Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1853/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh PHŞ-ya qarşı «ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh PHŞ-ya qarşı «ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması ilə bağlı xx.xx.2023-cü il tarixdə tərtib etdiyi ərizənin etibarsız hesab edilməsi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərinin xx.xx.2023-cü il tarixli 3-29-50/3-1-3912/2023 saylı əmrinin ləğv edilməsi, sonuncu çalışdığı vəzifə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə bərpa olunması, ona əsassız şəkildə işdən çıxarıldığı xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər əmək haqqının və mediasiya ödənişi olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2022-ci il yay aylarında CV ilə ADNSU-ya müraciət edərək işə qəbul olmaq istəmişdir. 2023-cü ilin fevralında o, rəsmi olaraq ADNSU beynəlxalq əlaqələr şöbəsinin müdiri kimi işə başlamış, fəaliyyəti dövründə bir cox xarici universitetlər ilə əlaqə qurmaqla işini keyfiyyətlə icra etmişdir. O, ADNSU-dan əvvəl uzun müddət İngiltərə krallığında Bolton Universitetinin (University of Bolton) beynəlxalq əlaqələr şöbəsində sektor müdiri vəzifəsində işləmişdir. Onu da qeyd edir ki, o, 2005-2011-ci illərdə Southampton Solent Universiteti və Southampton Universitetindən müvafiq olaraq bakalavr və magistr dərəcələrini almışdır. Bundan sonra bir müddət Southampton Bələdiyyəsində davamedici enerji sektorunda işləmişdir. İşlədiyi bütün dövrlər ərzində Azərbaycanın maraqlarını qorumuş və Azərbaycanı yaxşı təmsil etmişdir. 2023-cü ildə ADNSU-da rektor vəzifəsində dəyişiklik olmuşdur. Bundan sonra yeni rəhbərlik ona qarşı qərəzli davranmağa başlamışdır. Beynəlxalq Əməkdaşlıq üzrə prorektor Rafiq Camalovun iştrakı ilə tədris üzrə prorektor Qasım Məmmədov rektor əvəzi Vazeh Əskərovun onunla işləmək istəmədiyini deyərək ərizə yazaraq işdən azad olunmasını tələb elmişdir. O, buna narazılığını bildirmiş və ərizə yazmaqdan imtina elmişdir. 2023-cü ilin sentyabr ayında məzuniyyətə getmişdir. Məzuniyyətdən qayıtdıqdan sonra rəhbərlik yenidən ona ərizə yazaraq işdən azad olunması ilə bağlı təzyiq göstərmişdir. O, yeni iş tapana qədər möhlət verilməsini xahiş etsə də, buna imkan verməmişlər və xx.xx.2023-cü il tarixdə ərizə verərək işdən azad edilmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələblərinə əsasən o, bir ay ərzində ərizəsini geri götürə bilərdi. Ancaq bütün bunlara baxmayaraq, o, sonradan xəbər tutmuşdur ki, xx.xx.2023-cü il tarixdə işdən çıxarılması ilə bağlı əmr verilib. Həmin əmr və yaxud əmək kitabçası bu günə qədər ona təqdim edilməyib. O, bir müddət gözlədikdən sonra dəfələrlə əmrin ona təqdim edilməsini xahiş etsə də, əmr ona təqdim edilməmişdir. Bundan sonra o, mediasiya təşkilatına müraciət etmişdir. Daha sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, mediasiya ilə bağlı arayışı xx.xx.2024-cü il tarixdə əldə etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim olunan sənədlərdən görmək mümkündür ki, həm işdən çıxmaq haqqında ərizə yazdığı gün, həm də işdən azad edildiyi xx.xx.2023-cü il tarixə qədər rektor əvəzi Vazeh Əsgərova və rektorluğa daxil olan digər rəhbər şəxslərə iki e-mail ünvanlanmışdır. Hər iki məktubda işdən çıxmaq haqqında ərizəni iradəsinin əleyhinə etdiyini göstərmişdir. Lakin rektor əvəzi e-maildə göstərdiyi ona qarşı təhqiredici hərəkətlərə heç bir reaksiya verməmişdir. Əksinə, Zəfər bayramından qayıtdıqdan sonra, yəni noyabrın 13-də işdən azad olunması haqqında əmr vermişdir. Rektor əvəzi Vazeh Əsgərovun onunla görüşəcəyini gözləyirdi. Köməkçisinə üz tutsa da, bu baş verməmişdir. Vəziyyətlə bağlı bütün prorektorlara və baş hüquqşunas Fərrux müəllimə məlumat vermişdir. Amma heç bir tədbir görülməmişdir. Belə bir vəziyyətdə o, heç nə edə bilməzdi. Ona görə də, işəgötürənin təhriki ilə işdən çıxmaq üçün ərizə yazmalı olmuşdur. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı könüllü olaraq işdən çıxması ilə bağlı ərizə vermişdir. Həmin ərizəsi də şirkət tərəfindən qəbul edilmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçının vermiş olduğu ərizənin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi mümkün deyildir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh PHŞ-nin Beynəlxalq əməkdaşlıq şöbəsinə müdir vəzifəsinə işə qəbul edilmişdir. - İddiaçı 07 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh PHŞ-nin rektor əvəzi V.Əskərova müraciət edərək, xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh PHŞ-nin 13 noyabr 2023-cü il tarixli 3-29-50/3-1-3912/2023 saylı əmrindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, «Beynəlxalq Əməkdaşlıq» şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən 2023-cü il 13 noyabr tarixdən öz xahişi ilə xitam verilmişdir. Əmrin birinci bəndi nəzərə alınaraq ştat cədvəlindən 1 ştat şöbə müdiri vəzifəsi ləğv edilmiş və son haqq-hesabın edilməsi baş mühasib vəzifəsini müvəqqəti icra edən Y.İbrahimovaya tapşırılmışdır. - Bakı 1 saylı Mediasiya təşkilatının 13 fevral 2024-cü il tarixli MŞB/1/2023-00016 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, yuxarıda qeyd olunan mübahisə üzrə İddiaçı 13 fevral 2024-cü il tarixə saat 13:00-14:00-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Bu səbəbdən, ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt, kargüzarlıq xərci ödənilmişdir. İddiaçının işdən azad olunma tarixini qeyd etməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etməsinə dair işəgötürənə ərizə yazması, işəgötürənin də həmin ərizəni nəzərə alaraq, işçi ilə bağlanmış əmək müqaviləsinə ərizədə qeyd edilən tarixdə xitam verməsi işin mübahisəsiz hallarıdır. Lakin işin mübahisəli halı iddiaçının qeyd edilən ərizəni təzyiq altında yazması, sonradan həmin ərizənin etibarsız hesab edilməsinə dair cavabdehə rəsmi şəkildə mail göndərsə də, həmin mail-in nəzərə alınmamaqla, ərizədə göstərdiyi gün işdən azad edilməsidir. Göstərilənlər iddiaçının iddia tələbinin əsaslandırılmasını təşkil edir və işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək qanunvericiliyinin 69-cu maddəsinin tələblərinin pozulması iddia olunur. Məhkəmə iddia tələblərinin ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi hissəsinin əlaqəli olmasını nəzərə alaraq bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. - 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. - Həmin maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 69-cu maddəsinin 3-cü hissəsinə görə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işə götürənlə əmək müqaviləsi bağlandıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. - Göstərilən maddənin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyi (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. - Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. - Həmin maddənin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqoxu gələrək yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə yazdığı ərizəsində onun tutduğu vəzifəsindən azad edilməsinin tarixi kimi xx.xx.2023-cü il tarixini göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. İddiaçı tərəfin tələbin əsası kimi istinad etdiyi hallar özünün izahatından əlavə, iş materiallarına əlavə olunmuş 12 noyabr 2023-cü il tarixli və 28 noyabr 2023-cü il tarixli müxtəlif məzmunlu mail-lərdir (müraciətlər) ki, onların da məzmununa diqqət yetirildikdə müəyyən olunur ki, həmin sənədlərdə iddiaçı öz mülahizəsinə uyğun müəssisə daxilində baş verənləri göstərmiş, lakin konkret olaraq işdən azad olunması ilə bağlı xx.xx.2023-cü il tarixdə tərtib etdiyi ərizənin etibarsız hesab edilməsini xahiş etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və təzyiq altında işdən azad edilməsinə dair ərizə yazmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, işin müəyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Bir sözlə, işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin (69-cu maddəsinin) tələbləri pozulmaması təsdiqini tapmadığı üçün iddia ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi hissələrində əsassızdır və təmin edilə bilməz. Digər tələblər, yəni, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi törəmə tələb olduğu üçün məhkəmə prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh PHŞ-ya qarşı «ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh PHŞ-ya qarşı «ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1853/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1853/2024
18.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver