Məhkəmə qərarları › İş №2(006)-1876/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1876/2024

23.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1876/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, cavabdeh "xxxx" QSC Yük daşımalar departamentinin Lokomotivlərin istismar xidmətinin xx.xx.2024-cü il tarixli sənəd № 13-1-23/3-10-513/2024 olan əmrinin ləğv edilməsi və onun əvvəlki, Biləcəri Lokomotivlərin istismar deposunun Lokomotiv briqadasının teplovoz maşinisti vəzifəsinə işə bərpa edilməyi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" QSC-nin Yük daşımaları departamentinin X17 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2016-cı ildən çilingər, m/köməkçisi və maşinist peşələrində əmək funksiyası yerinə yetirmişdir. “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" QSC) Yük daşımalar departamentinin Lokomotivlərin istismar xidmətinin rəisi X9 xx.xx.2024-cü il tarixli Sənəd № 13-1-23/3-10-513/2024 olan əmrinə əsasən Biləcəri Lokomotivlərin istismar deposunun Lokomotiv birqadasının teplovoz maşinisti İddiaçı və teplovoz maşinist köməkçisi X4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmışdır. Xidmət rəisinin xx.xx.2024-cü il tarixli Sənəd № 13-1-23/3-10- 513/2024 olan əmri "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük daşımalar departamentinin Lokomotivlərin istismar xidmətinin Biləcəri Lokomotivlərin istismar deposunda xx.xx.2023cü il tarixdə ADY-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsinin əməkdaşı tərəfindən ÇME3-6413 nömrəli teplovozun maşinist köməkçisi X2 həmin teplovozdan ümumi çəkisi 80 kq olan dizel yanacağının 4 ədəd 20 litirlik plastik qablarda qablaşdıraraq götürməsi və özünə məxsus olan avtomobilin yük yerinə yükləməsi faktı müəyyən edilməsi ilə əsaslandırmışdır. Xidmət rəisinin xx.xx.2024-cü il tarixli Sənəd № 13-1-23/3-10- 513/2024 olan əmrindən görünür ki, ümumi çəkisi 80 kq olan dizel yanacağının maşinist köməkçisi X4 tərəfindən götürülməsi təsdiq edilmiş və həmin pul vəsaiti onun tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Xidmət rəisinin xx.xx.2024-cü il tarixli Sənəd № 13-1 -23/3- 10-513/2024 olan əmrində onun hansı əsasla əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xitam verilməsi əsaslandırılmamışdır, yalnız Əmək Məcəlləsinin 10-cu maddəsinin "a" bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 iyun tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəmir yol müəssisələrində işçilərin intizam Nizamnaməsi”nin 2.1.5-ci maddəsinə istinad etməsi tam əsassız və qanunsuzdur. Onun xx.xx.2000-ci il tarixli 018798 nömrəli vəsiqəsindən görünür ki, o, Azərbaycan Respublikasının müharibə veteranıdır. Onun hüquqları "Azərbaycan Dəmir Yolları'' Qapalı Səhmdar Cəmiyyəti Yük daşımalar departamentinin Lokomotivlərin istismar xidməti rəisinin xx.xx.2024-cü il tarixli 13-1-23/3-10-513/2024 nömrəli əmri ilə kobud şəkildə pozulduğunu nəzərə alaraq Azərbaycan Respublikasının qanunvericiliyinin tələbi qaydasında “Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq 01 fevral 2024-cü il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. Mediasiya Şurası Bakı 13 saylı mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/13/-2024-00144-saylı mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, “Azərbaycan Dəmir Yolları" QSC təyin olunmuş Mediasiya sesiyasına gəlməmiş, gəlməməsinin səbəbi barədə Mediasiya təşkilatına hər hansı məlumat verməmiş, Mediasiya xidmətinin əməkdaşının çağrışına gəlməmişdir. Qanunvericiliyin tələbinə müvafiq olaraq Mediasiya təşkilatına 60 manat dövlət rusumu ödəmişdir. “Azərbaycan Dəmir Yolları“ Qapalı Səhmdar Cəmiyyəti Yük daşımalar departamentinin Lokomotivlərin istismar xidməti rəisinin xx.xx.2024-cü il tarixli 13-1- 23/3-10-513/2024 nömrəli əmrin ona aid olan hissəsini qanunsuz və əsassız hesab edərək aşağıdakıları bildirir. Belə ki, Xidmət rəisinin xx.xx.2024-cü il tarixli 13-1-23/3-10-513/2024 nömrəli əmri "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük daşımalar departamentinin Lokomotivlərin istismar xidmətinin Biləcəri Lokomotivlərin istismar deposunda xx.xx.2023-cü il tarixdə ADY-nin Mühavizə departamentinin Biləcəri mühafizə bölməsinin əməkdaşı tərəfindən ÇME3-6413 nömrəli teplovozun maşinist köməkçisi X2 həmin teplovozdan ümumi çəkisi 80 kq olan dizel yanacağının 4 ədəd 20 litirlik plastik qablarda qablaşdıraraq götürməsi və özünə məxsus olan avtomobilin yük yerinə yükləməsi faktı müəyyən edilməsi işəgötürənə vurulmuş ziyan kimi polis tərəfindən müəyyən edilmiş, həmin pul vəsaiti maşinist köməkçisi X4 tərəfindən dövlət büdcəsinə tam ödənilmişdir. Əmr verən əmrdə ona aid olan hissədə işəgötürənə vurulmuş ziyanı müəyyən olunmamış, vurulan ziyan ona aid olmadığı üçün hesablamamış, əmək qanunvericiliyin tələblərinə riayət etmədən qanunsuz olaraq əmək müqaviləsinə xitam vermişdir. Ona aid olan hissə isə Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 iyun tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəmir yol müəssisələrində işçilərin İntizam Nizamnaməsi”nin 2.1.5-ci maddəsinə istinad etməsi, yəni 80 kq olan dizel yanacağının maşinist köməkçisi tərəfindən götürülməsi təsdiq edilmiş, həmin 80 kq dizel yanacağının bazar qiyməti 64,00 (altmış dörd) manat təşkil etmiş və həmin vəsait maşinist köməkçisi tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2016-cı il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində müxtəlif funksiyaları yerinə yetirərək işləyir. İşlədiyi müddət ərzində fəaliyyətində nöqsan aşkarlanmamışdır. xx.xx.2023-cü il tarixdə təbii ehtiyaclarını ödəmək məqsədi ilə teplovozu tərk etmək məcburiyyətində qalmışdır. Köməkçisi teplovozda olmaq şərti ilə 10-12 dəqiqə orada olmamışdır. Axşamüstü "xxxx" Qapalı Səhndar Cəmiyyətinin mühafizə əməkdaşları köməkçinin maşınında qablaşdırılmış yanacaq aşkar etdilər. Onun maşını teplovozdan təqribən 300 metr aralığında olardı. Bu söhbətlər o, teplovozu təhvil-təslim işləri həyata keçirəndə olub. Məsələni öyrənmək üçün əməkdaşlara yaxınlaşmışdır. Sorğu-sual etdilər, yaxınlaşanda artıq protokollaşdırmışdılar. Onlar teplovozu təhvil verəndə hər detalın hansı vəziyyətdə işlək olması barədə hesabat verirlər. Bunu gündəlik marşrutlardan da görmək mümkündür. Normalda onların 160-170 kq yanacaq sərfiyyatı olurdusa, həmin gün 130 kq olmuşdur. Bu da dartılacaq vaqonların çəkisindən və s. asılıdır. Yanacaq sərfiyyatı normanı da aşmamışdır. Səhəri gün onu işə buraxmadılar. Səbəbini soruşanda məlumat veriləcəyi bildirildi. Onlardan hər hansı bir səbəbə görə işdən çıxarılırsa, izah göstərmələrini istəmişdir. Razılaşıb onu yola saldılar. Axşam işdəki xanım onu yığıb səhər işə gəlməyini bildirdi. Bu hadisə xx.xx.2023-cü il tarixdə olmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə o, işdə olmuşdur. Yanvar ayı da o, işləmişdir. xx.xx.2024-cü il tarixdə isə ona işdən çıxarılmağı barədə məlumat verdilər. Səbəbini isə bilmir. Sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X21 etirazın məzmununa uyğun izahat verərək, bildirmişdir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə ADY-nin xx.xx.2024-cü il tarixli əmri tam qanuni və əsaslıdır. Bildirir ki, ADY-nin Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin Biləcəri lokomotivlərin istismarı deposunda xx.xx.2023-cü il tarixində ADY-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsinin əməkdaşı tərəfindən ÇME3-6413 nömrəli teplovozun maşinist köməkçisi X3 həmin teplovozdan ümumi həcmi 80 litr olan dizel yanacağının 4 ədəd 20 litrlik plastik qablarda qablaşdıraraq götürməsi və özünə məxsus olan avtomobilin yük yerinə yükləməsi faktı müəyyən edilmişdir. Bundan sonra, fakt dərhal aktlaşdırılmış, maşinist köməkçisi X1 və həmin teplovozun maşinisti (iddiaçı) İddiaçı izahat tələb edilmişdir. İddiaçı izahatında bildirmişdir ki, köməkçisi X7 ilə gündüz növbəsində olarkən təxmini saat 19:30 radələrində köməkçisinin avtomobilinin yanında adamların dayandığını görüb köməkçisi ora getmişdir. Bir müddətdən sonra gəlib ona bildirmişdir ki, avtomobilində olan yanacaq axıb yerə töküldüyündən insanlar yanacağı aşkar etmişlər. İddiaçı dizel yanacağının teplovozdan götürülməsi faktını təkzib etmişdir. Maşinist köməkçisi X7 isə izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə teplovozdan 2 ədəd 20 litr qabda yanacaq götürmüşdür. Maşına qoyan zaman Mühafizənin əməkdaşları onu görərək polisə məlumat vermişlər. Həmçinin, xx.xx.2023-cü il tarixli protokola əsasən ADY Yük daşımaları departamentinin Lokomotivlərin istismar xidmətinin Biləcəri lokomotivlərin istismarı deposunda müşavirə keçirilmiş və müəyyən edilmişdir ki, teplovoz maşinisti İddiaçı və X10 tərəfindən AR Nazirlər Kabinetinin 24 iyun 2011-ci il tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”nin 2.1.5-ci (etibar edilən əmlakın saxlanmasını təmin etmək) yarımbəndinin tələbi pozulmuşdur. Bundan əlavə, AR DİN NBPİ X24 polis idarəsinin Biləcəri st.X28nin xx.xx.2023-cü il tarixli 3/4-3-13-15-1-1/2-2217/2023 saylı məktubuna əsasən xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Biləcəri dəmir yolu stansiyasının ərazisində Biləcəri manevr lokomotivlərinin istismarı deposuna məxsus olan ÇME3-6413 saylı teplovozun maşinist köməkçisi X8 özünü şübhəli apardığına görə idarə etdiyi “Kia Pride” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Biləcəri st.XPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və avtomobilin yük yerinə baxış keçirilən zaman orada 4 dolu hər biri 20 litr olmaqla ümumilikdə 80 litr su çəlləyində olan dizel yanacağının olması müəyyən olunmuşdur. Sorğu zamanı Əbdülhəsən Vəliyev həmin 80 litr dizel yanacağını işlədiyi ÇME3-6413 saylı teplovozun yanacaq çənindən maşinist İddiaçı icazəsi ilə götürdüyünü bildirmişdir. Bir sözlə, köməkçisinin işinə rəhbərliyi və fəaliyyətinə nəzarəti həyata keçirən İddiaçı həmin işləri lazımi qaydada qurmamış, səlahiyyətini müəyyən edilən qaydada həyata keçirməmiş, ona etibar edilən əmlakı şəxsi mənafelər üçün istifadə olunmasının qarşısının alınması istiqamətində bilavasitə tədbirlər görməmişdir. Nəticədə, iddiaçı və onun köməkçisi AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” (əmək funksiyasını vicdanla yerinə yetirmək) və “ç” (işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq) bəndlərinin, AR Nazirlər Kabinetinin 24 iyun 2011ci il tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”nin 2.1.5-ci (etibar edilən əmlakın saxlanmasını təmin etmək) bəndlərinin və ADY-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin daxili intizam Qaydaları”nın 3.1.7-ci (şəxsi maraqları naminə vəzifə səlahiyyətlərindən istifadə etməmək), 3.1.8-ci (qanunsuz olaraq maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlərə yol verməmək) və 3.1.20-ci (istifadəsində olan ADY-yə məxsus vəsaitlərdən ancaq təyinatı üzrə istifadə etmək) yarımbəndlərinin tələblərini pozmuşlar. Sözügedən şəxslərin həmin hərəkətləri ADY-yə maddi ziyan vurulmasına, həmçinin, işin araşdırılması zəminində teplovozun uzun müddət hərəkətsiz qalmasına, teplovoz briqadaları arasında növbənin təhvilində gecikmənin yaranmasına və nəticədə normalaşdırılmış iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Həmçinin bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əlaqədar işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. ADY Yük daşımaları departamentinin X13 komitəsinin Rəyasət heyəti iclasının 07.01,2024-cü il tarixli 85 nömrəli protokoldan çıxarışına əsasən Biləcəri Lokomotivlərinin istismarı deposunun teplovoz maşinisti İddiaçı və teplovoz maşinist köməkçisi X5 əmək funksiyasını kobud şəkildə pozduqları üçün Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı təqsirli olaraq törətdiyi əməl tam təsdiq olunduğundan işəgötürənin onun əmək müqaviləsinə əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. Sonda bildirmişdir ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında mütəxəssis X20 bildirmişdir ki, 2005-ci ildən “Azərbaycan Dəmir Yolları“ QSC-də işləyir,maşinist təlimatçısıdır. İddiaçı maşinist kimi tanıyır. Yanacaq sərfiyyatı 12 saat lokomotiv üzrə qəbul olunur, bu saat müddətində görülən işlər orada qeyd olunur. Lokomotivdə ölçməni xətlər üzrə götürürlər, hər bir xəttin arası isə 30 dəqiqədir. Bu lokomotivdə İddiaçı cəmi 6 saat işləyib, 6 saat isə hərəkətsiz dayanmışdır. Teplovoz hərəkətsiz olanda istifadə edilmiş yanacaq müəyyən edilmiş normadan az olarsa, teplovozun söndürülməsi faktını deməyə əsas verir. Bu halda depoda yanacaq artıq görsənəcək. Belə olan halda yanacağa qənaət edilmişdir. Lokomotiv lenti ilə teplovozun söndürülüb-söndürülməməsi müəyyən olunmur. Teplovoza işlək vəziyyət üçün 1 saata 15 kiloqram dizel norma olaraq verilir. Teplovozun dayanmış vəziyyətdə isə 1 saata 9 kiloqram dizel işlədilməsi nəzərdə tutulur. Lentdə dayanma halını kilometrajın 0-a düşməsi göstərir.Dayanma halında kilometraj çəkmir və o da dayanır. Dayanma onu göstərir ki, yükdaşınma həyata keçirilməyib.Bu yol verilən haldır və lokomotivin iş prinsipi belədir. İşin həcmindən asılı olaraq 12 saatın bütün saatları və yaxud müəyyən saatları teplovoz hərəkətdə ola bilər.Hərəkət olmayanda mühərrik sönmür. Yük olmayanda lokomotiv yerində durur, dispetçer göstəriş verir ki, maşinist hansısa yolda dayanıb gözləsin. Maşinistin gözlədiyi müddətdə lokomotiv komandası teplovozu söndürməməlidir. Nasazlıq hallarında və yaxud hər hansı bir hadisə baş verəndə söndürülə bilər. Maşinist bu halda məlumat verməlidir ki, nasazlıq halları var və teplovozu söndürür. Hazırki halda teplovozun söndürülməsi faktının olması qeyri-mümkündür, çünki hərəkətdə olub. 6 saat işləməməyinin səbəbi məhz işin olmamasından irəli gəlir.Yanacaq sərfiyyatı həm işləməyə, həm də işləməməyə görə müəyyən olunur və onların hər birinin öz norması vardır. Teplovoz hərəkətsiz olanda da ayrı cür sərfiyyat yazır. Söndürülmə faktını lentdən müəyyən etmək olmaz. Normaya görə teplovozun 1 saat hərəkətdə olmasına görə 15 kq, boş dayanmasına görə isə 9 kq yanacaq istifadə etmək mümkündür. Teplovozdan yanacağın götürülməsi 1 nəfər tərəfindən həyata keçirilməsi çətindir. Teplovoz durursa, çən onun altında dayanır və çənin yanacaq, yağ, su krantları fərqli olur. Dizelin götürülməsi üçün azı 2 nəfər olmalıdır. Biri düyməni yuxarı qaldırmağa, biri də qabları doldurmağa lazım olur. Teplovozda elə bir xüsusiyyət var ki, hər hansı bir krantdan teplovozu dolduranda hava boşluğundan da teplovoz sönə bilər. Maşinist teplovozdan icazəsiz ayrılmamalıdır. Əgər hər hansı bir səbəbdən teplovozdan ayrılmaq vacib olarsa, bu barədə növbətçiyə məlumat verməlidir. Bu qaydalar teplovoz briqadasının vəzifə təlimatında öz əksini tapmışdır. İş materialları: ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən yük daşımaları departamentinin lokomotivlərin istismarı xidmətinin Biləcəri lokomotivlərin istismarı deposunun lokomotiv briqadasına teplovoz maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 13-1-23/3-10-513/2024 saylı əmr ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə “Azərbaycan Dəmir Yolları“ QSC arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Biləcəri lokomotivlərinin istismarı deposunun rəis müavini X12 tərəfindən Biləcəri lokomotivlərin istismarı deposunun rəisi cənab Zaur Abbasova göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixində Biləcəri lokomotivlərin istismarı deposuna məxsus olan Biləcəri stansiyasına təhkim olunmuş ÇME3-6413 saylı teplovozla maşinist X22 və maşinist köməkçisi X6 ilə birlikdə saat 19:20 radələrinə maşinist köməkçisinə məxsus **-UD-*** dövlət nömrə nişanlı şəxsi avtomobilində 4 dolu 20 litrlik plastik qab maşınında Biləcəri mühafizə idarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır. İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, xx.xx.2023cü il tarixində Biləcəri stansiyasında teplovoz ÇME3-6413, köməkçisi X5 ilə gündüz növbəsində işdə olarkən təxmini 19:30 radələrində köməkçisinin avtomobilinin yanında adamların dayandığını görüb köməkçisi oraya getdi. Bir müddətdən sonra gəlib ona bildirdi ki, İran avtomobilindən aldığı yanacaq avtomobilin yük yerində olan su qabındakı yanacaq axıb yerə töküldüyündən oraya yığışan insanlar aşkar etmişlər. Bu zaman ərazinin mühafizə işçiləri köməkçisinə yersiz irad bildiriblər ki, guya yanacağı teplovozdan götürüb. Belə bir hal olmayıb və qətiyyən belə çirkin işlərdən uzaqdır. Buna görə izahat yazdı. Biləcəri lokomotivlərinin İstismar Deposunun teplovoz maşinist köməkçisi X5 tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə teplovozdan ÇME3-6413 2 ədəd 80 litr qabda yanacaq götürmüşdür. Maşını qoyan zaman mühafizə onu görüb tutub polis çağırmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin Biləcəri lokomotivlərin istismarı deposunun rəisi Zaur Abbasovun sədrliyi ilə keçirilmiş müşavirənin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Biləcəri lokomotivlərinin istismarı deposunun rəis müavini Kamran Ağabəyov məlumat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixində saat 19:30 radələrində Biləcəri lokomotivlərinin istismarı deposunun teplovoz maşinisti İddiaçı və teplovoz maşinist X10 Biləcəri stansiyasına təhkim olunmuş ÇME3-6413 saylı teplovozla işdə olan zaman teplovozdan dizel yanacağını götürüb 4 ədəd 20 litrlik plastik qablara dolduraraq maşinist X10ə məxsus **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirərkən Mühafizə departamentinin əməkdaşları tərəfindən saxlanılmışlar. Bununla da teplovoz maşinisti İddiaçı və teplovoz maşinist X10 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”nin 2.1.5-ci yarımbəndinin tələbi pozulmuşdur. "xxxx" QSC Yük Daşımaları Departamentinin X13 komitəsinin Rəyasət heyəti iclasının xx.xx.2024-cü il tarixli protokoldan çıxarışından görünür ki, BHİK-nə YDD rəhbərliyinin xx.xx.2023-cü il tarixli, 13-1-23/2-1677 nömrəli məktubu daxil olmuşdur. Məktubda bildirilir ki, Biləcəri Lokomotivlərinin istismar deposunun teplovoz maşinisti İddiaçı və teplovoz maşinist köməkçisi X5 xx.xx.2023-cü il tarixində Biləcəri stansiyasına təhkim olunmuş ÇME3-6413 saylı teplovozun yanacaq çənindən 4 ədəd 20 litrlik plastik qabı doldurub Əbdülhüseyn Vəliyevə məxsus 99US236 dövlət nişanlı şəxsi avtomobilin yük yerinə yerləşdirilən zaman Biləcəri mühafizə idarəsinin əməkdaşı tərəfindən saxlanılmışdır. Biləcəri Lokomotivlərinin istismar deposunun teplovoz maşinisti İddiaçı və teplovoz maşinist köməkçisi X5 əmək funksiyasını kobud şəkildə pozduqları üçün Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etiraz edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ-nin X24 Polis İdarəsinin Biləcəri st.X28 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3/4-3-13-15-1-1/2- 434/2024 saylı məktubu ilə qeyd edilən faktla bağlı cinayət işinin başlanmasının xx.xx.2024-cü il tarixli qərarla rədd edildiyi bildirilmişdir. X5 tərəfindən DYNPİ-nin Biləcəri st.XPŞ-nin İstintaq və Təhqiqat Qrupuna verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, 2000-ci ildən dəmir yolunda, hazırda isə "xxxx" ASC-nin Biləcəri lokomotivlərin istismarı deposunda teplovoz maşinistinin köməkçisi vəzifəsində işləyir. İşin mahiyyəti üzrə onu deyə bilər ki, xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində Biləcəri dəmir stansiyasının ərazisində maşinist İddiaçılə birlikdə idarə etdikləri ÇME3T-6413 saylı teplovoz hərəkətsiz vəziyyətdə dayanmışdı. Maşinist İddiaçı həmin teplovozun kabina hissəsində oturarkən onun başının qarışıq olmasından istifadə edib teplovozun yanacaq çənindən hər biri 20 litrlik olmaqla 4 ədəd su çəlləklərinə ümumilikdə 80 litr dizel yanacağını gizli yolla doldurub etibarnamə əsasında idarə etdiyi “KİA PRİDE” markalı 99UD236 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub oradan teplovoza tərəf qayıdarkən Biləcəri st.XPŞ-nin əməkdaşları onu saxlayaraq avtomobili ilə birlikdə Biləcəri st.XPŞ-yə gətirdilər. Onun bu hərəkətindən heç kəsin xəbəri olmamışdır. O, bu əməli 80 litr dizel yanacağını özünə məxsus olan traktorda istifadə etmək məqsədilə gizli yolla əldə etmişdir. İddiaçı tərəfindən DYNPİ-nin Biləcəri st.XPŞ-nin İstintaq və Təhqiqat Qrupuna verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, 2016-cı ildən dəmir yolunda, hazırda isə "xxxx" QSC-nin Biləcəri lokomotivlərin istismarı deposunda teplovoz maşinisti vəzifəsində işləyir. İşin mahiyyəti üzrə onu deyə bilər ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Biləcəri dəmir stansiyasının ərazisində maşinist X10lə birlikdə idarə etdikləri ÇME3T-6413 saylı teplovoz hərəkətsiz vəziyyətdə dayanmışdı. O, həmin vaxt teplovozun kabina hissəsində oturmuşdu, köməkçisi Ə.Vəliyev isə teplovozun kabina hissəsindən bayırda idi. Elə zənn edirdi ki, maşinist köməkçisi Ə.Vəliyev telovozun bayır hissəsində təmizlik işləri ilə məşğuldur, lakin o, həmin ərəfədə ondan xəbərsiz teplovozun yanacaq çənindən hər biri 20 litrlik olmaqla 4 ədəd su çəlləklərinə ümumilikdə 80 litr dizel yanacağını gizli yolla doldurub etibarnamə əsasında idarə etdiyi “KİA PRİDE” markalı 99UD236 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub oradan teplovoza tərəf qayıdarkən Biləcəri st.XPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. X10 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun əməli barədə məlumatı olmuşdur. Ə.Vəliyevin bu hərəkətindən heç kəsin xəbəri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Ə.Vəliyevin bunu etməkdə məqsədi həmin dizeli öz traktorunda istifadə etmək olmuşdur. Biləcəri lokomotivlərin istismarı deposu tərəfindən tərtib edilmiş arayışa əsasən, maşinist İddiaçı Biləcəri stansiyasında ÇME3-6413 saylı teplovozla xx.xx.2024-cü il tarixində 12 saatlıq iş növbəsinin (saat 8:00-20:00 aralığında) sürətölçən lentinə baxış keçirilən zaman 6 saat manevr işi və 6 saat boş dayanma aşkar olunmuşdur. Teplovozun təlimatına əsasən qış aylarında teplovozu boş dayanma hallarında sönülü (soyuq) vəziyyətdə saxlamaq qadağandır. Buna baxmayaraq, teplovoz maşinisti İddiaçı teplovozu növbə ərzində boş dayanma halında sönülü vəziyyətdə saxlamış və yanacağa qənaət etmişdir. Teplovozun isti saxlanması üçün istehsalçı tərəfindən 1 saat üçün 9 kq (10,7 litr) dizel yanacağı istifadəsi hesablanmışdır. Maşinist 6 saatlıq boş dayanma saatı üçün teplovozu soyuq vəziyyətdə saxlayaraq 54 kq (64 litr) yanacaq qənaəti etmişdir. Lakin qənaət edilmiş 64 litr dizel yanacağı yanacaq çənində aşkar olunmamışdır. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli Manevr lokomotivlərinin yeni müəyyən edilmiş yanacaq normativlərinin və yükün daşınması üçün hesablanan yanacaq norma əmsallarının tətbiq edilməsinə dair əmri ilə Departamentin Manevr lokomotivlərinin istismarı xidmətinin Biləcəri, Salyan, Gəncə və İmişli manevr lokomotivlərinin istismarı depolarının bütün xidməti qollarında yerləşən stansiya və müəssisələrdə təhkim olunan teplovozlarda bu Əmrin 1 nömrəli əlavəsində göstərilən yanacaq məsrəfinin normativlərinin tətbiq edilməsi, Departamentin Manevr lokomotivlərinin istismarı xidmətinin Biləcəri, Salyan, Gəncə və İmişli manevr lokomotivlərinin istismarı depolarının bütün xidməti qollarında istismar edilən TEM2 və ÇME3 seriyalı teplovozlarda yükün daşınması üçün yanacaq norma əmsallarının bu Əmrin 2 nömrəli əlavəsinə uyğun olaraq təyin edilməsi əmr edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin : 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 3-cü bəndinə əsasən İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 80-ci maddəsinə 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 182-ci maddəsinin 1-ci bəndinə əsasən müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.2-ci bəndinə əsasən Müəssisələr birliyinin nizamnaməsində nəzərdə tutulmuş hallarda müəssisədaxili intizam qaydaları birliyin müvafiq icra orqanı tərəfindən həmin birliyə daxil olan müəssisələr üçün də qəbul edilə bilər. 184-cü maddəsinin 2-ci bəndinə əsasən intizam nizamnamələrində yalnız bu Məcəllənin «Əmək və icra intizamı» bölməsi ilə müəyyən edilmiş normalardan fərqli müddəalar nəzərdə tutula bilər. İntizam nizamnamələri mövcud olan müəssisələrdə digər əmək münasibətləri isə bu Məcəllə ilə tənzimlənir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 iyun tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”nin : 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək vəzifələrindən başqa, dəmir yolu müəssisələri işçilərinin əlavə vəzifə borclarına aşağıdakılar aid edilir: 2.1.5-ci bəndinə əsasən dəmir yolu nəqliyyatının texniki vasitələrini (lokomotivləri, vaqonları, dəmir yollarını, rabitə vasitələrini və s.), eləcə də avadanlıqları, materialları və dövlət əmlakını qorumaq, daşınan yüklərin, baqajın, yük-baqajın və ona etibar edilən əmlakın saxlanmasını təmin etmək, onların oğurlanması və talan edilməsi hallarının qarşısının alınması üçün tədbirlər görmək; 4.3-cü bəndinə əsasən işçiyə törətdiyi intizam pozuntusuna görə Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş intizam tənbehlərindən başqa aşağıdakı intizam tənbehləri də tətbiq oluna bilər: 4.3.1-ci bəndinə əsasən maşinisti - lokomotivi (motor-vaqonlu hərəkət tərkibini) idarəetmə hüququ verən şəhadətnamədən, sürücünü - qoyulub-götürülməyən tipdən olan motor-rels nəqliyyatını idarəetmə hüququ verən şəhadətnamədən, lokomotivin (motor-vaqonlu hərəkət tərkibinin) maşinist köməkçisini - maşinist köməkçisi şəhadətnaməsindən üç aya qədər məhrumetmə və ya həmin müddətdə bu Nizamnamənin 4.5-ci və 4.6-cı bəndlərində göstərilənlərə əsasən bir ilədək başqa işə keçirmə; 4.3.2-ci bəndinə əsasən bu Nizamnamənin 4.7-ci bəndində göstərilənlərə əsasən peşəsi (ixtisası) nəzərə alınaraq, başqa işə keçirilməklə tutduğu vəzifədən azadetmə; 4.3.3-cü bəndinə əsasən bu Nizamnamənin 4.8-ci bəndində göstərilənlərə əsasən işdən azadetmə. 4.8-ci bəndinə əsasən işdən azadetmə kimi intizam tənbehi, Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş hallar da daxil olmaqla, qatarların hərəkətinin və manevr işlərinin təhlükəsizliyinə, insanların həyatına və sağlamlığına təhlükə yaradan və ya yüklərin, baqajın, yük-baqajın və etibar olunan əmlakın saxlanması qaydalarının pozulmasına gətirib çıxaran kobud intizam nöqsanlarına görə də verilə bilər. 4.10-cu bəndinə əsasən işçinin işdən azad edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada yerinə yetirilir. “Lokomotiv briqadalarınının əməyin mühafizəsinə dair təlimat”ın 1.14-cü bəndinə əsasən maşinist köməkçisi tərəfindən təhlükəsizlik tələblərinin yerinə yetirilməsinə görə cavabdehlik və nəzarət maşinistə həvalə olunur. Müki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən etibarən "xxxx" QSC X17 işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdən isə Biləcəri manevr lokomotivlərinin istismarı deposunun Teplovoz Lokomotiv briqadasına manevr üzrə teplovoz maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə maşinist İddiaçılə eyni iş növbəsində olan maşinist köməkçisi Əbdülhəsən Vəliyev iş növbəsindən sonra özünə məxsus avtomobilə 4 ədəd 20 litr dizel yanacağı olan qabları yerləşdirdiyi zaman bu hal həmin ərazinin mühafizə əməkdaşları tərəfindən aşkar edilmiş və müvafiq araşdırma aparılmışdır. Maşinist köməkçisi Ə.Vəliyev ilkin olaraq izahatında həmin yanacağı maşinist İddiaçı icazəsi ilə idarə etdikləri teplovozdan götürməsini bildirsə də, sonra cinayət təqibi orqanında verdiyi izahatında isə həmin yanacağı İddiaçı başının qarışıq olmasından istifadə edərək götürməsini bildirmişdir. İddiaçı isə öz növbəsində həmin yanacağın onun idarə etdiyi teplovozdan götürülmədiyini bildirmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilən hal ondan ibarətdir ki, həmin yanacağın iş növbəsi müddətində maşinist İddiaçı təhkim edilmiş teplovozdan götürülməsi ehtimalı həmin yanacağın başqa mənbədən əldə edilməsindən daha yüksəkdir. Məhkəmə araşdırması zamanı iddiaçıya verilən suala cavab olaraq o, növbədən sonra sonra teplovozu dayandırdıqları dayanacaqla maşinist köməkçisi Əbdülhəsən Vəliyevə məxsus şəxsi avtomobilin dayandığı dayanacaq arasında 300-400 metr məsafə olduğunu bildirmişdir. Bu hal ona dəlalət edir ki, maşinist köməkçisi özü də izahatlarında həmin yanacağı məhz iş növbəsində onlara təhkim edilmiş teplovozdan götürməsi etirafına uyğundur. Digər bir məsələ isə İddiaçı bundan xəbərsiz olmasını bildirməsidir ki, bu dəlili məhkəmə həqiqətə uyğun hesab etmir. Belə ki, istər İddiaçı özünün də bildirdiyi kimi teplovoz və yanacaq olan qabların yükləndiyi avtomobil arasında olan 300-400 metr məsafəsinin mövcudluğu, istərsə də, məhkəmə iclasında fikri öyrənilmiş mütəxəssisin də bildirdiyi kimi teplovozun çənindən yanacağın qablara doldurulmasının bir şəxs tərəfindən icra edilməsinin mümkünsüzlüyü ona əsas verir ki, İddiaçı yanacağın qablara yüklənməsindən və o qabların avtomobilə daşınmasından xəbərsiz olmasına dair dəlilləri həqiqəti əks etdirmir. Hətta bütün bunlar onu ifadə edir ki, İddiaçı həm ona təhkim edilmiş əmlaka, həmçinin də köməkçinin fəaliyyətinə nəzarəti lazımi şəkildə həyata keçirməmişdir. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuşdur. İşəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, həmçinin işçi tərəfindən yol verilmiş intizam pozuntusunu müəyyən edilmiş əsaslar çərçivəsində qiymətləndirməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəb və əsaslarını qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən, tərəflərin izahatlarından və işin araşdırılmış hallarından müəyyən edilir ki, İddiaçı ona təhkim edilmiş teplovozun idarə edilməsi zamanı qanunvericilikdə və həmçinin müəssisənin daxili intizam nizamnaməsində nəzərdə tutulmuş vəzifə səlahiyyətlərini lazımi qaydada icra etməmiş və işəgötürənə zərər vurulması ilə nəticələnən hərəkətsizlik etmişdir. Maşinist kimi İddiaçı köməkçisi Ə.Vəliyevə nəzarət etmək öhdəliyi olduğundan və öhdəliklər lazımi qaydada icra edilmədiyindən iddiaçının əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcud olmuşddur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar