Məhkəmə qərarları › İş №2(006)-1858/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1858/2023

15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1858/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1985-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin ilkin araşdırması zamanı müəyyən olundu ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı münasibətlərin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, hazırki iddia ərizəsi ilə bağlı alınmış imtina cavabı ilə əlaqədar müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardad dövlət rüsumunun geri qaytarılması hissəsində icra edilməsi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar