensasiyaya görə "xxxx" QSC-nin xeyrinə imtina etmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli hesabdan çıxarışından görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı Teyyub oğluna söküntü üçün 24 700 manat məbləğində pul köçürülmüşdür. İddiaçı Teyyub oğlu tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilə şərtlərinə yenidən baxılması və ona əlavə kompensasiya ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. "xxxx" QSC xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Keşlə stansiyasının 2-blok postundan Böyük Şor stansiyasına qədər uzunluğu 1 km və 2-ci blok post Yeni Bakı Neftayırma zavoduna gedən uzunluğu 0,835 km olan dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi ilə bağlı İddiaçı Teyyub oğlu ilə notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli müqavilə imzalanaraq Nizami rayonu, X12 1-ci keçid ünvanında yerləşən yaşayış evinə görə 24 700,0 (iyirmi dörd min yeddi yüz) manat həcmində kompensasiya məbləği “Azərbaycan Dəmir Yolları" QSC tərəfindən tam şəkildə ödənilmişdir. Buna baxmayaraq, sözügedən müqavilənin 9-cu bəndinin tələbləri İddiaçı Teyyub oğlu tərəfindən pozularaq həmin yaşayış evi boşaldılmamışdır. Bununla əlaqədar olaraq, ADY tərəfindən fərdi yaşayış evlərinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(007)-2943/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2943/2022 saylı qətnaməsi ilə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı Teyyub oğluna və digərlərinə qarşı iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nizami rayonu, X12 1-ci keçid ünvanında yerləşən fərdi yaşayış evini, X2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini, X5 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsində yerləşən fərdi yaşayış evini, X6 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və cavabdeh X3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini boşaldaraq "xxxx" QSC-yə təhvil vermələri qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Nizami rayonu, X12 1-ci keçid ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Teyyub oğlunun istifadəsində olmuşdur. “Azərbaycan Dəmir Yolları" Yolları Səhmdar Cəmiyyətinin Keşlə-2-ci blok/post arasında dəmir yolu xəttinin mühafizə zolağına düşən tikililərin köçürülməsi" layihəsi çərçivəsində həmin ərazidə olan yaşayış evlərinin köçürülməsi qərara alınmışdır. İddiaçı Teyyub oğlu ilə "xxxx" QSC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İddiaçı Teyyub oğlu uzun müddət istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, X12 1-ci keçid ünvanında yerləşən yaşayış evini 24.700 manat müqabilində "xxxx" QSCnin xeyrinə imtina etmişdir. Tərəflər arasında bağlanılmış sözügedən müqavilənin 13-cü bəndinə əsasən həmin müqaviləyə dəyişikliklər və ya əlavələr edilməsi, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında həyata keçirilir. Hazırda iddiaçı tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulmuş kompensasiyadan əlavə olaraq ona "xxxx" QSC tərəfindən 26.000 manat məbləğində kompensasiya ödənilməsini xahiş edir. Məhkəmə hazırki tələblə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin maddənin ikinci bəndində qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin (bundan sonra - MM) 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. MM-nin 404.1-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə Mülki Məcəllənin 405.1-ci maddəsinin tələblərindən irəli gələrək hesab edir ki, mübahisəli müqavilə (xx.xx.2019-cu il tarixində bağlanılmış) bağlanarkən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Belə ki, tərəflər müqaviləni qanunvericiliyin tələblərinə riayət etməklə öz iradələrinə uyğun imzalamışlar. Odur ki, hazırki müqavilə tərəflər arasında etibarlı razılaşma kimi qəbul olunmalıdır. Həmçinin, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bu Məcəllənin 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Qeyd edilən qanunvericilik normalarına istinadən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin dəyişdirilməsi üçün Mülki Məcəllədə və müqavilənin özündə nəzərdə tutulan hər hansı hal yoxdur. Həmçinin müqavilənin digər tərəfi olan "xxxx" QSC müqaviləni əhəmiyyətli dərəcədə pozan hərhansı hərəkətə yolverməmişdir. Əksinə cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tamamilə icra etmişdir. Odur ki, hazırki halda sözügedən müqavilənin birtərəfli qaydada dəyişdirilməsi yolverilməzdir. Məhkəmə qeyd edilənlərə istinadən hesab edir ki, iddiaçının müqavilədə nəzərdə tutulmuş kompensasiya məbləğindən əlavə olaraq 26000 manat məbləğində kompensasiyanın ödənilməsi tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı hazırki tələblə müraciət edərək tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulandan daha artıq miqdarda kompensasiya istəsə də, həmin kompensasiyanın ödənilməli olmasını hər hansı sübutla əsaslandıra bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Teyyub oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "kompensasiya ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ İddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar